Od Məbədi…
Suraxanı Atəşgahının
işığı bu gün də
insanları cəzb etməkdədir
Abşeron! Atəşlə suyun “öpüşdüyü”, odla küləyin “sevişdiyi”, işıqla zülmətin “əlləşdiyi” sirli-soraqlı məkan. Abşeron! Dünyanın “1001 möcüzəsini” sinəsində gizləmiş “sirlər diyarı”. Min illərdir ki, bu diyarda yerin dərin qatlarından püskürüb çıxan, torpağın qap-qara “göz yaşları” alışıb yanır... yanır və yandıqca da bitib tükənmir. Min ilərdir ki, yeddi iqlimdən gələn insanlar bu diyarın əbədi odlarına sitayiş edir, bu odun, atəşin, alovun zəbanə çəkən şöləsində əbədi rahatliq axtarır, “nirvana” qovuşmağı arzulayır. Abşeron torpağının möcüzələrindən olan Od Məbədi - Suraxanı Atəşgahı isə hələ də öz sirlərini tarixin dərin qatlarında gizlədərək ağsaçlı alimləri imtahana çəkir...
... Bir zərrənin
işığına milyonlar şərik.
Məmməd
Araz
Alovun küləklə
“oynadığı” yer
Tarixi mənbələrdə yazıldığına görə, "Atəşgah" XVII-XVIII əsrlərdə təbii qazın çıxdığı əbədi, sönməz alovların yerində inşa edilmiş müqədəs ziyarətgahdır. Məbədin ən erkən tikilişi təqribən eramızın 1713-cü ilinə aid edilir. Mərkəzi məbəd-səcdəgah isə 1810-cu ildə hindistanlı tacir Kançanaqaranın vəsaiti ilə tikilmişdir.
Atəşgah
dənizdən azacıq aralı, Abşeron
yarımadasındakı Suraxanı kəndinin cənub-şərq
qurtaracağında, neft mədənlərinin
yaxınlığında yerləşir. Hazırda bu məkan hər tərəfdən
neft buruqları ilə əhatə olunub. Abidənin tikildiyi
yerin relyefi düzənlikdir. Tarixçilərin
yazdığına görə, hücrələr və ibadətgah
XVII-XIX əsrlər ərzində, müxtəlif vaxtlarda tikilmişdir.
Hücrələr XVII əsrin sonlarında ümumi hasara
alınmışdır. Belə güman olunur ki, "Atəşgah"
Bakıya gələrək burada məskunlaşan və əslən
şimali Hindistandan olan sinkhlər təriqətinə mənsub hind icması tərəfindən
inşa edilmişdir. Atəşgahın orta əsr karvansaralarını
xatırladan konstruksiyası planda qapalı beşguşə
formasında olub, vaxtilə zəvvarlara xidmət
üçün istifadə edilən 24 hücrədən və
bir otaqdan ibarətdir. Qapalı beşguşəli
divarların əmələ gətirdiyi həyətin
ortasında rotonda şəklində ibadətgah var. Məbədin ortasındakı quyudan çıxan təbii
qaz (metan) bir vaxtlar gecə-gündüz zəbanə
çəkərək yanarmış. Atəşgah inşa
edilərkən məbədin gümbəzinin dörd
küncü üzərində də içərisində
yanan qazın şölə saçdıgı daş piyalələr
quraşdırılıb. Klassik dördbucaqlı formasında
olan Od Məbədinin özü isə hər tərəfdən
açıq olan giriş qapıları ilə əhatələnib.
Məbədin Balaxanı kəndi istiqamətində olan
şimal divarındakı tağın üstündə hind
dilində kitabə quraşdırılmışdır. Digər hücrələrin girişi üzərində
də hind əlifbası ilə həkk olunmuş belə kitabələr
vardır. İyirmi belə kitabədən yalnız biri
farscadır.
Məbədin
şimal-şərq tərəfdə, hazırda içərisi
tamamilə daşla doldurulmuş dördkünc çala
vardır. Vaxtilə
burada ölmüş hindlilərin cəsədlərinin "müqəddəs od"da
yandırıldıgı güman olunur.Atəşgahın cənub-şərq
tərəfində daşla doldurulmuş daha bir quyu da var. Tədqiqatçılar
bunun su quyusu olduğunu zənn edirlər.
