Dənizdən gələn səda
Belə bir fikir var ki, tarixdə baş vermiş hadisələrə tələm-tələsik, başqa sözlə, isti-isti münasibət bəsləmək ya mümkün olmur, ya da istənilən səviyyədə alınmır. Ancaq o da var ki, böyük tarixi olaylara sonradan soyuq başla münasibət bəsləmək üçün bir istinad nöqtəsi, yazılı mənbə gərəkdir. Xalq yazıçısı Sabir Əhmədlinin "Yanvar hekayələri" 20 Yanvar hadisələri yenicə baş vermiş günlərdə qələmə alınıb. "Yanvar hekayələri" qanlı olayın üstündən aylar-illər yox, olsa-olsa saatlar keçdiyi günlərin yaraları qaysaqlanmayıb. Həmin hekayələrdən birini 20 Yanvar hadisələrinin növbəti ildönümü ərəfəsində oxuculara təqdim edirik.
"Əziz ana!
Əvvəla, salam. İkincisi əgər zəhmət çəkib, mənim əhvalımı xəbər almaq istəsən... Mən indi Dərbənd yaxınlığındayam. Çiskinli-dumanlı bir havadı. Əsla nigaran qalma, bircə gilə üşümürəm. Dənizə qar yağır, amma vecimə deyil. Mən tək deyiləm, can ana.
Yaxşısı budur, hər şeyi olduğu təki sənə söyləyim. Bilərəm, gecən-gündüzün yoxdur. Bilirəm, şəhərin bütün xəstəxanalarını, meyitxanaları dolaşmısan. Bircə saat gecikəndə, gəlib görürdüm ayağından asılmış quş təki eyvandasan...
Heç bir oğul öz anasına mənim danışacağım macəranı danışmaz. Amma səni intizarda qoymayacam. Hər şeyi bilməlisən...
Bir dəqiqə... Huy, huy!
Yanvarın on doqquzundan iyirmisinə keçən gecə, haman qaramat gecə məni evdən buraxmaq istəmədin. Səni ovundurub inandırdım ki, heç nədən qorxma. Dostlarım oradadır, getməsəm inciyərlər.
Biz Tiflis prospektində, Biləcəri yoxuşunun şəhərə aşdığı yerdə dayanırdıq. Qoşun şəhərə soxulanda birinci bizimlə qarşılaşdı. Tanklar yeridi üstümüzə. Heç birimiz inanmadıq. Dedik, bəs qorxudurlar, çatıb dayanacaqlar. Tankların ardınca gələn soldatların avtomatdan atdığı güllələri fişəng sandıq...
Bir dəqiqə Huy-y-y! Dənizdə
nə çox suiti varmış, ana... Ötdü getdi,
başqa ovun üstünə yönəldi.
Hə, əziz ana! Həndəvərimdə neçə
oğlan yıxıldı, yenə inanmadım.
Onda inandım ki, sinəmi
gülləllər odladı.
... Tanklar ötdü, avtomatlar xiyabanboyu gurladı.
Biçib tökdülər. Ardınca yeni dəstələr,
maşınlar gəldi. Küçə fanarları
söndürülmüşdü. Nə baş verdiyini,
yoldaşlarımın başına nə gəldiyini öyrənməkdən
ötrü dikəlib, boylanmağa çalışdım.
Yaxında bir neçə hərbi-sanitar maşını
dayandı. Oradan soldatlar düşdülər.
Yır-yığış başlandı. Aralarında
saqqallı, qarasifət cavanlar vardı. Bunlar lap
insafsızdılar. Kolların arasına cumur, küçəyə
sərilmiş şəhidlərin üstünü alır,
avtomatdan, tapançadan atəş açır, can verəni
yenidən gülləyə tutur, öləni bir də
öldürürdülər.
Səslərini eşidirdim:
"Bıstro ubrat!" Çtobı do utro niçeqo ne
ostalos. Çisto!"
Kürüdülər,
topladılar. Ocaq çatıb yandırdılar...
Bizi örtülü maşınlara mindirib, aradan
çıxartdılar.
Şəhərin bu yanlarına yaxşı bələd
deyildim. Amma anladım, maşınlar dəniz körpülərinə
gedirdi. Torpaqdan çıxıb, taxta döşəmə ilə
sürdülər.
Yaxınlıqda bir neçə
hərbi kater dolanmaqda idi. Köpüyə iki
"Hidroqraf" gəmi bağlanmışdı.
