Peşəkar rəssamlığın astanasında

 

Azərbaycanın istedadlar ölkəsi olması bu gün sənət və həyat meydanına uğurla qədəm qoyan gənc xanəndələrin, rəssamların, şahmatçıların, rəqqasların simasında özünün aşkar sübutunu tapır. Qeyri-adi istedad sahibi olan uşaq və yeniyetmələrimiz beynəlxalq festivallarda, yarışlarda, sərgilərdə özlərini sınamışlar. Rəssamlar İttifaqı ilə əlaqə  saxlayıb istedadlı gənc rəssamlarla, burada aparılan işlərlə və onlara göstərilən qayğıları ilə maraqlandıq.

Azərbaycan Respublikası Rəssamlar İttifaqının Rəyasət Heyətinin üzvü, əməkdar rəssam Ənvər Qarayev:

- Azərbaycanda yeni gənc rəssamlar ordusu yetişir. Onların arasında elələri var ki, artıq həmin gənclər təkcə bizim ölkəmizdə yox, beynəlxalq miqyasda da tanınırlar. Rəssamlar İttifaqı onlara  qayğı ilə yanaşır, istedadlarını inkişaf etdirmək üçün lazımi  köməklik göstərilir. Onların əsərlərindən ibarət həm respublikada, həm xaricdə mütəmadi olaraq sərgilər təşkil olunur. Müxtəlif vaxtlarda Yaponiya, Almaniya, ABŞ, Türkiyə başqa ölkələrdə keçirilən sərgilərdə  gənc rəssamlarımız uğurlar qazanmış, qızıl, gümüş, bürünc mükafatlar diplomlar almışlar. 2009-cu ildə bu işlər davam etdiriləcək.

Nərmin Vəliyeva, Nərmin Allahverdiyeva,  Mətin Şərifov, Əli Cəfərov, Əbülfət Hacızadə   başqa gənclərin  adlarını çəkə bilərəm ki, artıq onlar peşəkar rəssamlığın bir addımlığındadırlar. Oxucularımızı onların ikisi ilə tanış edirik.

 

İki  rəssamın iki rəssam oğlu

 

Ulu öndərimiz Heydər Əliyev 9 yaşlı Əli Vaqif oğlu Cəfərovun fərdi sərgisinə baxdıqdan sonra öz hisslərini belə ifadə etmişdi: "Mən sənət aləminə yenicə qədəm qoyan, lakin özünü çox gözəl təqdim edən Əlini  təbrik edirəm. Ümidvar olmaq istəyirəm ki, Azərbaycanda istedadlı rəssam yetişir onu parlaq gələcək gözləyir". Zaman ulu öndərimizin bu fikrini  təsdiqləyib.

Əli Cəfərov 1986-cı ildə Bakıda anadan olub. Gözünü açanda evlərində atasının çəkdiyi şəkilləri, fırçaları vərəqləri görüb. 2 yaşı olanda rəsm çəkməyə başlayıb. Rəssamlar İttifaqında çalışan Vaqif Şərifov oğlunun qeyri-adi istedadını gördükdən sonra ona  istiqamət verib, rəssamlığın əlifbasını öyrədib. 6 yaşı olanda Uşaq Yaradıcılığı Dövlət Rəsm Qalereyasında  ilk sərgisi keçirilib. Balaca rəssamın əsərləri böyük sənət adamlarının marağına səbəb olub. İkinci fərdi sərgisi 1994-cü ildə C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin sərgi salonunda olub. Burada onun 70-ə qədər əsəri nümayiş etdirilib. Bu əsərlərin hər biri harmonikli, zərifliyi, emosionallığı ilə sərgiyə gələnləri heyran qoyub.

Rəssamın 1995-ci ildə S.Bəhlulzadə adına Sərgi Salonunda təşkil edilmiş sayca üçüncü olan fərdi sərgisində ümummilli liderimiz Heydər Əliyev bir çox tanınmış sənət adamları, məşhur rəssamlar iştirak ediblər. Sənətşünas Mürsəl Nəcəfov, xalq rəssamı Tahir Salahov, Leyla Abdullazadə Əlinin istedadına heyran qaldıqlarını bildiriblər. 7 yaşından Əlinin yaradıcılığına bələd olan xalq rəssamı Mikayıl Abdullayev sərgiyə baxandan sonra qeyd kitabçasına aşağıdakı sözləri yazıb. "Milli mədəniyyətimiz tarixində hələ 9 yaşlı fitri istedadlı rəssamımız, Əli Cəfərimiz olmayıb. Məhz bu mübarək tapıntıya görə mən özümü xoşbəxt sayıram".

