Fotorobot-rəssam Yusif Hüseynov:

 

«Rəssamlığın başqa janrlarında da əsərlərim var»

 

O, fotorobot caninin milliyyətini də müəyyən edə bilir

 

Detektiv-rəssam Yusif Hüseynov rəssamlığın maraqlı sahəsi ilə məşğul olur. Keçmiş SSRİ- fotorobot yaratmaq işində ardıcıl fəaliyyət göstərən nadir peşə sahiblərindəndir. Şahidlərin ifadəsi əsasında cinayətkarın rəsmini az qala dəqiqliklə yaradır.

 

Rəssam yaradıcılığı, həyatı, bu sahəyə gəlişi barədə danışır: «İnsan çox vaxt taleyin onu hara aparacağını bilmir. Gəncliyimdə detektiv kitablar oxumuşam, kriminal mövzulu filmləri maraqla izləmişəm, ağlıma belə gətirməmişəm ki, fotorobot üzrə rəssam olaram. Moskvada rəssamlıq təhsili alarkən kəllələr əsasında portret yaratmağın sirlərini öyrəndim. Düzdür, sözdən fotorobot yaratmaq ustalığına birdən-birə yetmək mümkün deyildi. Mən fotorobot çəkməyə belə başlamışam: Naxçıvan teatrında rəssam işlədiyim çağlar idi, bir milis öldürülmüşdü. Xahiş etdilər ki, şahid ifadələri əsasında cinayətkarın fotorobotunu çəkim. O vaxtdan bu sənətlə məşğul olmağa başladım. Ötən illərdə imzam müəyyən səbəblərdən ictimaiyyətə tanış olmasa da, hüquq-mühafizə orqanlarında, polis idarələrində məni yaxşı tanıyırlar. Hazırda ölkədə fotorobot üzrə tək rəssam olsam da, yalnız bu işlə məşğul olmuram, bütün rəssamlar kimi bir çox janrlarda əsərlər yaradıram».

Detektiv rəssam olmağın çətinlikləri isə az deyil: «Təbii ki, bununla bağlı çətinliklər çoxdur. Bu peşənin bir özəlliyi sovet dönəmində həmişə cəmiyyətdən gizli saxlanılması idi. SSRİ vaxtı cinayətkar çox idi. İmperiyanın ərazisi böyük olduğundan cinayətkar maneəsiz şəkildə istənilən yerdə gizlənə bilirdi. İndi cinayətkar bizdə demək olar, çox uzağa qaça bilmir, tez tutulur. Səmimiyyətimə inana bilərsiniz, ayrıca olaraq ölüm, qorxu ilə bağlı düşünməmişəm. Belə işlə məşğul olan şəxs kimi ölüm başqa təhlükələrin həmişə olmasını gözümün altına almalı idim. Bir sözlə, həmişə riski sevmişəm. Ölümlə üz-üzə gəlmişəm, hədələnmişəm».

İndi cinayətkarlıq dünyada artaraq daha da təkmilləşib. Görəsən, belə bir çağda onun nadir sənətinə Azərbaycanda dərəcədə gərək var? «Onu deyim ki, konkret olaraq Azərbaycanda cinayətkarlıq azalıb. Ağır cinayətlərin faizi aşağı düşüb. Bilərəkdən adamöldürmələrin sayı sovet dönəminə baxanda aşağıdır. Qabaqlar quldurluq (basqınçılıq) tipli ağır cinayətlərdə fotorobotçu kimi dəvət olunurdum. İndi belə çağırışlar az da olsa var, qalanlarında mənsiz keçinirlər. Doğrudur, peşə borcumu həmişə yerinə yetirmişəm; di gəl ki, indi yaradıcılıqdan ayrılıb fotorobot çəkmək, istər-istəməz, məni bir neçə gün öncəki yaradıcılıq halına yavaş-yavaş qaytarmağa məcbur edir. Başqa yandan da, cinayətkarın fotorobotunu çəkməyim üçün gərək tutulanlardan, ya da şahidlərdən kim varsa, hamısını bir-bir dindirəm. Yoxsa cəhdim nəticə verməyə bilər. Son çağlar ailə-məişət yönündə cinayətlərə daha çox rast gəlinir. Belə hadisələrdə isə qatil məlum olduğundan tez tutulur».

Fotorobot-rəssam kimi onun işi bu məqamdan başlayır: «Elə ki, şahid tapıldı, yaxud zərərçəkən sağdır, həmin andan fotorobot çəkməyə başlayıram. Şahid olmasa, təbii ki, heç edə bilmərəm. Sovet dönəmində belə mütəxəssislərin sayı bir neçə nəfər olub. Hələ onda məlumat almışdım ki, ABŞ kimi güclü ölkədə vur-tut bir neçə fotorobotçu rəssam var. Düzdür, indi bizdə kompyuterlə fotorobot yaradırlar. Amma komyuter yazıq neyləsin, o, insan kimi duya, düşünə bilmir axı

