Məhəmməd Əmin Rəsulzadə - 125

 

M.Ə.Rəsulzadənin 125 illiyinə qiymətli töhfə

 

Fədakar istiqlal mücahidimizin uzun illər gizli saxlanmış daha bir əsəri işıq üzü gördü

 

Bugünlərdə elmi ictimaiyyət Azərbaycan Xalq Cümhuriyyətinin banisi, görkəmli dövlət xadimi Məhəmməd Əmin Rəsulzadənin daha bir əsəri ilə tanış olub. Fədakar şəxsiyyətin 125 illik yubileyi ərəfəsində onun düz  76 il bundan əvvəl yazmış olduğu «Azərbaycanda milli hərəkat» adlı əsərinin təqdimatı keçirilib. Əsəri çapa təqdim edən milli mətbuat tariximizin və Rəsulzadə irsinin dərin bilicisi və yorulmaz tədqiqatçısı professor Şirməmməd Hüseynovdur.

Qeyd edək ki, adıçəkilən əsərin çox maraqlı tarixi taleyi var. Əsər ilk dəfə Rusiyanın məşhur «Voprosı istorii» jurnalının 2002-ci ildəki ikinci sayında «XX əsrin siyasi arxivi» rubrikası altında işıq üzü görüb. Onu çapa hazırlayan isə Rusiya Elmlər Akademiyasının Tarix İnstitutunun əməkdaşı, həmin vaxt tarix elmləri namizədi, hazırda isə elmlər doktoru olan Salavat Midhətoviç İsaqovdur. O, əsərlə yanaşı özünün müəllif barədə yazdığı «Məhəmməd Əmin Rəsulzadə» adlı irihəcmli və dərin məzmunlu avtobioqrafik məqaləsini də jurnalın sözügedən sayında dərc etdirmişdir. Həmin vaxtdan 6 il sonra - 2008-ci ildə professor Ş.Hüseynov jurnalın həmin sayını əldə edir və adıçəkilən əsəri doğma dilimizə tərcümə etdirir. Hazırda isə əsər bir kitabda həm Azərbaycan, həm də rus dilində olan orijinal variantda oxucuların ixtiyarına verilib (M.Ə.Rəsulzadə. Azərbaycanda milli hərəkat. Bakı - «Elm» - 2009).   

  Kitabdakı təqdimat yazısında Ş.Hüseynov «Voprosı istorii» jurnalı barədə qeyd edir ki, «Son vaxtlar jurnalda tarixi sənədlər, əsasən, uzun illər yasaq altında saxlanmış arxiv materialları böyük yer tutur. Belə yazılar “XX əsrin siyasi arxivi” rubrikasında dərc edilir. Jurnalın “Tarixi portretlər”, “Tarixi publisistika”, “Tarixçilər zaman və özləri haqqında” kimi bölmələri xüsusilə diqqətəlayiqdir. Son onilliklərdə jurnalın səhifələrində dərc edilmiş, hazırda həm də kompyuter versiyasında verilən materiallar tarix elminin keçdiyi daşlı-kəsəkli inkişaf yolunu göz önünə gətirməyə yardımçı olur, tarixin ən müxtəlif problemlərinə dair diskussiyaların xarakteri və məzmunu, eləcə də sürətlə dəyişən dünyada tarix elminin vəziyyəti, elmi statusu, rolu və yeri haqqında təsəvvür yaradır».

Tədqiqatçı-alimin sözlərinə görə, M.Ə.Rəsulzadə bu əsəri Polşada mühacirətdə olarkən bu ölkənin Xarici İşlər Nazirliyinin sifarişi ilə qələmə alıb. Polyaklar üçün Azərbaycanda və Qafqazdakı milli hərəkatlar barədə arayış-məlumat məqsədilə yazılmış bu əsər olduqca dərin elmi-tədqiqat yükünə malikdir. Əsərdə müraciət edilmiş məxəzlərin zənginliyi də bunu təsdiq edir - müəllif burada  90-a yaxın mənbədən istifadə etmişdir. Ş.Hüseynovun sözlərinə görə, Azərbaycanda milli hərəkatlar barədə çox yazılsa da, Rəsulzadənin bu əsəri digərlərindən öz elmi tutumuna və dərin analitik səciyyəsinə görə fərqlənir: «Burada milli intibahın Axundov və Zərdabi mərhələsindən 1933-cü ilə qədərki dövr obyektiv şəkildə araşdırılmış, baş vermiş proseslər elmi arqumentlərlə şərh olunmuşdur. Xüsusilə, AXC-nin qurulması, fəaliyyəti və süqutu, o cümlədən 20-ci illərdə bolşevik işğalı və sovet rejimi əleyhinə yönəlmiş milli müqavimət hərəkatları dolğun şəkildə əks etdirilmişdir».   

