«ADNA faciəsi»ndən bir il keçdi

 

Yenə həzin, yenə ilıq yaz günlərindən birini yaşayırıq - aprelin 30-nu. Onda da təqvimin eyni gününü eyni xoş ovqatla yaşamağa hazırlaşırdıq. Amma gün doğmadan nələr doğarmış… Bakı 30 aprel səhərini güllə səsi, qan rəngi, qara xəbərin üzüntüsüylə açdı. Övladlarını gülərüzlə dərsə yola salan anaların gözündə yaş dondu, bacılar «qardaş» deyib nalə çəkdi, ata fəryadı ana iniltisinə qarışdı, sevən cütlüklərin dünyası qaraldı…

«Neft Akademiyasında qətliam baş verib, müəllim və tələbələr qanına qəltan edilib…» - bu acı xəbərin ağırlığını daşıyan radio, televizia, qəzet, internet portalları oldu, ağrısını yaşayan isə bütün Azərbaycan xalqı… Elə bu gün də təqvimin eyni gününü yaşayırıq. Amma bu bahar günündə ovqatımız yenə nisgilli, yenə təlxdir. Axı üstündən bir il ötsə də, yaramız hələ qaysaq bağlamayıb. Təkcə biz yox, elə faciənin baş verdiyi həmin binada - Dövlət Neft Akademiyasında da faciənin törətdiyi acılar hələ unudulmayıb.

Akademiyanın 3-cü kurs tələbəsi Rəşad Allahverdiyev üstündən bir il ötməsinə baxmayaraq həmin qanlı hadisəni unuda bilmir. Dediyinə görə, indi də kino lenti kimi həmin olay gözü önündən keçir və gördükləri onu dəhşətə gətirir: “Bir nəfər binaya daxil olaraq qabağına keçəni güllələməyə başladı. İki müəllimimi gözümün qabağında vurdu. Hadisəyə müdaxilə edənləri güllələyirdi. Pəncərədən çıxıb qaçdıq. Bu, mənim indiyə qədər yaşadığım və yaşayacağım ən dəhşətli hadisədir, xofu ömrümün sonuna qədər məni izləyəcək”.

Qətliamda həlak olanların xatirəsini həmişə ehtiramla yad etdiyini deyən Rəşad oxuduğu təhsil ocağında onların fotosu qarşısında dayanır və ruhları qarşısında baş əyir. Bu gün də qırmızı qərənfillər alıb, müəllim və tələbə heyəti ilə bərabər qətl qurbanlarının məzarını ziyarət edəcək.

«Üstündən bir il ötüb, amma hələ də təhsil aldığım bu doğma ali məktəbin qapısından içəri daxil olanda həyəcan hissi keçirirəm. Çünki gözümün önündə baş verənlərin şoku hələ də canımdan çıxmayıb. Günahsız yerə qanı axıdılan tələbə yoldaşlarımın, müəllimlərimin ölümünə sarsılıram. Nə yaxşı ki, hər kafedranın qarşısında onların şəkilləri asılıb və biz hər gün onları yad etməklə, həm də ruhən bizimlə bərabər olduqlarını hiss edirik» 3-cü kurs tələbəsi Jalə Rzayeva özünü nə qədər tox tutsa da, göz yaşları sözünə baxmır.

Elə onunla eyni qrupda təhsil alan və faciəni gözlərinə yox, həm də ürəyinə köçürən Aysel Qurbanova da hisslərini cilovlaya bilmir. Nahaqdan qanı axıdılan, ömürlərinin fidan çağında düşmən gülləsinin qurbanı olan tələbə yoldaşlarının vaxtsız ölümünə ağlayır. Özü də hönkürtü ilə… «Onların yerinə mən də ola bilərdim», - deyən Aysel sağ qaldığına görə Allaha dua etməyi də unutmadı. Düşmən gülləsinə sipər olan tələbə yoldaşlarının ruhunun həmişə onlarla bərabər olduğunu düşünən Aysel onları «mələk» də adlandırdı: «O qanlı bahar günündə qanına qəltan olmuş o gənc oğlan və qızlar mələk idilər və bu gün də yerləri cənnətdədir. Çünki onların heç bir günahı yox idi, Allahın bəlkə də ən saf, ən təmiz insanları idi deyə, torpaq onları tez apardı. Yaxşı adamlar tez ölür axı…»

Bu da Ayselin özü-özünə verdiyi təsəlli idi.

