Qələbə müjdəli səs
Müsahibimiz ehtiyatda olan mayor, ilk hərbi diktorumuz, vətənpərvərlik
mahnılarının gözəl ifaçısı Şəmistan
Əlizamanlıdır.
- Şəmistan müəllim,
ictimai və sənət bioqrafiyanızdan öncə, müxtəsər tərcümeyi-halınız...
- 1959-cü il fevralın
4-də qədim Borçalının, indiki Marneuli rayonunun
Aşağı Qullar kəndində doğulmuşam. Deyirlər,
çox nadinc, tərs uşaq olmuşam. Bununla belə,
"ailənin ən istəkli"si nominasiyası üzrə
"laureat"ı da mən
olmuşam.
- O nadincliklərlə
bağlı yaddaş "klip"inizdən bir-iki fraqment ...
- Bunları o vaxt kəndimizdə
tibb-təbabət adına yeganə ümid yerimiz olan Eldar həkimdən
və ətraf obalardakı
sınıqçı-çıxıqçılardan
soruşa bilərsiniz. Belə ki, meşəbəyi olan
atamın yeddi-səkkiz dəli atı vardı və mən o
atlardan çox yıxılmışam. Tay-tuşlarımla
çox çəkişib-bərkişmiş, kəndimizin
aşağısından axan Xram çayında çox
boğulub-doğulmuşam.
- Məktəb zamanı
gəldi...
- Böyük
qardaşım Əmiraslan birinci sinfə gedəndə mən
də, heç məktəbin nəlik-nəmənəliyini
bilmədən, ağlayıb ona qoşulmuş, 5
yaşımda şagird olmuşam. Doqquzuncu sinfi bitirəndən
sonra atam mənə dedi "Səni qoymayacam bu kənddə
qalasan, çıx get, ya Bakıya, ya Tiflisə, Moskvaya."
Atam istəyirdi
mən polis olum. Deyirdi o forma sənə çox
yaraşar.
Mənsə dənizçi
- gəmi kapitanı olmaq istəyirdim. 15 yaşım olanda məni Bakıya - dənizçilik məktəbinə
gətirdilər, amma qəbul
etmədilər, dedilər 17 yaşından
götürürük. O qədər ağladım,
ağladım...
- Deməli, ilk "məhəbbət"iniz
dənizçilik olub və bütün ilk məhəbbətlər
kimi qismət olmayıb...
- Sonra elektrik
qaynaqçılığı peşəsini öyrənə-öyrənə
dram dərnəklərinə gedir, sehrli aləmə
düşürdüm. Nəhayət, incəsənət
dəryası dənizçiliyə güc gəldi.
- O illərdə kimlərdəsə
sonralar oxuyacağınız "İgid əsgər",
"Cənab leytenant" obrazlarını da
görürdünüzmü?
- Yox, bunlar sonralar yarandı.
- Bu gün çox vətənpərvər
Şəmistan Əlizamanlı o vaxtlar nəpərvər idi?
- Mən çox kiçik
bir kənddə anadan olsam da, bilirdim ki, Vətənimiz
çox böyükdür. Uşaq
vaxtlarımdan anlamışdım ki, mən ikiyə
bölünmüş bir xalqın övladıyam. Bunu
özümü dərk edəndən hiss edirdim. Hər
gün fikirləşirdim ki, görəsən, burda bitən
söyüd və yaxud armud ağacından o tayda da varmı?..
- ...Və sovet ordusuna gedib
gördünüz ki, o xəyallarınızdakı meyvələrdən
çox, silah-sürsatlar var bu dünyada..
- Hə, texniki-peşə məktəbini
bitirdikdən sonra orduya getdim, 1977-1979-cu illərdə Moskvada əsgəri
xidmətdə oldum. İmkan olduqca teatrlara gedər,
"Teatralnaya jizn" jurnalıyla nəfəs alardım.
Moskva teatrlarında dekorasiya işlərinə kömək
edirdim və axşamlar
tamaşaya pulsuz baxmağa icazə verirdilər.
