HEYDƏR
ƏLİYEV
Əliyev, mahir psixoloq
olaraq, hər kəsi özünüifşaya gətirib
çıxarır, hər kəsdən hakimlik
potensialını alır, səviyyəsini aşağı
salır, hakimlik mifindən məhrum edir, məddah
televiziyanın yaratdığı surəti faş edirdi. O, bu kəsləri
iqtidar mərkəzilə bağlayan telləri bir-bir
qırır, bu telləri öz üzərinə
qapayırdı, çünki indi bu mərkəzdə duran
özüydü, dağılmış idarəetmənin ilk
kövrək strukturunu qururdu. Necə
çətin bir şəraitdə işlədiyi, 70
yaşlı siyasətçidən necə səbr və
təmkin tələb olunduğu görünürdü.
Bu məqamda onu
mütəhərrik edən qalibanəlik, revanş hissi yox,
vurulmuş, alovlanan təyyarənin sükanını
ələ almış pilotun sərrast
ölçülüb-biçilmiş
səriştəsi idi.
4 əsas «cəbhəçi» - az əvvəl Ali Sovetin
sədri İsa Qəmbərov, baş nazir Pənah
Hüseynov, DİN və təhlükəsizlik xidmətinin
məmurları həbs edilmişdi...
Hakimiyyət sürətlə dəyişirdi... Bezikmiş,
ruhdan düşmüş, ümidlərini itirmiş,
təsadüflərin ardınca sürünən
cəmiyyətin özü də dəyişirdi».
Əliyev Proxanovu gecə vaxtı, hələ də tərk
etmədiyi iş yerində, Ali Sovetin sədrinə mənsub
olan kabinetdə qəbul etdi.
«Onun arxasında respublika
dövlət bayrağı dururdu. Masa
üzərində isə qızılı naxışlı
Quran surələrindən ibarət kəlamlar vardı.
Burdaca, üzərində SSRİ-nin gerbi ilə
bəzənmiş şirmayı rəngli hökumət
telefonları düzülmüşdü.
Bilirdim ki, 1 həftədir gündə 4 saatdan artıq
yatmır. Qarşıma çıxan çevik
cüssəli adamın yorğunluğundan
əsər-əlamət sezilmirdi. Əl tutanda quru
pəncəsi ilıq və möhkəm idi. Günəşdən
yanmış uzunsov üzü qoca sifətinə
oxşamırdı. Əynində gözəl biçimli
kostyum. Məmurlara xas olmayan, quru
rəsmilikdən xali, yaraşıqlı qalstuku iri
düyünlə bağlanmışdı. Gözləri
parlaq, iti, cəld hərəkətli, bir an içində alışan
zəhmli baxışları. Bütün görkəmində
artistizm - müsahibin kimliyini dərhal aşkarlamaq, onun
ovqatını və niyyətlərini ayırd etmək
fəhmi duyulurdu. Bir də kabinetindən tütün iyi yox,
çətin sezilə biləcək zərif, bahalı
odekalon ətri duyulurdu».
Mənim müsahibəmdən bir neçə parça.
«A. Proxanov: Heydər
Əliyeviç, indi artıq aydındır ki,
Azərbaycanın ən yeni tarixində daha bir dövr başa
çatmışdır. Xalq cəbhəsinin il
yarımlıq «şahlığı» sanki 1 saat ərzində
sona yetmişdir. O tüstü kimi sovuşub getdi. Siz bunu
necə izah edirsiniz? Bu dövr Azərbaycan üçün
nə demək idi?
H. Əliyev: Bu,
respublikanın dağıdılması idi. Onlar
hər şeyi - təsərrüfatı, əxlaqı,
psixologiyanı - dağıtmışdılar. Ən
dəhşətlisi - insanlar işləməkdən əl
çəkmişdilər. İşləmək
imkanının özü yoxa çıxmışdı. Siz
bilirsiniz, Lənkəranda, boş çöllərdə,
biyabanlıqda biz gözəl tərəvəz
plantasiyaları yaratmışdıq. Bunlar «ümumittifaq
bostan»ı adlandırılırdı. Orada tez yetişən
əla pomidor, xiyar, bostan bitkiləri becərilirdi,
bütün bunlar Norilskə, Urala, Moskvaya göndərilirdi.
