Sabaha gedən yol
Gənc rəssam, dizayner Aynurə Qarayeva tətbiqi incəsənətin
bütün növləri ilə maraqlanır
Təsadüfi bir görüş onun tətbiqi incəsənət aləminə bağlanmasına səbəb olub. On doqquz yaşlı Aynurə Qarayeva rəssam-dizayner olmaq arzusundadır. Ötən il orta məktəbi bitirib, lakin test imtahanında uğur qazanmayıb. Aynurə ailəsinin arzusu ilə tibb sahəsində biliklərini sınasa da, onun incəsənətə olan marağı və sevgisi bu səddi aşmağına mane olub. Valideynləri isə qızlarının bu sahəyə olan marağına nəinki etiraz etməyib, hətta onun sərgisini təşkil edib.
Bu barədə danışarkən Aynurə dedi ki, onda incəsənətin bu növünə maraq sırf təsadüf üzündən yaranıb: "On yaşımdan başlayaraq, tətbiqi incəsənətlə məşğul oluram. Şəkidə olarkən qədim Şəki karvansarasında yerli təşkilatlardan birinin təşəbbüsü ilə keçirilən seminar-kursda iştirak edirdim. Söhbətlər və əl işləri mənə olduqca xoş göründü və bu, sonradan məndə bu sahəyə güclü maraq yaratdı. İllər keçdikcə öyrənməyə çalışdığım bu tikmə növü haqqında kitablarda araşdırmalar apardım. Öyrəndim ki, Azərbaycan xalqı özünün çoxəsrlik tarixi boyunca zəngin və özünəməxsus mədəniyyət yaratmışdır və onun fəaliyyətinin ən yüksək inkişaf etmiş sahələrindən biri dekorativ-tətbiqi incəsənətdir. Bu sənətlər qədimdə də Azərbaycan məişətində geniş istifadə olunub. Bu, bədii sənətin müxtəlif növlərini əhatə edir. Döymə sənəti və zərgərlik, metal üzərində işləmələr, ağac, daş və sümük üzərində oyma naxış, xalçaçılıq, hörmə sənəti, toxuma və bədii tikmələrin adını qeyd etmək olar. Azərbaycan xalqının zəngin mənəvi aləmindən və istedadından xəbər verən bütün bu bədii yaradıcılıq növlərinin hər birindən bu gün də böyük məhəbbətlə istifadə olunur. Bu gün də peşəkar xanımların təxəyyülünün məhsulu olan minlərlə qiymətli sənət əsərləri göz oxşayır. Mən də belə əl işlərindən ibarət təşkil olunan sərgilərdə iştirak edir, bilmədiyimi onlardan öyrənməyə çalışıram".
Aynurə qeyd etdi ki, onun ilk əl işi qadın çantaları, kosmetika qabları üzərində vurduğu buta naxışlar olub. O, evdə ən qiymətli əl işlərindən biri kimi onları xatirə saxlayır. Çünki bu əl işləri Aynurəyə respublika üzrə orta məktəb şagirdləri arasında keçirilən müsabiqədə uğur gətirib. Bundan başqa, mətbuatda onun haqqında yazılan məqalələri oxuyanlar əl işləri ilə maraqlanırlar. Elə Ukraynada onun sərgisinin keçirilməsinə səbəb də bu olub.
Azərbaycan bədii tikmələrinin texnika və kompozisiyası öz kökləri ilə uzaq keçmişə gedib çıxır. Bu isə xalqın mədəniyyətinin varisliyini sübut edir. Aynurə bu barədə deyir: "Əvvəlcə onu qeyd edim ki, Azərbaycanda naxışvurmanın müxtəlif növlərinin yayılmağa başlamasını arxeoloji materiallara əsasən müəyyənləşdirmək mümkündür. Bədii tikmələrdəki düz və sınıq xətlər, ziqzaqlar, dairəciklər, üçbucaqlar, romblar və digər naxış növləri əl işlərinə xüsusi gözəllik gətirir. Bədii təsvirlər ipək parçalar üzərində mirvari və ya digər qiymətli daşlarla bəzədilməklə ətrafdakıların diqqətini çəkib. Bədii tikmə məmulatları ornamental motivlərin zənginliyi və müxtəlifliyi ilə fərqlənib. Azərbaycan bədii tikmələrində ən çox işlədilən bitki motivləri qızılgül, nərgiz, qərənfil, lalə, zanbaq, meyvə ağaclarının yarpaqları - nar, heyva, alça çiçəkləri, eləcə də sünbül və müxtəlif formalı yarpaqlardır. Mən də əl işlərimdə bunlardan geniş istifadə edirəm. Sərgidə əsasən bu cür əl işlərimi nümayiş etdirdim. Sərgiyə gələnlər arasında bu qədər maraq qazanacağımı ancaq şirin xəyallarımda təsəvvür edirdim. Hələ də buna inana bilmirəm".