Əsgərlikdən sonra,
İrəvanda oxuyan böyük qardaşımla əlaqə
qurdum, C.Cabbarlı adına Azərbaycan
Dövlət Dram Teatrına getdim. O vaxt orada teatrın direktoru
işləyən Hidayət Orucov dedi, elə sənin bu
boy-buxununa 100 manat maaş verəcəm.
Mənsə fikirləşirdim
ki, bu teatrda pulsuz işləməyə götürərlər,
bir az püxtələşərəm, gedərəm Bakıya.
İlyarımdan sonra məni göndərişlə
yolladılar M.Əliyev adına Azərbaycan
Dövlət İncəsənət İnstitutuna (indiki
ADİMU). Aslan Aslanovun qəbulunda S.Vurğunun "Azərbaycan"
şeirini dedim. Çox xoşu gəldi. Mən istəyirdim mədəni-maarif fakültəsində qiyabi oxuyum, həm
də teatrda işləyim ki, ailəmizə yük olmayım.
Lakin Aslan müəllim təkid etdi ki, sən əyani
aktyorluq fakültəsində oxuyacaqsan. Mənim
səsimi hamıya eşitdirmək üçün gah
şeir söylətdirər, gah da elə belə sual-cavablar
edərdi.
- Keçək AzTV-də məşhur
"Qarabağ xəbərləri erası"na.
1992-ci ildə hərbi diktor kimi məsuliyyətli bir
missiyanı həyata keçirməyə
başladınız...
İlk dəfə mən
televiziyada 1992- ci il iyulun 7-də hərbi formada
göründüm. Qaldım Müdafiə
Nazirliyi ilə AzTV arasında. Həm orda
işlədim, həm burda. Təzə-təzə,
təbii ki, o obrazı yaratmaq məni həyacanlandırırdı.
Fikirləşirdim ki, bu gün mən xalqın yeganə
"hərbi dil"iyəm...
- Siz o obrazı məhz o
gün yaratdınız, ya çox elementi daxilinizdə əvvəldən
vardı?
- Özüm bir vətəndaş kimi,
diktor kimi, aktyor kimi var idim, kamil hərbi diktor obrazını
isə yaratmaq lazım idi. Geyimindən, saçından
tutmuş - səs, iç, daxili aləm
"portretinə" qədər. Biri mənə deyirdi ciddi
oxu, qoy erməni qorxudan tük salsın, o biri deyirdi yumşaq
oxu - xalqın ürəyini qırma...
Mən bu
işə girdim və beləliklə o müharibə mənə
hopmağa başladı. Məni dəyişdirdi tamam. Cəbhə bölgələrinə getdim,
müharibənin əsl sifətini gördüm. Bu da mənim xarakterimə təsir edirdi.
- Bu məsələdən
yeni bir tale kimi bəhs edirsiniz...
- Bu mənim millətimin
taleyi idi. Torpağında müharibə gedən
xalqın taleyi. Bu taledə mən də
vardım. Amma getdikcə mən artıq
özüm olurdum. Hər gün nəbzim 7-8 milyonluq xalqın
eşidib yaşayacağı xəbərlərlə
döyünürdü. Bütün bunları əvvəlcə Şəmistan
Əlizamanlı kimi yaşayırdım, sonra hərbi diktor
kimi.
- Xalq Şəmistan Əlizamanlının
diktorluğunda qalib gəlirdi. Yəni, bəlkə
döyüşdə uduzduğu bir məqamda Şəmistan
diksiyası, Şəmistan qətiyyəti və
görünüşündə qələbə, uğur
yaşayırdı.
- Mənə verilən bəzi
xəbərlərdən imtina etdiyim məqamlar olub;
xalqımız sınmasın, ruhdan düşməsin. Diksiya,
qətiyyət məsələləinə gəldik də isə mənim
bir istəyim də bütün ailələrdə - istər
kasıb olsun, istər zəngin - müharibənin getdiyini hiss
etdirmək idi. Məncə, buna nail olurdum.
Mənə gələn məktublardan bilirdim
bunu.
