Qadağa İstanbul ləhcəsinə aid olmamalıdır
Çünki o, ortaq dil elan
olunub
Milli Teleradio Şurası ölkəmizdə yayımlanan telekanallarda Azərbaycan dilinin işlənmə səviyyəsi ilə bağlı dekabrın 30-da daha bir qərar verib. Çox gözəl, çox pakizə. Alqışlanası və təqdirolunası bir aksiyadır. Ədalət naminə qeyd edək ki, adıçəkilən qurum tərəfindən vaxtaşırı dilimizin şərəfini qoruyan qərarlar qəbul edilir. Hamımızın yaxşı yadındadır ki, yaxın vaxtlara qədər telekanallarımızda əcnəbi dillərdə, xüsusən də rus dilində verilişlər və teleseriallar dominantlıq təşkil edirdilər. Milli Teleradio Şurasının nəzarəti və müdaxiləsi nəticəsində ölkə telekanallarında rus dilində veriliş («Xəbərlər» istisna olmaqla) və kinoların yayımına son qoyuldu. Yaxın günlərə kimi yalnız «Space» telekanalında rus dilində ara-sıra kino yayımlanırdı. Ona da son verildi. Teleradio Şurasının ötən ilin son günlərində verdiyi qərarın bircə əmması var. Bu da ölkə telekanallarında türk dilində yayımlanan kinolara qadağa qoyulmasıdır. Bundan əvvəlki qərarla rus dilindəki kinolar dublyaj olundu, titrlər yazılmaqla efirə verilməyə başlandı. Ancaq bu qadağanı türk filmlərinə tətbiq etmək nəinki düzgün deyil, əslində tətbiqi uyarlı alınmır. İstanbul türkcəsindən Azərbaycan türkcələri tərcümə - dublyaj çox absurd görünür. İstanbul və Azərbaycan türkcəsi eyni dil ailəsinin eyni dil qrupuna daxildir. Demək, bu dillərin «qan qrupu» eynidir. Qohum dillərin bir-birindən söz almaları, ifadə mənimsəmələri təbiidir. Nəinki təbiidir, əslində zəruri və faydalıdır. İstanbul türkcəsi bizə yad və yabançı deyil. Əslində İstanbul türkcəsi bütün türk dillərinin qədim-qayım köküdür, özülüdür. Əgər türk dillərini qollu-budaqlı, iri gövdəli bir ağaca bənzətsək, o ağacın ən iri, ən böyük şah budağı məhz İstanbul türkcəsidir. Bundan ötəndən sonra unutmayaq ki, bir çox ictimai instiktlərdən fərqli olaraq dildə qeyri-şüuri heç nə baş vermir. Dildə hər şey təbii, əsaslı və məntiqli gedir. Dil canlı orqanizmdir. Dil təbii təkamülünə, onun daxili qanunlarına uyğun gəlməyən, başqa sözlə, yad olan nə varsa, kənara atır. Dil uyuşmayan yad sözləri birmənalı şəkildə qəbul etmir. Bu mənada dili daim dalğalanan, çırpınan, çalxalanıb durulan dənizə bənzətmək olar. Canlı bir orqanizm kimi dilin dəyişilməz, pozulmaz bir qanunu var: tələffüzü, deyilişi, dilə - ağıza, boğaza yatmayan sözü, ifadəni yüz il qala qəbul etmir. Dil, bəlkə də, yeganə orqanizmdir ki, heç nəyi ona zorla, təpki ilə qəbul etdirmək mümkün olmur. Bəli, dilin belə dəyişilməz və pozulmaz bir özünüqoruma instikti var. O ki qaldı İstanbul türkcəsinə. O, bizim üçün son dərəcə doğmadır. Oradan gələn, qəbul olunan sözlər ancaq dilimizə fayda gətirər, onu zənginləşdirər. Burası belədir, buna əks arqument də gətirmək nəzəri və praktiki baxımdan mümkün deyil.
İndi keçək məsələnin siyasi və mənəvi tərəfinə. Bu yerdə Azərbaycan xalqının ümummilli lideri H.Əliyevin ideoloji şüara çevrilmiş bir kəlamını xatırlatmaq istərdim: «Bir millət - iki dövlət». Əslində bu sitatın şərhinə ehtiyac yoxdur. Çünki fikir son dərəcə şəffaf, mətləb aydındır. Bircə onu vurğulamaq istərdim ki, bir millətin eyni də dili olmalıdır. H.Əliyevin təməlini qoyduğu türk dövlətlərinin siyasi-iqtisadi-mənəvi birliyi artıq gerçəkliyə çevrilib. Uzun illər aparılmış siyasət öz bəhrəsini verdi. Ötən ilin noyabr ayında Türkiyədə Türkdilli Dövlətlərin Parlament Assambleyası yaradıldı. Bununla da türk dünyasının siyasi-mənəvi birliyi üçün ən böyük addım atıldı. Bu böyük birlik ortaq dil birliyindən keçir. Türkdilli Dövlətlərin Parlament Assambleyasında Özbəkistan istisna olmaqla keçmiş SSRİ-nin tərkibində olmuş müttəfiq respublikaların parlamentlərinin üzvləri bir araya gəldilər, İstanbul türkcəsində məsləhət-məşvərət aparıb, qərarlar qəbul etdilər. Qəbul olunmuş ən ciddi qərarlardan biri də məhz ortaq dil məsələsi ilə bağlı oldu. Onları bir araya gətirmiş İstanbul ləhcəsi bütün türklərin ortaq dili elan edildi. Latın qrafikalı türk əlifbası da ortaq əlifba kimi qəbul olunub.
Türk dünyasının vahid sosial-siyasi-mənəvi birliyinin yaranacağını vahid dil və əlifbasız təsəvvür etmək mümkün deyil. Bu birliyin mənəvi ağırlığı Türkiyə və Azərbaycan tərəfinin üzərinə düşür. Zaman-zaman Azərbaycan bu mənəvi birliyin yaranması üçün mücadilələr yapmış və ən çətin vaxtlarda bu mənəvi birliyin qorunması üçün öz töhfələrini vermişdir. Bu mənəvi-siyasi birliyin möhkəmlənməsində kütləvi informasiya vasitələrinin rolu danılmazdır.
P.S. Mən
teleseraila baxa bilmirəm. Lap əvvəldən
məndə şüuraltı
bir assosiasiya yaranıb: teleserial çox vaxt apardığından ömrü
yeyir. Elə bu
səbəbdən baxa
bilmirəm. Ancaq baxanlardan soruşdum
ki, teleserialların İstanbul türkcəsindən
Azərbaycan türkcəsinə
dublyajı necə alınar. Dedilər ki, çılpaq
görünür, uyğunlaşa
bilmirlər. İstanbul ləhcəsindən
Azərbaycan türkcəsinə
dublyajın çox cansıxıcı, bayağı
və yeknəsək alındığı söylənilir.
Bütün serial boyu
tamaşaçı monoton bir səsi - bir-iki nəfərin səsini dinləməyə məcbur
olur.
İnsafən deyək ki, İstanbul ləhcəsinin
öz şirinliyi var.
Bu şirinliyə qıymaq olmaz. Bir də mənəvi birlik yaradacaq körpünü tikilməmiş
uçurmaq heç insafdan deyil.
Ismayil Xeybər
Mədəniyyət.-2009.-22 yanvar.-S.12.