Camal Mustafayev-80

 

Ömür adicə yaşamaq deyil...

 

İnsan böyüklüyü, onun gücü, qüdrəti nə vaxt görünür?.. Ümumiyyətlə, bütün bunlar gözlə görünən mahiyyətdirmi? Bu suallara birbaşa dəqiq və aydın cavab vermək heç də asan deyil. Görməzə-bilməzə və yaxud bir hərəkətinə görə kimisə müdrik, aqil, əzəmətli adlandırmaq mümkün deyil. İllər boyu qazanılmış  mənəvi rütbəni axıracan qoruyub saxlamaq da hər kəsə nəsib olmur. Lakin həyatını müdriklik düsturu əsasında qurmuş olanlar o mənəvi  rütbəni sonacan qoruyur və insanların inam yeri haqqını özündə saxlayır. Sovet dövründə  ideoloji basqılar filosof adının əsl mahiyyətini, müdrikliyini cılızlaşdırmışdı. Amma elə müdriklər, ənənəvi Şərq fəlsəfi fikrinin daşıyıcısı olan simalar da oldu ki, onlar filosof adının keşiyində dayanıb, onun mahiyyətini öz zəngin təbiətləri hesabına qoruya bildilər. Belə filosoflardan biri də Camal Mustafayev oldu. Bu həftə Musiqili Komediya Teatrının salonuna  - yubilyarın fəlsəfə və tədqiqatlarla keçmiş mənəvi gücə söykənən ömrünün 80-ci ilinin qeyd etməyə toplaşan ziyalılar və elm adamları Camal Mustafayev böyüklüyünə  bir daha əmin oldular.

 

Dosye:

Camal Vəli oğlu Mustafayev 1928-ci ildə Gürcüstan Respublikası Qarayazı bölgəsinin Kosalı kəndində doğulub. Tiflisdə ikillik Müəllimlər İnstitutunu bitirib, 1948-ci ildə ADU-nun fəlsəfə şöbəsinə daxil olub, 1949-cu ildə isə təhsilini Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsində davam etdirib. 1954-cü ildə S.Vurğunun köməyi ilə Moskvaya, SSRİ Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun aspiranturasına göndərilib. 1957-ci ildə Azərbaycan Elmlər Akademiyasının fəlsəfə və hüquq bölməsində elmi işçi olub. 1961-ci ildə “Nizaminin fəlsəfi, etik görüşləri” mövzusunda namizədlik, 1968-ci ildə isə “Nizaminin ideyalar aləmi və müasirlik” mövzusunda doktorluq dissertasiyalarını müdafiə edib.

Namizədlik dissertasiyası kitab halında 1962-ci ildə Bakıda nəşr edilib. “Nizaminin dünyagörüşü” elmi əsəri isə Moskvada  Voprosı filosofi” jurnalında dərc olunub.Rus dilində yazılmış müxtəlif  xalqların  mütəxəssislərinin diqqətini cəlb edib. Camal Mustafayev həm də “Azərbaycan fəlsəfi-ictimai fikri tarixinin oçerkləri”, “SSRİ xalqlarının fəlsəfə tarixi” kitablarının müəllifidir. Maraq dairəsi fəlsəfə ilə bədii yaradıcılıq sahələrini birləşdirir. Folklorumuzu, aşıq poeziyasını, Azərbaycan şeirini geniş araşdırıb, məna-məzmununu oxuculara çatdırıb. Bu sahədə yazdıqlarının xeyli hissəsi “İdrakın şeiriyyəti” kitabında (1991) işıq üzü görüb. “F.Nəiminin iziylə” tədqiqat əsəri “Xəzər xəbər” jurnalında dərc edilib.

C.Mustafayev 1968-ci ildən 1976-cı ilədək Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər İnstitutu fəlsəfə kafedrasının müdiri işləyib, 1976-cı ildən isə fəaliyyətini Bakı Dövlət Universitetində davam etdirib. 2000-ci ildən “Xəzər” Universitetinin Tərcümə Araşdırmalar Mərkəzinin rəhbəridir.

1982-ci ildə “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb.

