Min ikinci "Səhər"
Və ya dərd köhnəlmir ki
Bu həqiqətən də belədir. İllah ki, batmannan, selnən gələn millət, vətən, torpaq dərdi. İllər, əsrlərdir ki, bir millət olaraq başımıza gətirilən saysız bəlalardan, torpaqlarımızın, ərazi bütövlüyümüzün üzərində qurulan siyasi oyunlardan baş çıxarmamış 20 Yanvar adlı qanlı gün də qara kölgə kimi aldı başımızın üstünü. Beləcə, 70 il imperiya caynağında sızıldayan Azərbaycan xalqı ondan qurtulmaq üçün də qurbanlar verdi.
Bu məsələ haqqında artıq illərdir ki, danışılır, yazılır. Kimi faktın günahkarlarının cəzasızlığından, kimi imperiya maşınının işləmə mexanizminin amansızlığından, kimi çürük ideologiyanın ideoloqlarının son addımının ağılsızlığından danışdı. Amma o məşum gecənin, o qiyamət gününün müdhiş ağrılarını - şəhidlər və şahidlər yaşadı. Üstündən 19 il keçən qanlı gecəni daim eyni hərarət, həyəcan və bəlkə də qəlbinə sığmayacaq kədər və bütün qorxulara qalib gələn fəxarətlə yaşayanlar çoxdur. Məhz onların sayəsində biz qəhrəmanlıq, şəhidlik, azadlıq kəlmələri ilə tanış olduq. Biz vətənin bölünməzliyini, azadlıq hisslərinin ölümə belə qalib gəldiyini dərk etdik. Mən mübaliğəsiz olaraq, jurnalist Məzahir Süleymanlı başda olmaqla 1990-cı ilin 25 yanvarında işıq üzü görən "Səhər" qəzetinin bütün yaradıcı heyətini, yazarından sürücüsünədək, lap elə onlara tuşlanan tank lülələrinə məhəl qoymadan maşınlarda qəzet paylayanları da o zümrəyə aid edirəm.
Elə ona
görə də bu dəfə Məzahir müəllimlə
görüşmək qərarına gəldim. Əməkdar mədəniyyət
işçisi, fəxri bədən tərbiyəsi və
idman xadimi adlarının da daşıyıcısı
olan Məzahir müəllim
ömrünün 40 ilini Azərbaycan jurnalistikasına həsr
edib. Hazırda "İzim qalmasa da sözüm qalacaq"
adlı yeni kitab üzərində çalışır. Həyatının
20 Yanvar səhifəsinə ayrıca yer verdiyi kitabda "Taleyimdə
20 Yanvar" adlı bölmə də var. 19 ilin hələ də
təzə, qanı qurumamış yarasına onun
sözü, söhbəti ilə yenidən məlhəm
qoymağa çalışdıq: "Bəlkə
də çoxları bilmir ki, 20 Yanvar faciəsindən dərhal sonra nəşr
olunan on iki səhifəlik "Səhər" qəzetinin
tirajı 2.000.000 (iki milyon) nüsxə idi və bu qədər
qəzet yarım günün içində əhaliyə
pulsuz paylanmışdı. İndi bir eksperiment keçirsək,
bəlkə də bu işin öhdəsindən gələ
bilmərik. Ancaq o vaxt…
Bu barədə çox yazılıb. Şakir Yaqubovun "Mən şahidəm ki…" kitabında və "Bu, həmin "Səhər"dir ki…" adlı xatirələrində bizim jurnalist kollektivinin fəaliyyəti barədə geniş söhbət açılıb. Mən bu hadisələrin iştirakçısı kimi həmkarlarımın yazdıqlarını təsdiqləyirəm. Bununla belə, düşünürəm ki, o faciəli günlərin hər dəqiqəsi, hər məqamı bir söhbət mövzusu ola bilər və kim nə bilir, hökmən onu tarixin yaddaşına həkk etməlidir.
1990-cı ilin
20 yanvarından başlayaraq "Səhər" qəzeti
qırx gün matəm çərçivəsində
çıxıb. İnanın, o zaman bunu etmək o qədər də
asan iş deyildi. Küçələrdən şəhidlərin
qanı yuyulduqdan sonra - yanvarın axırlarında,
fevralın əvvəllərində nə qədər
günahsız adam öldürüldü, itkin
düşdü? Fövqəladə vəziyyət şəraitində
ancaq komendant Dubinyakın qanunları qüvvədə idi.