Respublika nəhəng gəlir, Rusiyanın sənaye
mərkəzlərisə əla tərəvəz
alırdılar. Yadımdadır, Finlandiya Prezidenti Urxo Kekkonen
bu yerlərə istirahətə gəlmiş və
plantasiyalara baxıb valeh olmuşdu. Hanı onlar? Hər
şey atılıb qalıb, yenə çöllük,
biyabanlıq. Adamlar da işsiz...
Yaxud - üzüm. Aleksey
Nikolayeviç Kosıgin üzümçülərə
çox kömək edirdi. Biz Azərbaycan üzrə
üzüm yığımını ildə 2 milyon tona
çatdırdıq. Abşeronun şanı üzümü
bildiyim növlərdən ən şirinidir. Abşeronda quru,
qızmar qumsal torpaqlar var, meynə bu qızmar torpaqlara
döşənir və onların hərarətini,
şirəsini içir. Hər şey tələf oldu! Bu il
biz olsa-olsa 400 min ton üzüm yığacağıq...
İnsanlar
işləməyi yadırğayıb, dolanmaq
üçün xırda alverə qurşanıblar. İran
yaxın, Türkiyə yaxın. Hansısa xarab bir malı
xırda-xırda hissələrlə alıb satırlar. Amma
hasil etmirlər! Sumqayıt kimya kombinatı yarı
gücü ilə işləyir! Neft hasilatı kəskin
şəkildə aşağı düşüb!..
Hakimiyyətə gələnlər nə
təsərrüfatçı, nə idarəçi, nə
də siyasətçidirlər! Kiçik elmi
işçilər, yazıçılardı. Onlar
dövlətin nə olduğunu anlamırlar! Özü də
azadlıq, haqq-ədalət sözlərindən
başlayıb kütləvi oğurluqla qurtardılar! Xalq
onlardan cana doyub! Yalnız bahalı «Mersedes»lərdə
cövlan edib elə hey qırıldadır,
qırıldadırlar! Əxlaqsız çoxdur, aşkar
oğrular çoxdur!..
Və əlbəttə, Qarabağ! Onlar bu müharibəni
udmadılar, münaqişəni siyasi yolla
söndürmədilər! Biz çoxsaylı kəndləri,
çox torpaqları itirdik! Dünən bir kolxoz sədri
yanıma gəlmişdi. «Əlbəttə, - deyir, -
dəhşətdir ki, biz orada minlərlə mal-qara, min
hektarlarla torpaq itirdik, amma ən dəhşətlisi odur ki,
atalarımızın qəbirlərini itirmişik! O
qəbirlərin üstündə düşmən öz
qələbəsini bayram eləyir!»
A. Proxanov: Bəs indən
belə necə hərəkət etməli? Ölkə talan
olub, cəmiyyət parçalanıb, ruhdan düşüb.
Hansı ideya xalqı birləşdirəcək? Hansı
fəlsəfə, hansı ideologiya üzülmüş
cəmiyyəti birləşdirəcək? Siz yaxın
keçmişdə kommunist ideologiyasının
daşıyıcısıydınız, lakin artıq o yoxdur.
İndisə Xalq cəbhəsinin hallandırdığı
liberal ideya süquta uğradı. Bəs insanlar
tərəfindən hansı ideya qəbul ediləcək?
H. Əliyev: Yalnız milli
barışıq ideyası, ayrı heç bir ideya yox! Daha
fərqi yoxdur - sən hansı partiyaya mənsubsan,
neçə yaşın var, hal-əhvalın necədir. Bizi
dəhşətli bəlanın kəndarından yalnız
ümummilli barışıq uzaqlaşdıra bilər. Bunu
xalq başa düşür, hərbçilər, kommersantlar,
müəssisə direktorları başa
düşürlər. Biz heç kəsi
təqib etməyəcək, gözümçıxdıya
salmayacağıq. Əgər sən liberalsansa, əgər
sən Xalq cəbhəsinin üzvüsənsə, səni
heç kəs təqib etməyəcək, sənə
gözün üstə qaşın var,
deməyəcəklər. Xalqa xidmət elə, xalqın
yolunda özünü fəda elə. Bax, budur ideya, budur
fəlsəfə! Belə düşünürəm ki, bu
ideologiyanı ədəbiyyat və incəsənət
xadimləri, din xadimləri formalaşdıracaqlar!
