Şəhidlərin dəfni ümumxalq hüznünə
çevrilmişdi
Azərbaycan tarixi belə
bir izdihamın şahidi
olmamışdı
20 Yanvar tarixi bir
gündür. Düzdür, həmin gün Kremlin mənfur
siyasətini Bakıda tanklar,
avtomatlar həyata keçirdi. Azərbaycan xalqına
qarşı silah işlədildi, onlarla insan qətlə
yetirildi. Bakıda fövqəladə vəziyyət elan olundu.
Ancaq Azərbaycan xalqı bütün bu faciələr
qarşısında qürur və iradə nümayiş
etdirdi. Xalqımız Bakıda
qurulmuş hərbi diktatura rejiminə mənəvi bir təpki
göstərərək müstəqillik və azadlıq
uğrunda canlarından keçmiş şəhidləri
paytaxtın ən uca nöqtəsində Dağüstü
Parkda böyük hüzn və kədərlə, eyni
zamanda məğrurcasına dəfn etdi.
Müsahibimiz həmin
vaxt İctimai Dəfn Komissiyasının sədri olmuş
iqtisad elmləri doktoru, professor
Qüdrət Əbdülsəlimzadədir.
- Qüdrət müəllim,
həmin dövrdə Azərbaycanda hakimiyyətsizlik və
sovet komendant rejimi hökm sürürdü. Rəsmi dövlət
qurumları iflic olmuş, səlahiyyət sahibləri
başlarını itirmişdilər. Belə bir şəraitdə sizin dəfn komissiyasına sədr təyin
olunmağınız və şəhidlərin
Dağüstü Parkda dəfn olunması necə gerçəkləşdi?
- Yanvarın 20-sində
axşam Bakıda qanlı olay baş verdi. Kütləvi insan
qırğınından sonra Bakı şəhərində
fövqəladə vəziyyət elan olundu. Qəzəblənmiş
əhali Azərbaycana qarşı edilən haqsızlıqlara
etirazını bildirmək üçün keçmiş Mərkəzi
Komitənin binasının qabağına
yığışmışdı. Sovet ordusunun Bakıda
törətdiyi qırğınlardan qəzəblənmiş
xalq MK-nın binasına hücum etmək niyyətində idi.
Ancaq mitinqin aparıcıları əhaliyə bildirdilər
ki, binanın içərisində silahlı dəstə var.
Camaat sakitləşdirildi. Mitinqdə hadisə
qurbanlarının - şəhidlərin dəfni gündəmə
gəldi. Şəhidlərin harada və necə dəfn
olunması barədə müxtəlif fikirlər səsləndirildi. Bəziləri
şəhidlərin indiki Sahil bağında (keçmiş
26-lar bağı) bir qrup "Bakı" mehmanxanasının
qarşısındakı bağda
(keçmiş İliç bağı) dəfn
olunmasını təklif etdilər. Üçüncü bir
fikir səsləndi. İndiki dəfn olunduqları yerin -
Dağüstü Parkın üstündə dayanıblar.
Bir neçə
tanınmış ölkə ziyalısının adı dəfn
komissiyasına salındı, adları mitinqdə elan olundu. Mən
indi ad çəkməyəcəm, onlardan bir neçəsi,
nədənsə, dəfn işlərində iştirakdan
imtina etdilər. Biz istəyirdik ki, daha məşhur adamlar dəfn
komissiyasına daxil olsunlar. Mənə mitinqdə
çıxış etmək təklif olundu. Mitinqdə danışdım. Şəhidlərin
Dağüstü Parkda dəfn olunacağını, mərasimdə
kütləvi şəkildə insanların köməyinə
ciddi ehtiyac olduğunu bildirdim. Çıxışım
bitdikdən sonra elə oradaca məni Dəfn
Komissiyasının sədri elan etdilər. Çətin və
məsuliyyətli olsa da, imtina etmədim. Dəfn Komissiyası
beləcə ictimai əsaslarla yarandı və fəaliyyət
göstərdi. Mən də, mitinqdə Azər Nəbiyev və
Xəliyəddin Xəlilovun İctimai Dəfn Komissiyasına
müavin olmalarını təklif etdim. Onlar da
razılaşdılar. Beləliklə, 11 nəfərdən
ibarət Dəfn Komissiyası formalaşdırıldı. Mən
həmin şəxslərin adlarını oxuculara təqdim
etmək istərdim. Hacı Allahşükür Paşazadə,
Bağır Bağırov, Xalid Muxtarov, İsmayıl İncəli,
Nəriman Əliyev, Rəhim
Qasımov, Malik Mehdiyev və İbrahim Əliyev
Dağüstü Parkda məzarların qazılmasında
iştirak etmək istəyənlərin
MK binasının yaxınlığındakı saatın
yanına toplaşmalarını elan etdim.Mənim bu
sözümdən sonra bir göz qırpımında
mitinqçilərin içərisindən 120-130 nəfər
ayrılıb saatın yanına yığışdı.
