İncəsənət Muzeyi istifadəyə
verildi
Açılışda Azərbaycan Prezident İlham Əliyev
iştirak edib
Sentyabrın 25-də Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva
yenidənqurma işlərindən sonra istifadəyə verilən
Rüstəm Mustafayev adına Azərbaycan Dövlət
İncəsənət Muzeyi ilə tanış olublar. XIX əsrin
sonlarında tikilmiş binada ayrı-ayrı dövrlərdə
müxtəlif idarə və təşkilatlar yerləşib.
İncəsənət muzeyi kimi fəaliyyətə
başladıqdan sonra çox sayda qiymətli sənət əsərlərinin
yerləşdirilməsi və ekspozisiyanın ildən-ilə
zənginləşdirilməsi bu sənət məbədinə
marağı xeyli artırıb. Zaman keçdikcə nadir sənət
nümunələrinin toplandığı bu binanın təmirinə
ciddi zərurət yaranıb.
2006-cı ilin iyulunda
muzey binasının vəziyyəti ilə tanış olan
Prezident İlham Əliyevin göstərişi ilə burada
yenidənqurma və təmir işlərinə
başlanılıb. Hazırlanan layihəyə əsasən
üçmərtəbəli binanın bütün mühəndis-texniki
qurğuları əsaslı şəkildə yenidən
qurulub.
On yeddi mindən
çox eksponatın saxlandığı muzeydə
boyakarlıq, qrafika, heykəltaraşlıq və tətbiqi sənət
nümunələri toplanıb.
Prezident İlham Əliyev
və xanımı binanın əvvəlki və
hazırkı vəziyyətini əks etdirən fotostendə
baxıblar.
Dövlətimizin
başçısı yenidən qurulması nəzərdə
tutulan muzey kompleksinin layihəsi ilə də tanış olub.
Muzeyin bir binasını digəri ilə birləşdirən
şüşə konstruksiyalı keçid inşa ediləcək.
Təmir ediləcək digər bina üç yerüstü
və iki yeraltı mərtəbədən ibarət olacaq. Yeraltı
mərtəbələrdə bərpa emalatxanaları və əsərlərin
saxlanılması üçün xüsusi bölmələr
yerləşəcək. Birinci mərtəbədə texniki
otaqlarla yanaşı, 90 yerlik kafe də fəaliyyət
göstərəcək. Min kvadratmetr ərazini əhatə edəcək
ikinci mərtəbədə sərgi salonları
yaradılacaq. Üçüncü mərtəbədə isə
sərgi salonları ilə yanaşı, 100 yerlik kino zalı
da fəaliyyət göstərəcək. Layihəyə əsasən
muzey kompleksinə yenidən qurulan bina, keçid, həmçinin
təmiri nəzərdə tutulan əsas bina daxil olacaq.
Yenidənqurma işləri
başa çatan binanın zirzəmi qatı fondlar
üçün nəzərdə tutulub. Burada kiçik heykəllər,
müxtəlif metal əşyalar, arxeoloji qazıntılar
zamanı tapılan eksponatlar saxlanılacaq. Muzeyin fondu isə
ikinci korpusda yerləşəcək.
Birinci mərtəbə
sağ və sol qanadlardan ibarətdir. Sağ qanadda XVIII əsrin
sonları - XX əsrin əvvəllərini əhatə edən
rus rəssamlıq məktəbi nümayəndələrinin əsərləri
nümayiş olunur. Zalda tanınmış fırça
ustası V.Vereşşaginin 1872-ci ildə çəkdiyi
“Bakının dənizdən görünüşü” əsəri
diqqəti xüsusi cəlb edir.
Sol qanadda isə Avropa
incəsənətinin nümunələri sərgilənir. Burada
XVIII-XIX əsrlərə aid keramika nümunələri ilk dəfədir
ki, nümayiş olunur. Muzeydəki dəyərli əsərlərdən
biri sonuncu rus imperatriçası Aleksandra Fyodorovnanın
Qarabağ xalçası üzərində təsviri olan əsərdir.
