HEYDƏR ƏLİYEV

 

Yuri Konstantinoviç Şafranik 1993-1996-cı illərdə Rusiyanın yanacaq və energetika naziri olmuş, son illərdə dövlətlərarası «Soyuz nefteqaz» şirkətinə və Rusiyanın Ali Mədənçilik Şurasına başçılıq etmişdir. Onun Heydər Əliyevlə yaxın ünsiyyəti Azərbaycanın o böhranlı, taleyüklü illərinə təsadüf edir.

- Bu səviyyəli dövlət xadimləri, - deyə Yuri Şafranik Əliyev haqda öz mülahizələrini söyləyir, - ölkəsinin ali mənafelərini üstün tutaraq hərəkət edirlər. Müasirlərinə nələrsə səhv görünür, o isə illəri qabaqlayıb gələcəyə baxaraq, yeganə düzgün yolu seçir. Bir çox tarixi paralellər gətirmək olar... Den Syaopin deyirdi ki, Çində yenidənqurma yüz il sürəcək. Bununla belə, siyasi struktur, siyasi seçim şübhə altına qoyulmur. İqtisadiyyatda isə neyləyirsən elə, təki rifah olsun. Müdrik Den obrazlı düşünürdü: pişiyin nə rəngdə olduğu vacib deyil, təki siçan tuta bilsin. Mən bir cavan adam kimi çiyinlərimi qısıb fikirləşirdim: yenə bu çinlilər bir hoqqa çıxarıblar. Amma müəyyən zaman ötdükdən sonra necə müdrik hərəkət etdikləri aydın olur. Onlar öz «böyük sıçrayış»larından ibrət dərsi almışlar, biz isə - yox. Biz iqtisadiyyatın 500 günə dəyişiləcəyinə inandıq. Mən burada Əliyevin fövqəladə şəraitdə necə ölçülüb-biçilmiş, tarazlı, düşünülmüş hərəkət etdiyini göstərmək üçün Azərbaycanla paralel aparıram. Kənardan bu şəraiti təsəvvür etmək mümkün deyil. Onun yanında olmaq gərəkdir ki, hansı zamanda necə siyasətçi olduğunu dəyərləndirəsən. Və bu gün də bu hələ dərk edilməyib. Sizi inandırıram, o zamanlar - 93-cü, 94-cü illərdə çətin ki, Rusiya nazirlərindən biri Bakıya gələydi. Olsa-olsa, hərbçilər gələ bilərdilər. Əgər gəlməmişdilərsə, bəs Moskvada oturub Bakıda, Azərbaycanda nə etmək lazım gəldiyi barədə necə hökm çıxara bilərdilər?

On ildən çox vaxt keçdi. Adama elə gəlir, lap az müddətdir, amma bu böyük bir dövrdür; zaman hər halda hadisələri kölgədə qoyur. Yada salın: Azərbaycanla Ermənistan arasında sadəcə münaqişə deyil, müharibə gedir. İnsanlar amansızcasına vuruşurlar. Hissələr hücum edir, geriyə çəkilir. Bakıda bir milyondan çox qaçqın. Əsasən şəhər yaşayışına öyrəşməmiş dağ rayonlarının kəndliləri. Külfətlərin dolanışığı yoxdur. Zavodların hamısı dayanıb. Sovet dövründə ölkə üçün neft-qaz avadanlığının yetmiş faizi Azərbaycanda istehsal olunurdu. 1992-1993-cü ildə bu, sıfıra endi. Neft hasilatı səngidi. Müharibənin ucbatından ölkə tam təcrid olundu. Daxildə - Xalq cəbhəsi, bir-biri ilə çəkişən partiyalar. Prezident qaçıb, küçələrdə ara qarışıb, məzhəb itib. Mən özümü Heydər Əliyevin yerində təsəvvür edirdim. Bəs mən olsam necə hərəkət edərdim? Onda da, indi də deyə bilərəm: Əliyev o vəziyyətdə 100-dən 100-ü «vururdu». Bax, gərək, olanda da belə siyasi snayper olasan! Mən sonralar diqqətlə izləyirdim və fikirləşirdim ki: əcaba, görəsən o, hər şeyi doğrudanmı bunca sərrast hesablaya bilir? Həsəd apararaq izləyirdim. Və deyə bilərəm: onun hərəkətlərində bircə səhv də tapmadım. Mən Bakıya gəlirdim, özümə qarşı səmimiyyət və etibarla rastlaşırdım, sadəcə Şafranik kimi yox, Rusiya naziri kimi. O, əlbəttə, mənim vasitəmlə Rusiya rəhbərliyinə bəzi mətləbləri dolayı yolla çatdırmağa çalışırdı: bax, mən bir qəsdin üstünü açdım, o birisinin də... Bəli, bunları cürbəcür qavramaq olar. Siyasi mübarizə kimi də, rəqibləri sıxışdırmaq kimi də... Yaxşı sual olunur, məqsəd nədir? Bu, sabitliyə gətirib çıxardımı? Bunun sayəsində müharibə sona yetdimi? Bakı iki ildən sonra başqalaşdımı, dəyişdimi? Bəli.