A. Proxanov: Bəs rəsmi
Rusiya Bakıda baş vermiş hadisələrə, Sizin
siyasətə qayıtmağınıza necə
münasibət göstərdi?
H. Əliyev: Hələlik
heç cür. Təkcə Ruslan Xasbulatov məni Ali Sovetin
sədri seçilməyim münasibətilə təbrik edib.
Rəsmi Moskva susur. Xalq cəbhəsi Rusiya əleyhinə
siyasət aparır, hər şey edirdi ki, Rusiya ilə
Azərbaycan yaxınlaşmasınlar. Deyəsən, bu,
Moskvanı da qane edirdi. Siz Rusiyaya olan münasibətimi
bilirsiniz. Azərbaycan Rusiya ilə iqtisadi, mədəni,
coğrafi, siyasi cəhətdən bağlıdır. Biz sadəcə
qonşu deyilik, bizim eyni tariximiz var. Təkrar edirəm: Rusiya ilə
bugünkü münasibətlər məni razı salmır,
lakin mən qəti əminəm ki, münasibətlərimiz
hökmən inkişaf etdiriləcəkdir».
90-cı illərin
əvvəllərində Azərbaycanın siyasi
üfüqlərində ulduzu parlayan, sonralar isə
tezliklə soluxub batan bir şəxsiyyət haqqında söz
açmaq ümumi mənzərəni tamamlamaq
baxımından yerinə düşərdi.
Surət Hüseynov əvvəllər, sovet illərində
mühəndis olmuş, yun emalı fabrikinə
başçılıq etmişdi. Ermənistanla
müharibə başlayanda özünün
söylədiyinə görə, «cəbhəyə
əlindən gələn yardımı göstərmişdi.
Tədricən hərbi işlərdən başqa
bütün işlərini atmışdır». Rusiyada
vətəndaş müharibəsi tarixilə tanış olan
oxucular oxşar taleləri də xatırlaya bilərlər.
Məsələn, gah ağlar, gah qırmızılar
tərəfində, gah da öz məqsədlərinə
görə vuruşan Nestor Maxnonun qoşunları yada
düşür. Surəti döyüş
meydanında görənlərin fikrincə, o,
rəşadətlə vuruşurmuş. Ona polkovnik
rütbəsi verilir; Azərbaycanın Milli
Qəhrəmanı adına layiq görülür;
Elçibəy onu Qarabağda özünün şəxsi
nümayəndəsi, korpus komandiri təyin edir. Komandirin tabeliyində, nizami qoşun
hissələrindən başqa, «şəxsi ehtiyat
qüvvələri» də vardı.
Onların
köməyilə iddialı polkovnik nəyə nail olmaq
istəyirmiş? Öz şəxsi niyyətləri
haqqında birbaşa verilən sualları o, dolayısı
ilə cavablandırırdı. 1993-cü ildə, iyunun sonunda
Gəncə hadisələrindən sonra
jurnalist Elmira Axundova ilə müsahibəsində olduğu
kimi.
- İndi vəzifə bölüşdürmək vaxtı
deyil. İndi bütün nüfuzlu siyasi qüvvələr
və liderlər birləşməli və
müharibəyə tezliklə necə son qoymaq, xalqın
həyat səviyyəsini qaldırmaq haqqında birgə düşünməlidirlər.
Məni ən çox narahat edən bu 2 problemdir. Xalq,
düşünürəm ki, artıq kimin kim olduğunu
ayırd edib. Boş söhbətlərdən işə
keçməyin vaxtı çatıb. Kim xalqa,
cəbhəyə kömək etməyə qadirdisə, o da
ön plana çıxmalıdır.
İnadkar jurnalist xanım
soruşur ki, bəs indi nə etmək lazımdır? Yeni
prezident seçməkmi? Ya bu vəzifəni qeyri-stabillik
doğuran amil kimi ləğv etməkmi?
Açıq rəngli, əla tikilmiş kostyum
geymiş cavan siyasətçi, əlində təsbeh
dənələrini
çözələyə-çözələyə
xoşladığı fikri təkrarlayır ki, vəzifə
bölüşdürmək vaxtı deyil.
