Azərbaycan
poeziyasının səmasında bir ildırım çaxdı…
«Üç dəfə ölümlə
qarşılaşdım, amma
kəfəni yırtıb
60 yaşıma havalı
gəldim, qürurlu gəldim»
Zəlimxanı tanıyanda
biləsən,
Yarı sazdı,
yarı sözdü, yarı səs…
O
gün hamı Heydər Əliyev Sarayında xalq şairi Zəlimxan Yaqubun 60 yaşının
işığına, ziyasına
cəm olmuşdu. Şairin yubileyi öz yerində, əslində, sazın-sözün
hakim kəsildiyi bu ilahi gecə
həm də elə sazın, sözün bayramıydı.
Bayramlaşmağa gələnlər
isə Zəlimxan Yaqubun köklü-budaqlı
ağaca bənzəyən
qədim-qayım poeziyasının
heyranlarıydı. Bu heyranlar
təkcə Azərbaycandan
deyil, Orta Asiya, Gürcüstan, İran, Türkiyədən
təşrif buyuran müsafirlər idi. Gözəl yaz gecəsində hər bir kəs şairi
tərif leysanına tutdu, ən lətif sözlərini söyləyib, ən gözəl musiqilərini
ifa etdilər. Məclisin sükanı isə səbəbkarın
özündəydi. Öncə
yubilyara həsr olunmuş sənədli filmdən fraqmentlər nümayiş olundu. Borçalının Kəpənəkçi
kəndindən başlayan
bir şair ömrünun yaşantıları,
şirini, acısı-ağrısı
bir daha məclis iştirakçılarının
ixtiyarına verildi. «Üç dəfə ölümlə qarşılaşdım,
amma kəfəni yırtıb 60 yaşıma
havalı gəldim, qürurlu gəldim», -deyən saz-söz ustadı ölməyib, sağ qaldığına
görə bir Allaha, bir də
xalqına minnətdar
olduğunu dilə gətirdi.
Gör nə
xoşbəxtəm ki…
Daha sonra xalq şairi söhbətə böyük
öndər, sənətə
və sənətkara
qiymət verməyi bacaran Heydər Əliyevi xatırlamaqla ayaq verdi: «Düz
12 il bundan əvvəl bu möhtəşəm sarayda
48 yaşımın şərəfinə
mərasim keçirilirdi.
Onda xalqımın böyük oğlu Heydər Əliyev məni təbrik elədi. Gör nə xoşbəxtəm ki, düz 12 ildən sonra 60 yaşımı da ulu öndərin adını daşıyan
bu sarayda qeyd edirəm. İndi də mən onu təbrik
edib deyirəm; ey ulu öndər,
sən Allahın xoşbəxt bəndəsisən
ki yerində layiqli, qüdrətli, ayağı ruzili, əli bərəkətli
bir rəhbər qoyub getmisən. Sənin kimi layiqli prezidentim İlham Əliyev də mənim üçün nə lazımdırsa edib, indi də təmtəraqlı
yubileyimin keçirilməsinə
qərar verib. Bu xalq xoşbəxtdir ki, Azərbaycanın İlham Əliyevi və təkcə YUNESKO və İSESKO-nun deyil, arzuların xoş səfiri Mehriban xanım Əliyeva kimi mədəniyyətimizin
hamisi var». Bu xoş sözlərin ardından məclis iştirakçılarına «Ümummilli
liderimiz Heydər Əliyevlə unudulmaz görüşlər» adlı
sənədli filmindən
fraqmentlər təqdim
olundu.
Ürək sözləri
bir-birini əvəzlədi.
Dünya Ahıska Türklərinin prezidenti Ziyəddin İsmixanoğlu
Zəlimxan Yaqubu aşıq Şəmşir,
Dədə Ələsgər,
Aşıq Veysəlin
ən layiqli davamçısı kimi qiymətləndirdi. Şairin
ünvanına dünyanın
ən gözəl təriflərini yağdıran
Ziyəddin İsmixanoğlunun
hədiyyəsi təkcə
gözəl sözlər
olmadı. O, həmçinin,
yubilyara milli geyim-xəz palto və dəri papaq da bağışladı.
Qazaxstan Azərbaycanlıları
Assosiasiyası Respublika
Birliyinin sədri Əbülfət Müslümoğlu
Zəlimxan Yaqubu Yunis İmrə zirvəsinə qaldırdı.
Zəlimxanın «Göyçə
dərdi»
Təbriz aşıqları
Çingiz Mehtipurla Məhbub Xəlilin ifa etdikləri saz havaları isə məclisə məxsusi zövq qatdı. İrəvan Dövlət Dram Teatrının
təqdim etdiyi «Göyçə dərdi»,
Şuşa teatrının
iştirakı ilə
göstərilən «Şair
harayı» ədəbi-bədii
kompozisiyasından sonra
isə söz xanəndə Könül
Xasıyevaya və Mələkxanım Əyyubovaya
verildi. Aşıq Nemət Qasımlı, Aşıq Ağamurad, Aşıq Ədalət Dəlidağlının Zəlimxan
Yaqubdan söylədikləri
poeziya nümunələri
isə təşnə
ürəklərə soyuq
su çilədi.
