İtmiş paytaxt
Qəbələ, Bərdə,
Naxçıvan, Təbriz, Şamaxı, Bakı… Bu şəhərlər
haqqında çox danışa bilərik. Təbii ki, bu
şəhərlərin müxtəlif dövrlərdə Azərbaycan
dövlətinin paytaxtı olmasını da önə çəkmək
imkanımız gen-boldur. Bəs Azərbaycanın qədim
şəhərlərindən biri olan Şabran haqqında nə
bilirik? Demək olar ki, heç nə. Xüsusilə də, bu
şəhərin uzun illər Azərbaycanın paytaxtı
olması barədə. Bu, ilk növbədə Şabranın
bir şəhər kimi izinin itməsi ilə
bağlıdır. Amma başqa səbəblər də var. O
səbəblərdən biri Şabran haqqında geniş oxucu
kütləsinə məlumatın verilməməsi, digərisə
şəhər haqda bilgilərin orta məktəb dərsliklərinə
salınmamasıdır.
Elə bu bilgisizliyin nəticəsidir
ki, Milli Məclisin aprel ayının 2-də keçirilən
iclasında Dəvəçinin adının dəyişdirilərək
Şabran adlandırılması birmənalı
qarşılanmadı.
Məsələnin
aktuallaşdığını nəzərə alaraq
sözügedən şəhər haqqında
aparılmış tədqiqatları və onun nəticələrini
diqqətinizə çatdırırıq.
Bu işdə bizə
1983-1993 və 2002-2003-cü illərdə Şabranda
aparılan arxeoloji tədqiqatların
iştirakçısı və rəhbəri olan tarix elmləri
namizədi Fatma Abbasova yardım edib.
Şabranın
sakinləri
Strabonun tərtib
etdiyi xəritədə də bu şəhərin göstərildiyi
güman edilir. Bəs Şabran sözü necə yaranıb?
Bu barədə də müxtəlif fikirlər var. Əsas
fikir şəhərin adının burada yaşayan
tayfaların adından götürülməsi ətrafında
cəmləşib. Ehtimal olunur ki, Ptolomeyin əsərində
göstərilən Sapotren tayfaları dəyişikliyə
uğrayaraq tədricən Şabran şəklinə
düşüb. Şəhərin İpək Yolunun və
Şimaldan cənuba gedən yolun üzərində yerləşməsi
onun müxtəlif dövrlərdə hücumlara məruz
qalmasına, bu isə öz növbəsində etnik müxtəlifliyə
gətirib çıxarmasına səbəb olub. Amma bu ərazinin
əsas sakinlərinin qədim türk tayfalarından sabur və
ya sabir olduğu daha çox ehtimal edilir. Belə ehtimal olunur
ki, sapotren, sabur, sabir, şaburan, şavaran - bunlar
hamısı forma dəyişikliyinə düşərək
Şabran şəklini alıb. Bu ərazidə Massaget və
Hun tayfalarının da yaşadığı ehtimal olunur.
VI əsrdə isə
bura Sasanilərin hakimiyyəti altında olub. Belə bir fikir
var ki, ərazidəki müdafiə sədlərini Sasanilər
saldırıblar. Amma bəzi tədqiqatlar göstərir ki,
bu sədlər Sasanilər gələnə qədər
vardı.
Ərəblərin
hücumu zamanı isə Şabrana Bəsrədən və
Kufədən ərəb tayfaları
köçürülüb. Burada yəhudilərin də yaşaması
haqda məlumatlar var. Avropalı səyyah Gilyam de Rubru
1254-cü ildə bu ərazidən keçərkən
çoxlu yəhudiləri gördüyünü yazır. İndiki
Quba ərazisində məskunlaşan yəhudilərin
kökünün də bu yəhudilərlə bağlı
olduğu bildirilir. Əhalinin dini etiqadı isə müxtəlif
dövrlərdə zərdüştilik, xristianlıq, sonra isə
təbii ki, İslam olub. Şabranda zərdüştilərin
və yəhudilərin yaşamasını bu ərazidə həm
yəhudi, həm də Zərdüşt məbədlərinin
aşkarlanması sübut edir. Bəzi mənbələrə
görə burada alban tayfaları da yaşayıb.
Şirvanşahların
ilk paytaxtı
Əvvəldə qeyd
etdiyimiz kimi, Şabranla bağlı ən maraqlı cəhət
onun paytaxt olması ilə əlaqədardır. Müxtəlif
mənbələr Şabranın qüdrətli
Şirvanşahlar dövlətinin ilk paytaxtı olduğunu
göstərir. Şabranın bu statusu 9-cu əsrə qədər
yəni, Şamaxı şəhəri yüksələnədək
davam edib. Şəhərin Şirvanşahların iqamətgahı
olmasını sübut edən faktorlardan biri də burada
onların nəslinə aid sərdabənin olmasıdır.