... O vaxtlar, əgər Əliyevin yerində başqası olsaydı, mənə elə gəlir ki, ümumiyyətlə, ölkədə fövqəladə vəziyyət tətbiq edərdi. Və necə deyərlər, hərbi dövrün qanunlarıyla hərəkət edərdi ki, Azərbaycan qorunub saxlanılsın, müharibə dayandırılsın, sabahkı günə inam qaytarılsın, iqtisadiyyat dirçəldilsin. Əliyev bunları 2-3 ilə yoluna qoymağa nail oldu. Özü də, vurğulayıram, siyasi vasitələrlə.

İlk görüşlərimizi xatırlayıram. Heydər Əliyeviç Xalq cəbhəsinin təmsilçilərini də, başqa siyasi təşkilat və hərəkatların liderlərini də yanında otuzdururdu. Mən bu insanlara baxırdım və anlayırdım ki, onlar Əliyevlə müqayisədə, Azərbaycanın qarşısında duran vəzifələrlə müqayisədə - heç kimdirlər. Onlar «mitinq adamlarıdır* O isə onları mənimlə apardığı bütün danışıqlara dəvət edir, onların rəyini soruşurdu… Mən onda Surət Hüseynovu da görürdüm, heç kəsi qaralamaq istəmirəm, amma sadəcə olaraq, bu, tərbiyə, düşüncə səviyyəsi baxımından iki tamamilə fərqli dünya idi... O ən mürəkkəb dövrün içindən keçirdi, cəmiyyətdə hansısa bir dayaq yaradırdı.

... Mən heç kimi idealizə etmək niyyətində deyiləm, ümumiyyətlə, mənim uşaqlıqdan kumirlərim olmayıb. Lakin belə miqyaslı şəxsiyyətlər qarşısında müəyyən mənada baş əyirəm. Heydər Əliyev onların sırasındandır. O, tarixin ən çətin sınaq dönəmində ən mühüm işləri görmüşdü. Belə ki, yaradanın özü onu məsləhət bilib Azərbaycana bəxş etmişdir.

Rusiya naziri Şafranik, o zaman - Azərbaycanın öz vəziyyətini kökündən dəyişmək üçün nə kimi ehtiyatları var? - sualına belə cavab verir: - Neft! Deməli, tərəfdaşlar tapılmalı və neft layihələrinə başlanılmalıdır.

Şafranik düşünür:

- Bəs Rusiyanın mənafeyi nədən ibarətdir? - Bu layihəyə qadağa qoymaqmı? Əlbəttə, yox. Məsləhətləşərək birgə işləmək. Boru kəmərləri bizim ölkəmizdən keçir, Azərbaycan neftçiləri çoxdandır bizdə çalışırlar. Bizimkilər də orada fəaliyyət göstərirlər. Yəni burada anlaşılmayan nə məsələ var ki?

Məsələ bizcə, siyasi iradədədir. Azərbaycana və özümüzə pay müəyyənləşdirmək üçün yardım göstərməkdə. Mən başqa, daha ali mətləblərdən danışmıram. Hətta bircə elə bu vektor yetər ki, çözümə başlanılsın. Zaman göstərdi ki, Rusiyanın milli maraqlarını qoruyan bir nazir kimi mən haqlı idim. Və bilirsinizmi, bu, qəlbimi isindirir. Mənə bütün sabiq müttəfiq respublikalar, o cümlədən Ermənistan da əzizdir... Biz bir böyük ölkədə tərbiyə almışıq, boya-başa çatmışıq... Mən necə Ermənistanı sevməyə bilərəm?!*

Orada zəlzələ baş verəndə neçə-neçə neft-qaz inşaatçımız orada olmuş, bəlaya düçar olanlara kömək etmişdi.

Amma Rusiya maraqları nisbətində danışsaq, mən ictimai rəyə baxmayaraq, Rusiya xarici işlər naziri Kozırevin mövqeyinə baxmayaraq, hərəkət etmişdim. Zaman ötəndən sonra deyə bilərəm ki, Əliyevin və bir nazir kimi mənim hərəkətlərim ziddiyyət təşkil etmirdi. Mən yeni şəraitdə Rusiya maraqlarına aid öz düşüncəmdən çıxış edirdim.

Yuri Konstantinoviç Şafranik Azərbaycanda, Xəzərdə, Cənubi Qafqazda Rusiya maraqları ilə bağlı müxtəlif yanaşmaları səciyyələndirmişdir.