Pilləkanları enirəm. Mənim endiym bu pilləkanları düz bir il əvvəl onlar qalxmışdılar; deyə-gülə, ürəklərində min-bir arzu qoşub düzə-düzə. Amma nə biləydilər ki, son dərslərindən son mənzillərinə də elə məhz bu pilləkandan enib gedəcəklər. Arxada qoyduqlar isə yalnız xatirələr olacaq. O xatirələr ki, ağrısı hələ dostlarını çox yandırıb-yaxacaq. Ələlxüsus da ilıq bir yaz səhərində - aprelin 30-da…

Xatırladaq ki, ötən il aprelin 30-da ADNA-nın Bakı şəhəri, Dilarə Əliyeva küçəsi, 227 saylı ünvanda yerləşən ikinci korpusuna daxil olan naməlum şəxsin inzibati binanın birinci mərtəbəsindən altıncı mərtəbəsinədək qarşısına çıxan şəxslərə “Makarov” tipli tapançadan atəş açması nəticəsində 12 nəfər ölüb, 13 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisəni törədən şəxs sonra özünü vurub. Onun Gürcüstan vətəndaşı, 1980-ci il təvəllüdlü Qədirov Fərda Əsəd oğlu olduğu müəyyən edilib.

Baş vermiş hadisə ilə bağlı dərhal Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin əməkdaşlarından ibarət əməliyyat istintaq qrupu yaradılıb. Həyata keçirilən tədbirlər nəticəsində F. Qədirovla əlaqəli şəxslərin bir çoxu cinayət məsuliyyətinə cəlb olunub.

İş üzrə təqsirləndirilənlər Amirov cavidan Fərman oğluna cinayət Məcəlləsinin 214.2.1, 214.2.3 (terrorçuluq), 28,120.2.1 (qəsdən adam öldürməyə hazırlıq), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.5, 120.2.7, 120.2.10, 120.2.11, 120.2.12 (ağırlaşdırıcı hallarda qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.5, 29,120.2.7, 29,120.2.10, 29,120.2.11, 29,120.2.12 (ağırlaşdırıcı hallarda qəsdən adam öldürməyə cəhd), 206.4 (mütəşəkkil dəstə tərəfindən qaçaqmalçılıq), 228.2.2, 228.3 (qanunsuz olaraq odlu silah, döyüş sursatı, əldə etmə, saxlama, daşıma və gəzdirmə) və 234.1-cü (qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama və daşıma) maddələri ilə, Əliyev Nadir Şirxan oğluna və Süleymanov Nəcəf Novruz oğluna cinayət Məcəlləsinin 214.2.1, 214.2.3, 120.2.1, 120.2.3, 120.2.4, 120.2.5, 120.2.7, 120.2.11, 120.2.12, 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.5, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12, 206.4 və 228. 3-cü maddələri ilə, Qabulov Ariz Zahid oğluna cinayət Məcəlləsinin 206.3.2 və 228.2.1-ci maddələri ilə ittiham elan olunub.

Fərda Qədirovun ölümü ilə əlaqədar cinayət işinin onun barəsində olan hissəsinə xitam verilib.

APA-nın məlumatına görə, hazırda cinayət içi üzrə Ağır cinayətlərə Dair İşlər üzrə Məhkəmədə məhkəmə prosesi keçirilir.

Baş verən kütləvi qətlin sifarişçisinin erməni əsilli Gürcüstan vətəndaşı Mardun Qumaşyanın olduğu müəyyənləşib. cinayət işinin materiallarına görə, Neft Akademiyasında terror aktının törədilməsini sifariş verən Qumaşyan Mardun Qriqoryeviç 6 mart 1951-ci ildə Gürcüstanın Marneuli rayonunun Şulaver kəndində anadan olub.

