İtmiş paytaxt

 

Qəbələ, Bərdə, Naxçıvan, Təbriz, Şamaxı, Bakı… Bu şəhərlər haqqında çox danışa bilərik. Təbii ki, bu şəhərlərin müxtəlif dövrlərdə Azərbaycan dövlətinin paytaxtı olmasını da önə çəkmək imkanımız gen-boldur. Bəs Azərbaycanın qədim şəhərlərindən biri olan Şabran haqqında nə bilirik? Demək olar ki, heç nə. Xüsusilə də, bu şəhərin uzun illər Azərbaycanın paytaxtı olması barədə. Bu, ilk növbədə Şabranın bir şəhər kimi izinin itməsi ilə bağlıdır. Amma başqa səbəblər də var. O səbəblərdən biri Şabran haqqında geniş oxucu kütləsinə məlumatın verilməməsi, digərisə şəhər haqda bilgilərin orta məktəb dərsliklərinə salınmamasıdır.

Elə bu bilgisizliyin nəticəsidir ki, Milli Məclisin aprel ayının 2-də keçirilən iclasında Dəvəçinin adının dəyişdirilərək Şabran adlandırılması birmənalı qarşılanmadı.

Məsələnin aktuallaşdığını nəzərə alaraq sözügedən şəhər haqqında aparılmış tədqiqatları və onun nəticələrini diqqətinizə çatdırırıq.

Bu işdə bizə 1983-1993 və 2002-2003-cü illərdə Şabranda aparılan arxeoloji tədqiqatların iştirakçısı və rəhbəri olan tarix elmləri namizədi Fatma Abbasova yardım edib.

 

Şabran necə vaxt aşkarlandı?

 

Şabran Azərbaycanın qədim orta əsr şəhərlərindən biri kimi xarakterizə olunur. Şəhər şimal-şərqi Azərbaycanın ərazisində Böyük Qafqaz dağları ilə Xəzər dənizi arasında İpək yolunun qollarından birinin üzərində yerləşib. Bəzi alimlər Şabranın indiki Dəvəçi şəhərinin ərazisində, bəziləri Xaçmazda, bir qisim tarixçi isə məşhur Beşbarmaq dağının ətrafında yerləşdiyini iddia edir. Amma hər halda, ortalıqda arxeoloji qazıntılar da var. Aparılan qazıntılar şəhərin indiki Dəvəçi adlanan ərazidə yerləşdiyini göstərir. Qeyd edək ki, bu ərazidə ilk arxeoloji qazıntılar 1935-1939-cu illərdə Şabran çayı ətrafında birinci Bakı su kəmərinin çəkilişi ilə əlaqədar numizmat-alim Poxomovun rəhbərliyi ilə aparılıb. Arxeoloji tədqiqatlar zamanı orta əsrlərə aid kürələr, hamam yerləri, saxsı qablar s. tapılıb. Aradan uzun illər keçəndən sonra, 1979-cu ildə professor cabbar Xəlilovun professor Rəşid Göyüşovun rəhbərliyi ilə ərazidə qazıntı işlərinə yenidən start verilib.  Xəlilovun rəhbərliyi ilə aparılan tədqiqatlar 1983-cü ilə, R.Göyüşovun rəhbərliyi ilə aparılan arxeoloji işlər isə 1993-cü ilədək davam edib. Qeyd edək ki, bu qazıntı işləri Qazıməmməd-Mozdok qaz kəmərinin çəkilişi ilə əlaqədar aparılıb. Uzun müddət davam edən tədqiqatlar zamanı 5 qazıntı sahəsində, daha dəqiq desək, 5 min kvadratkilometr sahədə maddi-mədəniyyət nümunələri aşkar olunub. Şirəli qablar üzərindəki yazılara, numuzmatik materiallara bir şüşə qab üzərində yazılan «Əməli Şaburan» ifadəsinə, o cümlədən bir sıra yerüstü materiallara əsasən bu ərazidə şəhər olması təsdiqənib. Qazıntılar zamanı şəhərin əhalinin ən sıx məskunlaşdığı ərazisi, Şabranın çiçəkləndiyi, ən böyük inkişaf dövrü olan IX-XIII əsrə aid mədəni qat aşkarlanıb. İki qala divarı tapılıb. Qala divarları Şahnəzərli kəndi ərazisində aşkar edilib. Eyni zamanda, Birinci qala divarının 8 bürcü aşkar olunub.