Çıxış yolu millətin bütün qeyrətli
oğullarının səylərini birləşdirməkdədir.
- Bəs siz
özünüzə yeni iqtidar strukturlarında hansı rolu
ayırırsınız?
- Mən xalqın
iradəsinə uyğun olaraq hərəkət edəcəm.
Əgər xalq istəsə, özü məni irəli
çəkəcək. Və mən onun istəyinə tabe
olacam.
A. Proxanovun suallarını
cavablandıran Surət Hüseynov Xalq cəbhəsinin
çiy hərəkətləri və səhvlərindən
danışır: «cəbhə hakimiyyətə miskin bir
komanda gətirdi. Onlar heç nə bacarmır, yalnız
talançılıq edirdilər. Və yalan satır,
rüşvət alır, çirkin siyasət
aparırdılar». Qiyamçı polkovnikin sözünə
görə, bu rüşvətxorlar diktaturası, mafiya
diktaturası idi.
Heydər Əliyev
haqqında çox ehtiramla danışır:
«Dünyagörmüş insan, böyük
təcrübəyə malik müdrik siyasətçidir.
Mən nisbətən cavan adamam, gələcəyi
fəhmən duyuram, zənnimcə, biz bir-birimizi
tamamlayacağıq».
... Hakimiyyətə
qayıdandan sonra Heydər Əliyevin ilk
sərəncamlarından biri xarici şirkətlərlə
müqavilələrin dayandırılması oldu. «Izvestiya»
qəzetinin yazdığı kimi, bu addım «dünyanın
bəzi ən böyük neft şirkətlərini şoka
saldı». Lakin Əliyev özü belə hesab etmirdi. O,
1993-cü ilin avqustunda öz mövqeyini açıqlayaraq,
deyirdi:
- Burada heç bir sirr
yoxdur. Bəli, mən Nazirlər Kabinetinə bu
prosesi dayandırmaq barədə göstəriş
vermişəm, xüsusən ona görə ki, orada
hələ hər şey bəyannamə
səviyyəsindədir, onsuz da qarşıda hökumət və
parlamentdə sənədlər üzərində iş
aparılmalıdır. Məsələ bundadır ki,
mən bu problemlərdə naşı deyiləm.
Azərbaycanın rəhbəri olarkən onlara
yetərincə dərindən nüfuz edirdim. Burada
isə bir çox məsələlər mənə
dərhal şübhəli göründü.
Özünüz müşahidə edin. İyunun 6-da Pənah
Hüseynov baş nazir vəzifəsindən istefaya
çıxır, iyunun 11-də isə bəyannaməni
imzalamağa icazə verən hökumət qərarına qol
çəkir; iyunun 12-də Dövlət Neft
Şirkətinə başçılıq etmiş Xalq
cəbhəsindən olan Sabit Bağırov bəyannaməni
imzalayır. Lakin bir neçə gündən sonra, mən Ali
Sovetin sədri olan kimi, mənim yanıma Nazirlər
Kabinetindən gəlib bildirdilər ki, bu sazişlərlə
bağlı nəsə natəmizlik var.
Elə ondaca mən bu
işin dayandırılmasına sərəncam verdim. Bax, buna
görə də xaricdə hay-küy qalxdı. Dərhal AMOKO
şirkətinin prezidenti, ardınca «Britiş petrolium»un
aparıcı əməkdaşları yanıma
gəldilər. Mən hər şeyi izah etdim: heç bir
qorxulu şey olmamışdır. Yalnız araşdırma
aparmaq lazımdır. Əgər hər şey
təmizdirsə, daha niyə siz həyəcanlanasınız?
Axı, bu elə məsələ deyil ki, əvvəl bir
cürə həll edib, sonra da başqa cürə həll
edəsən. Neft Azərbaycanın milli sərvəti olaraq
qalır və o yalnız bizim nəslimizə deyil, 100-200
ildən sonrakı nəsillərə də lazım olacaq.
