Bankçılıq və maliyyə sərgisi keçirildi

 

Əcnəbilər tərəfindən Azərbaycan banklarına qoyulan əmanətlərin məbləği 24 faiz artıb

 

Dünən Bakıda Xəzər Beynəlxalq «Bankçılıq və Maliyyə» konfransı və sərgisi (Caspian Banking and Finance) işinə başladı. Konfrans və sərgi “Grand Hotel Europe” mehmanxanasında keçirildi. Qeyd edək ki, hər iki tədbir (konfrans və sərgi) paralel şəkildə baş tutdu. Tədbirə Azərbaycan Mərkəzi Bankı, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK), Banklar Assosiasiyası, Qazaxıstan Milli Bankı, Gürcüstan Banklar Assosiasiyası, Rusiya Banklar Assosiasiyası, Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) və Azərbaycan Risk Peşəkarları Assosiasiyası tərəfindən dəstək verilir.

Sərgi və konfransın təşkilatçıları - Britaniya şirkəti “ITE Group” və onun Qafqazdakı həmkarı “Iteca caspian” şirkətidir. Konfrans və sərginin açılışı Mərkəzi Bankın sədri Elman Rüstəmovun, Qazaxıstan Milli Bankının sədri Qriqoriy Marçenko, QKDK sədri Rüvət Aslanlının və Milli Məclisin İqtisadi Siyasət Komitəsinin sədri Ziyad Səmədzadənin çıxışları ilə başladı. Onu da qeyd edək ki, iki gün davam edəcək seminarda 200 nümayəndənin iştirakı nəzərdə tutulub.

Konfransın əsas mövzusu qlobal iqtisadi böhranın Xəzər dənizi regionu ölkələrinin bank sisteminə olan təsiridir.

Mərkəzi Bankın sədri E.Rüstəmov bildirdi ki, böhran Azərbaycan üçün böyük təcrübə oldu, maliyyə və iqtisadiyyat sahələrini ciddi sınağa çəkdi. O qeyd etdi ki, Azərbaycanın böhrandan öncə və böhran dövründə doğru fəaliyyəti iqtisadiyyatın çox zərər çəkməsinə imkan vermədi. Xarici ölkələrdə ressesiya olduğu halda Azərbaycanda 9 faizlik iqtisadi artım baş verdi.

2009-cu ildə əsas diqqətin maliyyə sabitliyinin qorunmasına yönəldildiyini deyən E.Rüstəmov böhrandan öncə böyük risklərin olacağını proqnozlaşdırdıqlarını bildirdi: «Biz böhranın ola biləcəyini gözləyirdik. Qısa müddətdə Azərbaycan bank və maliyyə sektorunda 9 dəfə artım baş vermişdi. Bu dünyanın maliyyə sistemində də müşahidə olunurdu. Belə sürətli böyümənin risk yaratdığını da bilirdik. Buna görə də 2007-ci ilin sonlarında kommersiya banklarına xəbərdarlıq etdik. Xüsusilə də, onları xarici borcların idarə olunması ilə bağlı məsələdə diqqətli olmağa dəvət etdik. Xarici borclar artıq bank aktivlərinin 18 faizinə çatmışdı. Bizim tövsiyələrimiz nəzərə alındığından ciddi problem yaranmadı. Amma xarici borcunu ödəyə bilməyən banklara da yardımlar edildi».

E.Rüstəmov qabaqlayıcı tədbirlər sayəsində 2009-cu ilin yekununda bank sektorunda iqtisadi artıma nail olunduğunu söylədi. E.Rüstəmov hazırda aktıvlərin, o cümlədən əmanətlərin həcmində artımın müşahidə edildiyini dedi. Onun verdiyi məlumata görə, xüsusilə əcnəbilər tərəfindən banklara qoyulan əmanətlərin məbləği 2010-cu ildə kəskin şəkildə yüksəlib. Əcnəbilər tərəfindən qoyulan əmanətlərdə artım 24 faiz qeydə alınıb.

Qazaxıstan Milli Bankının sədri Qriqoriy Marçenko isə bildirdi ki, Qazaxıstan və Azərbaycan böhrana kifayət qədər hazırlıqlı olub. O, yaradılan maliyyə fondlarının bu məsələdə böyük köməyinin olduğunu dedi. Marçenko söylədi ki, əgər həmin vəsaitlər vaxtında başqa məqsədlər üçün xərclənsəydi, iqtisadiyyatı böhranda müdafiə etmək daha çətin olardı.

Qazaxıstanlı qonaq ölkəsində ÜDM-in 2009-cu ildə1,2 faiz artdığını da bildirdi.

Parlamentin komitə sədri Ziyad Səmədzadənin fikrincə, böhran təsdiq etdi ki, Azərbaycanın bank sistemi dünya standartlarına cavab verir. Azərbaycanın xarici dövlət borcunun ÜDM-in 8-9 faizi qədərində olduğunu söyləyən natiq bu göstəricinin dünya üzrə ən yaxşı göstəricilərdən olduğunu vurğuladı.

Onun bildirdiyinə görə, növbəti illərdə bankların iqtisadiyyata təsiri bir qədər də artacaq. Komitə sədri də hesab edir ki, belə bir mərhələdə dövlətin iqtisadiyyata müdaxiləsi optimallaşdırılmalıdır. Çünki bu halda böhran elementləri, zərər daha az olur.

QKDK sədri Rüfət Aslanlı da çıxışında dövlətin maliyyə sektoruna nəzarəti artırmasının vacib olduğunu vurğuladı. Onun sözlərinə görə, idarəetmədə yol verilən ciddi səhvlər böhranı bir qədər dərinləşdirib.

Qeyd edək ki, konfrans iştirakçıları fasilə zamanı sərgini ziyarət etdilər. Konfransda çoxlu sayda bank, sığorta və lizinq şirkətinin nümayəndələri iştirak etsə də sərgidə bank sektorundan cəmi 6-sı - Kapital Bank, Paşa Bank, Texnikabank, Əmrahbank, Bank of Baku, NBc bank təmsil olunurdu.

 

 

Vasif Cəfərov

 

Mərkəz.- 2010.-14 aprel.- S. 6.