Mətbuat Şurasında şəhid jurnalist Alı Mustafayev anıldı

 

Dünən Azərbaycan Mətbuat Şurasında şəhid jurnalist, Azərbaycanın Milli Qəhrəmanı Alı Mustafayevin anım mərasimi keçirilib.

Şuranın Ahıl Jurnalistlər Məclisi tərəfindən təşkil olunan tədbiri giriş sözü iləsədri Əflatun Amaşov açıb. O, A. Mustafayevin professional jurnalistikamızda özünə layiqli yer tutduğunu, zəhmətkeşliyi istedadı ilə fərqləndiyini vurğulayaraq diqqəti qələm sahibinin keçdiyi mənalı ömür yoluna, ədəbi bədii yaradıcılığına yönəldib.

Anım mərasimində Alı Mustafayevin tələbə yoldaşlarından Məzahir Süleymanzadə, Tahir Aydınoğlu, İlqar Həsənov, Sakit Ocaqlı, Akif cabbarov, Akif Qurbanov, Araz Qurbanov, qocaman qələm sahibi Ələsgər cabbarov həyatdan vaxtsız getmiş jurnalist barədə xatirələrini yada salıb, onunla fəxarət duyduqlarını dilə gətiriblər.

Mətbuat Şurasının Ahıl Jurnalistlər Məclisinin sədri, əməkdar jurnalist Yusif Kərimov bildirib ki, Alı Mustafayev, Salatın Əsgərov kimi jurnalistlər Azərbaycanın dövlət suverenliyi ərazi bütövlüyü uğrunda gedən mübarizənin önündə gediblər, şəhidlik zirvəsi ilə misilsiz örnəyə çevriliblər. Alı Mustafayevin tələbəlik dostu Qənimət Səfərov şəhid jurnalistin cəfakeşliyindən danışaraq onun dostluğa sədaqətinin, ailəcanlığının da nəsillərə nümunə olduğunu vurğulayıb. İdarə Heyətinin üzvü, «Paralel» qəzetinin baş redaktoru Tapdıq Abbas çıxışında dəfələrlə sıx təmasda olduğu şəhid jurnalistin mehribanlıq, işgüzarlıq keyfiyyətlərini xarakterizə edib.

Sonda Alı Mustafayevin həyat yoldaşı Lalə xanım çıxış edərək xoş sözlərə anım mərasiminin təşkilinə görə təşəkkürünü bildirib.

Qeyd edək ki, A. Mustafayev Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alıb. Təyinatı Azərbaycan Televiziya Radio Verilişləri Şirkətinə verilib ömrünün sonunadək orada işləyib. Erməni işğalçılarının Azərbaycana hücumu dövründə Dağlıq Qarabağdan - qaynar nöqtələrdən, eləcə yüksək dövlət səviyyəli rəsmi görüşlərdən hazırladığı müsahibə reportajlarla rəğbət qazanıb. 1991-ci ildə "İlin ən yaxşı jurnalisti" mükafatına layiq görülən Alı Mustafayev həmin il noyabrın 19-da Dağlıq Qarabağın Qarakənd kəndi yaxınlığında sülhməramlı nümayəndələri aparan vertolyotun ermənilər tərəfindən vurulması nəticəsində şəhid olub.

 

Tuncay Rüstəmli

 

Mərkəz.- 2010.- 1 dekabr.- S. 15.