II Qaregin
sülhdən danışdı
«İrəvana
qayıtdıqdan sonra deyəcək ki, dünya miqyasında
«erməni soyqırımı» tanınmalıdır, geri
çəkilə bilmərik»
Dünən Bakıda Dünya Dini
Liderlərinin Ümumdünya Sammiti öz işinə
başlayıb. Dünyanın 33 ölkəsindən 220
nümayəndənin iştirak etdiyi bu mötəbər tədbir
bütün ermənilərin katalikosu II Qareginin
qatılması ilə diqqəti daha çox cəlb edir. Diqqətçəkən
məqamlardan biri də onun Bakıda səsləndirdiyi bəyanatlardır.
APA-nın xəbərinə görə, Qaregin bu tədbirin əhəmiyyətinin
böyük olduğunu deyib: «Dinlərarası dialoq
mühüm əhəmiyyətə malikdir. Dünyada regional,
milli, etnik münaqişələr mövcuddur. Dinlərarası
dialoq bu münaqişələrin həllinə kömək
edə bilər». Xalqları sülhə inandırmağın
vacibliyini qeyd edən II Qaregin Dağlıq Qarabağ probleminin
həlli ilə bağlı ATƏT-in Minsk Qrupu çərçivəsində
danışıqlar getdiyini bildirib: «Problem dinc yolla həll
olunmalıdır. Dini liderlərin əsas vəzifəsi
Dağlıq Qarabağ probleminin həlli ilə bağlı
prezidentlərə dəstək verərək,
danışıqların davam etdirilməsi və
münaqişənin həllinə nail olmaqdır». Moskva və
bütün Rusiyanın patriarxı Kirillin sülh
danışıqlarına dəstəyini yüksək qiymətləndirdiklərini
bildirən II Qaregin bu mövzuda növbəti tədbirin
İrəvanda keçirilməsi təklifini irəli
sürüb və Şeyxülislam Allahşükür
Paşazadəni ora dəvət edib. II Qaregin bildirib ki,
bölgədəki bütün bağlı sərhədlərin
açılacağı gün uzaqda deyil: «Necə ki, şərait
yaratdılar və biz Bakıya gəldik».
Burada nəzərləri cəlb edən
Qareginin Bakıya Moskva və bütün Rusiyanın
partiarxı Kirillin patronajlığı altında gəlməsidir.
Eyni zamanda, hər üç ölkənin dini liderlərinin
keçirdiyi üçtərəfli görüşdə
Kirill görüşün Dağlıq Qarabağ probleminin
sülh yolu ilə həll olunmasına həsr olunduğunu
deyib. O qeyd edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin həlli prosesində mühüm irəliləyişlər
var: «Burada böyük rol prezidentlərə aiddir. Rusiya
prezidentinin də vasitəçi kimi bu işdə öz rolu
var. Bəzi çətinliklərə baxmayaraq, iki tərəfi
də razı salan perspektivlər yaranıb. Biz siyasətçi
deyilik, dini liderlərik. Amma siyasətçilərə
münaqişənin sülh yolu ilə həlli ilə
bağlı dəstək verə, xalqlara təsir edə bilərik».
Qaregin isə çıxışında bunları deyib: «Biz
dini liderlər kimi Allah qullarıyıq. Ona görə də
sülh tərəfdarıyıq. Dini liderlər olaraq regionda
sülhün bərqərar olması üçün səylər
göstərməliyik». Vasitəçilik missiyasına
görə Rus Pravoslav Kilsəsinə təşəkkür
edən II Qaregin «Müharibə qəddarlıqdır, sülh
lazımdır» söyləyib.
Bəs, erməni dini liderinin Bakıya
gəlişində, onun səsləndirdiyi bəyanatlarda, habelə
Rusiya patriarxının bu görüşləri təşkil
etməsində Azərbaycan üçün dividend gətirən
nələrsə varmı? Bununla bağlı fikirlərini
öyrəndiyimiz «Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri,
siyasi şərhçi Elxan Şahinoğlu II Qareginin
Bakıya gəlişinin və burada sülhdən
danışmasının Dağlıq Qarabağ
münaqişəsinin həllinə təsir edəcəyini,
hansısa irəliləyişlərə səbəb
olacağını düşünmədiyini bildirdi. Onun
sözlərinə görə, danışıqların
aparıldığı ötən 16 il ərzində kifayət
qədər bu cür qarşılıqlı səfərlər
olub: «Düzdür, bu, üst səviyyəli bir səfərdir.
Amma Azərbaycanda da, Ermənistanda da, neytral dövlətdə
də xeyli sayda görüşlər olub. Həmin
görüşlərdə də hər zaman sülhdən,
xalqlar arasında əlaqənin yaranmasından, bölgədə
sabitliyə nail olmağın vacibliyindən pafosla
danışılıb. Amma üstündən keçən
aylar, illər ərzində bu ifadələrin tezliklə
unudulduğunu göstərir».
Müsahibimiz deyir ki, siyasi qərar
verilməyənədək digər qurumların, o cümlədən
QHT-lərin, jurnalistlərin, vətəndaş cəmiyyəti
təmsilçilərinin, dini liderlərin görüşmələrinin
heç bir mənası olmur: «Həqiqətən də, bir nəticə
əldə olunarsa, ilkin sülh anlaşması imzalanarsa o
zaman bu görüşlərin əhəmiyyəti artar və
bu cür təmasların yeri görünər. Beləliklə
də, barışın effektivliyi artar. Amma indiki halda, yəni
siyasi qərar verilməyənədək bu səfərlərin
nəticə verəcəyini gözləmirəm.
Çünki təcrübədə də biz bunu
görmüşük».
Erməni dini liderinin səfərinin,
səsləndirdiyi sülh bəyanatlarının
danışıqların gedişinə təsirinin
olub-olmaması ilə bağlı sualımızı
cavablandıran E. Şahinoğlu dedi ki, həqiqətən də
Qaregin Bakıda müəyyən müsbət fikirlər
söyləyib: «Amma Bakıda neyləyə, hansı fikirləri
söyləyə bilərdi? İrəvana qayıtdıqdan
sonra deyəcək ki, dünya miqyasında erməni
soyqırımı tanınmalıdır, biz bu məsələdən
geri çəkilə bilmərik. Yəni, bu
çıxış da bir növ diplomatik jestlərdir. Əlbəttə
ki, Qaregin İrəvandakı fikirlərini Bakıda təkrarlaya
bilməz. Bu, böyük narazılıq yaradar. Odur ki,
başlayır sülhdən danışmağa. İrəvanda
isə tamam fərqli fikirlər söyləyəcək. Ona
görə də deyirəm ki, bu cür açıqlamalarla
prosesə təsir etmək mümkün deyil. Əgər
böyük dövlətlər tərəflərə təsir,
təzyiq edib münaqişəni həll edə bilmirlərsə,
ayrı-ayrı din xadimlərinin prosesə təsir edəcəyini
düşünmək məncə doğru olmazdı».
Səxavət
HƏMİD
Mərkəz.- 2010.- 27 aprel.- S. 3.