Şirməmməd müəllim qeyd edir ki, Polşanın Xarici İşlər Nazirliyinin arxivində saxlanan «Azərbaycanda milli hərəkat» əsəri Molotovun dövründə hələlik məlum olmayan yolla SSRİ Xarici İşlər Nazirliyinə ötürülüb və uzun müddət burada «tam məxfi» qrifi altında saxlanılıb. «Voprosı istorii» jurnalının əməkdaşı S.M.İsaqov da əsəri məhz buradan - Rusiya XİN- in arxivindən əldə edib.

S.M.İsaqov yuxarıda adıçəkilən məqaləsində yazır ki, M.Ə.Rəsulzadə «Müsavat» partiyasının 1936-cı ilin avqustun 5-7 -də keçirilmiş qurultayında milli mübarizədə partiyanın siyasəti barədə məruzə etmiş və həmin konfrans «Müsavat»ın siyasi platformasını, partiyanın xarici və daxili siyasətinə dair tezisləri və bir sıra başqa qətnamələri işləyib hazırlamışdır: «Partiyanın siyasi platformasında deyilirdi ki, «müsavatçılıq respublika, azadlıq və müstəqillik ideallarına sadiq qalan, ümumbəşər sivilizasiyasının və ulu türk mədəniyyətinin yüksək idealları ilə üzvi surətdə bağlı olan Azərbaycan vətənpərvərliyidir».

«Azərbaycanın inqilabi «Müsavat» partiyası» adlı qeydlərində Rəsulzadə polşalı ekspertlərə izah edirdi ki, «ideologiyası və maksimum proqramı etibarilə «Müsavat» türk partiyasıdır. Ancaq özünün türk ideologiyasına və türkpərəstlikdə ittiham edilməsinə baxmayaraq, o heç zaman Qafqaz xalqlarının bir siyasi bütöv kimi birləşməsini inkar etməmişdir...»

Müəllif daha sonra yazır ki, Rəsulzadə «Azərbaycanda milli hərəkat» əsərində doğma vətənində bolşevik hakimiyyətinin necə «qurulması», onun ardınca hansı mübarizənin gəlməsi haqqında xeyli naməlum fakt barədə məlumat vermişdir: «Bununla birlikdə polşalıların diqqətini Azərbaycanın xalq təhsili, milli ədəbiyyatı və mədəniyyətinin gerçək nailiyyətlərinə yönəldə bilməsi onun yüksək dərəcədə obyektivliyinə və Azərbaycan xalqının psixologiyasını dərindən etnososial təhliletmə qabiliyyətinə malik olduğuna dəlalət edir...»

Lakin onu da qeyd edək ki, tatar aliminin sözügedən məqaləsi dolğunluğu və elmiliyi  ilə yanaşı nöqsanlardan da xali deyildir. Ş.Hüseynov deyir ki, onun M.Ə.Rəsulzadənin Stalini həbsdən qurtararaq guya Novxanıdakı evində gizlətməsi və Hitlerlə görüşü barədə yazdıqları tarixi həqiqətlərə söykənmir: «Rəsulzadə nə Stalini ölümdən qurtarıb, nə də ki, Hitlerlə görüşüb. S.M.İsaqov bunları tarixdən xəbəri olmayan bəzi  azərbaycanlı müəlliflərin təsiri ilə yazıb. Stalin Bakı həbsxanasından sürgünə aparılarkən isti paltarı yox idi. Rəsulzadə «Nicat» cəmiyyətinin xətti ilə ona əyin-baş almaq üçün 200 manat pul yardımı təşkil edib. İkinci məsələyə gəldikdə isə, deməliyik ki, Rəsulzadə Hitlerlə yox, Şərq naziri Rozenberqlə görüşüb. Çünki dövlət başçısı kimi Hitlerin görüşdüyü bütün şəxslərin siyahısı tutulub və orada M.Ə.Rəsulzadənin adı olmayıb».

M.Ə.Rəsulzadə söhbətigedən əsərinin başlanğıcında yazırdı ki, «Azərbaycanda milli hərəkat ideya mənbələrinə görə Şərqin milli-azadlıq ideyaları ilə Qərbin mədəni demokratik cərəyanlarını özündə birləşdirir». Başqa sözlə, bu hərəkatın rus dövlətçiliyi ilə heç bir ortaq cəhəti yoxdur və işğalçıların xisləti milli ideologiyamıza və tərəqqimizə tamamilə yaddır: "Müsəlman və türk elementləri ilə məskunlaşmış, nə mədəni, nə də dini baxımdan Rusiya ilə heç bir ortaq cəhəti olmayan və Rusiyanın yalnız silah gücünə işğal edilmiş Qafqaz Azərbaycanı mənən heç zaman rus dövlətçiliyi ilə barışmayıb, çünki o dövlətçiliyin ənənələri, məlum olduğu kimi, müsəlman və türk aləminə ədavət üzərində qurulmuş, bunun da nəticəsində panislamizm və pantürkizm ideyaları bu aləmdə həmişə canlı maraq doğurmuşdur».