Şabranda 70 məhəllə,
70 məscid olub. Bunların arasında ən məşhurları
Toxmaq xan və Onqar xan adlı məscidlərdir. Şabranda mədrəsə,
cümə məscidi də varmış. cümə məscidi
isə yalnız böyük və mərkəzi şəhərlərdə
olurdu.
Tədqiqatçıların
fikrincə, aparılan arxeoloji tədqiqatlara və
yazılı mənbələrə əsaslanaraq
Şabranı qədim və paytxat şəhəri olaraq Qəbələ,
Bərdə və Naxçıvan kimi şəhərlərlə
müqayisə etmək mümkündür. Onu da qeyd edək
ki, məşhur Azərbaycan şairləri Xəqani və Fələki
Şirvani saray əleyhinə yazdıqlarına görə bu
şəhərdə məhbəs həyatı
yaşamalı olublar. Şabranda ictimai-siyasi həyatda
mühüm mövqe tutan şeyxlər də yaşayıb. Onların
arasında ən məşhuru Şeyx Yəqub Çərxidir.
Şabran
necə yoxa çıxdı?
Bəs necə oldu ki,
digər orta əsr şəhərlərindən fərqli
olaraq həm iqtisadi, həm də siyasi cəhətdən
qüdrətli olan Şabran şəhəri
xarabazarlığa çevrildi və demək olar ki, yoxa
çıxdı. Həm də 18-ci əsrin ortalarında. Təbii
ki, bir yaşayış məskəni kimi 2000 il mövcud olan
bir yerin, digər şəhərlərin inkişaf etdiyi bir
dövrdə yoxa çıxması təəccüb
doğurmaya bilməz. Bəzi hallarda bu təbii fəlakətin
nəticəsi kimi qeyd olunsa da tədqiqatçılar bunu qəbul
etmirlər. Əsas səbəb kimi Şabrana edilən
hücumlar, üsyanlar, o cümlədən iqtisadiyyatın zəifləməsi
göstərilir. Daxili bazarın zəifliyi və digər tərəfdən
Bakının, Dərbəndin, Şamaxının, Qubanın
sürətli inkişafı Şabranın sıradan
çıxması ilə nəticələnib. Bu şəhərlər
inkişaf edəndən sonra dünya bazarında ipəyi və
qızılın əyarını ölçmək
üçün məhək daşı, o cümlədən,
boyaq bitkisi ilə məşhur olan Şabranın xarici
bazarlarla əlaqəsi kəsilib. Təbii ki, zaman-zaman
Şabrana olan hücumlar da öz təsirini göstərirdi. Şəhərə
hücumlar əhalinin başqa yerlərə köçməsi
ilə nəticələnirdi. XVIII əsrin ortalarında isə
əhalinin azalma prosesi daha da sürətlənib. Bu azalmaya gətirib
çıxaran hadisələrdən biri də 1710-cu ildə
car və Tala kəndlərində yaşayan əhalinin
üsyanı olub. Üsyançılar Şəkini və
Şamaxını ələ keçirmişdilər. Səfəvilər
isə onlara qarşı qoşun göndərmişdi. Bundan
istifadə edən bəzi qüvvələr isə
Şabranda şiələrin hakimiyyətinə son qoymaq məqsədilə
əhaliyə divan tuturdular. Şabranın geriləməsində
rol oynayan hücumlardan biri də Nadir şah Əfşarın
adı ilə bağlıdır. Onun hakimiyyəti illərində
bu zonanı qardaşı İbrahim idarə edirdi. İbrahim
öldürüldükdən sonra Nadir şah
qardaşının qisasını almaq üçün bu məkana
qoşun çəkir və qırğınlar törədir.
Şabranın
süqutu mənbələrdə də aydın ifadə
olunub. Alman səyyahı Lerxin qeydlərindən köhnə
Şabranın dağıldığını və
xarabazarlığı xatırlatdığını başa
düşmək olar. Mənbələrdə 1796-cı ildə
Şabranın 96 kəndi və burada 1196 evin olduğu
bildirilir. Artıq burada Şabran mahal mərkəzi kimi
xatırlanır. 19-cu əsrin əvvəllərində isə
yalnız çay adı kimi qeyd olunur.
Son olaraq qeyd edək
ki, Şabran şəhərinin adının bərpası bu ərazidə
arxeoloji tədqiqatları davam etdirmək zərurətini
ortaya çıxarır. Təbii ki, qədim paytaxtımızla
bağlı öyrənilməyənlər öyrənilənlərdən
qat-qat çoxdur. Tədqiqatçılar Şabranla
bağlı Şərq və Avropa mənbələrində
araşdırma aparmağı da vacib sayırlar.
Nicat
SADIQLI
Mərkəz.-
2010.- 8 aprel.- S. 10.