Təkrarolunmaz varis
Mərasim iştirakçılarının
da ürək sözlərini eşitdik.
Xalq yazıçısı
İsa Muğanna Zəlimxan Yaqubu «ən kamil insanın
ürəyini, vicdanını,
təfəkkürünü təmsil edən səs-ün» kimi dəyərləndirdi: «Zəlimxan
göylərdən gəlib,
yerdə ən kamil insanı da kamilləşdirməyə
qabil olan ustaddır. Zəlimxan Yaqub Azərbaycana töhfə göndərilmiş
uca insandır. O, Nəsimi, Füzuli, Alı, Ələsgərin
varisidir, həm də sadə varis yox, elə
bir varisdir ki, onun yaratdığı
vərəsə sələflərinin
vərəsəsi qədər
təkrarolunmazdır. Əbədiyyətdən
gələn səs, Yer üzünün əbədi səsidir».
Tanrıdan gələn
güc…
Millət vəkili,
professor Nizami Cəfərov
şairi poetik bir dillə vəsf etdi: «Azərbaycan poeziyasının
geniş səmasında
bir ildırım çaxdı, bir günəş parladı.
Gur səsi, ətrafı bir anda nura qərq
edən poetik enerjisi ilə şeiri geniş meydanlara, böyük auditoriyalara çıxardı.
Və öz içinə qapılmış,
fərdi hisslərin məhbusuna çevrilməkdə
olan ədəbiyyatı
dar sinələrin məhbəsindən qurtararaq
minlərin, milyonların
mənəvi istifadəsinə
verdi. Şairləri müxtəlif məktəblərə,
cərəyanlara, hətta
dəstələrə bölməklə
onların dəyərini
müəyyənləşdirməyə öyrəşmiş ədəbi
tənqid Zəlimxan Yaqub fenomeni qarşısında mat qaldı.
Zəlimxan Yaqub Azərbaycanın dünyaya
bəxş etdiyi o böyük şairlərdəndir
ki, onun yaradıcılığının cövhərində, mayasında
ilahi istedadın enerjisi, Tanrıdan gələn güc, qüdrət var. Əgər
belə olmasaydı,
o, Zəlimxan Yaqub olmazdı».
Vəhdətə aparan
yol
«Şairlik Tanrıya qovuşmağa ən böyük cəhd, poeziya həmin cəhdi reallaşdıran
vasitə, bu vəhdətə aparan yoldur», -deyən professor Nizaməddin Şəmsizadə
Zəlimxan Yaqubu «bu yolun inadkar
yolçusu» adlandırdı:
«Həmin yolu o, güclü istedadının
işığında gedir».
Qeyd edək
ki, Zəlimxan Yaqubun 60 illik yudileyi şərəfinə
ikicildlik kitabı da işıqüzü görüb. «Özün basdırdığın ağaca
söykən» adlı
şeirlər toplusuna
Zəlimxan Yaqubun folklor yaradıcılığı
qaynaqlarından süzülüb
gələn, ədəbiyyatımızda
irsilik ideyasını
tərənnüm edən
şeirlərindən seçmələr,
eyni zamanda, «Borçalıdan gələn
izlər», «Göyçə
dərdi», «Saz», «Sizi qınamıram» adlı dörd poeması daxil edilib. Yubiley gecəsində şair həmin kitabları sevdiklərinə ərməğan
etdi. Bizə də pay düşdü.
Sualtı mədəni
irs mühafizə olunacaq
Azərbaycan Respublikasının
ərazisində sualtı
arxeoloji tədqiqatlar nəticəsində bir sıra sualtı abidələr aşkar olunub. Bunlara Bakı buxtasında Bayıl qəsri, Salyan rayonunun Şirvan qoruğu ərazisində IX-XIV əsrlərə
aid Muğan şəhərinin
qalıqları, Səngi-Muğan
adasının cənub
hissəsində gəmi
lövbərləri, Gürgan
burnu yaxınlığında
Gürganşəhr adlanan
yerdə suyun altında orta əsrlərə aid yaşayış
yerinin qalıqları
və s. aiddir.
Bu
barədə məlumat
verən Mədəniyyət
və Turizm Nazirliyinin mətbuat xidmətinin rəhbəri
Zöhrə Əliyevanın
sözlərinə görə,
hazırda mədəniyyət
və turizm naziri Əbülfəs Qarayevin göstərişinə
əsasən, ölkəmizin
zəngin sualtı mədəni irsə malik olması, onun effektiv mühafizəsi
zərurətini nəzərə
alaraq, Azərbaycan Respublikasının Sualtı
Mədəni İrsin
Qorunması üzrə
YUNESKO Konvensiyasına qoşulması
imkanları ilə bağlı araşdırmalar
aparılır.
Cəvahir SƏLİMQIZI
Mərkəz.- 2010.-20 aprel.- S. 11.