«Kino həftəsi»nin niyyəti baş tutdu
Aprelin 6-dan paytaxtda start götürən
Azərbaycan Kino Həftəsi
davam edir. Müasir Azərbaycan kinosunu təbliğ və yeni çəkilmiş
filmləri geniş tamaşaçı auditoriyasına
təqdim etmək məqsədi daşıyan
Kino həftəsi çərçivəsində
dünən Şağan
Uşaq Evində “Cəsur təyyarə” və “Xeyirxah kirpi” cizgi filmlərinə
baxış keçirilib.
Daha sonra tədbirlər müxtəlif
mədəniyyət ocaqlarında
davam etdirilib. Bu və digər filmlərin nümayişi,
eləcə də həftəliklə bağlı
təəssüratlarını bizimlə paylaşan Mədəniyyət və
Turizm Nazirliyinin kinematoqrafiya şöbəsinin
nümayəndəsi Almaz
Sultanzadənin sözlərinə
görə, nəticə
gözləniləndən də
yüksək olub: «Elə ilk açılış
günündə insanların
yeni filmlərə böyük marağının
şahidi olduq. Sanki tamaşaçıda bir aclıq vardı. Heydər Əliyev adına Sarayda nümayiş olunan «Niyyət» bədii filmini ayaqüstə alqışladılar, belə
anşlaq hələ görünməmişdi. Bu isə
o deməkdir ki, tamaşaçı milli filmlərimizi böyük
ekrandan görmək arzusundadır. Buna görə
də qərara almışıq ki, kino həftəsi hər il ənənəvi
olaraq keçirilsin».
“cəsur təyyarə”
və “Xeyirxah kirpi” cizgi filmlərinin
də təqdimatı
eyni anşlaqla müşayiət olunub. Təqdimatda Şağanda
yerləşən Uşaq
Evi və Saray qəsəbəsindəki
İnternat Evinin sakinləri iştirak edib. Filmləri xüsusi maraqla izləyən əlil uşaqlar o qədər təsirləniblər ki, təqdimatdan sonra şeir söyləyib, mahnı oxuyub, əyləniblər. A.Sultanzadə
filmlərin bölgələrdə
də eyni maraqla qarşılandığını
bildirdi. Öyrəndik
ki, ölkənin 9 bölgəsində- Sabirabad,
Dəvəçi, Şirvan,
Hacıqabul, Xaçmaz,
Xırdalan, Göyçay,
Gəncə, Yevlaxda həftəlik çərçivəsində
nümayiş olunan «Hökmdarın taleyi» (rejissor Ramiz Fətəliyev), «Qala» (rejissor Şamil Nəcəfzadə), «40-cı qapı»
(rejissoru Elçin Musaoğlu), «Günaydın
mələyim» (rejissor
Oqtay Mirqasımov), “Məhkumlar” (rejissor Mehriban Ələkbərzadə)
filminin baxışına
da axın olub: «İşin yüksək səviyyədə
təşkili də həftəliyin bölgələrdə
uğurla davam etməsində böyük
rol oynadı. Biz həftəlik öncəsi
bölgə sakinlərinə
nəfis tərtibatla hazırlanmış dəvətnamə
və afişalar paylamışdıq ki, tamaşaçılar bu diqqətdən çox sevinmişdilər. Müşahidələrimiz
göstərdi ki, bölgə tamaşaçıları
milli filmlərimizin nümayişini çoxdan
gözləyirmiş. Hətta
insanlar filmləri izləməyə ailəvi
şəkildə gəliblər».
Mədəniyyət və
Turizm Nazirliyinin «Bu meydan, bu ekran»
layihəsi əsasında
gənc rejissorların
məhsulu olan qısametrajlı bədii
filmlərdən bir neçəsi - Mədəniyyət
və İncəsənət
Universitetində «Ev»,
«Bir addım», «Qanadlara sığal çəkənlər», «Nəfəs»,
İki», «Qocalar» filmləri nümayiş etdirilib. Qeyd edək ki, həmin
filmlər müxtəlif
kinoşirkətlər-«Dərviş»,
«İmperQrup»da istehsal olunub. Eyni zamanda, film müəllifləri ilə
görüşlər təşkil
olunub. A.Sultanzadənin
sözlərinə görə,
filmlərin nümayişindən
sonra baş tutan görüşdə
kinosevərlərlə müəlliflər
arasında fikir mübadiləsi aparılıb,
tamaşaçıların sualları cavablandırılıb:
«Görüş iştirakçılarının
ürəyi dolu idi. Filmlər, çəkiliş məkanları
barədə suallar verir, rejissorların gələcək fəaliyyətləri
ilə maraqlanırdılar.
Kino həftəliyi demək
olar ki, kino bayramı kimi qeyd olundu.
Arzu edərdik ki, bu filmlər
yalnız həftəlik
çərçivəsində göstərilməsin. Televiziyalarımız
yeni istehsal olunmuş filmləri nümayiş etdirsinlər
ki, geniş auditoriya baxa bilsin. Çünki bu filmlərə xalqın ehtiyacı var. Ümid edirik ki, belə də
olacaq». «Salnamə” və “Yaddaş” sənədli filmlər studiyalarının işləri
-“İçərişəhər”, “Əsrlərin daş yaddaşı”, “Azərbaycan
xalçası”, “Azərbaycan
motivləri” sənədli
filmləri də elə dünən axşam tamaşaçıların
ixtiyarına verilib.
Kino Evində baş tutan mərasim «Sənədli filmlər axşamı» adı altında nümayiş olunub. Nümayişdə paytaxt sakinləri, eləcə də müxtəlif ali təhsil ocaqlarının
tələbələri iştirak
edib. Qeyd edək ki, Kino həftəliyi sabah yekunlaşacaq. Aprelin 10-da Müslüm Maqomayev adına Filarmoniyada «Ey həyat sən
nə qəribəsən»
sənədli filminin premyerası olacaq. Film məşhur «Qaya» kvartetinə həsr olunub.
Cəvahir SƏLİMQIZI
Mərkəz.-
2010.-9 aprel.- S. 11.