Bakıda dünya dini liderlərinin sammiti keçirilir

 

Prezident İlham Əliyev: “Azərbaycanda əsrlər boyu müxtəlif millətlərin, dinlərin nümayəndələri qardaşlıq şəraitində yaşayıblar

 

Dünən Azərbaycanda Dünya Dini Liderlərinin Ümumdünya Sammiti başlayıb. Gülüstan sarayında təşkil edilən tədbirin açılışında Azərbaycan Prezidenti İlham Əliyev iştirak edib. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə açılış nitqi ilə çıxış edərək, bu sammitin Bakıda keçirilməsinin mühüm amil olduğunu, Azərbaycanın dünyadakı nüfuzundan xəbər verdiyini deyib.

Tədbirdə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev sammiti böyük əhəmiyyətə mailik hadisə adlandırıb: “Bakıda dünya dini liderlərinin görüşlərinin keçirilməsi artıq ənənəvi xarakter alıb. Azərbaycanda müxtəlif millətlərin, dinlərin nümayəndələri əsrlər boyu qardaşlıq şəraitində yaşayıblar. Bu gün bütün dinlərin rəhbərlərinin Azərbaycana gəlməsi mühüm hadisədir. Bu görüşlərin gözəl nəticələri olacaq. Bakının bir növ dinlərarası dialoqun mərkəzinə çevrilməsinə böyük əhəmiyyət veririk. Azərbaycan dinlərarası dialoqun inkişafına öz töhfəsini verir. 20 ilə yaxındır ki, Azərbaycan İslam Konfransı Təşkilatının, 10 ilə yaxındır Avropa Şurasının üzvüdür. Bakı ötən il İslam mədəniyyətinin paytaxtı seçilmişdi. Gün gələcək ki, Bakı Avropa mədəniyyətinin paytaxtı seçiləcək. Əsrlər boyu bütün dinlərin millətlərin nümayəndələri Azərbaycanda birgə yaşayıblar. Ölkədə bütün azadlıqlar olduğu kimi, dini azadlıqlar da təmin olunub. Azərbaycanda 1000-dən artıq məscid, 11 kilsə, 6 sinaqoq fəaliyyət göstərir”.

Dövlət başçısı ölkənin qüdrətinin təkcə iqtisadi güclə ölçülmədiyini diqqətə çatdırıb: “Biz istəyirik ki, bölgədə sülh əldə edilsin, heç bir qarşıdurma olmasın. Əminəm ki, dünya dini liderlərinin birgə fəaliyyəti, bu sammitdə qəbul olunacaq sənədlər sülhə, əmin-amanlığa töhfə verəcək. cəmiyyətdə böyük hörmətə malik olan dini liderlərin sözünə hər zaman böyük ehtiyac olub. Bugünkü tədbirdə səmimi fikir mübadiləsi üçün şərait var. Azərbaycan dünyəvi dövlətdir. Qloballaşma adı altında biz öz milli dəyərlərimizi unutmamalıyıq. Biz qloballaşma dedikdə dünyəvi dostluğu, əməkdaşlığı nəzərdə tuturuq. Qloballaşmaya dair bəzi dairələrdə olan şübhələri götürülməsinə çalışmalıyıq. Biz öz milli dini dəyərlərimizə sadiqik, gənc nəsli vətənpərvərlik ruhunda tərbiyə etməliyik edirik. Biz eyni zamanda, müasirləşmə yolunda böyük addımlar atırıq. Əminəm ki, bu sammit bəzi problemlərin müzakirəsinə aradan qaldırılmasına yardım edəcək”.

APA-nın məlumatına görə, sonra Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin Dmitri Medvedyevin sammit iştirakçılarına təbrik məktubunu oxuyub.

Bunun ardınca QMİ-nin sədri A. Paşazadə çıxış edib. Dağlıq Qarabağ münaqişəsinə toxunan A. Paşazadə sammit iştirakçılarının bu problemdən xəbərdar olduqlarını vurğulayıb: “Biz Ermənistanla münaqişəni aradan qaldırmaq üçün səylər göstəririk. Dəfələrlə ermənilərin katolikosu ilə görüşlərimiz olub. Mən ermənilərin katolikosunun dəvətimizi qəbul edib sammitdə iştirak etməsini mühüm amil kimi qiymətləndirirəm. Biz sülhün tərəfdarıyıq. Əminəm ki, Bakı sammiti bu işə böyük töhfələr verəcək”.

Sonra Moskva bütün Rusiyanın patriarxı Kirill çıxış edib. Dini icmaların cəmiyyətdə sərbəst azad fəaliyyətinin vacibliyini vurğulayan Kirill terrorçuluğun aradan qaldırılmasının yalnız maarifləndirmə dinlərarası dialoqla mümkünlüyünü qeyd edib.

Bütün ermənilərin katolikosu II Qaregin sammitdə çıxış edib.

Qaragin tədbirin əhəmiyyətinin böyük olduğunu deyib: “Dinlərarası dialoq mühüm əhəmiyyətə malikdir. Dünyada regional, milli, etnik münaqişələr mövcuddur. Dinlərarası dialoq bu münaqişələrin həllinə kömək edə bilər”.

Xalqları sülhə inandırmağın vacibliyini qeyd edən II Qaregin Dağlıq Qarabağ probleminin həlli ilə bağlı ATƏT-in Minsk Qrupu çərçivəsində danışıqlar getdiyini bildirib: “Problem dinc yolla həll olunmalıdır. Dini liderlərin əsas vəzifələri prezidentlərə dəstək verərək, danışıqların davam etdirilməsi münaqişənin həllinə nail olmaqdır”.

Moskva bütün Rusiyanın patriarxı Kirillin sülh danışıqlarına dəstəyini yüksək qiymətləndirdiklərini bildirən II Qaregin bu mövzuda növbəti tədbirin İrəvanda keçirilməsi təklifini irəli sürüb Şeyxülislam Allahşükür Paşazadəni ora dəvət edib.

II Qaregin bildirib ki, bölgədəki bütün bağlı sərhədlərin açılacağı gün uzaqda deyil: “Necə ki, indi şərait yaratdılar biz Bakıya gəldik”. Qeyd edək ki, tədbirdə 33 ölkədən 220 nümayəndə iştirak edir. Sammit bu gün başa çatacaq.

 

 

Mərkəz.- 2010.- 27 aprel.- S. 2.