Rejissorun “Niyyət”i
Samir Kərimoğlu: “Kinoun ən böyük problemi texniki personalın yoxluğudur”
“Qanadlarıma sığal çək”, “Sirat
körpüsü”... Hazırda “Niyyət” filmini tamamlayan
rejissor Samir Kərimoğlu film ilə bağlı təəssüratlarını
və maraqlı məqamları qəzetimizlə
bölüşdü.
- Rejissorlar
sifarişli mövzuların üzərində işləmək
istəmirlər. Amma “Ziyarət” filminin layihəsi sizə
tapşırılanda qəbul etdiniz?
-Bu vaxtadək 3 film çəkmişəm.
Bunlardan ikisi tammetrajlı və yalnız biri
qısametrajlıdır. 2007-ci ildə Orxan Fikrətoğlunun
“Küçə” ssenarisi əsasında “Qanadlarıma
sığal çək” qısametrajlı filmini çəkdim.
Film “Ratio TV” tərəfindən təqdim edildi. Azərbaycan Mədəniyyət
və Turizm Nazirliyinin keçirdiyi “Bu meydan, bu ekran” müsabiqəsində
çəkilən 5 film arasında ən yaxşı ekran əsəri
kimi seçildi. Müsabiqənin belə bir şərti də
var idi ki, qalib rejissora tammetrajlı film çəkmək
imkanı veriləcəkdi. Bu səbəbdən mənə də
3 ssenari təqdim olundu. Bunların arasında Yavər Rzayevin
“Həcc” ssenarisi dramaturji baxımdan mənə çox təsir
etdi. Sonra Yavər müəllimlə görüşdük.
Rüstəm İbrahimbəyov bədii rəhbər kimi bizə
yaxından köməklik göstərdi, ssenaridə bəzi dəyişikliklər
oldu. 2008-ci ilin sentyabr ayında buraxılış oldu, Həcc
çəkilişləri başladı və 2009-cu ilin mart ayında
bitdi. Yalnız Məkkə şəhərində, Kəbədə
3-4 dəqiqəlik material hazır etməliydik və Ərəbistanın
çəkiliş icazəsi iki aya yaxın gecikdi.
Düzdü, Kəbənin içərisində çəkilişlərə
icazə vermədilər. Beş nəfərlik qrupumuzla -
direktor Adil Qulamov, operator Nadir Mehdiyev və iki aktyor Fuad Axundov,
Rövşən Məmmədli, bir də mən 10 gün
orada qalıb çəkilişlərimizi başa vurduq.
- Film
hazırda hansı mərhələdədir?
-Montaj
prosesini bitirmişik, artıq film səsləndirmə mərhələsindədir.
Plana görə, filmimiz 1 aya
tam hazır olacaq. Noyabr ayında premyera gözlənilir.
- “Ziyarət”in
əsas mövzu və ideyası nədən ibarətdir?
-Film iki əks
xarakterli-dindar və yüngül həyat tərzi keçirən
insanların həyatından bəhs edir. Onlardan biri saf, təmiz qəlbli, Kəbəyə
ziyarət arzusunda olan, digəri isə qumarbaz, eyş-işrətə
qapılmış, valideynlərinə qarşı hörmətsizlik
edən, qumar oynamaq üçün Las-Veqasa getmək istəyən
əks qütblü gənclərdir. Film onların mübarizəsindən
ibarətdir. Kim-kimə üstün gəlib özünə tərəf
çəkə biləcək... Müxtəlif
dünyagörüşə sahib olan bu iki gənc sonda bir amal
uğrunda birləşir. Film xoşbəxt sonluqla bitir.
- Necə
deyərlər, HAPPY END...
-Bəli,
elədir.
- Filmin
mövzusu indiki zəmanəmizdə nə dərəcədə
aktualdır?
- Demək
olar ki, filmdəki hadisələri bu günümüzlə səsləşir.
Filmin hər iki qəhrəmanı hazırkı cəmiyyətimizdə
olan müsbət və mənfi obrazlardır.
- Bundan
öncə “Sirat körpüsü” adlı filminiz də
olmuşdur. O filmdə daha çox Hollivud estetikasından bəhrələndiyiniz
hiss edilir.
-“Sirat
körpüsü” döyüş janrında çəkilmişdir.
Amma filmdə döyüşü yox, daha çox sosial
dramanı önə çəkmişəm. Allah Quranda belə
buyurub ki, hər kəsin ruzisini mən verirəm!
Övladlarınıza sahib çıxın, onları
öldürməyin! Film də bu ideyanın üzərində
qurulub. Övladı atmaq onu öldürməyə bərabərdir.
“Sirat körpüsü”ndə də belədir ki, valideynlər
guya övladlarını imkansızlıqdan atırlar və
onların ucbatından uşaqların taleyi gətirmir.
- Dünya
kinosundan kimləri izləyirsiz?
-
Janrından asılı olmayaraq bütün yaxşı filmlərə
baxıram: Action, fantastika, melodram. Fellininin, Tarantinonun və
başqa rejissorların filmlərini izləyirəm. Tarantinonun
filmlərinə nəzər yetirəndə onun, demək olar
ki, klassikadan yararlandığı görünür. Tarantino
klassikanı müasir tərzdə improvizasiya edir.
- Bu gün
kinomuzun əsas problemini müasir texnikanın olmamasında
görürlər. Buna sizin münasibətinizi bilmək istərdik.
- Əsas problem bu deyil. Texnikanı qonşu ölkələrdən kirayə almaq mümkündür. Bizim əsas problemimiz texniki bazanı işlədən personaların olmamasındadır. Məsələn, bu gün müasir kameralarla işləyən operatorlarımız çox azdır. Əgər bu gün 6-7 film çəkilirsə onlardan ən azından üçünün operatoru digər ölkələrdən gətirilir. “Cavad xan”, “Hökmdarın taleyi” və digər filmləri misal kimi deyə bilərəm.
- Bəs sizə elə gəlmirmi ki, problem bəzi ssenarilərin primitivliyindədir. Sizcə, bu gün çəkilən filmlərin ssenarisiylə dünya arendasına çıxa biləcəkmi?
- Hazırda yazılan ssenarilər qənaətbəxşdir. Düzdür, deyə bilmərəm ki, hamısı şedevrdir. Amma ən azından 100 ssenaridən 10-u əladırsa, demək, yaxşı ssenarilərimiz var. Çünki elə Hollivudun özündə də bu problem yaşanır. Yuxarıda qeyd etdiyim kimi, bizim kinoda ən böyük edən problemimiz texniki personalın yoxluğudur.
İnanıram ki, bu da yavaş-yavaş düzələcək. Çünki 2-3 ildir ki, filmlərin çəkilişinə başlamışıq. Sovet məktəbi bitəndən sonra uzun müddət kinomuz durğunluq dövrünü yaşadı. Dövlətimizin qayğısı sayəsində yenidən film çəkilişlərinə başlanıldı. Bütün bunları nəzərə alsaq, indiki vəziyyətimizi qənaətbəxş kimi dəyərləndirilə bilər. Mənə belə gəlir ki, 5 ildən sonra biz kinomuzla fəxr edə biləcəyik.
- “Ziyarət” filmini hansisa bir festivala gondərməyi planlaşdırırsınızmı?
-
Oktyabrın sonunadək filmi
- Filminizin əsl adı necə olacaq?
- Film “Həcc” kimi yazıldı, “Ziyarət” kimi şərti adı oldu, “Niyyət” kimi nümayiş etdiriləcək.
Yeganə Cansail
Mədəniyyət.- 2009.- 30 sentyabr.- S. 11.