Üzeyir Hacıbəyli
adına kamera salonunun açılış
mərasimi keçirilib
Sentyabrın 28-də Azərbaycan Bəstəkarlar
İttifaqının yeni binasında Üzeyir Hacıbəyli
adına kamera musiqi salonunun açılış mərasimi
olub. Açılış mərasimində mədəniyyət
və turizm naziri Əbülfəs Qarayev
çıxış edib.
Nazir bu ilin Bəstəkarlar
İttifaqı üçün hesabat ili olduğunu
vurğulayıb və ittifaqın 75 illiyi münasibətilə
noyabrın sonlarından dekabrın sonlarına kimi silsilə tədbirlər
keçiriləcəyini bildirib: “Arzu edirəm ki, Azərbaycan
bəstəkarlıq məktəbi Üzeyir Hacıbəyli,
Qara Qarayev, Cövdət Hacıyev və digər
dünyaşöhrətli bəstəkarlarımızın
qoyduğu yolla inkişaf etsin.
Bakıda Üzeyir
Hacıbəylinin TÜRKSOY-un layihəsi əsasında səhnələşdirilən
“Koroğlu” operasının nümayişi, Üzeyir Musiqi
gününün təntənəli
açılışı, “Beynəlxalq musiqi həftəsi”
çərçivəsində silsilə tədbirlərin
keçirilməsi bir daha ölkəmizdə mədəniyyətin,
ədəbiyyatın, musiqinin təbliğinə,
inkişafına mühüm əhəmiyyət verildiyinin əyani
sübutudur.”
Mərasimdə
çıxış edən Bəstəkarlar
İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə
yeni salonda vaxtaşırı səviyyəli tədbirlər və
konsertlər keçiriləcəyini deyib; “Bugünkü tədbirlə
yeni mövsümə başlayırıq. Müasir
avadanlıqla təchiz olunan bu binada yaradıcılıq gecələri,
müəllif konsertləri, beynəlxalq tədbirlər təşkil
ediləcək, sənət adamları ilə
görüşlər keçiriləcək. Yaradıcılıq
mərkəzinə çevriləcək binada sənətlə
bağlı fikirlərin müzakirəsinə geniş yer
veriləcək.
Bəstəkarlar
İttifaqının 75 illik yubileyi ərəfəsində
inzibati binanın yenidən istifadəyə verilməsi
yüksək tarixi hadisədir. Yubiley tədbirlərinə
noyabrda start veriləcək və silsilə proqramlar təşkil
olunacaq. Hazırda ittifaq bir çox musiqi layihələrində
yaxından iştirak edir. “Muğam” və “Üzeyir
dünyası” layihələri çərçivəsində
artıq bir çox işlər görülüb.”
Mərasimdə Azərbaycan
Dövlət Simli Kvartetin ifasında Üzeyir Hacıbəylinin
“Arazbarı”, Aqşin Əlizadənin “Cəngi” və digər
musiq əsərləri səslənib.
Sonda Azərbaycan Bəstəkarlar
İttifaqının sıralarına yeni daxil olan 3 gəncə
üzvlük vəsiqələri təqdim edilib.
(Tədbir haqda daha geniş material növbəti sayımızda)
Turan
Mədəniyyət.- 2009.- 30 sentyabr.- S. 4.