Ümumilikdə isə Suraxanı "Atəşgah"ı əsas məbədin özündən, hind guşənişinlərinin hücrələrindən və zəvvarlar üçün otaqlardan ibarətdir. Bəzi tarixçilərin qənaətinə görə, Atəşgahı hindlilərin planı əsasında yerli ustalar tikmişlər. İslamaqədərki şərq memarlığının mövcud elementləri və stilistikası ilə o qədər də uyuşmayan Atəşgah bütün dövrlərdə səyyahların, yazıçıların, rəssamların, alimlərin nəzər-diqqətini xüsusilə cəlb edib. Maraqlı cəhət orasındadır ki, bu Od Məbədi kimyaçı-alim Mendeleyevi, məşhur rus rəssamı Vereşşaqini, fransız yazıçısı Aleksandr Dümanı (ata), Nobel qardaşlarını, Cəvahirləl Nehrunu, İndira Qandini, dünyaşöhrətli kinorejissor Rac Kapuru, şərqşünas-alim Dornu və bir çox məşhur şəxsiyyətləri də özünə cəlb edib. Suraxanı Atəşgahında gördüklərindən çox heyrətlənən Düma özünün «Qafqaz səfəri» adlı əsərində bu Od Məbədini olduqca emosional və heyrətamiz bir qələmlə təsvir etmişdir. O, bu barədə belə yazıb: «Bakıdan atəşpərəstlərin müqəddəs məbədi Atəşgaha gedəndə yolun yarıdan çoxu dəniz qırağı ilə uzanırdı. Mənzil başına çatmağımız iki saat çəkdi. Təpəliyə qalxdıqda qarşıda təsəvvürə gəlməyən qəribə bir mənzərə açıldı. Atəşgah dövrəsindəki binalar, tüstü və alov sovuran yüzlərlə irili-xırdalı ağaclar ovuc içi kimi görünürdü. Külək əsdikcə yanan alovun dilləri sanki qəribə rəqslər edir, gah bulaq kimi qaynayır, gah dalğa tək yan-yörəyə hücum edib şahə qalxır, gah da gözlənilmədən ucalırdı. Elə bir təsəvvür yaranırdı ki, guya külək alovla oynayır, onlar bir-birinə sarılır, sonra bir-birilə əlbəyaxa olurlar. Külək nə qədər cəhd edirdisə, odu, alovu söndürə bilmirdi».
Hind
atəşpərəstləri
VII əsrdə İslam dininin təşəkkül tapması və yayılması ilə əlaqədar başlanan və üç yüz il davam edən ərəb ekspansiyası dövründə Zərdüştiliyə sarsıdıcı zərbə vurulur. Atəşpərəstlər təqib olunur, atəşgahlar dagıdılır. Güman olunur ki, indiki Atəşgahın yerində qərar tutmuş qədim Od Məbədi də məhz ərəb istilası dövründə dağıdılıb. XV əsrdən sonra Hindistanla yaranan iqtisadi və mədəni əlaqələrin inkişafı nəticəsində hindli atəşpərəstlər yenidən Abşerona gələrək, Suraxanı Atəşgahını bərpa edirlər. Orta əsr mənbələrindəki məlumatlara görə, XVIII əsrdə atəşpərəst varlı hind tacirləri Suraxanıda, islamaqədərki qədim Atəşgahın yerində indiki Od Məbədini və hindli zəvvarlar üçün hücrələr tikdirirlər.Atəşpərəst, guşənişin hindlilər oda səcdə edir, tərki-dünya (asket) həyat tərzi sürərək, ruhlarını xilas etmək üçün cismani bədənlərini tələf etməyə çalışırdılar. Atəşgahdakı kitabələrin məzmunudan da aydın olur ki, Suraxanı atəşpərəstləri hind mənşəli olmuşlar. Atəşgahın özünün ən yüksək tərəqqisinə XVIII əsrdə çatmışdır. Maraqlıdır ki, indiki hücrələr də elə həmin vaxtda ümumi hasara alınmışdır. Tarixi qaynaqlardan aydın olur ki, dünya müsəlmanları üçün müqəddəs Məkkə və Həcc ziyarəti nə deməkdirsə, bir vaxtlar Suraxanı Atəşgahı da atəşpərəstlərin həyatinda həmin rolu oynayıb. Tədqiqatçı-alim Şardenin məlumatına görə, XVIII əsrin 60-cı illərində Suraxanı Od Məbədinə əsasən hindli atəşpərəstlərlə yanaşı, həm də yaxın və Orta Şərqdən, İrandan. Əfqanıstandan da atəşpərəst parslar ziyarətə gəlirdilər. Atəşgahın 8 saylı hücrəsindəki farsca tərtib olunmuş kitabədən aydın olur ki, 1745-ci ildə iranlı zərdüştilər od məbədinin daimi ziyarətçilərindən olublar. 1950-ci ildə isə hind alimi Maxapxaputra Unvala Atəşgahdakı 16 kitabəni, o cümlədən farsca yazılmış kitabəni özünün təklif etdiyi üsulla oxumuş və abidənin fotoşəkillərini çəkərək onları müxtəlif mətbuat vasitələrində dərc etdirmişdir.