Orta əsrlərə aid heykəltəraşlıq nümunələri,
habelə intibah dövrü müəlliflərinin əsərlərinin
məharətlə işlənilən surətləri də
bu ekspozisiyanı zənginləşdirir.
İkinci mərtəbə
Azərbaycan sənətkarlarının ekspozisiyasından ibarətdir.
Ekspozisiyada Mirzə Qədim İrəvani, Əlibəy Hüseynzadə
kimi müxtəlif üslublu sənətkarların əsərləri
vardır. Azərbaycanın görkəmli rəssamları -
ilk peşəkar rəssamı Bəhruz Kəngərli, Əzim
Əzimzadə, Səttar Bəhlulzadə və Mikayıl
Abdullayevin yaradıcılığını əhatə edən
ayrıca zallar fəaliyyət göstərir.
Burada heykəllər
qalereyası da yaradılıb. Qalereyada 20-dən çox əsər
təqdim olunur.
İkinci mərtəbədə
100 nəfərlik konfrans salonu və xalçaların
nümayiş olunduğu zal da fəaliyyət göstərir. Muzeydə
xalqımızın milli geyimləri, “Qurani-Kərim”in qədim
nəşrləri, orijinal mis qablar da nümayiş olunur.
Əzim Əzimzadənin,
Bəhruz Kəngərlinin əsərlərinin nümayiş
edildiyi zallar ilə tanış olan dövlətimizin
başçısına audiogid göstərildi. Bu aparatda məlumatlar
rəqəmli formatda saxlanılır. Muzeyin qonaqları audiogid
vasitəsilə burada nümayiş olunan əsərlər barədə
25 dildə geniş məlumat əldə edəcəklər.
Digər zallarda
müasir Azərbaycan incəsənətinin görkəmli
nümayəndələri olan Baba Əliyev, Ələkbər
Rzaquliyev, Böyükağa Mirzəzadə, Əyyub Məmmədov,
Nadir Qasımov, Oqtay Sadıqzadənin əsərləri
nümayiş olunur. Burada Zərifə xanım Əliyeva,
Niyazi, Şəmsi Bədəlbəyli, Natəvan və Azərbaycanın
digər görkəmli şəxsiyyətlərinin portretləri
sərgilənir. Muzeydə dünya şöhrətli rəssamımız
Tahir Salahovun əsərlərindən ibarət zal da var.
Üçüncü mərtəbədəki
ekspozisiyada avanqard üslubunda əsərlər nümayiş
etdirilir. Burada Azərbaycanın müasir incəsənətinin
tanınmış nümayəndələri - Mircavad
Mircavadov, Rasim Babayev, Altay Sadıqzadənin əsələrindən
ibarət ekspozisiya mövzu rəngarəngliyi ilə
seçilir.
Ekspozisiyanın iki
zalında isə rus avanqard cərəyanının nümayəndələrinin
əsərləri toplanıb. Bu əsərlər ilk dəfədir
ki, muzeydə sərgilənir. Binada inzibati otaqlarla
yanaşı, internet zalı və zəngin kitabxana da fəaliyyət
göstərir.
Dövlətimizin
başçısı və xanımı muzeyin kompyuter
otağı və kitabxanası ilə də tanış
olublar.
Prezident İlham Əliyev
binada aparılan yenidənqurma və tərtibat işlərini
yüksək qiymətləndirib. O, öz
çıxışında Dövlət İncəsənət
Muzeyinin yüksək səviyyədə təmir olunduğunu
bildirib: “İndi muzeyin yeni həyatı başlayır. Bu
tarixi binada çox gözəl əsərlər
nümayiş etdirilir. Çox şadam ki, muzeyin əsaslı
təmiri yüksək keyfiyyətlə aparılıb. Hər
halda, bizim muzeyimiz dünyanın aparıcı muzeylərindən
geri qalmır. Ona görə də mən
inşaatçıların işini çox yüksək qiymətləndirirəm.
Muzeyin təmirində və kolleksiyanın
hazırlanmasında iştirak etmiş bütün
insanları salamlayıram və öz minnətdarlığımı
bildirmək istəyirəm.”
Turan
Mədəniyyət.- 2009.- 30 oktyabr.- S. 2.