Bakıda Avropa Çempionatı

 

İlk gündə 2 “qızıl”, 1 “gümüş

 

Dünən Bakıda yunan-Roma, sərbəst qadın güləşi üzrə Avropa çempionatına start verilib. Heydər Əliyev adına İdman Konsert Kompleksində sərbəst, yunan-Roma qadın güləşi üzrə Avropa çempionatının açılış mərasimi keçirilib. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin də qatıldığı tədbirdə gənclər və idman naziri Azad Rəhimov, Beynəlxalq Güləş Federasiyaları Assosiasiyasının (FİLA) prezidenti Rafael Martinetti, Avropa Güləş Federasiyaları Assosiasiyasının (cELO) prezidenti Seno Senov, Azərbaycan Güləş Federasiyasının prezidenti, vergilər naziri Fazil Məmmədov çıxış ediblər. Qeyd edək ki, aprelin 18-dək davam edəcək Avropa çempionatında 36 ölkənin 380 güləşçisi mübarizə aparacaq. Xatırladaq ki, rəsmi açılış mərasimindən sonra yarışın ilk gününün qaliblərinin müəyyən edilməsi üçün dörd çəki dərəcəsində - 55, 66, 84 və 120 - güləşçilər xalça üzərinə çıxdı. Azərbaycanı bu çəki dərəcələrində ardıcıl olaraq Mahmud Maqomedov, cəbrayıl Həsənov, Şərif Şərifov və Əli İsayev təmsil edirdi. Təmsilçilərimizdən yalnız 120 kq çəki dərəcəsindəki təmsilçimiz Əli İsayev ilk görüşdə və məğlub olaraq yarışdan kənarlaşdı.

55 kq: İdmançılarımızdan ilk olaraq Mahmud Maqomedov xalça üzərinə çıxıb. Almaniyalı Marsel Evaldla güləşən təmsilçimiz rəqibinə heç bir şans verməyib: 2:0, 2:0. Mahmudun 1/4 finaldakı rəqibi makedoniyalı Aleksandr Çirtoaca olub. Təmsilçimiz makedoniyalı rəqibini böyük hesabla yenərək yarımfinala vəsiqə qazanıb. O, finala vəsiqə uğrunda rumıniyalı Andrey Dukovla güləşib və çətinliklə də olsa, finala adladı. Finalda isə təmsilçimizin rəqibi Radoslav Velikov (Bolqarıstan) idi. Yetərincə dramatik keçən final qarşılaşmasının ilk hissəsində Bolqarıstan idmançısı püşk yolu ilə hissənin qalibi oldu. Məğlubiyyətdən “ayılan” Mahmud ikinci hissəni vaxtından əvvəl 7:0 hesabı ilə öz xeyrinə başa vurdu. 3-cü hisədə isə onun 4:1 hesablı qələbəsi ilk yarış günündə ilk qızıl medalımız demək idi. Mahmud Maqomedov Avropa çempionu oldu.

66 kq: Bu çəki dərəcəsində güləşən cəbrayıl Həsənov 1/8 finalda böyük britaniyalı Ceyms Robertslə güləşib. Təmsilçimiz rəqibinə heç bir şans verməyən təmsilçimiz 1/4 finalda Vladimir Gotisanı sınağa çəkib. Həsənov moldovalı idmançı üstələyərək yarımfinala yüksəlib. cəbrayl 1/2 finalda polşalı Henrik Sobierajla 6:0 hesabı ilə qalib gələrək finala adladı. Həmyerlimizin qızıl medal uğrunda rəqibi 2008-ci ildə dünya birinciliyinin qalibi rusiyalı Maqomedmurat Qaciyev idi. cəbrayıl Həsənov Rusiya təmsilçisi ilə final qarşılaşmasında 1 xalla ilk hissəni aktivinə yazdı. İkinci hissədə isə 3:0 hesabı ilə Rusiya təmsilçisi qalib gəldi. Daha dramatik keçən həlledici üçüncü hissədə isə o, rəqibinin kürəyini döşəyə vuraraqtəmiz qələbə” ilə Avropa çempionu oldu.

84 kq: Bu çəkidəki təmsilçimiz Şərif Şərifovun ilk rəqibi makedoniyalı Deyan Boqdanov olub. Təmsilçimiz rəqibi üzərində 5:0 hesablı qələbə qazanaraq 1/4 finala adlayıb. Onun növbəti rəqibi fransalı Səid Əhməd Mahmudoviç olub. Güləşçimiz rəqibi üzərində böyükhesablı qələbə qazanaraq, yarımfinala adlayıb. Yarımfinalda rumıniyalı güləşçi Stefan Qeorqita ilə qarşılaşan Şərif 25 saniyə ərzində rəqibinin çiynini yerə vururaq təmiz qələbə qazanıb və finala adlayıb. Həlledici final qarşılaşmasında daha bir idmançımız rusiyalı həmkarına qarşı mübarizə aparacaq. Şərifov son görüşdə rəqibi Anzor Urişev idi. Şərif Rusiya təmsilçisi ilə ilk hissə 2:1 hesabı ilə Anzor Urişevin xeyirinə bitdi. 0:0 hesabı ilə bitən ikinci hissədə püşk rusiyalının üzünə güldü. təmsilçimiz gümüş medalla kifayətlənməli oldu. Bütün hallarda ilk yarış günündə 2 qızıl 1 gümüş qazanan Azərbaycan komandası komanda hesabında liderlik edir.

 

 

Tuncay Rüstəmli

 

Mərkəz.- 2010.-14 aprel.- S. 14.