Atılmış körpələrə köməyin yolları var

 

Amerikalı ailə azəri qızı Ayseli doğma övladı hesab edir

 

Əvvəlki  illərdən fərli olaraq, indi Bakıda daha çox əcnəbiyə rast gəlmək mümkündür. Onların Azərbaycana gəlişi isə heç də səbəbsiz deyil. Məsələn, bəziləri burda  öz biznesini qurur, bəziləri sadəcə iş axtarır, digərləri təhsil almağa gəlir və s. Artıq 9 ilə yaxındır ki, öz ailəsi ilə birlikdə Bakıda yaşayan amerikalı qadın Meri Foksvoks da Bakıya həyat yoldaşının işi ilə əlaqədar gəlib. Bakıda fəaliyyət göstərən Beynəlxalq Qadınlar Klubunun vitse-prezidenti olan Meri deyir ki, əvvəlcə bu şəhərdə yaşamaq onlar üçün olduqca çətin olsa da, sonra yavaş-yavaş həyat öz axarına düşüb: «Həyat yoldaşım Bakıda neft kampaniyasında işləyirdi. O zaman Bakıda nə çoxlu maşın, nə də mobil telefon var idi. Çətinlik həm də ondan ibarət idi ki, bizim özümüzün də mobil telefonumuz yox idi və yerli dili bilmirdik. Bundan başqa, Azərbaycan, onun tarixi və mədəniyyəti haqqında heç bir məlumata malik deyildim. Lakin xoşbəxtlikdən insanlar olduqca istiqanlı  idilər və buna görə də biz onları tezliklə sevməyə, qaynayıb-qarışmağa başladıq».

Merinin peşəsi  yanğınsöndürəndir. Öz peşəsini sevməsinə baxmayaraq, Bakıya gəldikdən sonra onun üçün daha maraqlı sahə olan ictimai işlə məşğul olmağa başlayıb: «Bakıya gəldiyim ilk günlər vaxtımı boş yerə itirmək istəmirdim və ona görə də uşaqlarıma evdə dərs öyrətməyə və eyni vaxtda da Beynəlxalq Qadınlar Klubu ilə işləməyə başladım. Belə bir kluba üzv olmaq Azərbaycan cəmiyyətinə çox asanlıqla uyğunlaşmağıma kömək etdi. Belə ki, bu klub üzvləri arasında təkcə əcnəbi qadınlar deyil, həm də yerli qadınlar var. Onlar mənim Azərbaycan mədəniyyəti ilə tanışlığıma çox böyük kömək etdilər».

 

«İstərdim ki, hər bir əcnəbi qadın azərbaycanlı xanımlarla tanış olsun»

 

Yavaş-yavaş Azərbaycan qadınlarının dünyagörüşlərini və onların maraqlarını, Azərbaycan xalqının adət-ənənəsini oyrənən Meri milli mətbəximizlə də yaxından tanışdır: «Hər həftə sizin qadınları evimizə dəvət edir və onlarla söhbət edirəm. Biz eyni həyati dəyərləri, eyni maraqları bölüşürük. Bundan başqa, ingilis dilini təkmilləşdirmək üçün söhbətləri bu dildə aparırıq və siyasətdən tutmuş mədəniyyətə, uşaqlara, yemək hazırlamağa qədər hər bir şey barədə söhbət edirik. Azərbaycanlı qadınlar çox ağıllıdırlar. Onlar həkim, hüquqşünas, musiqiçi və ana olmaqla yanaşı, eyni zamanda mənəvi baxımdan da çox güclüdürlər. Mən istərdim ki, hər bir əcnəbi qadın azərbaycanlı xanımlarla tanış olsun və onlarla söhbət etsin. Çünki sizin xanımlarla etdiyim söhbətləri çox sevirəm».

Meri dostluq etdiyi xanımlarımızı  özünə bacı hesab etdiyini bildirir və onun özü də azərbaycanlı ailələrinə qonaq gedir. Deyir ki, bizim qadınlar çox qonaqpərvərdirlər: «Mən  yerli toylarda, ailəvi bayramlarda,  Novruz şənliklərində iştirak etməyə çalışıram, çünki bunlar mənim üçün çox maraqlıdır».

Meri hesab edir ki, milliyyətindən asılı olmayaraq hər bir qadının eyni arzusu var: «Mən hesab edirəm ki, hər bir qadın daim öz ailəsini qorumaq, onun qayğısına qalmaq istəyir. Qadın öz uşaqlarının və həyat yoldaşının xoşbəxt olması üçün çalışır.  Lakin bununla yanaşı, burada yaşadığım müddətdə azərbaycanlı qadınlarla Amerika qadınları arasında bəzi fərqli cəhətlər də  aşkarlamışam. Belə ki, azərbaycanlı qadın üçün onun ailəsi hər bir şeydən öndədir. Lakin Amerika cəmiyyəti üçün bu prioritetlər yaddır. Azərbaycanda ailələr bir yerdə eyni mənzildə, eyni damın altında yaşayırlar. Hesab edirəm ki, bu çox gözəldir. Amerikada isə çox qadın həm karyera, həm də ailə uğrunda mübarizə aparır və bunun hər ikisini tarazlaşdırmağa çalışır».