Lakin elə variantlar da var ki, bizim
tərəfdaşlarımız 10-15 ilə yataqların
«axırına çıxıb» sonraya heç nə qoymaya
bilərlər. Yeri gəlmişkən, belə tədbirli
variantlar hesabına kimlərinsə faydalanmaq və
ciblərini doldurmaq niyyətində olduqlarını güman
etməyə ciddi əsaslar var.
Yeri gəlmişkən onu
da qeyd edək ki, çağdaş Rusiyada da məhz belə
hallar baş verir. Burada akademik Primakovun mülahizəsinə
görə, «yataqların ən məhsuldar
sahələrində seçimli neftçıxarma
praktikası davam edir. Hesab etmək olar ki, təbii
ehtiyatların tükənməsi və neft buruqları fondunun
ixtisar olunması prosesləri üzərində dövlət
öz nəzarətini itirmişdir» («Rossiyskaya qazeta», 15 yanvar
2005). Azərbaycanda, Əliyevin səyləri sayəsində,
belə vəziyyətin yaranmasına yol verilmədi.
Gündəlik
işlər sıralanırdı. Ümdə qayğı
kadrlar məsələsi idi. Əliyev özü hələ
heç kəsi vəzifəyə təyin edə bilməzdi
- təqdim etdiyi hər namizədə parlamentin
razılığı gərək idi. İyulun 3-də milli
təhlükəsizlik, daxili işlər nazirləri, baş
prokuror, Bakı Şəhər İcra Hakimiyyətinin
başçısı təyin olundular... «Kadr
məsələlərini» Heydər Əliyev iş
gününün axırına planlaşdırırdı, bu
minvalla onun işi adətən axşama, bəzən də
gecə vaxtına qədər uzanırdı. Gecəyə
qədər davam edən bu söhbətlərdə Heydər
Əliyev komandasına yeni cavanları da cəlb edir
və lazım bildiyini ayırıb seçirdi.
Onların
sıralarında vaxtilə Moskvaya təhsilini davam
etdirməyə göndərdiyi ziyalılar da, o
cümlədən fizika-riyaziyyat elmləri doktoru, hazırda AR
Prezidentinin İcra Aparatının humanitar siyasət
şöbəsinin müdiri Fatma Abdullazadə də vardı.
Bəs Xalq cəbhəsinin
irəli sürdüyü təmsilçiləri
necə? Başlarını aşağı salıb
kirimişcə oturdularmı? Elə şey olar?! Bakı
rayonlarının 11 rəhbərindən 9-u «Elçibəyin
prezident səlahiyyətlərindən məhrum
edilməsinə qarşı etiraz əlaməti olaraq öz
fəaliyyətlərinin dondurulmasını» elan etdilər.
Necə deyərlər, Allah amanında! Onlar yeni adamlarla
əvəz olundular.
1993-cü il iyulun 4-də Heydər
Əliyev «Ostankino» (hazırda Rusiya TV-nin Birinci kanalı)
teleşirkətinə geniş müsahibə verdi.
Ölkənin vəziyyəti haqqında sualı
cavablandıraraq, o söylədi: «Respublikamızı ciddi
təhdid edən vətəndaş müharibəsinin
qarşısı alındı, qarşıdurma
müəyyən dərəcədə zəiflədi. Buna
baxmayaraq, vəziyyət hələ də mürəkkəb
olaraq qalır, bu çətinliklər son 3 gün
ərzində Azərbaycan ərazisinə qarşı
erməni hərbi qüvvələrinin genişlənən
hücumu ilə kəskinləşir».
Həmin
yay Moskvada da qarşıdurma gərginləşməkdə
idi. Boris Yeltsin sabiq silahdaşı Ruslan Xasbulatovun
başçılıq etdiyi «dikbaş» parlamenti
dağıtmağa hazırlaşırdı... Moskva
müxbirləri yaralı yerə duz səpməkdən çəkinmirdilər:
- cənab Əliyev, Sizin
hakimiyyətə qayıdışınızı bir çox
müşahidəçilər «Qeyri-konstitusion» kimi
dəyərləndirmişlər. Lütfən
söyləyin, Sizin fikrinizcə, siyasətdə elə
məqsədlər varmı ki, onların naminə qanunla
hesablaşmamaq mümkün olsun? Və bununla bağlı 2-ci
sual: Prezident Əbülfəz Elçibəyin aqibəti
necə oldu, bu gün onunla bağlı nə baş verir
və perspektivlər necədir; o,
özünün istefası ilə razılaşacaqmı?
