Nəriman Nərimanov anıldı

 

Gülər Əhmədova: «Nərimanovun ən böyük xidmətlərindən biri də türkçülük ideyalarının Azərbaycanda təbliği idi»

 

Ötən gün Beynəlxalq Diaspora Mərkəzinin (BDM) təşkilatçılığı ilə görkəmli ictimai-siyasi xadim Nəriman Nərimanovun anadan olmasının 140 illiyinə həsr olunmuş tədbir keçirildi. Tədbirə N.Nərimanovun abidəsini ziyarət etməklə başlanıldı. Əzizbəyov rayon 2 saylı internat məktəbinin nəfəs alətləri orkestrinin müşayiətilə millət vəkili Gülər Əhmədova və bir sıra rəsmilər abidənin önünə əklil qoydular.

Tədbiri giriş sözü ilə açan BDM sədri İsmayıl Ağayev mərasimin təşkilində göstərdiyi köməkliyə görə, Respublika Uşaq Təşkilatına, Milli QHT Forumuna və Gürcüstan Azərbaycanlılarının Mədəniyyəti Mərkəzinə öz təşəkkürünü bildirdi.

Daha sonra tədbir iştirakçıları görkəmli ədibin həyat və mübarizə yolundan söz açdılar. «Diasporanın səsi» jurnalının baş redaktoru Vaqif Arzumanlı onun vətən üçün gördüyü işlərdən söz açdı: «Nərimanov şəxsiyyətinin böyüklüyü onun öz həyatını xalqına sərf etməsindədir. O, yazıçı kimi fəaliyyətə başlayıb, tərcüməçi kimi fəaliyyətini davam etdirsə də, ömrünün bütün illərini demək olar ki, ölkəsinin çiçəklənməsinə sərf edib. Nərimanov xalqını çox sevən şəxsiyyətlərdən biri olub. O, vətəni üçün xeyirli olacaq bütün məsələlərin həllinə ömrünü sərf edib. O vaxt millətpərəst olmaq çox çətin idi. Ancaq buna baxmayaraq, Nərimanov elə bir dövrdə Azərbaycan, azərbaycançılıq uğrunda mübarizə aparırdı. Bu elə bir dövr idi ki, Azərbaycana qarşı hər tərəfdən təzyiqlər vardı. Nərimanov isə belə bir dönəmdə «mən Azərbaycan xalqının suverenliyi uğrunda hər şeydən keçməyə hazıram» deyirdi. Və məhz elə bu səbəbdən də o, həm öz həmkarları bolşeviklər tərəfindən, həm də çar Rusiyası tərəfindən təqib olunurdu».

V.Arzumanlı N.Nərimanovun türk xalqlarının birləşdirilməsi uğrunda da böyük işlər gördüyünü dilə gətirdi: «Məhz elə bu səbəbdəndir ki, ötən əsrin 20-ci illərində Nərimanov Türkiyə Böyük Millət Məclisi tərəfindən xüsusi «qızıl qılınc» mükafatına layiq görüldü. Bu gün bir çox ölkələrdə, götürək elə Tatarıstanın özündə, Türkiyə konsulluğunun fəaliyyət göstərməsində Nərimanovun böyük əməyi var. Onu da qeyd edim ki, əvvəllər Tiflisdə Nərimanovun ev muzeyi var idi. Mən çox təəssüf edirəm ki, bu gün o binanı dağıdıblar».

BDM-in Məşvərət Şurasının sədri, millət vəkili Gülər Əhmədova isə çıxışında N.Nərimanovun həyat-fəaliyyətinin tarixçi alimlər arasında ən çox polemika mövzusuna çevrilən məsələlərdən biri olduğunu vurğuladı: «Birmənalı şəkildə qeyd etmək lazımdır ki, bu gün Nərmanovla bağlı ziddiyyətli fikirlər mövcuddur. Lakin bir çox görkəmli şəxsiyyətlər tərəfindən Nərimanova qarşı münasibət həmişə bir istiqamətli olub. Ulu öndər Heydər Əliyev də Nərimanov yaradıcılığına, onun ictimai fəaliyyətinə çox böyük qiymət vermişdi. Nərimanovun Azərbaycanda apardığı siyasət bəzi tarixçilər tərəfindən başa düşülməyə bilər. Amma qeyd etmək lazımdır ki, Nərimanovun istənilən sahədə apardığı siyasət azərbaycançılığa və Azərbaycanın xeyrinə, inkişafına yönəlmişdi. Tarixdə bir çox ilklər məhz Nərimanovun adı ilə bağlı olub. Məsələn, Azərbaycanda ilk kitabxananın fəaliyyətə başlaması və s. Azərbaycanda ilk dəfə dahi şəxsiyyətlərin heykəllərinin qoyulması da məhz Nərimanovun adı ilə bağlıdır. Belə ki, Mirzə Ələkbər Sabirin heykəlini ilk dəfə qoyduran məhz Nərimanov olub».

O dövrdə Azərbaycan dilinin dövlət dili elan olunmasının məhz Nərmanovun adı ilə bağlı olduğunu bildirən millət vəkili görkəmli ədibin Azərbaycan dilinin qorunması üçün də əlindən gələni əsirgəmədiyini diqqətə çatdırdı: «Hətta o vaxt Nərimanova rus dilinin Azərbaycan dili elan olunması barədə təkliflər verilmişdi. O isə bu məsələyə öz mövqeyini «yaxşı olardı ki, rus balaları əvvəlcə Vaqifi, Sabiri, ondan sonra gedib Puşkini, Krılovun oxusunlar» deməklə bildirmişdi. Nərimanovun Azərbaycana göstərdiyi ən böyük xidmətlərdən biri Avropaya təhsil almağa göndərdiyi gənclərlə bağlı olub. Bu o dövr üçün çox böyük bir addım idi. Lakin təəssüf ki, Nərimanov Moskvaya aparıldıqdan sonra bu məsələ yarımçıq qaldı və oxumağa göndərdiyi gənclərin təhsilində də problemlər ortaya çıxmağa başladı».

G.Əhmədova Nərimanovun ən böyük tarixi xidmətlərindən birinin Türkiyə ilə Azərbaycan arasında əlaqələrin möhkəmləndirilməsində olduğunu vurğuladı: «Nərimanovun ən böyük xidmətlərindən biri də türkçülük ideyalarının Azərbaycanda təbliği idi».

Qeyd edək ki, tədbirdə Milli QHT Forumunun prezidenti Rauf Zeyni, Gürcüstan Azərbaycanlıları Mədəniyyət Mərkəzinin rəhbəri Zəlimxan Məmmədli və bir sıra ictimai təşkilatların nümayəndələri iştirak edirdilər.

 

 

Vəfa BABAYEVA

 

Mərkəz.- 2010.-14 aprel.- S. 9.