İttiham aktında da qeyd olunub ki, Gürcüstan vətəndaşı olan və Marneuli rayonunun Şulaver kəndində yaşayan Qumaşyan Mardun Qriqoryeviç həmin rayonun Daştəpə kənd sakini Qədirov Fərda Əsəd oğlu, sonuncunun qohumu Şulaver kənd sakini Amirov cavidan Fərman oğlu, Daştəpə kənd sakinləri Süleymanov Nəcəf Novruz oğlu, Əliyev Nadir Şirxan oğlu və şəxsiyyətləri istintaqa məlum olmayan digər şəxslərlə 2009-cu ilin yanvar-mart aylarında cinayət əlaqəsinə girərək, azərbaycanlılara qarşı saxladığı milli ədavət zəminində Bakı şəhərində terror aktının törədilməsi barədə onlarla sövdələşib. Terrorçuluğu maliyyələşdirərək bu cinayətin təşkili və həyata keçirilməsi üçün onlara ümumilikdə 50 min ABŞ dolları məbləğində pul verəcəyini vəd edib, əvvəlcədən Fərda Qədirova 5 min ABŞ dolları məbləğində pul verərək, qalan məbləği cinayət törədildikdən sonra verəcəyi, eləcədə Fərda Qədirov tərəfindən hələ 8 noyabr 2008-ci il tarixdə Gürcüstanın Tbilisi şəhərində odlu silah satışı mağazasından aldığı “Makarov” tipli tapança və 200 ədəddən artıq patronların qanunsuz olaraq Azərbaycana keçirilməsi barədə razılığa gəlib.

cinayəti törətmək məqsədilə atəş vərdişləri əldə etmək üçün Fərda Qədirov cinayət əlaqəsində olduğu cavidan Amirov, Nadir Əliyev və Nəcəf Süleymanovla Daştəpə kəndində olan evinin alt mərtəbəsində həmin tapançadan müxtəlif nişangahlara atəş açaraq məşq edib. Bundan sonra planlaşdırdıqları cinayəti həyata keçirmək üçün cavidan Amirov 2009-cu ilin 12 mart, Fərda Qədirov 13 mart, Nadir Əliyev 15 mart, Nəcəf Süleymanov isə 17 mart tarixlərində Bakı şəhərinə gəliblər.

Fərda Qədirov 13 mart 2009-cu il tarixdə Azərbaycana gələrkən tapançanı və külli miqdarda patronları qaçaqmalçılıq, yəni Azərbaycan gömrük sərhədindən, gömrük nəzarətindən gizli keçirmək məqsədilə Marneuli-Bakı marşrutu ilə işləyən “Mercedes-0303” markalı GEO SOU 900 Gürcüstan dövlət nömrə nişanlı avtobusun qeyri-rəsmi sürücü köməkçisi olan Qabulov Ariz Zahid oğlu ilə qabaqcadan əlbir olub, avtobusun yük hissəsində Azərbaycana keçirməyə nail olub. Həmin silahı və döyüş sursatlarını Bakı şəhərində cavidan Amirovla birlikdə qanunsuz gəzdirib, daşımış və Ariz Qabulovun vasitəsilə kirayəyə götürdüyü Bakı şəhəri, B.Çobanzadə küçəsi 65, mənzil 35-də, eləcə də cavidan Amirovun müvəqqəti yaşadığı Bakı şəhəri Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, İ.Musayev küçəsi, mənzil 1-də qanunsuz olaraq saxlayıb.

Planlaşdırılmış həmin cinayəti cavidan Amirovun təklifi ilə Bakı şəhərinin mərkəzində, xüsusi mühafizəsi olmayan, eyni zamanda çoxlu sayda tələbələrin təhsil aldığı və əhali arasında vahimə yaradılması üçün əlverişli yer olan ADNA-nın D. Əliyeva küçəsində yerləşən 2-ci tədris binasında törədəcəkləri barədə Fərda Qədirov, Nəcəf Süleymanov və Nadir Əliyev razılaşıb. 2009-cu ilin aprel ayında Fərda Qədirov cavidan Amirov və Nadir Əliyevlə birlikdə həmin binaya gəlib və orada giriş-çıxış, cinayəti törətdikdən sonra qaçmaq yollarını, binanın 2-ci mərtəbəsindəki dəhlizin pəncərəsindən həyətə düşüb-qaçmağın mümkünlüyünü müəyyən edib və törədəcəkləri cinayətdə rollarını bölüşdürüblər.