 

Zəlimxan Yaqub:

“Camal müəllimin böyüklüyü bizim böyüklüyümüzdür”

 

Tədbiri giriş sözü ilə açan Xalq şairi Zəlimxan Yaqub Camal Mustafayevi yalnız bir elm adamı deyil, həm də millətini sevən, onun mahiyyətini və mənəvi dəyərlərini üstün tutan işıqlı ziyalı kimi xarakterizə etdi. “Mən həyatda çox adamlardan bəhrələnmişəm. Böyük alimlər, qiymətli şəxsiyyətlər, yazıçı və şairlər görmüşəm. Hər birindən də müəyyən lazımi keyfiyyətlər əxz etmişəm. Mənə sual versələr ki, bəs Camal müəllimdən nə götürmüsən, deyərdim ki, mənəvi saflıq, mənəvi paklıq, təmizlik, mütaliəyə həddən çox bağlılıq, təfəkkür, fikir genişliyini əxz etmişəm. Camal müəllim danışanda adam istər-istəməz özünü yığışdırır, elə bil Hegellə, Sokratla, Aristotellə, Kantla danışırsan. Fəlsəfə dünyasının hələ sağlığında ikən klassikləşən nümayəndələrinin hamısı Camal müəllimin söhbətləri ilə mənim canıma, iliyimə işləyib. Onda çox yüksək səviyyədə ədəb-ərkan, əxlaq var. Onun haqqında danışmaq mənim üçün, ilk  növbədə, Borçalı mühitindən, böyük aşıqlardan, böyük ustadlardan, böyük alimlərdən danışmaqdır. Camal müəllimin böyüklüyü bizim böyüklüyümüzdür.  Camal müəllimin elmi, fəlsəfəsi bizim elmimiz, fəlsəfəmizdir...”

 

Hamlet İsaxanlı,

“Xəzər” Universitetinin rektoru, fizika-riyaziyyat elmləri doktoru, professor:

 

- Camal Mustafayev filosofdur, orta əsrlər Şərq fəlsəfəsi, etika və estetika üzrə tanınmış mütəxəssisdir. Şeirimizin, folklorumuzun köklərini araşdıran, gözəlliyini tərənnüm edən alimdir. Qeyri-adi, humanist insandır, həqiqəti heç nəyə dəyişməyən müasirimizdir. Moskvada alimlər ona Nizami Gəncəvinin yaradıcılığını, dünyagörüşünü tədqiq etməyi məsləhət gördülər. Nizaminin fəlsəfi və etik görüşlərini dissertasiya mövzusu kimi seçmək maraqlı idi, lakin göründüyündən qat-qat çətin idi. Nizami öz ölməz poemaları ilə poetik sənətin zirvələrinə ucalmış şair olmaqla yanaşı, fəlsəfi cəhətdən dolğun dünyagörüşünə malik  bir mütəffəkkir idi. Nizaminin ideyalar aləmi dövrünün, qədim mədəniyyətlərin təsiri ilə formalaşmışdı. Təbiidir ki, Nizaminin dünyagörüşünü sistemli şəkildə tədqiq etməyi qarşısına məqsəd qoyan Camal müəllim qədim yunan fəlsəfəsini, hind fəlsəfəsini, müsəlman aləminin dünyagörüşünü də dərindən araşdırmalı idi. Avropa fəlsəfə məktəbinin əsas nailiyyətlərini yenidən mənimsəməli idi. Nizamini orijinalda - fars dilində addım-addım yenidən kəşf etməli, hər misrasının məna çalarlarını açmalı idi. Camal müəllim Nizaminin “Sirlər dünyası” fəth edə bildi.

 

Rüstəm Kamal,

BDU-nun folklor laboratoriyasının müdiri, ədəbiyyatşünas:

 

