Torpaqlar dövlət ehtiyacı üçün necə
alınacaq?
Milli
Məclisin aprelin 20-də keçirilən iclasında
«Torpaqların dövlət ehtiyacları üçün
alınması haqqında» qanun layihəsi qəbul edildi. Bu
qanun Azərbaycanda torpaqların dövlət ehtiyacları
üçün alınması, bununla bağlı
kompensasiyanın məbləğinin hesablanması və
ödənilməsi qaydalarını, habelə, bu sahədə
tərəflər arasında yaranan digər münasibətləri
tənzimləyəcək.
Təbii
ki, qanun geniş ictimaiyyət üçün maraq doğurur.
Məsələ burasındadır ki, son illərdə
dövlət ehtiyacları üçün torpaqların
alınması, bu məqsədlə torpaq üzərində
olan tikililərin sökülməsi və s. kimi hallara tez-tez
rast gəlinir. Bəzi hallarda alınan torpaqlara, onun üzərində
olan əmlaka görə kompensasiyanın məbləğinin
müəyyənləşdirilməsi ilə bağlı
narazılıqlar da yaranır. İnsanları maraqlandıran əsas
məsələlərdən biri qanunun bu cür vəziyyətləri
necə tənzimləməsidir. Qanunla yaxından tanış
olduqda bu suallara cavab tapmaq olur.
Dövlət ehtiyacına nələr
daxildir?
Qanuna
əsasən, torpaqlar dövlət ehtiyacı üçün
aşağıdakı hallarda alına bilər:
-
Dövlət əhəmiyyətli yolların və digər
kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin,
kanalizasiya, yüksəkgərginlikli elektrik xətlərinin,
hidrotexniki qurğuların) çəkilməsi və
quraşdırılması;
-
sərhədboyu zolaqda dövlət sərhədinin
etibarlı mühafizəsinin təmin edilməsi;
-
müdafiə və təhlükəsizlik əhəmiyyətli
obyektlərin tikilməsi;
-
dövlət əhəmiyyətli dağ-mədən sənayesi
obyektlərinin tikilməsi.
Qanunda
qəti formada ifadə edilir ki, sadalananlardan başqa, digər
hallarda torpaqların dövlət ehtiyacları
üçün alınması nəzərdə
tutulmayıb.
Onu
da qeyd edək ki, qanuna əsasən, dövlət şəxsi
mülkiyyətçidən, bələdiyyədən və
dövlətin mülkiyyətində olub, amma icarəyə
verilən şəxsdən torpağı ala bilər. Torpağın
alınmasının qarşılıqlı razılaşma və
ya məhkəmə qaydasında məcburi yoluna icazə
verilir.
Qanunda
o da aydın şəkildə ifadə edilir ki, torpağı
alan tərəf bütün məsələləri, o
cümlədən köçürülmə, yerləşdirmə,
bu proses zamanı baş verən narahatçılıq, zərər
və s. məsələlərin həllinə görə
cavabdehdir.
Kompensasiya necə hesablanacaq?
Torpaq
alınmamışdan öncə bununla əlaqədar
elanın verilməsi şərtdir. Alınacaq torpaqlar konkret
ünvanı ilə dəqiq göstərilməlidir. Dövlət
ərazidə olan torpaqları hansı məqsədlə
aldığını izah etməli, bu məqsədlə orada
yaşayan insanlar arasında bir və ya bir neçə dəfə
ictimai iclas keçirməlidir.
Dövlət
ehtiyacı üçün alınması nəzərdə
tutulan torpağın qiymətləndirilməsini qanuna əsasən
müstəqil qiymətləndirici şirkət həyata
keçirməlidir. Alınmanın təsirinə məruz
qalan bütün şəxslərə torpaqlarının
alınması əvəzində ədalətli kompensasiya
ödənilməlidir.
Qanuna
əsasən alınan torpaq üçün kompensasiyanın
məbləği aşağıdakı üsullarla
hesablanır:
Torpağın
bazar qiymətinin müəyyən edilməsi;
Əgər
mövcud ərazidə bazar qiymətini müəyyən etmək
mümkün deyilsə, bərpa qiymətinin müəyyən
edilməsi.