Müəyyən edilib ki, artıq 2008-ci ilin noyabr ayında Fərda Qədirov cinayət yolunu seçərək, insanlara qarşı gizli şəkildə qətl hadisələri törədəcəyini planlaşdırıb. Lakin, Fərda Qədirovun Bakı şəhərində fəhlə işləyən bibisi oğlu cavidan Amirov 28 dekabr 2008-ci il tarixdə, Ukraynada fəhlə işləmiş həmkəndlisi Əliyev Nadir Şirxan oğlu isə 2 yanvar 2009-cu il tarixdə Marneuli rayonuna gəlib və bundan sonra Fərda Qədirovun gələcək planlarında müəyyən dəyişikliklər baş verib. cavidan Amirov Fərda Qədirovu Şulaver kənd sakini Qumaşyan Mardun Qriqoryeviçlə tanış edib. Bu tanışlıqdan sonra Fərda Qədirov və Mardun Qumaşyan tez-tez sonuncunun qonşu Şulaver kəndindəki evində, eləcə də Fərda Qədirovun yaşadığı evdə görüşüb.

Hazırda Azərbaycan hüquq-mühafizə orqanları terrorun sifarişçisi - erməni əsilli Gürcüstan vətəndaşı Mardun Qumaşyanın istintaqa cəlb olunması istiqamətində əməliyyat tədbirlərini davam etdirir. Onun barəsində İnterpol xətti ilə beynəlxalq axtarış elan olunub.

Azərbaycan Dövlət Neft Akademiyasında terror hücumu nəticəsində qətlə yetirilən şəxslərin adları:

 

1. Məmmədov Taleh Tariyel oğlu, 1980-ci il təvəllüdlü (Sumqayıt şəhəri, II mikrorayon)

2. Qurbanova Ayna Abbasqulu qızı, 1957-ci il təvəllüdlü (Salyan şəhəri)

3. Əzizova Tamilla Zülfüqar qızı, 1951-ci il təvəllüdlü (Bakı şəhəri, Xətai rayonu Babək prospekti)

4. Bəndəliyev Yusif Telman oğlu, 1989-cu il təvəllüdlü (cəlilabad şəhəri, Füzuli küçəsi)

5. Abdullayev Ramiz Xəlil oğlu, 1940-cı il təvəllüdlü (Bakı şəhər, VII mikrorayon)

6. Vahidov Məcnun Abdulvahid oğlu, 1946-cı il təvəllüdlü (Bakı şəhər, IX mikrorayon)

7. Aslanov Ceyhun Sakit oğlu, 1988-ci il təvəllüdlü (Şirvan şəhəri)

8. Abdullayev Emin İmaməli oğlu, 1989-cu il təvəllüdlü (Daşkəsən şəhəri)

9. Babaşov Ruslan Cəfər oğlu, 1990-cı il təvəllüdlü (Sabirabad rayonu)

10. Bağırov Ayaz cahangir oğlu, 1988-ci il təvəllüdlü (Bakı şəhəri, Yasamal rayonu)

11. Məmmədova Şəfa Afət qızı, 1978-ci il təvəllüdlü (Bakı şəhəri, Füzuli küçəsi)

12. Cabbarov Savalan Allahverdi oğlu, 1987-ci il təvəllüdlü (Bakı şəhəri)

13. Terrorçu – Qədirov Fərda Əsəd oğlu, 1980-ci il təvəllüdlü (Gürcüstan vətəndaşı).

 

 

Cəvahir SƏLİMQIZI

 

Mərkəz.- 2010.- 30 aprel.- S. 3.