 

Şabranın məhəllələri limanı

 

Qazıntılar zamanı Şabranda digər orta əsr şəhərlərinə məxsus sənətkarlıq məhəllələri üzə çıxıb. 1983-cü ildə aparılan qazıntı işləri zamanı 53 təndirin yerləşdiyi məhəllə aşkarlanıb. Bir sıra mənbələrdə Şabranda 4 böyük bazarın olduğu da göstərilir. Maraqlı məqamlardan biri Şabran şəhərinin limana malik olmasıdır. Şabran limana bir çox yerlərdən gəmilər gəlirmiş. Liman vasitəsilə yüklər Manqışlaq yarımadasına çıxarılır, buradan isə karvan yolu ilə Buxaraya, Səmərqəndə digər Orta Asiya şəhərlərinə daşınırmış. Maraqlıdır ki, Özbəkistanın Səmərqənd şəhərində Şabranda kəsilmiş pullar indi qalır. Arxeoloji qazıntılar zamanı Şabranda zərbxananın pul kəsən alətin tapılması da sübut edir ki, bu şəhərdə sikkəxana olub.

Onu da qeyd edək ki, Şabranda son arxeoloji qazıntı işləri 2002-2003-cü illərdə aparılıb. Tarix elmləri namizədi Fatma Abbasovanın rəhbərliyi ilə aparılan qazıntı zamanı Şabranda metalişləmə zərgərlik sahələrinə aid maddi-mədəniyyət nümunələri tapılıb. Qazıntı zamanı burada XIV-XV əsrləri əhatə edən həmin sahələrə aid sənətkarlıq ocaqları aşkar olunub. Həmçinin, Şabranda şüşə, qızıl, gümüş məmulatlarının istehsalı ilə əlaqədar olan dəlillər aşkar edilib, bu prosesdə istifadə olunan metal daş alətlər tapılıb. Maraqlıdır ki, bu alətlərin analogiyası Orta Asiya Volqa boyu şəhərlərdə aşkar olunub.

 

Tunc dövrünün yaşayış məskəni

 

Şabran tarixi bir şəhər kimi maraqlı olmaqla bərabər, yaşayış məskəni kimi diqqətçəkəndir. Buna səbəb ərazidə daha qədim dövrlərə aid yaşayışın olmasıdır. Ərazidə insanların məskunlaşmasını sübut edən maddi qalıqlar eramızdan əvvəl I minilliyin sonu II minilliyin əvvəllərinə aiddir. Bu dövrə aid Şabran çayı ətrafında suyun yuyub açdığı sahələrdə saxsı qab nümunələri aşkarlanıb. Bundan başqa, həmin yerdən kurqanlar daş heykəllər tapılıb. Bunlar isə tunc ilk dəmir dövrünə aid olan abidələrdir. Şabranda məskunlaşan tayfalara gəlincə, tədqiqatçılar burada əhalinin ilk dövrlər dağ ətəyi ərazidə məskunlaşdığını bildirirlər. İllər keçdikcə, əhalinin sayı artdıqca şəhərin ərazisi genişlənib. Şabranın yaxınlığında yerləşən Aygünük, Pirəmisən Ərəblər kəndlərinin ərazisində aşkarlanan qədim qəbiristanlıqlar yerüstü materiallar da burada intensiv həyatın olduğunu sübut edir.

 

Ptolomeyin xəritəsinə düşən şəhər

 

Qeyd edək ki, Şabran qədim dövrə aid xəritələrdə öz əksini tapıb. Məsələn, Ptolomeyin eramızın II əsrinə aid xəritəsində təsvir olunmuş şəhərlərdən birinin - Telebanın məhz Şabran olduğu ehtimal edilir.

 

 

Nicat SADIQLI

 

Mərkəz.- 2010.- 7 aprel.- S. 10.