Məhəmməd Əmin Rəsulzadə - 125

 

Azərbaycan Milli qurtuluş hərəkatının böyük ideoloqu

 

“Bir kərə yüksələn bayraq bir daha enməz!”

 

Azərbaycanda inqilabçı bir azadlıq ordusunun yetişməsində böyük rolu olan, «millətlər həbsxanası» dövlətinə qarşı üsyan qaldıran, son nəfəsində Azərbaycan! Azərbaycan! Azərbaycan! - deyərək  əbədiyyətə qovuşan, Azərbaycan Milli qurtuluş hərəkatının ideoloqu Məhəmməd Əmin Rəsulzadənin bu gün doğum günüdür.

Yaxın dostu və silahdaşı, İranda Məşrutə hərəkatından tanıdığı, İran Məclisinin sədri və İranın Londonda böyük elçisi olmuş Seyid Həsən Tağızadə onun haqqında yazırdı: “Rəsulzadə bütün ömrüm boyunca Şərq dünyasında rastlaşmadığım, mübaliğəsiz söyləyə biləcəyim fövqəladə namdar insanlardan biri idi. Məhəmməd Əmin bəy tərbiyəli, qüvvətli və sağlam məntiq sahibi, təmiz qəlbli, doğru sözlü, mətanətli, tam mənası ilə dürüst, fikir və yoluna dərin bir inam bəsləyən, fədakar, mücahid və örnək bir insandı. Böylələrinə zamanımızda və hələ bizim tərəflərdə rastlaşmaq həmən-həmən imkansız olduğu kimi, bütün dünyada da rastlanmaz”.

Yalnız Azərbaycanda deyil, bütün Şərqdə və Türk dünyasında görkəmli dövlət xadimi kimi tanınmış Məhəmməd Əmin Hacı Molla Ələkbər oğlu Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində axund ailəsində dünyaya göz açmışdı. İlk təhsilini maarifpərvər ziyalılarımızdan olan S.M.Qənizadənin əsasını qoyduğu və müdirlik etdiyi ikinci “Rus-müsəlman məktəbi”ndə almışdı. M.Ə.Rəsulzadə hələ gənc ikən siyasi həyata atılmış, 1902-1903-cü illərdə üzvləri müxtəlif rus liseylərində və digər orta məktəblərdə oxuyan Azərbaycan-türk tələbələrindən ibarət gizli bir dərnək təşkil etmişdi. Rəsulzadənin yaratdığı həmin dərnək “Müsəlman Gənclik Təşkilatı” adı altında müəyyən fəaliyyət dövründən sonra Rusiya hökumətindən milli mədəni hüquqlar almaq ümidində idi. “Müsəlman Gənclik Təşkilatı”nın təşviqat-təbliğat işində “Hümmət” qəzeti mühüm rol oynamışdı.

Qeyd edək ki, azərbaycanlı fəhlələri geniş dairədə inqilabi mübarizəyə cəlb etmək məqsədilə 1904-cü ilin axırlarında Bakı Komitəsi nəzdində “Müsəlman” sosial-demokrat “Hümmət” təşkilatı yaradılmışdı. “Hümmət”in baniləri arasında M.Ə.Rəsulzadə, Mirqasımov, M.H.Mövsümov, M.H.Hacınski və b.vardı. Lakin az sonra, 1905-ci ildə Rusiyada başlanan inqilabi hadisələrdən sonra Rəsulzadə və silahdaşları bolşeviklərin məram və məqsədlərindən Azərbaycana heç bir fayda olmayacağını başa düşüb onlardan uzaqlaşdılar.

M.Ə.Rəsulzadənin ilk mətbu yazısı 1903-cü ildə Tiflisdə çıxan “Şərqi Rus”qəzetində çap olundu. “Bakıdan məktub” başlığı altında nəşr edilən bu məqalədə o, elmin, təhsilin, məktəbin vacibliyinə toxunurdu.

M.Ə.Rəsulzadənin 1905-08-ci illər arasında Bakıda çıxan qəzet və jurnallardan “Şərqi-Rus”, “Hümmət”, “Dəvəti-qoç”, “İrşad”, “Təkamül”, “Yoldaş”, “Tərəqqi”, “Füyuzat” və b. mətbuat orqanlarında mövcud rejim əleyhinə onlarla yazısı çap olunub. Müəyyən müddət o, “İrşad” qəzetinin müvəqqəti redaktoru da olmuşdu.