Sənətinin nadirliyini çox məqamlarda duyub: «Soyğunçuluğa məruz qalan xarici ölkə vətəndaşları cinayətkarın fotorobot vasitəsilə tutulmasına heyrətləniblər. Onlar Azərbaycanda da belə sənətkarın olmasına inana bilmirdilər. Bir dəfə Nəsimi rayon 22-ci polis bölməsinin ərazisində cinayət olmuşdu. Basqınçılar bir şotlandı evin blokunda soymuş, çoxlu pulunu almışdılar. Zərərçəkəni dindirdim, oğrunun şəklini çəkdim, iki gündən sonra o, tutuldu. Hadisədən sonra küçədə gedərkən gördüm ki, kimsə məni çağırır. Həmin şotland idi. Danışığından duydum ki, mənə sayğısını bildirir. Bir amerikalı qadını da qarət etmişdilər. Türkcə yaxşı danışırdı. Fotorobotla cinayətkarı tutmaq mümkün oldu».

Fotorobot yaratmaqda ən başlıca amil adamların psixologiyasını yaxşı bilməkdir: «Ola bilər, şahid mənə yalan bilgi vesin. O dərəcədə diqqətli olmalıyam ki, yalanı doğrudan ayıra bilim. Qabaqca ona məsələyə aid olmayan başqa şeylərdən suallar verirəm. Sonra yavaş-yavaş mətləb üstünə gəlməyə başlayıram. Əsas odur ki, məlumatım, qənaətlərim bütöv olsun. Bundan sonra fotorobotu çəkmək yarım saata başa gəlir. Belə bir məqam var: insan beyni gözün gördüyünü fotoaparat kimi çəkir. Əgər bir adamın üstünə bıçaq çəkilirsə, o zaman beynin "şəkil çəkmək" bacarığı işə düşür onu həkk edir. Məncə, o məqamı beyin heç vaxt unutmur. Təbii ki, söhbət saymaz, məsuliyyətsiz adamlardan getmir. Qorxu duyğusu yaddaşı silkələyəndə yaman olur. Bax, yalnız o məqamı şahidlərdən ayrıca olaraq soruşuram. Başlıca məsələ gözü ifadə etməkdir. Məşhur rəssamlıq əsərlərində əsas gözün ifadəsidir».

Burada təhlil ediləsi daha bir məqam var: ola bilər, cinayətkar şahidin yaddaşında çox qorxunc, gözləri hədəqəsindən çıxmış halda qalsın: «Adətən basqınçılar çalışırlar ki, hücum etdikləri adamlarda sarsıdıcı qorxu, vahimə yarada bilsinlər. Təbii ki, belə məqamda cinayətkarların sifəti adi haldakından fərqlənir. Adi durumlarda onlar özlərini çox sakit aparırlar. Gözləri bəbəyindən çıxan cinayətkar basqın edəndə qarşısındakına elə təsir bağışlayır ki, sanki dünyanın sonudur».

Onun fotorobotlarında oxşarlıq 80-90 faiz olur. Hər halda bu, fotorobot işində yaxşı göstəricidir: «1980-ci illərdə Mixail Ambarsumyan adlı bir erməninin fotorobotunu çəkmişdim, tutulmuşdu. Bu adam Nəsimi rayonunda 7 adamı qarət etmişdi. Milis idarəsində onunla qabaqlaşdım, çəkdiyim fotorobotu ona göstərdim. Dedim ki, sənin fotorobotunu mən çəkmişəm, ona görə ələ keçmisən. O, «Mənim sənətim oğurluq, səninki rəssamlıqdır» - dedi».

Fotorobotla caninin millətini müəyyən etmək olurmuş: «Bu, çətin işdir, amma antropologiyanı bilməyim işimə yarayır. Bir dəfə fotorobot çəkdim, dedim ki, bu türkiyəlidir, amma tatarla qarışığı var. Zənnim düz çıxdı. Həmişə yoxsullar arasında cibgirlik, oğurluq, ev yağmalanması kimi hallara daha çox rast gəlinir. Varlı ailələrdən olan, adam ölümü ilə nəticələnən cinayətlərə meylli adamları təbii ki, kiçik oğurluqlar təmin etməyəcək. Ona görə ki, bu cür adamlar həmişə yaxşı şəraitdə yaşamağa öyrəşib. Yoxsulda pul olmaz, ona görə belələri gedib varlıya basqın edəcək».

İndiyə kimi onun çəkdiyi fotorobotların sayı 3 min olar: «Fotorobotlardan ibarət sərgini keçirmək bir rəssam kimi mənə qismət olmayacaq, çünki belə şəkilləri sərgiləmək düzgün deyil».

Onun nəslində yaradıcı adamlar çox olub: «Valideynlərimin hər ikisi aktyor idi, yaxşı əl qabiliyyətləri də vardı. Əziz Əliyev anamın əmisi olub. Xalçaçı rəssam Kamil Əliyev ana tərəfdən qohumumdur. Ata tərəfdə isə Nadir Qasımov kimi tanınmış rəssam var. Əgər rəssam olmasaydım, mütləq ya aktyor, ya da həkim olacaqdım».

 

 

Elçin Qaliboğlu

 

Mədəniyyət.- 2009.- 30 oktyabr.- S. 6.