12 yaşlı xanəndə almanları mat qoydu

 

«Hər kəs konsertdən sonra gəlib əli ilə Rəşidin boğazını yoxlayırdı ki, görək, həmin zəngulələr bu boğazdan necə çıxıb»

 

Dövlət Uşaq Filarmoniyasının Xalq Çalğı Alətləri Ansamblının üzvlərinin ünvanına Almaniyadan təşəkkürnamə göndərildi

 

Dövlət Uşaq Filarmoniyasının Xalq Çalğı Alətləri Ansamblının üzvləri Almaniyada keçirilmiş beynəlxalq musiqi festivalında iştirak ediblər. Kollektivin yüksək səviyyədə çıxışı festival iştirakçılarını, eləcə də təşkilatçıları heyrətləndirib. Azyaşlı musiqiçilərimizin ifa etdikləri Azərbaycan musiqisindən vəcdə gələn festival təşkilatçıları yüksək səviyyəli iştiraka görə ansamblın adına təşəkkür məktubu göndəriblər.

Təəssüratlarını ilk dəfə olaraq, «Mərkəz»lə paylaşan ansamblın bədii rəhbəri Qönçə Mehdiyeva balaca musiqiçilərin uğurundan hədsiz sevinc hissi keçirdiyini dilə gətirdi: «Bu da çox sevindiricidir ki, Azərbaycan musiqisi həmişə beynəlxalq tədbirdə uğur qazanıb. Azyaşlı musiqiçilərimizin bu uğura imza atması məni həm də təsirləndirir. Ən təsiredici məqam bu idi ki, 12 yaşlı balaca xanəndəmiz Rəşid Seyidov muğamlarımızı oxuyanda zal yaxşı mənada şokda idi. Hər kəs konsertdən sonra gəlib əli ilə Rəşidin boğazını yoxlayırdı ki, görək həmin zəngulələr bu boğazdan necə çıxıb».

Qeyd edək ki, festivalda 12 yaşlı xanəndə Rəşid Seyidov, 17 yaşlı tarzən MirCəfər Mövsümzadə və 15 yaşlı kamança ifaçısı Niyaməddin Allahverdiyev iştirak ediblər. Almaniyanın Osnabruq şəhərində keçirilən festivala cəmi üç ölkə - Azərbaycan, Suriya və İsrail dəvət olunub: “Festivalda iştirak etmiş üç ölkənin hər biri yarım saat öz musiqisini ifa edirdi. Biz isə orada Azərbaycan muğamları, xalq və bəstəkar mahnılarından ibarət repertuarla çıxış etdik. Proqrama «Qarabağ şikəstəsi», «Heyratı», «Şur» muğam dəsgahları, «Mehriban olaq», «Mənim Azərbaycanım» mahnıları və Üzeyir Hacıbəylinin «O olmasın, bu olsun» operettasından «Uzundərə» rəqsi daxil idi. Bax, özümüz repertuarı elə seçmişdik ki, vətənpərvərlik ruhumuzu nümayiş etdirək».

Qonçə xanım onu da bildirdi ki, Almaniyada Azərbaycan muğamları böyük maraqla sevilir. Ansamblın rəhbəri buna görə Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevaya minnətdarlıq etməyi də unutmadı: «Heydər Əliyev Fondunun prezidenti, UNEScO və ISEScO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın sayəsində Azərbaycan muğamı bütün dünyanı, o cümlədən də Almaniyanı fəth edib. Biz bu məhəbbəti bütün festivallarda olduğu kimi, Almaniyada keçirilmiş beynəlxalq festivalda da hiss etdik. Muğamlarımız ifa olunarkən, salonda həzin bir sükut yaşanırdı. Əcnəbilər musiqimizdən vəcdə gəlmişdilər».

12 yaşlı xanəndə Rəşid Seyidovla da söhbətləşdik. Festivaldan zəngin təəssüratlarla Bakıya dönən balaca xanəndə Almaniyadakı uğurunu təkcə özünün yox, Azərbaycanın uğuru kimi dəyərləndirdi: «Mən konsertdə zəngulələr vurarkən, əcnəbilər mənə heyrətlə baxırdılar. Musiqimiz əcnəbilərə möcüzə kimi gəlirdi. Hətta konsertdən sonra mənə yaxınlaşıb o zəngulələri təkrarlamağı xahiş edirdilər. Bu məni bir Azərbaycan vətəndaşı kimi qürrələndirirdi. Mən sevinirdim ki, mənim belə yüksək səviyyədə qəbul olunan musiqim var».

Rəşidin dediyinə görə, proqramda nəzərdə tutulduğundan da artıq musiqi nömrələri ilə çıxış ediblər. Səbəb isə onların alqışlarla təkrar-təkrar səhnəyə qaytarılması olub».

…Onu da öyrəndik ki, 2011-ci ilin sentyabrında Dövlət Uşaq Filarmoniyasının yaradılmasının 20 illiyi qeyd olunacaq. Bu məqsədlə xüsusi tədbirlər planı hazırlanacaq.

 

 

Cəvahir SƏLİMQIZI

 

Mərkəz.- 2010.- 28 avqust.- S.11.