1908-ci il dekabrın 5-də M.Ə.Rəsulzadənin “Qaranlıqda işıqlar” pyesi tamaşaya qoyuldu.

1907-1908-ci illərdə Rusiyada başlanan Stolıpin irticası Bakıya da öz təsirini göstərdi və tezliklə burada inqilabi fikirli adamlara qarşı təqiblər başladı. Bununla əlaqədar olaraq M.Ə.Rəsulzadə İrana mühacirət etmək məcburiyyətində qaldı.

M.Ə.Rəsulzadə ilkin vaxtlar İranda “Tərəqqi” qəzetinin xüsusi müxbiri kimi fəaliyyətə başladı. Onun “Tərəqqi” qəzetində “İran məktubları” başlığı ilə çap edilən yazıları böyük diqqətə səbəb oldu. Cəmi 43 publisistik məqalədən ibarət olan bu yazılar “İran məktubları” rubrikası ilə verilmişdi. Bu məktublar əsrin əvvələrindəki İran siyasi mühitini və M.Ə.Rəsulzadənin İrandakı fəaliyyətini öyrənmək üçün son dərəcə qiymətli mənbələrdir. Qeyd edək ki, 1910-cu ildən Tehranda M.Ə.Rəsulzadənin redaktorluğu ilə çıxan “İrani-nov” “Yeni İran” qəzeti İranda müasir Avropa üsulu ilə çap edilən ilk mətbuat orqanı idi.

M.Ə.Rəsulzadə Tehranda İran məşrutə hərəkatı xadimləri ilə görüşmüş, Səttarxan və Bağırxanla təmasda olmuş, İranda ilk demokratik islahatların təbliğatçısı kimi fəaliyyət göstərmişdi. Bundan qorxuya düşən çar Rusiyasının şahlıq üsul-idarəsindən tələbi nəticəsində İstanbula mühacirət edib.

1911-ci ilin yayında İstanbula gələn M.Ə.Rəsulzadə “Gənc türklər” təşkilatına rəğbət bəsləyən “Türk ocağı” cəmiyyətində fəaliyyət göstərir, cəmiyyətin “Türk yurdu” jurnalının aparıcı yazarlarından biri olur.

1913-cü ildə Romanovlar sülaləsinin 300 illiyi ilə bağlı verilən əfvi-ümumidən (ümumi bağışlamadan) sonra M.Ə.Rəsulzadə Bakıya qayıtdı.

Qeyd edək ki, bu dövrdə artıq Bakıda Müsavat Partiyası qurulmuşdu (1911-ci ilin oktyabrında) və çar hökuməti əleyhinə ciddi mübarizə aparılırdı. M.Ə.Rəsulzadə Bakıya qayıtdıqdan sonra partiyanın rəhbərliyinə keçərək, onun proqramını yeni siyasi şəraitə uyğun şəkildə işləyib hazırladı, partiyanı türk-islam sintezini əsas tutan türkçü bir quruluş halına gətirdi.

Bu illərdə M.Ə.Rəsulzadənin “Dirilik” jurnalında çap edilmiş məqalələri də ictimai əhəmiyyəti baxımından  diqqəti daha çox cəlb edirdi. Məqalələrdə milli dirçəlişin yolları ətraflı şəkildə araşdırılmış, mövcud siyasi quruluşun imkanları çərçivəsində izah edilmişdi. “Dirilik nədir?” adlı baş məqalədə o vaxtlar “müsəlman türkü” və ya “tatar” kimi müxtəlif ifadələr altında tanınan xalqımızı “azərbaycanlı” kimi qeyd edib.

M.Ə.Rəsulzadənin sonrakı ictimai-siyasi, publisistik fəaliyyətində “Açıq söz” qəzetinin böyük əhəmiyyəti olmuşdu.

“Açıq söz” qəzeti 1915-ci ilin oktyabr ayının 2-də Bakıda nəşrə başladı. Qəzetin adının altında yazılmışdı: “Siyasi-ictimai və ədəbi Türk qəzetəsi”.