Suraxanı Atəşgahının beş kitabəsi tarixçi-alim V.Sısoyev tərəfindən Hindistana göndərilmiş və orada oxunmuşdur. Həmin kitabələr ingilis dilindən rus dilinə tərcümə olunaraq 1946-cı ildə dərc edimişdir. İngiltərə səyyahı Cekson Atəşgahda 18 kitabəni qeyd etmişdir. Onlardan on beşi ithafdır. İlk kitabə 1713-cü ilə, sonuncu 1827-ci ilə aiddir. Rəsmi məlumatlara görə, Atəşgahda yaşayan hindlilərin çoxu Hindistanın şimalından -Lahordan, Tenessirimadan, Kaçbudidən, Multandan və digər yerlərdən gəlirmişlər.Onlar öz aralarında hind dilində danışırmışlar. Həmvətənlərinin - hind tacirlərinin pul yardımından istifadə edən hindlilər günlərini rahatcasına müqəddəs odu sakit-sakit seyr etməklə keçirirmişlər. İbadət işlərinə isə brəhmənlər rəhbərlik edirmiş. 1860-cı ildə akademik B.Dorn Atəşgahda olmuşdur. Bu zaman məbəddə beş hindli var idi. Yerli Bakı sakinlərindən biri B.Dorna məlumat vermişdir ki, hindlilər dörd təriqətə bölünmüşdülər: birinci təriqətin ardıcılları ölülərini odda yandırırdılar(atəşilər), ikincilər onların külünü küləyə sovururdular (badilər), üçüncülər külü suya axıdırdılar (abilər), dördüncülər meyitləri torpağa basdırırdılar (xakilər). 1880-cı ildə Atəşgahda tək qalmış sonuncu hindli də Abşerunu tərk edərərk öz vətəninə- Hindistana qayıdır.
Məbədin möcüzələri
Bəzi araşdırmaçıların qənaətinə görə, Od Məbədinin tikintisi eradan əvvələ aiddir. Hazırda dünyada yalnız iki yerdə - Şimali Hindistanda və Azərbaycanda belə bir atəşgah mövcuddur. Atəşpərəstlərin ən ali sitayiş və ibadət məbədi - ziyarətgahı isə məhz Azərbaycandakı Suraxanı Atəşgahıdır.
Dünyanın
ən qədim ziyarətgahlarından olan Suraxanı Atəşgahına girəndə
adama elə gəlir ki, buradan qədim ruhların səsi gəlir.
Mərhum ekstrasens Etibar Elkin deyirmiş ki, bura Azərbaycanda ən
müqəddəs yerdir və oranı çoxsaylı ruhlar
qoruyur. Söhbətlərdən aydın olur ki, Atəşgahın
hücrələrinə girən hər bir turist bu məkandakı qəribəlikləri, daha
doğrusu, möcüzələri açıq-aşkar hiss edə bilər. Məsələn
12 hücrəyə girərkən buradan Atəşgahın həyətindəki dördkünc tikilinin qübbəsində
yanan alova baxdıqda olduqca qəribə mənzərənin
şahidi olursan. Bu zaman adama elə gəlir ki, alovun bir
addımlıgında dayanmısan. Yaxud 18-ci hücrəyə girib burada bir qədər
dayandıqdan sonra qəribə
səslər eşidirsən. Adama elə gəlir
ki, kimlərsə söhbət edirlər. Qarışıq
səslər açıq-aydın eşidilir, lakin onların
nə danışdıqları başa
düşülmür.