- Camal müəllim ömrün mənası haqqında düşünən  bir kamal yiyəsidir. Ömür dəyərləri haqqında düşünmək özü elə etik-estetik hadisədir. Camal müəllim tanıdıqlarım adamlar içində yaxşılığın şeiriyyətini duyan, ondan ləzzət alan kişilərdən biridir. Onun ağıllı fikirdən, müdrik sözlərdən necə vəcdə gəlməsini dəfələrlə müşahidə etmişəm. Onun inamına görə,  şərə qarşı duran nə varsa gözəldir, mübarəkdir. Camal müəllim üçün təbiət və poeziya mübarək dəyərdir. Onun fəlsəfəsində təbiət sadəcə peyzaj deyil, həm də doğmalıq və qançəkərlik duyumudur. Camal müəllimin fəlsəfi mahiyyətini fərqləndirən cəhət loqosentrik təfəkkürə malik olmasıdır. Yəni şifahi sözü yazıdan üstün tutur. Söz məişətin fövqündədir. Bunu onun məclislərdəki söhbətlərindən duymaq mümkündür. Ömür etik hadisə kimi, onun filosof statusunu, mahiyyətini bildirir. Milli poeziya və saz sənəti onun üçün etik dəyərlər sisteminə daxildir, onun estetik mövqeyini müəyyən edir. Professor Camal Mustafayev kimi alimlərin varlığı klassik ziyalı tarixinə və ənənəsinə hörmət gətirir.

 

Nəriman Həsənzadə,

xalq şairi:

 

O, sadə və mötəbərdir. Bu böyük alimin biliyini nümayiş etdirdiyini, özünü kiminsə gözünə soxmaq istədiyini görməmişəm, eşitməmişəm. Camal müəllim fəlsəfənin və estetikanın problemlərindən, həm də müasir və klassik Azərbaycan ədəbiyyatından yetərincə məqalələr yazmış, ədəbi prosesi daim izləmişdir və indi də izləyir. Tədqiqatlardan yorulmur və bu, onun şeiriyyətidir. Mən Camal Mustafayevin şəxsində Azərbaycan fəlsəfi fikrinin bu qədər zəngin və qədim olduğunu görürəm. Buna da sevinirəm ki, onu şəxsən və ailəlikcə tanıyıram. Camal müəllim insanları sevir, elə bil o, dünyaya sevindirmək üçün gəlib. Elə bu da onun 80 ili keçən ömrünün stixiyasıdır.

 

5 saatlıq yubiley gecəsi

 

Elm, sənət adamlarının Camal Mustafayev adı ətrafında ürəkdolusu çıxışları ard-arda sıralandıqdan sonra tədbirin aparıcısı Zəlimxan Yaqub hər kəsin bu alim haqqında söz demək istəyinin başa düşülən olduğunu, lakin tədbirin gecəni də yarıladığını söylədi. Və onu da söylədi ki, ən yaxşısı, indi də səbəbkarın - 80 illiyi tamam olan Camal müəllimin özünə qulaq asmaqdır.

 

Camal Mustafayev:

“Yaxşılığa tələs, yamanlığa gecik”

 

Tədbiri təşkil edənlərə, bu gecəyə toplaşanlara, çıxış edən ziyalılara öz təşəkkürünü bildirən qocaman alim məclisin fəlsəfi ovqatına öz fikirləri ilə işıq saldı.

“Bu gün fəlsəfədən, fəlsəfi fikirlərdən çox danışıldı. Uzun illər müxtəlif  fəlsəfi fikirləri öyrənib dərk edən adam kimi deyirəm. Yeganə fəlsəfə insanlıq fəlsəfəsidir, insanlığa söykənən fəlsəfədir. Ömrüm boyu yaxşılıq etməyə çalışmışam, bu mənim fəlsəfəmdir. Sokrat deyirdi: “Sokrat, yaxşılıq etməyə tələs, Sokrat yamanlığa gecik”. Bilmək lazımdır ki, insan ruhi fəaliyyətin məhsuludur. İnsan özünəqayıtmağı bacarmalıdır. Azərbaycan mədəniyyəti, folkloru insan daxilinə işıq salan faktordur. Mən bunun üçün xalqa daha yaxın olmağa çalışmışam. Bu, özünəqayıdışdır. Bu, insanın bütövləşməsidir”.

Çıxışının sonunda Camal müəllim bir daha tədbir iştirakçılarına təşəkkürünü çatdırır. “İnsan 50 il də, 60 il də, 80 il də yaşaya bilər. Ömür yaşanır, ömür nədir? O adicə yaşamaq deyil, ömür vicdan gözü ilə qiymətləndirəndə mənaya çevrilir. Mən sizdən ömrümə bu baxışı gördüm”.

Qocaman alimin 80 illik yubileyi alqışlar və gül-çiçək yağışı altında sona çatdı.

 

 

Sabutay

 

Mədəniyyət .-2009.-31 yanvar.-S.9.