Ardımızca "Ural" avtomobilləri, BMP sanitar - "təcili yardım" gəlməkdə
idi. Yükü tezcənək gəmilərə keçirib,
arxadan çatanlara yol verilməliydi.
Bir dəqiqə... bu dənizdə nə çox suiti
varmış. Pirşağıda bir kərə bir
uşağı dişləmişdi. Demə, qudurubmuş
suiti. Uşaq dəli oldu...
Bizi "Hidroqraf"ın göyərtəsinə
götürdülər. Sahmanlı tərpənirdilər, xərək-salacaları
vardı. Düşürəndə dönə-dönə
yoxlayırdılar. Fanarları üzümüzə
saldılar, gözlərimizə tuşladılar. Əyilib, nəfəsimizi
imsədilər. Tək-tək tapançalar
açıldı, baltalar, kumbullar işə
düşdü; kambuzdan iri bıçaqlar, kordalar
götürmüşdülər. Patrona qənaət etdilər.
Tam sakitlik olsun deyə, əl-ayağı tərpənəni
oradaca bitirdilər. Göyərtədə üstümüzə
çadır çəkdilər. Xeylisini büküb, kəndirlə
sarıyıb, türümlərə endirdilər.
Gəmi açıldı, körpüdən
aralandı. Səhər açılmışdı. Səfərə
yollanacağımızı, amma haraya
aparılacağımızı bilmədiyimiz halda, göyərtədə
təşvişə düşdülər. Demə, Xəzər
gəmiçilik idarəsi hərbi gəmilərin buxtadan çıxmağına icazə
verməmişdi. Bizim neftdaşıyan, quru yük aparan
böyük gəmilərimiz limanın
giriş-çıxışını, kanalları tutub
dayanmışdılar. Körfəz blokadaya
alınmışdı. Radio-ratsiya ilə
danışığa başlamışdılar. Bumbuz dəmir
anbarlardan nə söyləndiyini eşidirdik: hərbi donanma Xəzər
gəmiçiliyindən tələb edirdi ki, yolu
açsınlar. Bizimkilər qəti etiraz edib, bildirdilər:
"Sizin gəmilərə baxmalıyıq.
Apardığınız nədir?" "Hərbçilərin
ailəsini köçürürük", - dedilər. Xəzər gəmiçiləri bildirdi ki,
bizim adamlar sizin gəmiləri yoxlamalıdır. Əks halda,
bircə hərbi gəmi limandan çıxa bilməyəcək.
Üç gün öcəşdilər.
Xəzər gəmiçiləri hərbi gəmilərin yerləşdiyi "Sabit Orucov" tankerinə
keçdilər, qərargah orada idi. Deputat komissiyasının
bütün səyinə
baxmayaraq, onları hərbi gəmilərə
buraxmadılar. Donanma katerləri yaxınlaşdı. Bizim gəmiləri
hədələdilər: "Yol verməsəniz, atəş
açacayıq". Xəzər gəmiçiləri dediklərində
dayanıb, hərbi komandanlığa bildirdilər: "Sizin gəmilərə
meyit yüklənmişdir. Gecə, qoşun şəhərə
soxularkən, həlak olanlar
körpülərə daşınmışdır. Siz
törətdiyiniz cinayətin izini itirmək istəyirsiniz".
Keşikçi katerlərin
top lülələri Xəzər gəmilərinə
tuşlandı...
Yanvarın iyirmi ikisi, səhər saat onda buxtanı
tutmuş Xəzər gəmiləri fit verməyə başladılar. Əllidən
artıq gəminin göyərtəsindən qopan haray Bakı
üzərində dalğalandı... Şəhidləri dəfn
edirdilər, ana! Mikrofonla yasin
oxuyur, gəmilər ulartı qoparır, sədası zindan
türümlərə çatırdı. Eşitmişdik,
şəhidləri Dağüstü parkda
basdıracaqdılar. Bizimkilərdən kimsə
qımıldandı: "Bizə də ora qismət olsa idi, elə
bilərdim, başımıza heç bu qəziyə gəlməyib".
Dördüncü gün, axşam hərbi donanma Xəzər
gəmilərinə atəş açdı. Bizimkilər cavab
verdi. Atışma düşdü. Dinc gəmilərimizin hərbi donanmanın top atəşlərinə
dayanmağa gücü çatmadı. Tankerlərin neçəsi
deşildi, yanğın düşdü. Mühasirə
yarıldı. Donanmaya qurudan kömək gəlmişdi,
spesnaz soldatları gəmilərimizə doluşdular. Xəzər
gəmiçilərinin bir qismi qayıqlara minib Zığ
burnu, Əhmədli səmtə üz tutdular...
