Bakı qonaqlarını qarşılamağa
hazırdır
Mədəniyyət
Nazirlərinin III İslam Konfransı İslam Təhsil, Elm və
Mədəniyyət Təşkilatının (İSESKO) təklif
etdiyi “İslam mədəniyyətinin paytaxtları” ilkin
proqramını təsdiqləyən qətnamə qəbulundan
sonra ənənə halını alan layihəyə uyğun
olaraq hər il quruma üzv
ölkənin bir şəhəri rəmzi olaraq İslam Mədəniyyətinin
Paytaxtı elan olunur.
Proqrama əsasən, hər
hansı bir şəhərin İslam Mədəniyyətinin
Paytaxtı kimi qeyd edilməsi üçün həmin şəhər
regional miqyasda mühüm tarixi keçmişi, İslami və
bəşəri mədəniyyətə verdiyi elmi, incəsənəti,
ədəbi töhfələrinə görə xüsusi yer
tutmalı, hazırkı dövrdə isə elmi-tədqiqat mərkəzləri,
əlyazma fondlarına, arxeoloji bazaya və möhtəşəm
mədəni tədbirlər təşkil edə biləcək
qurumlara malik olmalıdır.
Bu tələblərin əsas
şərt olduğu layihə 15-17 dekabr 2004-cü ildə Əlcəzairdə
keçirilmiş Mədəniyyət Nazirlərinin IV
İslam Konfransının 2005-2014-cü illər
üçün nəzərdə tutulmuş “İslam Mədəniyyətinin
Paytaxtları” proqramını təsdiqlədi.
Bakının İslam mədəniyyətinin
paytaxtı seçilməsi məsələsinə gəlincə
isə, bu, Liviyanın Tripoli şəhərində
keçirilən (2007-ci il 21-23 noyabr) Mədəniyyət
Nazirlərinin V İslam Konfransında öz həllini
tapdı. Belə ki, tədbirdə iştirak edən mədəniyyət
və turizm naziri Əbülfəs Qarayev iclas zamanı
Bakı şəhərinin “İslam Mədəniyyətinin
Paytaxtları” proqramında müəyyən edilən
bütün meyarlara tamamilə uyğun gəldiyini təsdiqləyən
geniş bir məruzə ilə çıxış edərək
2009-cu ildə Bakı İslam Mədəniyyətinin
Paytaxtı kimi qeyd olunması təklifini irəli
sürür.
Nazirin təklifi iclas iştirakçıları tərəfindən
yekdilliklə qəbul edilir və
Mədəniyyət Nazirlərinin VI Konfransının
Bakıda keçirilməsi qərara alınır.
Mədəniyyətimizin
İslam aləmində daha geniş və əhatəli
tanıdılması baxımından mühüm əhəmiyyət
kəsb edən böyük tədbirlə bağlı
aparılan geniş iş nəticəsində Mədəniyyət
və Turizm Nazirliyi tərəfindən geniş tədbirlər
planı hazırlanıb .
Nazirliyin Beynəlxalq əlaqələr
və mədəniyyət proqramları şöbəsinin
müdiri Nazim Səmədovdan aldığımız məlumata
görə, Azərbaycan mədəniyyətinin
ən müxtəlif sahələrinin təmsil
olunacağı “Bakı - İslam Mədəniyyətinin
Paytaxtı-2009” tədbirlərinin təntənəli
açılış mərasimi fevral ayının 18-nə təsadüf
edəcək.
İslam
dünyasının ən böyük üç təşkilatının
- İKT, İSESKO və İRSİKA-nın rəhbərlərinin
adının qeyd olunduğu rəsmi nümayəndə heyətində
Türkiyənin mədəniyyət və turizm nazirinin, eləcə
də Samara vilayətinin, Türkmənistanın, İran və
Gürcüstanın mədəniyyət nazirləri də təmsil
olunacaq.
Paytaxtımızı
ziyarət edəcək dəvətlilər sırasında
İzmir, Dakar, Neapol, Hyuston, Sarayevo, Varşava və Kuala-Lumpur
şəhərlərinin merləri də var.
Şöbə
müdiri açılış mərasiminə qatılacaq rəsmi
nümayəndə heyətinin ilk olaraq (18 fevral, saat 10.00) Fəxri
Xiyaban və Şəhidlər Xiyabanını ziyarət edəcəklərini
dedi: “Mədəniyyət və turizm naziri Əbülfəs
Qarayevlə görüş və mətbuat konfransının
ardınca qonaqların Bakı şəhərinə gəzintisi
təşkil olunacaq.
Proqrama daxil olan tədbirlərindən biri də (saat 15.00) Muzey Mərkəzində gerçəkləşəcək. Burada Bakı şəhəri haqqında foto və rəsm sərgisinin açılışı, eləcə də “Bakı - İslam Mədəniyyətinin Paytaxtı - 2009” İnternet saytının və Azərbaycana həsr olunmuş sənədli filmlərin təqdimatı keçiriləcək.
Proqram çərçivəsində Azərbaycan Xalçası və Xalq Tətbiqi sənəti Dövlət Muzeyinə ekskursiya da təşkil olunacaq”.
Təntənəli
açılış mərasiminin axşam saatlarında
(19.00) Heydər Əliyev Sarayında olacağını
vurğulayan nazirlik rəsmisi tamaşaçılar
üçün geniş və maraqlı konsert
proqramının hazırlandığını da bildirdi.
Açılış tədbirlərinin
davamı olaraq fevralın 19-na da maraqlı proqram
hazırlanıb. Həmin gün qonaqların
Şirvanşahlar Sarayı, Qız qalası və Azərbaycan
Tarixi Muzeyinə ekskursiyaları təşkil olunacaq.
M.F.Axundov adına Milli
Kitabxanada baş tutacaq “Qədim Bakı” kitabının təqdimatının
ardınca qonaqlar Akademik Opera və Balet Teatrında Fikrət Əmirovun
“Mir bir gecə” baletinə tamaşa edəcəklər.
Həmidə
Mədəniyyət.-2009.-31 yanvar.-S.3.