Dini liderlər bəyannamə imzaladılar

 

Moskva və Ümumrusiya patriarxı Kirill, Bütün ermənilərin katolikosu və ali patriarxı II Qaregin və Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin Bakıda keçirilən üçtərəfli görüşünün sonunda birgə bəyannamə qəbul olunub. APA-nın məlumatına görə, bəyannamədə bildirilir ki, Bakıda Rusiya pravoslav kilsəsinin rəhbəri Kirillin vasitəçiliyi ilə erməni və azərbaycanlı xalqlarının dini liderləri bir-birinə olan hörmətlərinin izhar etmək, xalqlar və dövlətlər arasında ədalətli sülhə nail olmaq üçün təxirəsalınmaz tədbirlər görmək üçün Bakıda görüşüblər: “Bu görüşü hələ 1988-ci ildə Rus Pravoslav Kilsəsinin vasitəçiliyi ilə Erməni Apostol Kilsəsi ilə Qafqaz Müsəlmanları Ruhani İdarəsi arasında başlamış sülhməramlı dialoqun davamı kimi nəzərdən keçirərək, əvvəlki bəyanatlarımıza sadiq qalaraq biz xalqlarımızın dinc yanaşı yaşaması prinsiplərinin inkişafına, yalnız danışıqlar yolu ilə bütün tərəfləri qane edən, qarşılıqlı qəbul olunan qərarların hazırlanmasına bundan sonra da yardım göstərəcəyimizə ümid edirik. Qeyd etmək lazımdır ki, bu formatda görüşlərin keçirilməsi ənənəsi Qarabağ problemindən qaynaqlanan Ermənistan-Azərbaycan münaqişəsinin silahlı mərhələsinə son qoyulmasına yardım edib. Bu görüşlər sözsüz ki, münaqişənin dini zəmində münaqişəyə keçməsinin qarşısını alıb”.

Bəyannamədə bildirilir ki, sülhə, əzabkeşliyə və səbrə səsləyən dinin potensialı barışıq qüvvəsi olmalıdır: “İnanırıq ki, bizim birgə səylərimiz millətlərarası ədavəti dəf etməyə imkan verəcək. Mübahisəli məsələlərin hərbi yolla həllinə qayıtmağa yol verməmək həyati əhəmiyyət kəsb edir. Öz sülhə yönəlmiş səylərimizlə insanların indiki düşmənçiliyin aradan qaldırılmasına olan ümidlərini dəstəkləyəcəyik, çünki müharibə davam edirsə, sonu olmayacaq”.

“Biz münaqişənin nizamlanmasına dair beynəlxalq səyləri dəstəkləyirik. Sülh və dinc yanaşı yaşamağa nail olmaq üçün qarşılıqlı etimadın gücləndirilməsi məqsədilə ünsiyyəti genişləndirmək lazımdır. Daimi sülh yalnız xoş məram və səmimi niyyət olarsa mümkündür. Ermənistan və Azərbaycan prezidentlərinin səylərini dəstəkləməklə biz onların təşəbbüslərinə yardım etmək istəyirik. Bu baxımdan münaqişənin nizamlanmasına öz töhfəmizi vermək üçün dini liderlər arasında birbaşa dialoqun davamını çox vacib sayırıq. Münaqişənin nizamlanması insanlara müharibə zamanı qovulduqları yurdlarına geri dönməyə imkan verəcək. Biz tərəflərin xoş məram nümayiş etdirərək əsirləri azadlığa buraxması aktını alqışlayır, siyasi və dini xadimləri bu xeyirxah və humanitar prosesə yönəlmiş səylərini aktivləşdirməyə çağırırıq. Biz barbarlıq hallarını pisləyir və dini abidələrin, xalqlarımızın müqəddəs məbədlərinin qorunub saxlanmasını vacib sayırıq”.

Sənəddə qeyd edilir ki, sülh və anlaşmaya nail olmağın yolu asan deyil: “Bu, çoxlu zəhmət və güclü iradə tələb edir. Lakin uğur qazanacağımıza ümidlərimiz son dərəcə böyükdür”. Birgə bəyannamənin sonunda vurğulanır ki, “Qoy Tanrı bərəkətli Qafqaz torpaqlarına daimi və ədalətli sülh bəxş etsin, xoşbəxtlik və səadəti xalqlarımızın üzərindən əksik etməsin”.

 

 

Mərkəz.- 2010.- 27 aprel.- S. 3.