Yeri gəlmişkən, onu da qeyd edək ki, bədii tikmələrdə həndəsi naxışlar - düz və sınıq xətlər, ziqzaqlar, üçbucaqlar, dördbucaqlar, altı və səkkizguşəli ulduzlar, romblar, ulduzcuqlar və günəşin rəmzi təsvirləri qədimdə daha geniş tətbiq edilib.
Bədii tikmələrdə quşların
- bülbül, tovuz quşu, göyərçin,
tutuquşu, hophop, sərçə, qırqovul,
bildirçin, kəklik
və digərlərinin
təsviri daha cəlbedici mənzərə
yaradıb. Azərbaycan məişətində populyar və geniş yayılmış
bədii tikmə növləri: güləbətin,
saya naxışlı
bədii tikmə, təkəlduz, "quş
gözü" texnikasında
tikmə, metal muncuqlu tikiş, muncuqlu tikiş, basmanaxış, düymələmə,
qurama, spiral şəkilli tikiş və file üzərində
işlər də maraqlıdır. Bütün
bu tikmə növlərindən ən
qədimi qızılı
və gümüşü
saplarla işlənmiş
bədii tikmələrdir.
Bu işdə əsasən çox sıx parçadan istifadə edilirdi. O zaman qırmızı,
tünd qırmızı,
bənövşəyi və
yaşıl rəngli
birçalarlı məxmər
ən yaxşı material sayılırdı.
Müxtəlif çalarlı
incə mahud, tirmə, atlas, tumac dəri
üzərində də
bədii tikmələr
salınırdı. Qızılı
və gümüşü
saplarla tikiş üçün fabrik istehsalı olan qızıl və gümüş saplardan istifadə olunurdu. Bu bədii
tikmə növü güləbətin adlanırdı.
Müsahibimiz Aynurə də qədim tikmə növlərindən hazırlanan əl işlərinə üstünlük verir. Buna görə də onun əl işləri digərlərindən fərqli olaraq böyük maraq yaradır. Müasir dövrdə qadın üst geyimlərində istifadə olunan milli ornamentli naxışlar bu gün dəbdədir. Bəzən parça üzərində çəkdiyi cizgilər ekspront təsvirlərlə yekunlaşır. Aynurə qeyd edir ki, araqçınlar, kosmetika qablarından fərqli olaraq ,gecə və ya qızlara xına gecəsi üçün hazırlanan geyimlərdə fantaziya ekspront görüntülərə səbəb olur: "Sərgidə belə geyimlərdən birini nümayiş etdirdim. Ukraynada yaşayan insanlar qədimdə bizim xanımların belə bir geyiminin olmasını heyranlıqla qarşıladılar. Bu barədə çox sualllar verirdilər. Çalışıram ki, başladığım iş və Azərbaycan tarixi haqqında daha çox biliklər əldə edim. Çünki belə görüşlərdə ölkəmiz və xalqımız barəsində verilən tarixi məlumatlar hər kəs tərəfindən maraqla qarşılanır".
Aynurə bu gün Azərbaycanın bir çox şəhərlərində kökü qədim çağlara gedən bədii tikmə məktəbinin qorunub yaşadılmasının vacibliyini də xüsusi vurğuladı. Gənc xanım sonda onu da qeyd etdi ki, ustalarımız beynəlxalq sərgilərdə iştirak edərək böyük uğurlar qazanırlar.
ŞƏMSİYYƏ
Mədəniyyət.-2009.-31 yanvar.-S.14.