Atası Vaqif müəllim deyir ki, Əlinin rəssamlıqda  müəllimi olmayıb, heç bir sənət məktəbində təhsil almayıb. Hərdən nəyisə məndən soruşub, mən başa salmışam. Əli Azərbaycan rəssamlarından Mikayıl Abdullayevin, Tahir Salahovun,  Avropa təsviri sənəti nümayəndələrindən  olan Dürenin əsərlərini çox bəyənir. Çünki bu  sənətkarlar  da qrafika janrında rəsmlər çəkmişlər.

2002-ci ilin oktyabrı  Əlinin həyatında unudulmaz bir aydır. Həmin vaxt "Gülüstan" sarayında Türkiyə Respublikasının milli bayramına həsr olunmuş təntənəli gündə Azərbaycanın gənc istedadlı rəssamı Əli Cəfərovun da rəsm əsərlərinin sərgisi açılmışdı. Həmin sərgidə iştirak edən prezident Heydər Əliyev Əlinin sənətini yüksək qiymətləndirmişdi.

Ulu öndərin 1 noyabr 2002-ci il tarixli sərəncamı ilə Əli Vaqif oğlu Cəfərovun adı "Qızıl kitab"a yazılmaqla Prezident təqaüdünə layiq görüldü.

İndiyədək Əlinin  Bakıda 7 fərdi sərgisi keçirilib. Arzusu gələcəkdə öz əsərlərini dünyanın müxtəlif ölkələrindəki rəsm qalereyalarının sərgi salonlarında görməkdir.

 Hazırda Əli Cəfərov  Rəssamlıq Akademiyasının magistridir.  Öz fitri istedadı, çalışqanlığı ilə seçilən bu gənc rəssamın uğurları hələ qabaqdadır. İnanır ki, gənc müstəqil respublikamızın qayğısı   özünün çalışqanlılığı  sayəsində  daha böyük uğurlara imza atacaq. Azərbaycanı dünyada tanıdan gənclərdən biri olacaq.

Mətin Əbdüləli oğlu Şərifov 29 noyabr 1986-cı ildə Bakı şəhərində anadan olub. 160 saylı orta  məktəbin 9-cu sinfini  bitirdikdən sonra Rəssamlıq Akademiyasının nəzdindəki  İncəsənət Kollecinin rəngkarlıq şöbəsinə daxil olub.  Sonra təhsilini  Rəssamlıq Akademiyasınında davam etdirib.  Hazırda 3-cü kurs tələbəsidir. Rəssamlar İttifaqının üzvüdür.

Onunla redaksiyada  görüşdük. Zahirən rəssam görünüşü olan bu gənclə  söhbətimiz çətinliklə alındı.Özü haqqında danışmağı xoşlamır. "Əsərlərim sözlərimdir" dedi:

Onun haqqında atası, Azərbaycan Rəssamlar İttifaqının üzvü, Pedaqoji Texnikumda müəllim işləyən Əbdüləli Şərifov bu sözləri dedi: 

- Mətin lap uşaqlıqdan şəkil çəkməyə başlayıb. Rəssamlığa olan marağını nəzərə alıb onu özümlə rəsm sərgilərinə aparırdım. Bu sərgilər onun rəssam kimi yetişməsində böyük rol oynayıb. Sonralar Mətin öz əsərləri ilə bu sərgilərin iştirakçısı oldu.

2000-2001-ci illərdə Bakıda keçirilən müsabiqələrdə iştirak etmiş, fəxri fərman diplomlarla  mükafatlandırılmışdır.

Rəssamın xarici ölkələrdə sərgiləri olmuşdur. 2005-ci il aprel ayının 18-21-də Almaniyanın Köln şəhərində keçirilən "Türk dünyasında sanet" adlı rəsm sərgisində Mətin böyük uğur qazanmışdır. Gənc rəssamın fantaziyasının rəngarəng aləmi ilə qarşılaşan tamaşaçılar onun rəngləri düzgün seçmək qabiliyyətinə, bacarığına heyran olmuşlar. Həmin sərgidə onun bir neçə əsəri satılmışdır.  Mətin indi ömrünün romantik bir  çağını yaşayır. Deyir ki, hələ içimdə kətana köçürmədiyim çox şeylər var. Onları xəyalən görürəm. Bütün bunlarla bərabər, Azərbaycan gəncliyinin gələcəyini görürəm. Ulu öndərimiz Heydər Əliyev tərəfindən 1996-cı ildə yaradılmış Gənclər Təşkilatı biz gənclərin təşkilatıdır. 2 fevral da biz gənclərin bayramıdır. Bu gün münasibəti ilə bütün Azərbaycan gənclərini təbrik edirəm.

Bir zaman gələcək, Azərbaycan təsviri sənətində ilk kövrək addımlarını atan bu iki gənc  ölkəmizin dünyada tanınmış adlı-sanlı sənətçiləri sırasında dayanacaq. Səttar Bəhlulzadə kimi, Mikayıl Abdullayev kimi, Tahir Salahov kimi...

 

 

Fərahim Dünyamalıoğlu

 

Mədəniyyət.-2009.-31 yanvar.-S.14.