Daşımızdan muğayat olaq

 

Keçmişimizi, bineyi-qədimimizi özündə bərk-bərk qoruyub saxlayan daş sərdabə, türbə, kaha, mağara, qala, daş kitabələrUlu əcdadımızın rəsmlərini bu günə qədər sədaqətlə qoruyub saxlayan daş qayalarımız.

Hər bir daş abidə mənsub olduğu xalqın tarixinin əvəzolunmaz salnaməsidir. Daş yaddaşımızı dərəcədə qoruya, gələcək nəsillərə ötürə biliriksə, bir o qədər tariximizin zənginliyinə dəqiqliyinə zəmanət veririk. Təəssüflər olsun ki, ayrı-ayrı dövrlərdə bir çox tarixi abidələrimizin zəmanətsiz qaldığı vaxtlar da olub. Amma bir neçə il öncə, daha dəqiq desək, 1999-cu ildə Azərbaycan hökuməti ilə Beynəlxalq İnkişaf Assosiasiyası arasında imzalanan «Azərbaycan mədəni irsinin qorunması» layihəsi bu sahədə vəziyyəti xeyli dəyişdi. Xatırladaq ki, sözügedən layihə çərçivəsində dörd tarixi memarlıq abidəsinin bərpası nəzərdə tutulurdu; Şirvanşahlar sarayının ikinci mərtəbəsi divanxanası, Şəki xan sarayı, Mömünə xatun məqbərəsi, Qudi xatun türbəsi. Qeyd edək ki, Şirvanşahlar sarayı ansamblı XV əsr Azərbaycan memarlığının incisidir. Saray kompleksinə daxil olan abidələr İçərişəhərin ən yüksək təpəsində yerləşir.

Gözəl memarlıq forması, daşların yonulması və hörülməsindəki valehedici dəqiqlik, portalın məharətlə oyulmuş xalçavarı ornament bəzəyi və gümbəzlərlə tamamlanan abidə bu günədək öz formasını itirməyib. Abidə demək olar ki, bütövlüklə daşdan ibarətdir.

Digər bir tarixi abidəmiz olan bütünlüklə daşdan ucaldılmış Qız qalası…Hər guşəsində bir tarix, bir əfsanə yatır. Daş yaddaşımız olan Qobustan Milli Tarixi-Bədii Qoruğu İçərişəhər Dövlət Tarixi-Memarlıq Qoruğunun adını da fəxarətlə çəkə bilərik. Hər iki tarixi abidə Azərbaycan Respublikasının birinci xanımı, YUNESKO və İSESKO-nun xoş məramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə YUNESKO-nun Ümumdünya Mədəni İrs Siyahısına daxil edilib dünya miqyasında tanınır. Qobustanı daşların möcüzəsi də adlandırmaq olar. Qayaüstü rəsmlərdə həkk olunan təsvirləri görüncə xəyalən minilliklərin o tayına adlayırsan. Hal-hazırda Qobustan Milli Tarix-Bədii Qoruğu açıq səma altında muzey kimi fəaliyyət göstərir. Qobustan qayaüstü rəsmləri təkcə Azərbaycan alimlərinin deyil, eləcə dünya alimlərinnin diqqətini cəlb edir. Dünyaşöhrətli alim və səyyah Tur Heyerdal qoruq barəsində bu sözləri söyləmişdi: “Qobustan Azərbaycanın təkrarsız xəzinəsidir”.

Qobustan torpağı arxeoloji abidələrlə zəngindir. Bu günə qədər burada 30 ədəd kurqan 20-yə yaxın ibtidai insanın düşərgəsi aşkar edilib. Onlar iriölçülü əhəng daşlarından hazırlanıb.

Qədim əcdadlarımızın həkk etdiyi rəsmlərə Böyükdaş, Kiçikdaş, cinqırdağ Yazılı təpəsində rast gəlinir. Burada ibtidai insanlar, heyvanlar, döyüş səhnələri, ayin xarakterli rəqslər, öküzlərin döyüşü, silahlı avarçəkənlərlə dolu olan qayıqlar, əllərində nizə tutmuş döyüşçülər, dəvə karvanları, günəş və ulduz təsvirləri vardır. Ən qədim rəsmin tarixi 10000 ilə yaxındır. Daş kitabələr içərisində üç dayaq üzərində yerləşmış iri yastı daş vardır. Ona kiçicik daş parçası ilə döyəcləyəndə müxtəlif səslər eşitmək olur. Bu, el arasında “qavaldaşadlanan daşdır.

İçərişəhər Tarix-Memarlıq Qoruğu da, həmçinin tarixi fəxrimizdir. Başdan-başa daş hasarla əhatələnmiş, daş döşəməli alınmaz qala sayılan İçərişəhərin hər guşəsi daş yaddaşımızdır.