İndi gəl qəzet burax, həqiqəti yaz. Amma əlimizi-qolumuzu
yanımıza salıb otura da bilməzdik…
Xalqımızın
ən ağır günlərini, bütün Azərbaycan
informasiya blokadasına alındığı bir vaxtda biz iki
milyon tirajla həqiqət dolu bir qəzet buraxa bilmişdik. 20-24 yanvar arası bəlkə
də beş-altı görülməsi mümkün olmayan
işləri görmüşdük. Allah-təala
yaradıcı qrupumuza elə bir ilham, elə bir qüvvə
vermişdi ki, sanki düşünmürdük, cümlələr
mexaniki olaraq kağız üzərinə
köçürülür, beş-altı adamın qələmindən
çıxan yazılar Vaqif Bəhmənlinin bir cümləsi,
bircə ifadəsi ilə bütövləşirdi.
Oxuyub, göz yaşları içində sərlövhə
qoydum: "Vətən bu gün ağı deyir…" Bu
ağını bütün xalqın adından "Səhər"in
beş-altı jurnalisti demişdi. Amma elə bil bir adamın qələmindən
çıxmışdı. Çünki o gün hamı
eyni cür düşünürdü.
Yorğunluq nədi, yemək nədi, boğazımızdan heç su da keçmirdi. Düşüncəmizdə olan yalnız bu idi: necə edək ki, "Səhər" çap olunsun. O vaxt "Kommunist" nəşriyyatında əyləşən Boris Leonidoviç Aleksandrov adlı bir general qəzetin çapına icazə verməli idi. Həqiqətən alicənab, ziyalı adam idi. Belorusiya SSR ali Sovetinə deputat seçilmişdi. Azərbaycan xalqının acısını çəkdiyini açıq-aydın hiss edirdik. Ancaq əmr adamı idi, aldığı tapşırığı yerinə yetirməli idi. Hadisələri qabaqlayıb onu da deyim ki, "Səhər" qəzetində şəhidlərin və yaralıların siyahısı dərc olunduğuna görə bu alicənab generala töhmət də elan edilmişdi. Boris Leonidoviç söyləyirdi ki, bu, onun uzun illər məsul vəzifələrdə fəaliyyəti ərzində ilk töhmətdir. Biz general Aleksandrovun insani xüsusiyyətlərindən istifadə edib Bakıdakı dəhşəti əks etdirən şəkillərdən bir qisminin dərc olunmasına razılıq ala bilmişdik. Amma bu, yarım günlük bazarlaşmadan, psixoloji mübarizədən sonra mümkün olmuşdu. Nəşriyyata getdik. Fəhlələr tətil etdikləri üçün mətni yığmağa, səhifələri bağlamağa adam yox idi. Nəhayət, bir-iki fəhlə tapdıq, onlar "Səhər"i buraxmağa hazır olduqlarını bildirdilər.
"Səhər" əllərdə
gəzəndə
hamımız mənəvi
rahatlıq duyduq
Bütün bunlar barədə uzun-uzadı danışmaq istəmirəm. Mən sadəcə onu xatırlatmağı özümə borc bildim ki, "Səhər"in çapını təşkil etmək yaradıcılıq prosesindən qat-qat çətin idi. Amma yanvarın 25-də "Səhər" əllərdə gəzəndə hamımız mənəvi rahatlıq duyduq. Yalnız bundan sonra hiss etdik ki, deyəsən yorulmuşuq, deyəsən, yeməyə, suya ehtiyacımız var. Kimsə təndir çörəyi, bir az da pendir gətirdi. Hərəmiz bir tikə kəsdik. Evə getmək üçün nəşriyyat binasından çıxdıq, amma hamımız bir istiqamətə - Şəhidlər Xiyabanına tərəf yollandıq. Yük maşınından dərdli camaata hələ rəngi qurumamış "Səhər" paylayırdılar. Adam bilmirdi, sevinsin, yoxsa göz yaşları töksün. Hər halda biz o anda yazıya gətirə bilmədiyimiz qəribə duyğular keçirirdik.
"Səhər" qəzeti barədə çox danışmaq istəmirəm. Ancaq bizim uşaqların hələ qəzet çıxmazdan əvvəl gördükləri işlərdən qısa da olsa söz açmaya bilmərəm. Yanvar qırğınından dərhal sonra redaksiyaya yığışmışdıq. Nə edəcəyimizi bilmirdik, amma nə isə etmək lazım idi. Kiminsə ağlına gəldi: başqa respublikalara zəng edək. Şakir Yaqubov bloknotunu vərəqlədi: "Nə vaxtsa bir özbək jurnalisti ilə seminarda olmuşam, Daşkəndə zəng vuraq". Sonra Gürcüstana, Belarusa, Ukraynaya, Moskvaya, ağlımıza gələn, yadımıza düşən bir çox yerlərə zəng vurduq. Qəzet redaksiyalarına, informasiya agentliklərinə məlumat verdik. Qəhər bizi boğurdu, telefonda qışqırışırdıq: "Bizi öldürürlər, Bakının küçələrindən qan sel kimi axır, kimə mümkünsə çatdırın, bizə kömək edin!" Sonra telefonçu qız bizə ehtiyatlı olmağı məsləhət gördü. Daha sonra həm hökumət telefonlarımızı, həm də şəhər telefonlarımızı kəsdilər.