- Əvvəla, mən
deməliyəm ki, tutduğum vəzifəyə
gəlməyimi qeyri-konstitusion saymıram, - deyə Heydər
Əliyev təmkinini pozmadan cavab verir. - İyunun 15-də bir çox
parlament deputatının, eləcə də Prezident
Əbülfəz Elçibəyin özünün zəmanətilə
mən Azərbaycan Ali Sovetinin sədri seçilmişəm.
Bu, tamamilə konstitusion qərardır. Bundan bir
neçə gün əvvəl, sizə məlum olduğu
kimi, Ali Sovetin sədri İsa Qəmbərov istefa
vermişdir... İkincisi, hakimiyyətə
gəlməmişdən məni təkidlə dilə
tuturdular, Gəncə hadisələrindən sonra bir
neçə gün ərzində Azərbaycan əhalisinin
müxtəlif qruplarının, ziyalıların
təmsilçiləri, nüfuzlu ağsaqqallar mənə
müraciət ünvanlamışdılar. Azərbaycanın
Prezidenti Əbülfəz Elçibəy də mənə
israrla müraciət etmişdir. O, 3 dəfə - iyunun 7, 8,
9-da Naxçıvana xüsusi təyyarə
göndərmiş və telefon danışıqlarında
təkidlə Bakıya gəlməyimi xahiş etdi. Mən
ayın 7-də də, 8-də də imtina etmişdim.
Nəhayət, iyunun 9-da, vəziyyətin getdikcə
kəskinləşəcəyini duyaraq, bu dəvəti
qəbul etdim və Bakıya gəldim.
Burada mən
Əbülfəz Elçibəylə və digər siyasi
xadimlərlə birlikdə gərgin vəziyyətin
sovuşdurulmasında iştirak etdim və iyunun 15-də,
təkrar edirəm, parlamentin sədri seçildim. Burada
antikonstitusion, hüquqazidd olan heç bir şey yoxdur. O ki
qaldı iyunun 24-dən etibarən prezident
səlahiyyətlərinin mənim öhdəmə
qoyulmasına, bu, izah oluna bilər.
Prezident Əbülfəz Elçibəy iyunun 17-dən
18-nə keçən gecə gizlin olaraq, heç kimə, o
cümlədən mənə də xəbər
vermədən, baxmayaraq ki, uçuşuna 1 saat qalmış
biz bir yerdəydik, Bakıdan uçub getmişdir. Yalnız səhərə yaxın bizə məlum
oldu ki, onun təyyarəsi Naxçıvanda yerə enmiş,
Prezident oradan Xalq cəbhəsi üzvləri
tərəfindən indiyədək qaldığı dağ
kəndi Kələkiyə aparılmışdır.
İyunun 18-dən
24-dək mən Əbülfəz Elçibəylə daima
telefon danışıqları aparmışam, oraya mənim
təşəbbüsümlə Azərbaycan Elmlər
Akademiyasının prezidenti başda olmaqla ziyalıların
nümayəndələrinin böyük bir dəstəsi -
akademiklər, professorlar, yazıçılar, ağsaqqallar - yollanmışlar.
Onlar Elçibəylə
görüşmüş, Bakıya qayıtması
üçün ona dil-ağız etmişlər. Mən onu
təkidlə dəvət edirdim. O, dəvətimizi qəbul
etmədi, razılıq vermədi və indiyədək
Kələki kəndində qalmaqdadır. Və özü
də Prezident səlahiyyətlərinin, demək olar hamısının
- yalnız vətəndaşlığa qəbul edilməsini
və qanunların imzalanmasını özünə
saxlayaraq, - Ali Sovet sədrinə həvalə edilməsi
haqqında fərman çıxarmışdır...