Qəzetin baş məqaləsi “Tutacağımız yol” adlanırdı. Müəllifi M.Ə.Rəsulzadə olan bu yazıda mühüm bir problem açıqlanırdı: “Dəhşətlərinə şahid olduğumuz bu yol bir həqiqəti-əsrimizin milliyyət əsri olduğunu isbat etdi. “Dünyanın xəritəsi hərbdə dəyişəcək” - deyə heyrətlə qarışıq bir cümlə indi bir çox ağızlardan eşidilməkdədir”.

1918-ci ilin mayın 27-də isə Azərbaycan Milli Şurası yaradıldı və M.Ə.Rəsulzadə şuranın sədri seçildi. Mayın 28-də isə Milli Şura Azərbaycan istiqlalını bütün dünyaya elan etdi. M.Ə.Rəsulzadə 28 may istiqlalını mühüm hadisə adlandıraraq yazırdı: “O tarixdən əvvəl bir millət olaraq varlığını isbat edən Azərbaycan xalqı bu tarixdən etibarən milli olaraq dövlət qurmuş və bu dövlətin istiqlalı uğrunda bütün mövcudiyyəti ilə meydana atılmışdır”.

Azərbaycan Parlamentinin işində M.Ə.Rəsulzadə böyük fəallıq göstərirdi. Parlamentə M.Ə.Rəsulzadə başçılıq etdiyi Müsavatın fəaliyyət proqramları haqqında tez-tez məlumatlar verirdi: Cümhuriyyətin müstəqilliyi və ərazi toxunulmazlığı, milli və siyasi hüquqların qorunub saxlanılması, Azərbaycan xalqının qonşu dövlətlərlə dostluq əlaqələrinin yaradılması və möhkəmləndirilməsi respublikada hüquqi-demokratik dövlət quruluşunun bərqərar edilməsi, geniş sosial islahatlar həyata keçirilməsi, ölkəni müdafiə edəcək güclü ordunun yaradılması.

Təəssüflər ki, Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci ildə süqut etdi. Bu hadisələrdən sonra M.Ə.Rəsulzadə yaxın əqidə dostları ilə gizli fəaliyyətə başladı.

 1920-ci il avqustun 17-də onu Lahıc yaxınlığındakı Qaraməryəmdə həbs edib Bakıya gətirdilər.

M.Ə.Rəsulzadə həbsxanada olarkən keçmiş mübarizə dostu Stalin Bakıda onunla görüşdü və həbsxanadan azad etdirib, özü ilə birgə Moskvaya apardı. Moskvada o, bir müddət RSFSR Millətlər Komissarlığında çalışdı, sonra oradan Sankt-Peterburqa, Sankt-Peterburqdan Finlandiyaya, Finlandiyadan Türkiyəyə getdi.

1922-ci ildə İstanbulda Milli Mərkəz təşkil edib, bütün siyasətçiləri bir təşkilat halında birləşdirdi. Tezliklə bütün Sovetlər Birliyini həyacana gətirən “Yeni Qafqaziya” jurnalını (1923-cü ildə) İstanbulda nəşr etdi. 1928-ci ildə onun “Azərbaycan Cümhuriyyəti, keyfiyyət - təşəkkülü, şimdiki vəziyyəti”, “Əsrimizin Səyavuşu”, “İstiqlal məfkurəsi və gənclik”, “İnqilabçı sosializmin iflası və demokratiyanın gələcəyi” və başqa əsərləri çap olunub. Onun redaktorluğu ilə “Azəri türkü” (1928-1931), “Odlu yurd” (1929-1930) jurnalını və həftəlik “Bildiriş” (1929-1931) qəzeti də nəşr edilib.

1931-ci ildən Rəsulzadənin Avropa mühacir dövrü fəaliyyəti başlayır. 1930-cu ildə Parisdə fransız dilində “Azərbaycan və istiqlaliyyət”, rus dilində isə “Qafqaz problemi ilə əlaqədər olaraq panturanizm” kitabları çap olunub. Redaktorluğu ilə Berlində alman dilində “Azərbaycan problemi”, 1933-cü ildə Varşavada polyak dilində “Azərbaycanda milli hərəkat” və 1938-ci ildə “Azərbaycanın hürriyyət savaşı” adlı kitabları işıq üzü görüb.