Bir dəfə
dördüncü mərtəbəyə, "Azərinform"a
çıxdım. Buradan Moskvaya gündəlik operativ
informasiya göndərildi. Bu işlərlə
Soveli Abramoviç Perets məşğul idi. Yanvar hadisələri zamanı onun teletaypla Moskvaya
göndərdiyi informasiyanın bir neçəsi əlimizə
keçmişdi. Yalan, böhtan, inanılmaz iddialar… Öyrəndik ki, ona Moskvadan göstəriş veriblərmiş
ki qoşunların Bakya yeridilməsini əsaslandırmaq
üçün informasiya zəmini yaratsın. Bəzən onun Moskvaya, SİTA-ya göndərdiyi
informasiyalar lazımi şəkildə redaktə olunub geri göndərilir,
Saveli Perets isə həmin xəbərləri imzalayıb yenidən
teletaypla paytaxta ötürürdü. Bir
dəfə bizim uşaqlar onu "Azərinform"
binasından qovub çıxardılar.
Faciədən
dərhal sonra şəhidlərin və yaralıların
natamam siyahısını tərtib etdik. O zamanadək məlum olan
114 şəhidin arasında qadınlar və uşaqlar,
müxtəlif millətlərin nümayəndələri var
idi. İndi qalırdı bu siyahıları
"Səhər" qəzetində dərc etdirmək.
Hazır səhifələri götürüb
Boris Leonidoviçin yanına getdim. Ordan-burdan
danışıb, seçkilərdən söz saldıq, bu
millətin axırının necə olacağı barədə
mülahizələr söylədik. Sonra
bir psixoloji məqam tapıb səhifələri möhürləmək
üçün qarşısına qoydum.
"Bu nə
siyahıdır?" - deyə soruşdu. Ciddi görkəm
alıb "Qarşıdakı seçkilərlə əlaqədar
deputatlığa namizədlərin siyahısıdır"
dedim. Söhbəti çox uzatmayıb
möhürünü vurdu, amma imzalamadı. "Bizim
mayor indi gələcək, verərsən qol çəkər"
dedi. Həmin azərbaycanlı mayoru
yaxşı tanıyırdım, öldürsən də qol
çəkməzdi. Yazıq görkəm alıb:
"Axı, qəzetin çapı gecikir, başqa vacib
işlərimiz də var" - dedim. Gözlənilmədən
"Nu xoroşo rebəta" deyib vurduğu
möhürün yanına imza atdı. Artıq
iki saatdan sonra 500.000 tirajla çap olunan "Səhər"
qəzeti əllərlə gəzirdi. Ertəsi gün
"Bakı" qəzeti də bu siyahını dərc etmək
istəyib, deyiblər olmaz: Bildiriblər ki, bu, artıq dərc
olunmuş siyahıdır, bəs necə olur ki, "Səhər"
qəzetinə icazə verirsiniz, bizə yox? Bizim qəzeti
general Aleksandrova göstərirlər, deyir ki, axı, bu,
deputatlığa namizədlərin siyahısıdır...
İki əsgər
məni komendant Dubinyakın yanına apardı. Yol boyu
düşünürdüm ki, yəqin bir daha geri
qayıtmayacağam. Amma belə olmadı.
Dubinyak general Aleksandrovun imzasına və möhürünə
baxıb sakitcə "Siz gedə bilərsiniz", - dedi.
Səhəri
gün qəzetin növbəti nömrəsi ilə
bağlı general Aleksandrovla görüşdüm. İncik halda dedi: müxtəlif
vəzifələrdə işləmişəm, general
rütbəsinədək yüksəlmişəm, hələ
fəaliyyətimdən narazı qalan olmamışdı.
Yazılı surətdə iki töhməti "Səhər"
qəzetinə görə aldım...
Partiya bileti məni xilas etdi
"Səhər"də
sovet əsgərlərinin Bakıda xuliqanlığından,
köşkləri sındırıb oğurluq etdiklərindən
bəhs edən bir yazı dərc olunmuşdu. Bununla
bağlı Daşkənddən xüsusi dəvət
olunmuş bir polkovnik mənimlə fərdi söhbət etdi,
üstümə şər atdı ki, qəzetə vurulan
senzor möhürü və imzası saxtadır. Nə yaxşı yazının makina səhifələrinə
də senzor möhürü vurdurmuşduq. Onları
göstərdim, dedim ki, imzası var. Nə isə, silahlı əsgərlərin
müşayiəti ilə general-leytenant Ovçinnikovun
yanına getdik. Məni görən kimi özünədən
çıxdı: "Bu "Səhər" qəzeti bizi
boğaza yığıb, şəhərdə sabitlik yaratmaq
əvəzinə təxribat xarakterli yazılar verirsiniz. O nədir,
yazırsınız ki, əsgərlər oğurluq edirlər,
niyə sizi ekstremistlərdən qorumağa gələn əsgərləri
gözdən salırsınız?".