... Eyni zamanda, bu
vəziyyət bir neçə gün dalbadal Azərbaycan
parlamentinin* iclasında müzakirə olunmuş və parlament
üzvləri mənə bu səlahiyyətləri
öhdəmə götürməyi təkidlə təklif
etmişlər. Mən razılıq vermirdim, lakin Əbülfəz
Elçibəy özü** belə bir fərman imzaladıqdan
sonra razı oldum. Respublika əslində
demək olar ki, idarə olunmurdu, çünki Prezident yox,
baş nazir yox idi (o çoxdan istefaya getmişdi), mən
tək qalmışdım, bir çox
məsələləri isə Prezident
səlahiyyətlərini icra edərkən həll etmək
olardı. Bax, belə bir vəziyyətdə bu
vəzifələri öz öhdəmə
götürdüm. Təkrar edirəm, mən buna can
atmırdım, mən bunu istəmirdim. Və
Əbülfəz Elçibəy buraya qayıtsa, o öz
Prezident vəzifəsini icra edə bilər.
O ki qaldı 2-ci suala,
Əbülfəz Elçibəyin taleyinin necəliyinə, o,
Kələki kəndində yaşamaqda davam edir, onu Xalq
cəbhəsindən olan bir qrup silahlı şəxs mühafizə
edir. O, indi də oradadır, zənnimcə, heç nə
ilə məşğul olmur. Bəlkə, istirahət edir, ya
nəsə edir, mənə məlum deyil.
- Siz Elçibəyin
komandasına, özünə və onun kursuna qarşı
sərt müxalifətdə
qərarlaşmışdınız. Bəs Elçibəy
Sizi Ali Sovetin sədrliyinə dəvət edəndə
nəyə ümid bəsləyirdi və Sizi buna
razılıq verməyə nə təhrik etmişdi?
- Siz sualı bir
qədər düzgün formalaşdırmırsınız.
Mən Əbülfəz Elçibəyə sərt
müxalifətdə və ümumiyyətlə,
müxalifətdə olmamışam. Mən
sadəcə Naxçıvanda yaşayır, Ali Məclis
sədri vəzifəsini icra edirdim. Əbülfəz
Elçibəylə hərdənbir telefon
danışıqlarım olurdu. Əlbəttə,
Əbülfəz Elçibəy Prezident olaraq, blokada ilə
bağlı ağır vəziyyətdə qalmış
və bu gün də qalan Naxçıvan Muxtar
Respublikasına lazımi diqqət yetirmirdi. Və
əlbəttə, mənə də Ali Məclisin sədri
kimi lazımi diqqət göstərmirdi. Odur ki, bizim
münasibətlərimiz, əslində, hansısa sərt
qarşıdurma ilə deyil, belə tərzdə səciyyələnirdi.
(Hansısa səbəblərə görə
bəlkə də hələ hüquqi baxımdan ölkə
prezidenti vəzifəsini daşıyan şəxsin
hörmətini saxlayaraq, Heydər Əliyev Rusiya televiziya
tamaşaçılarına Elçibəylə
münasibətlərinin bütün incəliklərini
ağartmamışdı. Deməmişdi ki,
Naxçıvanda Xalq cəbhəsi DİN
və televiziya binasını zəbt edəndə
Elçibəyə zəng çalmış, Prezident
müdaxilə edəcəyinə söz vermiş, sonralar
isə onun çevriliş cəhdindən xəbərdar
olduğu aşkarlanmışdır...
1993-cü ilin fevral ayında
Heydər Əliyev Naxçıvandan Bakıya, böyük
qardaşı Həsənin dəfninə gəlmişdi.
Hüzr yerində ilk dəfə Əbülfəz
Elçibəylə şəxsən
görüşmüş və Prezident belə kədərli
hadisəyə münasib səmimi sözlər izhar etmiş,
başsağlığı vermiş, xüsusi diqqət
yetirdiyini nümayiş etdirmişdi. )
- Biz onunla
görüşdük, - deyə Əliyev epizodun ardını
söyləyir, - olduqca çox məsələləri
müzakirə etdik, deyəsən, bir çox
məsələlərdə anlaşma tapırdıq. Mən
ona öz məsləhətlərimi də, arzularımı
da, tövsiyələrimi də söylədim.
Elçibəy onlardan faydalana da, faydalanmaya da bilərdi - bu,
öz işi idi və bundan sonra da münasibətlərimiz
normal idi. Burada belə bir mövqedən
çıxış etmək lazımdır ki, sualın 1-ci
qoyuluşu - guya bizim aramızda kəskin qarşıdurma olub
- bu düz deyil, o olmayıb.
