Yurda bağlı şair ömrü
«Uzun ömürlü
çinarlar əvvəl-əvvəl min bir zillətlə
yerin dərin qatlarına kök-köməc atırlar. Bu zaman
hər kəsin, yanından ötən kimsənin belə diqqətini
cəlb etmir. Elə ki, ayağını bərkidib qol-budaq
atmağa güc verdi, bundan sonra könülləri
oxşayır...» Bu sətirlər yazıçı-publisist,
«Qızıl qələm» media mükafatı laureatı, «Məshəti»
fəxri diplomuna layiq görülmüş Salatın Əhmədlinin
Azərbaycan Yazıçılar Birliyinin Qazax şöbəsinin
sədri, istedadlı şair Barat Vüsal haqqında «Qanun» nəşriyyatında
yenicə çapdan çıxmış «Ömrünü
Qazaxda yaşayan şair» kitabından
götürülmüşdür.
Müəllif son on
beş ildə Barat Vüsal haqqında dövri mətbuatda dərc
edilmiş, radioda səsləndirilmiş məqalələri,
jurnalistlərlə apardığı müsahibələri,
ünvanına göndərilmiş məktubları, xatirələri,
fotoşəkilləri, şeirlərindən seçmələri
kitabda toplamışdır.
Məqalələrin
birində Xəlil Rza Ulutürk mükafatı laureatı Barat
Vüsal uzunömürlü çinara bənzədilir. Ona
görə çinara bənzədilir ki, şairin hər bir
şeiri ötən əsrin qaynaqları üstə köklənib.
Onun poeziyasının dadı-tamı doğma ocağın
şəhdi-şirəsindən süzülüb gəlir.
Kitaba xalq şairi Nəriman
Həsənzadənin Barat Vüsalın 50 illiyi münasibəti
ilə «Ədəbiyyat» qəzetində çap olunmuş
«Şairin poetik dünyası» yazısı da daxil
edilmişdir. Nəriman müəllim şairin poeziyasını belə qiymətləndirmişdir: «Barat
Vüsal böyük ədəbiyyat, böyük
hisslər, duyğular
carçısı olaraq
artıq öz şairlik mövqeyini müəyyənləşdirmişdir. Azərbaycan poeziyasının
istedadlı nümayəndələrindən
biri kimi nüfuz qazanmışdır».
Kitabın redaktoru, filologiya elmləri namizədi Fəridə Ləmanın qeyd etdiyi kimi, Barat Vüsal yurd yerinə köklü bir şairdir. O, şair ömründə, fərdi taleyində bütöv Azərbaycan vüsalını yaşatmaq arzusundadır.
Mən öləndə görəcəklər,
Köksüm üstə ürək deyil,
Azərbaycan döyünürmüş.
Kitabda toplanmış yazıların bir qismi Barat Vüsalla jurnalistlərin apardığı müsahibələrdir. Şair poeziyasında olduğu kimi, müsahibələrində də, söhbətlərində də səmimidir. Müsahibələrinin birində deyir: «Mən də qələm əhliyəm. Sözün də bazara çıxarıldığı bir dövrdə yaşayıram. Sözün də «ölüm və olum» məqamlarını eşidirəm. Qorxuram. Məni qorxudan çap edilməmək təhlükəsi deyil. Məni düşündürən yaxşı yaza bilməmək dərdidir».
«Barat Vüsal haqqında deyilmiş fikirlərdən» bölməsində
görkəmli ədiblərin,
sənət adamlarının
ürək sözləri
verilmişdir. El anası Mirvarid Dilbazi yazır: «Hörmətli Vətən
oğlu, şair Barat Vüsal! Şeirlər kitabını
açıb «Müəllifdən»
parçanı oxumaq kifayətdir ki, sənin Allah tərəfindən istedadla
mükafatlandığına inanasan. Sən şair yaranıbsan!»
«Barat Vüsal intellektual səviyyəsinə, yaradıcılıq miqyasına görə seçilən şairlərdəndir. Onun şeirlərində ənənə ilə novatorluğun, tarixiliklə müasirliyin ülvi vəhdətini görürük». Bu fikir isə AMEA-nın müxbir üzvü, millət vəkili Nizami Cəfərova məxsusdur.
Barat Vüsalın elm, ədəbiyyat, mədəniyyət və incəsənət xadimləri, görüşdüyü insanlar barədə xatirələri oxucu tərəfindən razılıqla qarşılanır. Səməd Vurğun, Hüseyn Arif, Həmid Abbas, Ədalət Nəsibov haqqında yığcam, səmimi və duzlu xatirələr publisistin qələmindən çıxmışdır.
Şairin kitabı ərsəyə gətirənlərə - müəllif Salatın xanıma, redaktor Fəridə xanıma şeirlə minnətdarlığı son söz əvəzidir. Az tirajla çap olunan kitab əldən-ələ gəzir, oxucuya əyalətdə yazıb-yaradan qələm əhli ilə yaxından tanış olmaq, onunla yenidən görüşmək imkanı verir.
Həmzə Vəliməmmədov,
Lerik rayonu
Mədəniyyət.-2009.-31 yanvar.-S.13.