 

Aysel və Amerika ailəsi

 

Merinin Qreys və Spenser adlı iki övladı var və onlar da Azərbaycan cəmiyyətinə çox asanlıqla adaptasiya olunublar.  Doqquz  il bundan əvvəl Bakıya gələrkən birinin 7, digərinin isə 9 yaşı olan bu uşaqlar hazırda nəinki Azərbaycan dilində yaxşı danışa bilir, hətta onların çoxlu azərbaycanlı dostları də var. Bu ailənin özəlliyi həm də ondadır ki, onlar uşaq evindən götürdükləri Aysel adlı azərbaycanlı qızı da öz övladları hesab edirlər: «Əvvəllər mənim iki övladım var idi, indi isə onların sayı üçdür. Böyük oğlumun 17, qızımın isə 15 yaşı var. Övladlığa qəbul etdiyim azərbaycanlı qızım isə 17 yaşındadır». Bunları deyərkən Merinin üzündəki məmnunluq ifadəsini sezməmək mümkün deyil. Artıq 2006-ci ilin avqust ayından başlayaraq Aysel bu Amerika ailəsinə təşrif gətirib. Onun gəlişinin də çox maraqlı tarixçəsi var...

Aysel Beynəlxalq Qadınlar Klubu vasitəsilə bir çox uşaq evlərinə, xüsusilə də Saraydakı uşaq evinə gedən Merinin diqqətini çoxdan özünə cəlb etmişdi. Onun Aysel haqqında ilk təəssüratları belədir: «Mən Ayseli uşaq evində gördüyüm ilk gündən sevməyə başladım. Başa düşdüm ki, o, böyük potensiala malik olsa da, məktəbə getmir. Hələ uşaq olarkən yaxşı qidalanmayan Aysel çox kiçik və zəif idi. Lakin o, gözəl xarakterə malikdir və olduqca işləkdir. Həyat yoldaşımla xeyli götür-qoydan sonra nəhayət Ayseli övladlığa götürdük. Aysel daha yaxşı öyrənmək və böyümək şansına layiqdir».

Amerikalı qadın hesab edir ki, insanların valideynsiz uşaqlara, atılmış körpələrə kömək etməsi üçün müxtəlif yollar var: «Bakıya gəldiyim ilk günlər uşaq evlərində olan vəziyyət məni çox narahat edirdi. İstəyirdim ki, orda yaşayan bütün uşaqları xilas edim. Lakin bu çox ağır idi və bir neçə il sonra mən öz vəzifəmi yerinə yetirməyə başladım. Nəhayət, başa düşdüm ki, bütün uşaqları xilas edə bilməsəm də birini xilas edə bilərəm. Əgər hər kəs bir uşaq xilas etsə, onda internatlarda uşaq qalmaz».

 

«Aysel uşaq evindəki dostları üçün də darıxır»

 

Ayselin Amerika ailəsinə uyğunlaşmasına gəlincə, Meri deyir ki, yavaş-yavaş hər şey öz qaydasına düşür və Aysel  özünü xoşbəxt hesab edir. Lakin bununla yanaşı, o, uşaq evindəki dostları üçün də çox darıxır: «17 il uşaq evində yaşadığına görə bura onun üçün ailəyə bənzəyir. Aysel onlar üçün darıxır və dostlarını tərk edib Amerikaya getmək onun üçün kədərli olardı. Lakin o, bizi də sevir və Bakı Beynəlxalq Məktəbinə getməyi çox xoşlayır. Bununla yanaşı, imkan tapan kimi uşaq evində yaşayan dostlarına baş çəkməyə gedir».

Meri deyir ki, Azərbaycan mətbəxini və qadınlarını çox bəyənir və bəzən bu yeməkləri bişirməkdə Aysel ona kömək edir: «İndi mən bəzi Azərbaycan yeməklərini bişirməyi öyrənmişəm. Ona görə ki, Aysel azərbaycanlıdır və mən istəyirəm ki, qızım bizim ailədə ona tanış olan yeməkləri dadsın. Hazırda əminliklə deyə bilərəm ki, sizin qutab, düşbərə, dolma, gürzə kimi yeməklərinizi hazırlaya bilirəm. Bunu da xüsusi qeyd etmək istəyirəm ki, qutabı çox sevirəm. Amerikda belə yeməklər yoxdur. Mən də danışıq dərslərində azərbaycanlı qadınlara Amerika yeməklərini hazırlamağı öyrədirəm».

 

«O, Amerikaya getməkdən qorxur»

 

Bir neçə aydan sonra amerikalı ailə Bakını tərk edərək öz doğma vətəninə qayıdacaq. Digər ailə üzvləri kimi, Aysel də Amerikaya gedəcək. Meri deyir ki, bu barədə Ayseli başa salmaq çox çətindir: «Biz ona izah edirik ki, o, Amerikada məktəbə gedib təhsilini davam etdirə və sonra Bakıya dönə bilər. Onun müəllim, həkim olmaq və ya hər hansı təhsil aldıqdan sonra öz doğma vətəninə qayıdıb uşaq evində olan dostlarına kömək etmək imkanı var. Bizimlə Amerikaya gedəcəyinə görə Ayseldə bir qədər qorxu hissi var. Ona görə ki, o, hələ ingilis dilində yaxşı danışa bilmir və öz dostlarını da tərk etmək istəmir. Lakin onu deyim ki, Aysel öz dərslərini yaxşı öyrənir və hər gün ingiliscə yeni  sözlər deyə bilir. Hərdən Aysellə ünsiyyət çətin olur, lakin biz bunu aradan qaldırmağa çalışırıq. Mən özüm də az da olsa Azərbaycan dilində danışa bilirəm».

Onu da qeyd edək ki, onlar Bakını birdəfəlik tərk etmirlər: «Biz Bakıya gəlməliyik, ona görə ki,  burada qızımızın ailəsi var. Uşaq evində yaşayan uşaqlar Ayselin ailəsidir və o, mütləq geri qayıdacaq».

 

 

MEHPARƏ

 

Mədəniyyət.-2009.-22 yanvar.-S.9.