- Həmin bu ümumxalq
emosiyalarını görən o vaxtkı bəzi nazirlik
yetkililəri səni "sürgün"ə göndərmək
fikrinə də düşmüşdülər...
- Qubadlıya göndərdilər
məni. Ancaq orda da əsgərlərin hörmət-izzət
aurasında oldum.
- Bunlar Vətən
sərhədləri daxilində olub. Bəs Şəmistan Əlizamanlı
vətəndən kənarda?
- 2001-ci ildə mayor rütbəsi
ilə ehtiyata çıxdım. Sərbəst
olaraq yaradıcılıqla məşğul olmağa
başladım. Ondan sonra başladı mənim
Almaniya, Türkiyə səfərlərim.
1993-cü ildən
məndə mahnı yaradıcılığına,
ifaçılığa maraq yaranmışdı. "İgid əsgər,
möhkəm dayan" mahnısının yaranmasının səbəbkarı
Milli Qəhrəman, Ağdərədə şəhid olan dostum Yusif Mirzəyev
olub. Yusif xəstəxanada müalicə olunurdu
o vaxt. Onun yanına gedib-gəlirdim. Mənim yanımda da mərmi partlamışdı.
Bu məni narahat edirdi. Yusiflə
eyni xəstəxanada müalicə olunurduq. Bir gün xəstəxananın
həkimi Şahin Musayev dedi ki,
mahnı yazmışam, oxuyum, qulaq asın. Zümzümə
elədi. Yusif çox bəyəndi bu
mahnını. Dedim ki, sənin üçün ifa edərəm
bu mahnını. O vaxt Yusif Milli qəhrəmanlığa təqdim
olunmuşdu. Ağdərəni 24 saat ərzində
14 nəfərlə qorumuşdu. Fevralda o
şəhid oldu. Dostlar dedilər ki, onun
haqqında sənədli bir film hazırlanır və o
mahnını sən ifa edəcəksən.
Əlqərəz, oxudum,
gördük alındı və elə o vaxtdan bu işi davam etdirdik. Onun
ardınca yazıldı - "Cənab leytenant",
"Çağırır vətən", "Vətən
əmanəti", "Birinci batalyon", "Qalx, Azərbaycan!"
və s.
- Daha neylədiniz?
- Mən...daha
doğrusu, biz əlimizdən gələn hər şeyi etdik.
- Amma igid əsgər sonadək
möhkəm dayana bilmədi...
- Yox, biz düşməndən
qat-qat möhkəm və üstün idik. Mən
bunu görürdüm. Biz siyasi
oyunların, mənəm-mənəmliklərin qurbanı
olduq. Çaxnaşma, orduya hərbə dəxli olmayan
insanlar...
Bizdə oğullar vardı
ki, biri beş düşmənə dəyər!..
Biz düşmənə
üzbəüz döyüşdə məğlub
olmamışıq. Daxili çəkişmələrin
qurbanı olmuşuq. Xatirələr
kitabı yazmaq istəyirəm. "Şərəfli,
ağrılı illərim" adlı. Həmin kitabda
dünən və bu gün söyləmədiklərimi yazacağam.
- Şəmistan
müəllim, toylarda bu və ya digər səbəblərdən
iştirak edəndə sizin ifanız hamını öz əsirinə
çevirir. Bəs, Sizi niyə məxsusi olaraq toya
çağırmırlar?
- Çünki mən toya
getmirəm. Özümü toy müğənnisi
kimi görmürəm. Dostlarım,
tanışlarım məni dəvət edəndə gedirəm.
Heç o toylarımız bizə yaraşan
toylardırmı? İndiki cavanlarımız, heç uzağa
getməyək, öz atalarının toyları haqqında
heç nə eşitməyiblərmi? Ümumiyyətlə,
indiki mərasimlərimiz istədiyimiz kimi deyil.
- Bir gün Vətənin də
toyu olacaq. Qələbə toyu. Onda nə oxuyacaqsınız?
- Üzeyir bəyin "Çırpınırdın,
Qara dəniz"ini dalğalandırardım.
T.Abbaslı,
K.Cəbrayıl
Mədəniyyət.-2009.-31 yanvar.-S.11.