"Hidroqraf" açıq dənizə
çıxdı... Bir dəqiqə, darıxma, ana. Bu dənizdə
suiti nə çoxmuş. Ağ suitilərdi, batıb
çıxır, gəlirlər...
Səhərə az qalırdı, bütün gecəni
üzmüşdük.
Bakı limanında bizimkilər yaxınlaşa bilsəydilər,
göyərtədə, türümlərdə kimin nə kökdə
aparıldığını sezəcəkdilər.
Alatoranda göyərtə
kranları işə düşdü. Türümlərdəki
bağlamaları çıxartmağa əl qatdılar. Bəlkə,
tonqal çatacaqdılar. Yox, bunların niyyəti özgə
imiş. Brezent bağlamaları göyərtənin
qırağına sürüdülər. "Raz! Dva!
Vzyali!" - meyit çatılmış mafraşlar dənizə
quylandı. Sonra... sahibindən ayrı düşmüş
qollar, qıçlar, başlar tolazlandı.
Bu, bir məşəqqətdi. Bizi yandıran o idi ki,
başımıza gətirdikləri bəs deyilmiş,
ardımızca söyüş yağdırır, təpiklə
vurub bağırırdılar: "Vot vam Şaxidlyar
xiyabanı!"
Bir də gördük ki, ana, üstümüzdə
vertolyotlar dolanır. Köməyimi gəlmişdilər? Endi,
az qaldı dalğalara toxunsun. Qapı açıldı,
oradan dənizə atılmağa başladılar. Paraşütləri
yox idi, dalğaların arasına düşür, batır...
çıxmırdılar. Hə, bunlar desant deyilmiş, eləcə bizdənmişlər.
Amma onları vertolyotla gətirmişdilər.
Beləcə, başı Həştərxan,
ayağı Lənkəran - dəniz oldu məzarımız,
can ana.
İstəkli anam! Gözümün işığı
ana! Yadındamı, bir axşam bacılarım, sən,
qonşu xala oturmuşduq bizdə. Yaz idi, imtahanlarımız
başlanmışdı. Mən sənə öz istəyimi
söylədim. Dedim, Odessaya gedib, Ali Dənizçilik Məktəbinə
girmək istəyirəm. Razı olmadın:
"Gözümün qabağında ol, balam mənim. Beş
bacının bircə qardaşı, evimizin kişisi sənsən"
- dedin.
Taleyin qismətinə bax, ana. Ömrümdə ilk dəfə
sənin istəyinin əksinə çıxdım. Dənizçi
olmuşam, mənim anam. Üzürəm... Əzəlcə
sualtı qayıqların görünməz, dərin
yolları ilə düz 5 gün dolandıq. Sonra hərəmiz
bir diyara tuş olduq. Kimi Şah dilində üzə
çıxdı, kimi Türkanda. Axı, dəniz ölü
saxlamır; şaqqalayıb baş bir yana, bədən özgə
yana atmışdılar, itib bataq. Çıxansa vardı.
Bullada vertolyotlar alçaqdanca güllə yağdırır,
dəlib deşirdi, getsin alta.
Türkan balıqçıları gördü. Kənd
duyuq düşdü. Balıqçılar qayığa minib
gəldilər. Xəzərə yiyələnmiş
keşikçi katerlər pusquda imiş. Balıqçı
da, onun gördüyü də yoxa çıxdı...
Bir dəqiqə. Ana, bircə dəqiqə. Bu dənizdə
nə çox suiti varmış... Gör sənin dənizçi
oğlun bir qol, bir qıçla necə
şütüyür!
Dənizə qar yağır. Kiçik çillə
girir bu gün. Kiçik çillə böyük çilləyə
deyib: "Mən sənin vaxtında gəlsə idim, gəlinlərin
əlini sənəyin qulpunda dondurardım".
Qarşıdan yaz gəlir.
Dənizə qar yağır, başıma qar əl ənir.
Xəzər Dərbənd altında necə burulğanlı
imiş. Bizə daha nə qar əsər edər, nə
külək. Nə dalğalar batırar, nə fırtına
susdurar.
Yamacda Dərbənd mayağı yanır.
Dalğaların qucağında sahilə üzürəm. Allah
üzümə baxar, qədim Azərbaycan şəhərinin
sakinləri görər məni. Görsələr, xilas edəcəklər.
Bacılarımı öp, məni
gözləmə.
Sabir Əhmədli
Mədəniyyət.-2009.-17 yanvar.-S.12.