Hələ bölgələrdə nə qədər daş abidələrimiz var. Ulu babalarımızın bizə yadigar qoyduqları Xan sarayı, Şəki xanlarının evi, dairəvi məbəd, qala divarları da memarlıq incilərindəndir. Masallıda daş qalalar, Qazaxdakı minilliklərin yadigarı olan mağaralarsaymaqla qurtaran deyil. Amma əsirlikdə olan minlərlə daş abidələrimiz var ki, dünya çapında o cür abidələrə rast gəlmək mümkünsüzdür. XIX əsrdə aşkar edilmiş, daş qutu kurqanlardan ibarət olan Xocalı qəbiristanlığı - son tunc ilk dəmir dövrünə (e. ə. VIII-VII əsrlər) aid arxeoloji abidədir. Burada müxtəlif tipli çoxlu sayda "Qoç və yəhər" şəkilli qəbir daşları var ki, o daşların diliylə keçmişimizi oxuyuruq. Yaxud Zəngilandakı Daş Abidələr muzeyi… Təəssüflər olsun ki, bizi keçmişdən bu günə gətirən və neçə nəsil yola salan o daş abidələrimizin çoxu bu gün düşmən tapdağı altındadır. Ermənistan uzun illərdir Azərbaycanın milli mədəniyyətinə məxsus sənət əsərlərinin yox edilməsi mənimsənilməsini hədəf götürüb. Bu, beynəlxalq konvensiyaların müvafiq müddəalarına zidd olmaqla hüquqi dildə “mədəniyyətin soyqırımı” anlayışı kimi başa düşülməlidir. Azərbaycanın işğal olunan ərazilərindəki müsəlman qəbiristanlıqlarında və digər yerlərdə 30-dan çox erməni kilsəsi tikilib. Bu ərazilərdə 200-dən çox erməni xaçdaşı istehsal edilərək basdırılıb. Son 18 ildə Azərbaycanın işğal olunmuş ərazilərində 1700 tarix memarlıq abidəsi erməniləşdirilib. İşğal edilən digər ərazilərdən, 27 muzey şəkil qalereyasından 100 mindən çox eksponatı qarət edərək Ermənistana aparıblar. Yüzlərlə yer adı dəyişdirilib, 300-ə yaxın məscid, türbə, pir digər qəbirüstü abidələr tamamilə dağıdılaraq yararsız hala salınıb. 200-dən çox digər qəbildən olan tarix memarlıq abidəsi və bir tarix memarlıq qoruğu tamamilə məhv edilib. Söz yox ki, oğurlanmış məhv edilmiş bu tarixi-mədəni sərvətlərin nə vaxtsa özümüzə qayıdacağına da əminik. İnanırıq ki, Azərbaycanın prezidenti İlham Əliyevin yürütdüyü uğurlu siyasətin nəticəsində o daş abidələrimiz özümüzə qayıdacaq. Çünki daşlarımız da özümüz kimi sədaqətlidir. Elə bu sədaqətin məhəbbətin rəmzi olaraq bizi bineyi-qədimdən bu günə qədər daşıyan vasitə olan daşlarımız zaman-zaman klassiklərimizin yaradıcılığında «Eşq düşsə, daşın da qəlbinə əgər, gövhərdən özünə məşuq düzəldər» (Nizami Gəncəvi), şifahi folklorumuzda

 

(Əzizinəm daş daşı,

Ağrıdağdan daş daşı

Çirkinlə plov yemə,

Get gözəllə daş daşı. ),

 

atalar məsəllərində (Daş kimi düşdüyün yerdə qal»-sədaqətli olmaq anlamını verir) də yer alıb. Bu isə o deməkdir ki, keçmişimizin yaddaşı olan daşlara həqiqətən də, böyük önəm verilib.

Qədim türk inancına görə, daşlar həm xoşbəxtlik gətirir. Qədim türklər çaydan tapılan deşik daşın onlara xoşbəxtlik gətirəcəyinə inanırlar. Elə biz xalq olaraq bu inamla yaşayırıq. Həm də ona görə ki, hər xalqa mənsub olmayan bu nadir milli-mənəvi sərvət yalnız Azərbaycanın taleyinə yazılıb. Bu mənada, öyünə biləcək xalqıq. Bu gün Azərbaycanın tarixi abidələrinin səsi YUNESKO kimi ali tribunadan gəlirsə, biz buna görə hökumətimizə və Mehriban xanım Əliyevaya minnətdarıq. Ümumiyyətlə, Azərbaycanı daş abidələr məmləkəti də adlandırmaq olar. Özü bu daşlar danışan daşlardır.

Keçmişdən bizə elə xəbərlər daşıyıb gətiriblər ki, bu gün onlar olmasaydı, bəlkə də tariximizi yaza bilməzdik.

Odur ki, daşımızı qoruyaq, daşımıza sahib çıxaq və bizi həmişə özüylə daşıyan daşımızdan muğayat olmağı bacaraq ki, daşımız bizə dönük çıxmasın, tarixin daş salnaməsindən silinməyək. Çünki daşlar tarixdir, tarixə sayğı isə hər kəsin boyun borcudur. Vətənpərvər şairimiz Məmməd Arazın diliylə desək: Vətən daşı olmayandan, olmaz ölkə vətəndaşı… Gəlin, hər birimiz vətən daşına çevrilməkdən qürur duyaq.

Yazı “Azercell TelekomMMC-nin media nümayəndələri arasında keçirdiyi «Daş - bizi qədimdən bu günə qədər daşıyan vasitədir» mövzusunda ən yaxşı məqalə müsabiqəsinə təqdim olunur.

 

 

Cəvahir SƏLİMQIZI

 

Mərkəz.- 2010.-20 aprel.- S. 10.