Yanvarın 20-də saat 11-12 radələrində 120-130 nəfərlik
dəstə Dağüstü Parka gəldik.
Biz Dağüstü Parka
çatanda "Bərpaçı" tikinti trestinin
müdiri Malik Mehdiyev artıq orada idi. Onunla
görüşdük. Bildirdik
ki, ümumxalq mitinqinin qərarına əsasən şəhidlər
burada dəfn olunacaqdır. O, məsələdən xəbərdar
olduğunu bildirdi. Əvvəl parkı gəzib
dolaşdıq, nəhayət, şəhidlərin indi dəfn
olunduqları yeri seçdik. Camaat külünglə, bellə
başladılar məzarları qazmağa. Təxminən 100 nəfərin
məzarını qazmağı nəzərdə tuturduq.
İşin gedişində təklif olundu ki, texnika işə
cəlb edilsin. Mərasim iştirakçıları texnika ilə
qəbirlərin qazılmasına razı olmadılar. Köməyə
yeni insan axını gəldi. İnsanlar iş prosesində
bir-birilərini əvəz etdilər. Hava soyuq. İnsanlar işləyir, tərləyir.
Onlara çay-çörək təşkil etdim. Həmin
vaxt "Moskva" mehmanxanasında (Milli Məclisin
qarşısındakı mehmanxana idi). Ağasəlim adlı
bir tanışım var idi. Ona xəbər göndərdim ki,
burada işləyənlərə çay təşkil etsin.
Orada iri samovarlar qoyuldu, stollar düzüldü. Yanvarın
20-də məzarları qazıb hazırlaya bilmədik. Axşam saat 18-də
fövqəladə vəziyyəti həyata keçirən hərbçilər
xiyabana gəldilər. Camaat gecə işləmək istəyirdi.
Hərbçilər dedilər ki, axşam saat 8.00-dan sonra
burada heç kəs qala bilməz. Başqa cür hərəkət
edə bilməzdik. Xiyabanı tərk etməli olduq.
Yanvarın 21-də yenidən xiyabanda məzarların
qazılmasını davam etdirdik. Həmin gün qaranlıq
düşənə kimi işlədik. 120-dən artıq qəbir
qazıb hazırladıq. Yanvarın 21-də Azərbaycan
Respublikasının Ali Sovetinin iclası keçirildi.
İclas çox gərgin şəraitdə,
qızğın mübarizələrlə keçdi.
İclasda Dəfn Komissiyasının üzvləri də
çıxış etdilər. Səhər saat 6.00-a qədər
müzakirələr aparıldı. Saat 12.00-da şəhidlərin
cənazələri
insanların çiyinlərində Azadlıq
meydanından izdihamla
paytaxtın küçələrindən keçməklə
indiki Şəhidlər Xiyabanına gətirildi. Dəfn mərasimi
5 saat çəkdi. Yanvarın 22-də 51 nəfər dəfn
olundu. Bunlardan 3 nəfəri 1918-ci il mart
qırğınları zamanı
şəhid olanlar idi. Biz
onları da adət-ənənəyə uyğun dəfn
etdik. Onları İlhamla Fərizədən sonra dəfn etdik.
Biz bu üç məzarın üstündə 1918-ci il
şəhidləri sözlərini yazmışdıq. Sonra təzə
qəbirüstü abidələr qoyulanda həmin məzarların
üstündə "Naməlum" sözü yazıblar. Əslində,
bu düzgün deyil. Düzdür, 20 Yanvar şəhidləri
içərisində bir nəfər 25 yaşlı naməlum gənc var. O da lap
axırda dəfn olunub.
- Dəfn zamanı hərbçilər
tərəfindən hər hansı təzyiqlərlə
rastlaşdınızmı?
- Qəbirlər qazılanda
AzTV-nin, Ali Sovetin (indiki Milli Məclis), "Moskva"
mehmanxanasının damlarından əlisilahlı hərbçilər
insanları nəzarətdə saxlayırdılar, ancaq
heç bir müdaxilə etmirdilər.
- Bəs şəhidlərin
Dağüstü Parkda dəfn olunmaları necə rəsmiləşdirildi.
Axı şəhidlərin orada dəfn olunmaları həmin
dövr üçün adi məsələ deyildi. Vaxtilə
Dağüstü Parkda 1918-ci ilin mart qırğını
qurbanları dəfn olunmuşdu.
Sovetlər zamanında isə şəhid məzarları
dağıdıldı və yerində istirahət parkı
salındı. Şəhidləri böyük izdihamla şəhərin
ən yüksək nöqtəsində, həm də tarixi
yaddaşın uyuduğu bir məkanda dəfn etmək o zaman
üçün elə də asan iş deyildi.