Kompensasiya
müəyyən edilən zaman əsas prinsip kimi
torpaqlarını tərk etmə nəticəsində zərər
çəkən şəxslərin əvvəlki maddi vəziyyətinin
bərpa edilməsi götürülür. Kompensasiya
alınma nəticəsində şəxsi yaşayış,
həyata keçirdiyi sahibkarlıq fəaliyyətini və ya
iş yerini dəyişməyə məcbur edibsə, yerdəyişmədən
irəli gələn bütün xərclər və itkiləri
də ödəməlidir;
Ödəniləcək
kompensasiya qiymətləndirilərkən mövcud inflyasiya nəzərə
alınmalıdır.
Fərq yaransa…
Qanunda
kompensasiyanın tərkib hissəsi olan bazar, bərpa qiyməti
haqqında da izahat verilir. Torpağın bazar dəyəri
torpağın siyahıya alınma tarixindən əvvəlki
üç ay ərzində yaxın ərazidə alınan
torpağa uyğun, notariat qaydada təsdiq edilmiş
alqı-satqı müqavilələrində göstərilmiş
3 ən yüksək qiymətin orta göstəricisi əsasında
müəyyən edilir. Yaxın ərazi dedikdə 100 metrədək
olan ərazi götürülür. Həmin ərazidə
torpaqla bağlı bazar mövcud olmadıqda alınan
torpağı 250 metrədək əhatə edən ərazi
üzrə, həmin ərazidə torpaqla bağlı bazar
mövcud olmadıqda isə 500 metrədək əhatə edən
ərazi üzrə mövcud olan, alınacaq torpağa
uyğun torpağın bazar qiyməti əsas
götürülür.
Torpağın
qiymətinin onun bazar qiyməti əsasında müəyyən
edilməsi üçün nəzərdə tutulan 500 metrlik ərazidə
torpaqla bağlı bazar mövcud olmadıqda həmin
torpağın bazar qiyməti yerləşdiyi rayon, şəhərdəki
bazar qiyməti əsas götürülür.
Bərpa
dəyəri dedikdə isə əmlak sahibinin əvvəlki
imkanlarının itirilməsinə görə yaranan zərərin
məbləğidir. Qanuna görə, heç kəs dövlət
ehtiyacı üçün torpaqların və onun üzərində
olan yaşayış, sahibkarlıq obyektinin alınmasına
görə daha aşağı infrastruktur imkanı olan
torpağa, evə köçürülə bilməz. Əgər
bu baş verərsə, yaranan fərqə görə əvvəlki
imkanların bərpası üçün əlavə
kompensasiya ödənilməlidir.
Vergi və digər rüsumlar olmayacaq
Qəbiristanlıq
yerləşən torpaq alındıqda, alan tərəf həmin
qəbiristanlıqda dəfn edilmiş şəxslərin
qohumları ilə dəfn edilmiş şəxslərin
eksqumasiyası və başqa yerdə basdırılması məsələsini
həll etməlidir. Eksqumasiya və başqa yerdə
basdırılma ilə bağlı qərar qəbul edildiyi
halda, alan orqan eksqumasiya və başqa yerdə
basdırılma, habelə bununla əlaqədar bütün
müvafiq və ənənəvi mərasimlərlə
bağlı xərcləri ödəyir.
Qanuna
görə, əgər razılaşma nəticəsində
kompensasiyanın pul şəklində ödənilməsi məqbul
sayılarsa, ödəmə nağd yox, bank vasitəsilə həyata
keçirilməlidir. Torpağı alınan şəxsin bank
hesabı olmadıqda həmin hesabı alan tərəf öz
vəsaiti ilə açmalıdır və bu hesabdan istifadə
olunmasında həmin şəxslərə yardım göstərməlidir.
Qanun
ödənən kompensasiyaları vergi, rüsum və digər
ödənişlərdən azad edir.
Nəhayət,
torpağı alınan tərəf iki halda məhkəməyə
müraciət edə bilər. Alan tərəfin hərəkətləri
nəticəsində vətəndaş hüquqlarının
pozulduğunu güman edərsə, 90 gün müddətində
yuxarı orqana və məhkəməyə müraciət etmək
hüququna sahibdir. Həmçinin, torpağın
alınmasının zəruri olmadığını iddia edən,
habelə, ödənilən kompensasiyanın məbləği
ilə razı olmayan şəxs qanunvericiliyə uyğun olaraq
məhkəməyə müraciət edə bilər.
Vasif Cəfərov
Mərkəz.- 2010.- 22 aprel.- S. 7.