Dedim ki, bütün bu faktlar Daxili İşlər Nazirliyində
rəsmi qeydiyyatdan keçib. Çığırdı:
"Lap tutaq ki, belədir, qəzetə niyə
yazırsınız?". Cavab vermək
istədim, qoymadı, dedi ki, bəsdir, səninlə
bağlı birinci hadisə deyil. Dubinyaka zəng
vurdu ki, ekstremistin böyüyü elə burada imiş. Açığını deyim ki, çox qorxdum.
Birdən ağlıma nə gəldisə, cibimdəki partiya
biletini çıxarıb stolun üstünə atdım:
- Partiya biletlərindən
tonqal qalandığı bir vaxtda Azərbaycanda bu bileti ürəyinin
başında gəzdirən bəlkə də yeganə
adamam. Mən "Kommunist" qəzeti redaktorunun
müaviniyəm, rəsmi şəxsəm, siz məni həbs
etdirə bilməzsiniz. Mən bu barədə Siyasi
Büroya, Qorbaçova məlumat verəcəyəm!
Beləcə,
partiya bileti məni həbsdən xilas etdi. Yoxsa, kim bilir, başıma
nələr gələcəkdi…"
Bəli, bizim jurnalistlər
20 Yanvar faciəsinin salnaməsini yazmaq üçün az iş görməyiblər. Bundan
sonra da görüləcək işlərimiz var. Məsələn,
Şəhidlər Xiyabanı adlı genişhəcmli, rəngli
kitab nəşr etməyi planlaşdırmışıq.
Bu kitab "Səhər" qəzetinin matəm
nömrələri kimi şəhidlərimizin ruhuna dərin
ehtiramımızın ifadəsi olacaq".
Şəhidə söz abidəsi
Çağdaş
tariximizin ən müsibətli və eyni zamanda ən rəşadətli
səhifələrindən olan 20 Yanvar faciəsi həm də
bir azərbaycanlının dar günündə Vətən
üçün nə etməli olduğunu və nə edə
biləcəyini göstərdi. 90-cı ilin o
qanlı-qadalı günlərində kimi xalqının
aşkar qatilinə çevrildi, kimi bu faciədən
özünə siyasi kapital toplamaq istəyində oldu. Minlərlə insan isə həyatını, siyasi
karyerasını, sosial mövqeyini girov qoyaraq, Azərbaycanın
dövlət müstəqilliyini daha bir addım bizə
yaxınlaşdırdı.
O vaxtın əsas dəlil-sübutlarından
biri kimi, hamımız
"Səhər" qəzetinin 25 yanvar 1990-cı
il tarixli növrəsini göstəririk. Xalqın o
ağır günündə, respublikanın hər tərəfdən
möhkəm informasiya blokadasına alındığı,
televiziyanın işləmədiyi, radionun hərbçilərin
əlində olduğu, respublikada heç bir qəzetin
çıxmadığı bir vaxtda o vaxtkı
"Kommunist" qəzetinin bir qrup əməkdaşı
öz həyatını təhlükə altına qoyaraq, əslində
iqtisadi əlavə olan və adətən kiçik formatda 4
səhifə həcmində nəşr olunan "Səhər"i
12 səhifə həcmində nəşr etdirmişdilər. "Səhər" o vaxt böyük faciəmiz
barədə ilk dəfə söz açan, şəhidlərimizə
ağı deyən, gözü yaşlı qalan xalqa təsəlli
verən birinci qəzet oldu. Azərbaycan mətbuatı
tarixində ilk dəfə olaraq qəzetin həmin nömrəsi
2 milyon nüsxə tirajla nəşr olunub bütün
respublikada, habelə Rusiyada, Türkiyədə, Orta Asiyada
yayılmışdı. Elə həmin nömrədə
qəzet Azərbaycan mətbuatında ilk dəfə
"şəhid" kəlməsini işlətmiş,
azadlığımız uğrunda qurban gedənlərin dəfn
olunduğu məzarlığı Şəhidlər
Xiyabanı adlandırmış və həmin xiyabanda şəhidlərə
abidə kompleksi yaradılması təşəbbüsünü
irəli sürmüşdü.
"Səhər"
qəzetinin həmin nömrəsi faciəli yanvar günlərində
jurnalistlərin də qeyrətli Vətən oğulları ilə
bir sırada dayandığını, vicdanlı mətbu
sözün düşmən gülləsindən kəsərli
olduğunu sübut edən dəyərli nümunədir.
Həmidə Nizamiqızı
Mədəniyyət.-2009.-17 yanvar.-S.8.