Yerli sakinlərdən
birinin sözlərinə görə, Atəşgaha girən
hər bir kəs buradakı ab-havanın fərqini duyur. Həyətdəki
hər bir hücrədə isə vaxtilə barada
yaşamış və dünyasını dəyişmiş
atəşpərəstlərin qeyri-adi təsirə malik
aurasını duymaq mümkündür. Vaxtilə
ölmüş atəşpərəstlərin
yandırıldığı vannayabənzər daş
çuxur isə bu gün də ziyarətə gələnlərdə
qeyri-adi duyğular yaradır. Mütəxəssislərin
sözlərinə görə, duyğusal və emosional insanlar Atəşgahı
ziyarət edərkən bir sıra izaholumnaz qəribəliklərin
şahidi olurlar. Söhbətlərdən aydın olur ki, bu Od
Məbədinin həyətində adi ev
heyvanları da özlərini qəribə aparırlar. Deyilənlərə görə,
bir dəfə Atəşgaha gələn qonaqlardan biri hücrələri
gəzərkən qapının ağzında hardansa bir
pişik peyda olur. Bu adi, hər gün
rastlaşdığımız ev
heyvanı ziyarətçiyə olduqca qəribə və dəhşətli
nəzərlərlə baxaraq anlaşılmaz səslər
çıxarmağa başlayır. Sonra isə
qonagın üstünə atılmaq istəyimiş kimi
dala-dala çəkilərək qəfildən yox olur. Özünü itirmiş qonaq ömründə belə
səslər çıxaran pişiyə rast gəlmədiyini
söyləyir və bunun Atəşgahdakı ruhlarla
bağlı olduğunu bildirir.
Tarixə hörmət, keçmişə
qayğı...
Heç də
təsadüfi deyil ki, dünyanın unikal turizm guşələrindən
olan Abşeron yarımadası və bu məkandakı qədim
tarixə malik maddi-mədəniyyət abidələri Azərbaycana
gələn hər bir əcnəbi qonaqda xalqımızın
zəngin keçmişi və təkrarsız mədəniyyəti
barədə güclü təəssürat yaradır. Bu baxımdan respublika prezidenti
İlham Əliyevin 19 dekabr 2007-ci ildə
Suraxanıdakı Atəşgah
ərazisinin “Atəşgah məbədi” Dövlət
tarix-memarlıq qoruğu elan edilməsi ilə bağlı
imzaladığı sərəncam mühüm əhəmiyyət
kəsb edir. Sözügedən dövlət sənədinin
preambula hissəsində deyilir:
“Qədim əsrlərdən
bəri Azərbaycanda yanan təbii əbədi odlar
insanların dini etiqadlarına güclü təsir göstərmiş
və oda sitayiş etmək inancı yaratmışdır. İnsanların
məbəd kimi qəbul etdiyi yerlərdən biri də
Bakı şəhəri Suraxanı rayonunda indiki Atəşgah
məbədinin ərazisi olmuşdur. XVII-XVIII
əsrlərdə qədim atəşpərəstlər məbədinin
qalıqları üzərində, təbii qazın
çıxdığı əbədi məşəlin
yerində inşa edilmiş bu məbəd 26 hücrədən
və mərkəzi səcdəgahdan ibarətdir.
Hazırda Atəşgah məbədi “Şirvanşahlar
Sarayı Kompleksi” Dövlət tarixi-memarlıq qoruq-muzeyinin
filialı kimi fəaliyyət göstərir, lakin onun
özünəməxsusluğu, unikallığı və
YUNESKO-nun Dünya İrsinin İlkin siyahısına daxil edilməsi
“Atəşgah məbədi” abidəsinin müstəqil fəaliyyəti
və mühafizəsinə zərurət yaradır”.
Bu sərəncam həm də
ulu tariximizə
hörmət, zəngin keçmişimizə
qayğının təzahürüdür.
Hazırda sahəsi 1368
kvadrat metr, yaxud 0,14 hektar olan «Atəşgah» 1972-ci ildən muzey kimi fəaliyyət
göstərsə də 1975-ci ildə bərpa edildikdən sonra Dövlət
Tarix-Arxitektura Muzey-Qoruğunun filialına çevrilmişdir.
Əvvəllər olduğu kimi buraya yenə də hər il yüzlərlə turist gəlir. Onların arasında müxtəlif dinlərin
nümayəndələri də var. Bu insanların əksəriyyətini
Atəşgaha gətirən heç də turist marağı
deyildir. Onlar bu müqəddəs məkana - Od Məbədinə
öz ulu əcdadları
kimi həm də ziyarətə
gəlir, oda, atəşə, xeyirxah ruhlara dualar oxuyurlar.
Novruz bayramlarında isə bura gələn müsəlmanlar həm də
qurbanlar kəsirlər. Suraxanı Atəşgahı unikal şedevr və
milli maddi sərvət kimi bu gün də qədim din olan zərdüştiliyin
ardıcılları haqqında ən müfəssəl məlumat
verən, bütün yer üzündəki iki nadir atəşgahdan
birincisi olaraq qalmaqdadır.
C. Tağıyev
Mədəniyyət.-2009.-17 yanvar.-S.14.