Əbülfəz
Elçibəy məni Bakıya dəvət edərkən
nəyə ümid bəsləyirdi?.. Azərbaycanda
vəziyyət olduqca mürəkkəbləşəndə,
artıq dediyim kimi, bir çox bölgələrdən və
əhalinin bir çox təbəqələrinin
nümayəndələri arasından «Əliyev dəvət
olunmalıdır» səsləri yayılanda,
görünür, Əbülfəz Elçibəy burada, bu çətin şəraitdə mənim
köməyimin zəruri olması fikrinə gəlibmiş.
Telefonla mənə zəng vuranda da o bunu belə izah edirdi: vəziyyət
mürəkkəbdir, xahiş edirəm Bakıya
gələsiniz, gəlin, vəziyyəti birlikdə
müzakirə edək və çıxış yolu tapaq...
1993-cü il avqustun 29-da Azərbaycanda Respublika Prezidenti
Əbülfəz Elçibəyə etimad haqqında
referendum keçirildi. cəmi il yarım əvvəl o, 1
milyon 8 yüz mindən artıq səs toplamışdı; seçicilərin 60%-i hamıya firavanlıq vəd
edən tarixçi alimə inanmışdı.
Bu etimad kapitalını, göydəndüşmə
sərvəti sovurub talan etməkçün nə
qədər səy göstərmək gərəkmiş?
İndi isə Elçibəyə etimad
göstərilməsinin lehinə yalnız 77 min
nəfər səs verdi. Azərbaycan mifologiyasında
uğurlu sayılan «yeddilər» burada «nəhs»
çıxdı. 3673978 nəfər ona etimad
göstərməkdən imtina etdi, hakimiyyətinə «yox»
dedi. Azərbaycan xalqı öz seçimini bildirdi.
Məşhur qazax şairi,
yazıçı və ictimai xadim Oljas Süleymenovun
maraqlı şahidliyi bu hadisələrə güzgü tutur:
«1993-cü il iyunun
1-də, Uşaqların müdafiə günündə,
mən Bakıya humanitar yardım - 40 ton uşaq qidası
gətirdim. Bizim yük daşıyan İL-76
təyyarəsinin bortunda «Uşaqların günahı yoxdur»
şüarını yazdırdıq. Mən diqqət
yetirirdim ki, uşaq qidası olan bütün bankalar
ünvanına - uşaq xəstəxanalarına, uşaq
evlərinə çatdırılsın. Bu işdə
mənə dostlarım Elçin, Anar, Polad
Bülbüloğlu, Fərhad Bədəlbəyli
kömək etdilər.
Elçibəylə onun iqamətgahında
görüşdüm. Onu bir neçə il idi ki,
tanıyırdım. Dinc zamanlarda da, bir filoloq kimi, 90-cı
ilin yanvarında da, Xalq cəbhəsinin
rəhbərlərindən biri kimi, görüşmüşdüm.
O vaxt Y. Primakovun və A. Mütəllibovun
qarşısında çıxış edərək onu
müdafiə etdim. Bakıda SSRİ Ali
Sovetindən yeganə müşahidəçi olduğum
üçün mənim rəyim nəzərə
alınırdı.
Lakin Prezidentlə
Uşaqları müdafiə günü görüşüm
və söhbətim xüsusən yadımda qaldı.
Yapışıqlı, ziyalı bir insan olsa da, rəhbər
deyil. Siyasətçi də deyil. Qısa
müddətdə 2 böyük qonşu - Rusiya və İranla
münasibətləri korlamışdı. Və onları
heç vəchlə bərpa etmək niyyətində deyildi.
Mən əminəm ki,
həmin iyun ayında bir neçə gündən sonra xalq
Heydər Əliyevi çağırmasaydı, ölkə
qat-qat çox insan həyatı və əraziləri itirə
bilərdi. BMT və Qərbin azman demokratik
dövlətlərinin vecsizliyi ilə o zaman Tacikistanda da
qırğın törədilir, Yuqoslaviyanın,
Gürcüstanın, Moldaviyanın da qanlı parçalanması
baş verirdi... »
Mərkəz.- 2010.-2 dekabr.- S. 10-11.