M.Ə.Rəsulzadənin «Azərbaycanda milli hərəkat» əsəri əhatə etdiyi dövrün aynasıdır desək, yəqin ki, yanılmarıq. Çünki ictimai həyatın elə bir sahəsi yoxdur ki, müəllifin diqqətindən yayınmış olsun. Milli hərəkata təkan verən və onu formalaşdıran bütün sahələr -milli tərəqqi yolunda ziyalıların fəaliyyəti, siyasi təşkilatlanma, ədəbiyyat, incəsənət, milli hökumətin dövründə məktəb işinin və xalq təhsilinin təşkili, bu dövrdə aparılmış sosial-iqtisadi islahatlar və ordu quruculuğu istiqamətində görülmüş işlər, AXC-nin süqutundan sonra isə bolşevik işğalına qarşı daxildə xalq üsyanları, xaricdə isə mühacirlərin fəaliyyəti və s. ayrı -ayrılıqda dolğun şəkildə əks etdirilmişdir.

M.Ə.Rəsulzadə yazırdı ki, heç bir repressiyaya baxmayaraq Azərbaycanda milli ovqat kommunizmi get-gedə daha çox üstələyirdi. Yeni yetişən gənc ədəbi nəsil proletar ədəbiyyatına deyil, milli ədəbiyyata üstünlük verirdi: «Təqib vəziyyətində olmasına baxmayaraq, bütün siniflərin fövqündə dayanan milli poeziya proletar sinfinin ədəbiyyatına üstün gəlirdi. Kommunistlərin sırasından yetişən istedadlı gənc şairlər əsərləri əldən-ələ gəzən millətçi şairlərin təsiri altına düşürdülər. Gənclər gizli surətdə əsərlərini populyar şair Cavidə təqdim edib onun xeyir-duasını almaq istəyirdilər. Bolşeviklər buna qarşı “mənəvi terror” vasitəsilə mübarizə aparmaq qərarına gəlmişdilər. Yazıçıların qurultayları çağırılır və orada “Sovet hakimiyyətinə münasibətdə loyal olmayan əks-inqilabçı yazıçılara qarşı” qərarlar qəbul edilir, onlara lənət oxunurdu». 1933-cü ildə yazılmış bu cümlələrdən 4 il sonrakı dəhşətlərin, tökülmüş qanların qoxusu gəlmirmi? Yəqin ki, milli ədəbiyyat sahəsində vəziyyət bu cür olmasaydı, 37-ci ilin divantutma kampaniyasına da ehtiyac qalmazdı.

Həyatlarının ən qaynar çağı əsasən XX əsrin I yarısına təsadüf edən, bütövlükdə fədakar istiqlal mücahidlərimizin irsinə və siyasi təcrübələrinə ehtiyacımız böyükdür. O cümlədən, 125 yaşı tamam olan M.Ə.Rəsulzadədən öyrəniləsi cəhətlər hələ çoxdur. Bu fədakar insan ömrünün sonunadək tutduğu əqidə-məslək yolundan dönmədi və Azərbaycanın istiqlalı idealına həmişə sadiq qaldı. Peşəkar inqilabçı Rəsulzadə həm tarix yaradan, həm də onu yazan nadir şəxsiyyətlərimizdəndir. O, vətəndə olarkən real siyasi addımları ilə, vətəndən didərgin düşdükdən sonra isə sayı-hesabı hələ dəqiq bilinməyən kitab və məqalələri ilə haqq işini davam etdirdi və işğalçı bolşevizmlə mübarizədən bir an da olsa yayınmadı. Tatar alimi S.M.İsaqovun da qeyd etdiyi kimi, XX əsrin ən məşhur azərbaycanlılarının siyahısına daxil olsa da, onun siyasi karyerasının, xüsusən də xaricdəki fəaliyyətinin  bir çox cəhətləri hələ də lazımınca öyrənilməyib.

 

 

Arzu ELBRUSOĞLU,

«Təfəkkür» Universitetinin

Jurnalistika kafedrasının

müəllimi

 

Mədəniyyət.-2009.-31 yanvar.-S.7.