Moskvada İslam Mədəniyyəti Mərkəzinin yeni binasının açılışı olub

 

Rusiyanın İslam Mədəniyyəti Mərkəzinin (İMM) yeni binasının təntənəli açılış mərasimi olub. Mərasimdə ictimai və siyasi xadimlər, ölkənin respublika və regionlarının müsəlman birliklərinin rəhbərləri, bir sıra dövlətlərin Moskvadakı səfirliklərinin nümayəndələri iştirak ediblər.

Rusiya Müftilər Şurasının sədri Ravil Qaynutdin mərasimi açaraq bildirib ki, öz gələcəyini dini dözümlülük ruhunda quran Rusiya, o cümlədən Moskva müsəlmanlarına böyük diqqət yetirilir, onlara Moskva hökuməti, eləcə də federal hakimiyyət orqanları tərəfindən hər cür dəstək göstərilir, müxtəlif xalqların və dinlərin nümayəndələrinə öz dini tələbatlarının ödənilməsi üçün şərait yaradılır: "Rusiya Müftilər Şurasının ictimai qolu kimi mövcud olan və uğurla fəaliyyət göstərən İMM-in müvəqqəti binasının açılışı paytaxtda, eləcə də Rusiyada sülhün, əmin-amanlığın və sabitliyin möhkəmlənməsinə öz töhfəsini verəcək".

Rusiya İslam Mədəniyyəti Mərkəzinin sədri Əbdül Vahid Niyazov bildirib ki, hazırda 5 məscidin fəaliyyət göstərdiyi Moskvada rəsmi məlumatlara görə, təxminən 1,2 milyon müsəlman yaşayır ki, bu da Rusiya paytaxtı əhalisinin təxminən 12-14 faizini təşkil edir. Qeyri-rəsmi məlumatlara görə isə, paytaxtda müsəlmanların sayı 2 milyon nəfərə çatır. Moskva hökumətinin qərarı ilə hazırda paytaxtda Cümə məscidi bərpa olunur. 10 dəfə genişləndiriləcək məscid 20 minədək dindarı qəbul edə biləcək. Şərq Humanitar Mərkəzinin tikintisi davam edir. Burada İMM, İslam Sivilizasiyası İnstitutu, "İslam dünyası" teleradioşirkəti və bir çox digər qurumlar yerləşəcək.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu deyib ki, bir sıra ölkələrdə çox təəssüf ki, İslamı ekstremizmlə, dinlə heç bir bağlılığı olmayan çirkin əməllərlə eyniləşdirməyə çalışırlar. Bu baxımdan, Rusiyada İslam Mədəniyyəti Mərkəzinin açılması çox mühüm hadisədir. Onun sözlərinə görə, İMM Moskvada İslamın məhz humanist mahiyyətinin açılmasına istiqamətlənmiş bir çox tədbirlər təşkil edir.

 

 

Mədəniyyət.-2009.-31 yanvar.-S.2.