1938-ci ildə Polşa hökumətində məsləhətçi işləyib, 1940-cı ildən Rumıniyada yaşayıb. 1947-ci ildən Ankaraya köçüb.

Qeyd edək ki, İkinci Dünya müharibəsi illərində də M.Ə.Rəsulzadə azərbaycanlı əsirləri xilas etmək üçün böyük işlər gördü.

Almaniya hökuməti əski mühacirlərlə əlaqələr qurmağa daim cəhdlər göstərirdi. 1942-ci ilin aprelində Şellenberqin vasitəçiliyi ilə Fransada, İtaliyada, Balkanlarda, Türkiyə və İsveçrədə yaşayan bir çox millətçi-mühacirlər Berlinin məşhur “Adlon” mehmanxanasına toplaşıb yığıncaq da keçirmişdilər.

İkinci dünya müharibəsi illərində almanlar isə M.Ə.Rəsulzadə ilə hər vasitədə işbirliyinə çalışırdılar. Lakin o, Azərbaycanın müstəqilliyinin elan edilməsinin alman siyasəti ilə uzlaşmadığını görüb oradan Buxarestə getdi.

Müharibənin sonlarına yaxın M.Ə.Rəsulzadənin başçılığı altında Münhendə “Azərbaycan Demokrat Birliyi” adlı cəmiyyət quruldu. Cəmiyyət azərbaycanlı əsirlərin xilasında böyük rol oynadı.

1949-cu ildə Ankarada “Azərbaycanın kultur dərnəkləri”, 1950-ci ildə “Çağdaş Azərbaycan ədəbiyyatı”, 1951-ci ildə “Çağdaş Azərbaycan tarixi” kitabları işıq üzü görüb. 1951-ci ildə “Azərbaycan şairi Nizami” adlı monoqrafiyası çap olunub.

1952-ci ildə Ankarada “Azərbaycan” jurnalında xalqımızın tarixi və ədəbiyyatı haqqında məqalələri dərc olunub.

1953-cü ildə Amerika hökumətinin dəvəti ilə M.Ə.Rəsulzadə bu ölkəyə gedir və Azərbaycan istiqlalının 35 illiyi münasibəti ilə mayın 28-də “Amerikanın səsi” radiosu ilə Azərbaycan xalqına müraciət edir.Müraciətdən bir parçanı təqdim edirik: “...Azadlıq və insan haqlarını inkar edən kommunistlər müəzzən (böyük) bir dövlət halında ayaqda durduqca və dünya inqilabı atəşi ilə yandırmaq üçün könül çəkdikcə yer üzündə heç bir zaman sülh və asayiş buluna bilməyəcəkdir. Azadlıq - cahanşümul bir fikirdir. Bir tək əsir insan, bir tək əsir millət qaldıqca, dünya həqiqi azadlıq və əmniyyət üzü görə bilməz... Şübhəsizdir ki, bir gün həqiqət parıldayacaq, azadlıq əsasını, Birləşmiş Millətlər prinsipini və insan haqlarını tutan tərəf qalib gələcəkdir. Bu qalibiyyət Günəşi qızıl istibdada zülmü altında inləyən əziz vətənimizdə 1918-in 28 mayısı kimi yenidən doğacaqdır. Buna qətiyyən şübhə etməyiniz.

Vətəndaşlar! Üçrəngli İstiqlal Bayrağını döşlərində gəzdirən buradakı vətən acısı bizlərdən, orada hər dürlü qorxu və təhdid altında qəlbləri istiqlal eşqilə çırpınan azadlıq ayrısı sizlərə candan salamlar göndərir, 28 mayıs istiqlal qurbanlarının əziz ruhları hüzurunda hörmətlə əyilir və hər iki tərəfi birləşdirən Milli böyük həsrəti şairin deyişiylə dilə gətirirəm:

 

Sən bizimsən, bizimsən durduqca bədəndə can,

Yaşa, yaşa, çox yaşa, ey şanlı Azərbaycan!”  

 

M.Ə.Rəsulzadə 1955-ci il martın 6-da Ankarada vəfat etdi.

 

 

Tərtib etdi:

Tural QƏHRƏMANOV 

 

Mədəniyyət.-2009.-31 yanvar.-S.6.