Xalq artisti Telman Adıgözəlov dünyasını dəyişib

 

Akademik Mili Dram Teatrının aktyoru, xalq artisti Telman Adıgözəlov aprelin 15-də gecə saat 4.00 radələrində infarktdan dünyasını dəyişib. Ölümündən bir gün öncə bütün vaxtını çalışdığı teatrda keçirən aktyor gecə saat 1.00-da qızına özünü pis hiss etdiyini deyib. Təcili yardım həkimi gələndə isə artıq gec olub. Telman Abbasqulu oğlu Adıgözəlov 1953-cü il iyulun 17-də Balakən rayonunda anadan olub. 1975-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram kino aktyorluğu fakültəsini bitirib. 1980-ci ildən Akademik Milli Dram Teatrında fəaliyyətə başlayan aktyor, teatr səhnəsində maraqlı obrazlar yaradıb. Bunlardan C.Məmməlquluzadənin «Dəli yığıncağı» əsərində Zəncirvuran, İ.Əfəndiyevin «Xurşidbanu Natəvan» əsərində Daşdəmir, «Mahnı dağlarda qaldı» əsərində Rəhman, Şekspirin «Maqbet» əsərində Flins, M.İbrahimovun «Közərən ocaqlar» əsərində Xanəhməd, H.Cavidin «İblis» əsərində Şeypurçu, S.Vurğunun «Vaqif» əsərində Təlxək, S.Rəhmanın «Nişanlı qız» əsərində Çeşməkli kişi, E.Baxışın «Qədr gecəsi» əsərində Oyunbaz, Elçinin «Ah Paris…Paris!..» əsərində Əhməd, «Mənim sevimli dəlim» Professor, R.Novruzun «Hələ sevirəm deməmişdilər» əsərində Qumarbaz obrazlarını göstərmək olar. İstedadlı aktyor Dövlət televiziyasında hazırlanmış «Yaşıl eynəkli adam», «Ordan-burdan»,«Qonşular», »Azərbaycanfilm» kinostudiyasında istehsal olunmuş «Nəsimi», «Üzü küləyə», «Mən dəniz sahilində böyümüşəm» kimi filmlərdə xarakterik rollar oynayıb. Aktyor 2000-ci ildə əməkdar artisti 2006-cı ildə xalq artisti fəxri adlarına layiq görülüb.

 

 

Cəvahir

 

Mərkəz.- 2010.- 16 aprel.- S. 11.