- Həmin günləri dəqiq
səciyyələndirirsiniz. Doğrudan da, çətin
günlər idi. Dağüstü Park Səbail rayonunun (keçmiş 26 Bakı
Komissarı rayonu) inzibati ərazisinə daxildir. Rəsmi icazəni
Bakı Şəhər İcraiyyə Komitəsi və yaxud
26 Bakı Komissarı rayonunun aidiyyəti qurumları verməli
idilər. Bakıda fövqəladə vəziyyət elan
olunmuşdu. Rəsmi dövlət qurumlarının səlahiyyətlərini
şəhər komendantı mənimsəmişdi. İdarə
və müəssisələrin qapısı möhürlənmişdi.
Azər Nəbiyev həmin vaxt 26 Bakı Komissarı Rayonu
Partiya Komitəsinin birinci katibi Vəli Məmmədov və həmin
rayonunun İcraiyyə Komitəsinin sədri Əli Məmmədovun
yaxından köməkliyi ilə bu məsələni də
yoluna qoymuşdu. Adıçəkilən dövlət
qurumları hərbçilər tərəfindən nəzarətə
götürülmüş,
iş otaqlarının qapıları möhürlənmişdi.
Azər Nəbiyev adını çəkdiyim şəxslərin
köməkliyi ilə boş bir blank tapmış, həmin
blankda şəhidlərin Dağüstü Parkda dəfn
olunmalarına icazə verilmişdi.
- Sizin rəhbərlik
etdiyiniz İctimai Dəfn Komissiyası neçə gün fəaliyyət
göstərdi?
- Düz 42 gün -
yanvarın 20-dən martın 2-dək Şəhidlər
Xiyabanında olmuşuq. Bu müddət şəhidlərin
haqqında məlumatlar toplayıb Bakı Şəhər İcraiyyə Komitəsinin Dəfn
Bürosuna təqdim etdik. 42 gün müddətində insanlar
axın-axın şəhidləri ziyarət edir, məzarların
üzərinə təzə-tər gül dəstələri
qoyurdular. Biz həmin müddətdə şəhidlərin
üç, yeddi və qırx mərasimlərini qeyd
etmişik. Bütün bu işlərdə Dəfn
Komissiyasına yaxından kömək etmiş iki şəxsin
adını xüsusilə qeyd etmək istərdim. Etibar Səmədov
və Rüstəm Xalıqov ətraflarına
topladıqları dəstə ilə əvvəldən
axıra qədər bütün işlərə kömək
etmişlər.
Xalqımız 20 Yanvar hadisələrində
ağır itki versə də, ancaq bir xalq kimi dəyanətini
itirmədi. Bütün ağrı-acılara mətinliklə
sinə gərdi, dəfn mərasimini
sona qədər ləyaqətlə apardı.
- Sizcə, 20 Yanvar hadisələri
labüd, qaçılmaz idi, yoxsa bunun qarşısını
almaq olardı?
- Tarix və onda baş verən
mürəkkəb, habelə ziddiyyətli proseslər, qədim yunanların
hikməti ilə desək "düşüncə tərzi cəzalandırılmasa
da", lakin "elə etsəydilər, belə
olardı" meyarları ilə qiymətləndirə bilməz...
Bu mənada, həm o günlərdə,
həm də sonralar səslənən "özümüzü bir qədər
təmkinli aparsaydıq, faciə baş verməzdi" məntiqi
ilə düşünənlər siyasi səhvə yol verirlər. Kremlin siyasət mətbəxinə,
diktatura tipli hakimiyyət quruluşuna, təkpartiyalı
ağalığına və bir nəfərin son
hökmünə tabe olduğunu bilənlərə
aydındır ki, düşünülmüş və ciddi
hazırlanmış Qanlı Yanvar qaçılmaz idi. Çünki
sovet imperiyasının öz nüfuzunu itirdiyi vaxtda ölkənin
taleyini ağıl və düşüncə üzərində
qurulmuş siyasət deyil, güc və təhlükəsizlik
orqanlarının diktə etdikləri ssenarilər idarə
edirdi. Tarixdən isə məlumdur ki, "nadan hakimiyyət -
hakimiyyət deyil" və "tək adamın hakimliyi -
dövlət deyil" (Sofokl).
O dövrdə SSRİ-nin
müxtəlif yerlərində - Tbilisi, Vilnüs, Moldova,
Krım, Orta Asiyada cərəyan edən ictimai-siyasi hadisələr
silsiləsində Azərbaycan və xüsusilə
Bakıdakı çıxışlar, mitinqlər genişlənən
Milli Azadlıq Hərəkatı Mərkəzi
üçün öz geosiyasi mövqeyi, hərbi-strateji əhəmiyyəti,
dini-mənəvi dəyərləri baxımından elə
"əsəb nöqtəsi" düyünü idi ki,
imperiya başçıları onu açmaqda yox,
dağıtmaqda, başqalarına "ibrət dərsi"
verməkdə maraqlı idilər.
Müsahibəni qələmə aldı:
Xeybər Göyyallı
Mədəniyyət.-2009.-17 yanvar.-S.7.