Bu barədə gələn fəsildə daha ətraflı danışacağıq.

 

X FƏSİL

 

AZƏRBAYcAN NEFTİ DÜNYA SİYASƏTİNDƏ

 

Əgər neft kraliçadırsa...

 

Etiraf edək ki, biz bu fəslin başlığında Heydər Əliyevin formulunu təkrarlamışıq.

Hələ 1994-cü ildə o, Odlar Yurdunun neft sənayesinin ən qədim zamanlardan bu günədək tarixini, onun ibrətlərini və perspektivlərini əhatə edən çoxcildli «Azərbaycan nefti dünya siyasətində» adlı toplu haqqında düşünürdü. Bu əsərin buraxılması o zaman Azərbaycan Dövlət Neft Şirkəti sədrinin birinci müavini İlham Əliyevə tapşırılmışdı. Bu gün demək olar ki, Azərbaycanın yeni neft siyasəti və onun tarixən araşdırılması paralel aparılmışdır. Və bu, Prezidentin siyasi, iqtisadi və sosial baxımdan heyrətamiz dərəcədə dəqiq düşünülmüş kəşfidir.

Keçmiş zamanlarda atəşpərəstlər Bakı neftinə səcdə etmişlər. XIX əsrin sonlarında bir naməlum uzaqgörən yazırdı: «Kiçicik məbədi işıqlandıran neft indi bütöv bir imperiyanın hüdudlarını işıqlandırır və vaxt gələcək ki, o, dünyanın yarısını işıqla və istiliklə təmin edəcək». Krallar və çarlar, prezidentlər və şeyxlər, bankirlər və avantüristlər neftə pərəstiş edirlər. Neftdən ötrü dövlətlər və siyasətçilər çarpışmış və çarpışmaqdadırlar.

1918-ci ildə Britaniyada çıxan «Yaxın Şərq» adlı iqtisadi dərgi yazırdı: «Bakının neft aləminin tayı-bərabəri yoxdur. Əgər neft kraliçadırsa, Bakı onun taxtıdır». Taxta yiyələnmək iddiasında olanlar çox idi - İngiltərə, Almaniya, Türkiyə... 1920-ci ildə Qızıl Ordu hamısını qabaqladı.

... 1942-ci il aprelin 20-də alman generalları Adolf Hitlerə Xəzər dənizi və Bakının mənzərəsini əks etdirən bir tort təqdim etmişdilər. Həmin günlərdə Almaniya silahlı qüvvələri sovet-alman cəbhəsinin cənub cinahında həlledici hücuma hazırlaşırdılar.

Mayın ortalarından Sovet informasiya bürosu xəbərlərini Xarkov və Kerç istiqamətlərində gedən döyüşlərdən başlayırdı. Sonra Kerç xəbərlərdə səslənmədi. Neçə il ötəndən sonra Acımuşkayda katakombalarda zəhərləyici qazlardan boğulan, aclıqdan, susuzluqdan üzülərək son nəfəsinədək vuruşan yeraltı qarnizonun hünərindən xəbər tutduq. İyunun 3-də, 250 gün davam edən qəhrəmancasına müdafiədən sonra sovet qoşunları Sevastopolu tərk etdilər. Müharibə tədricən cənuba doğru irəliləyirdi.

Rostov, Bataysk, Krasnodar istiqamətləri... Dünya sovet Şərqindən gələn məlumatları intizarla izləyirdi. Amerikanın «Assoşieyted press» agentliyinin Moskvadakı müxbiri cənab Kessidi SSRİ Xalq Komissarları Sovetinin sədri İ. V. Stalinə müraciət edir:

- Sovetlərin müqavimət qabiliyyətini necə qiymətləndirirsiniz?

- Mən düşünürəm ki, alman quldurlarına qarşı sovetlərin müqavimət qabiliyyəti öz gücü etibarilə faşist Almaniyası, yaxud hansısa digər təcavüzkar dövlətin özünün dünyaya ağalığını təmin etmək qabiliyyətindən heç də az deyil, bəlkə də üstündür.

cəbhə geriləyirdi. Sovet İttifaqı marşalı K. Ş. Moskalenko xatirələrində qeyd etdiyi kimi, «döyüşçü qrupları deyil, batalyonlar, alaylar, diviziyalar, yəni komandirlərlə və qərargahlarla idarə olunan ordular geriyə çəkilirdilər... Ağır düşüncələr ürəyi yandırırdı. Amma acizlik, ya da məhkumluq hisslərindən əsər-əlamət yox idi. Əvvəlki tək düşmənin darmadağın ediləcəyinə, qələbəmizə möhkəm, sarsılmaz inam yaşayırdı».

1942-ci il, avqustun 1-i. 383-cü atıcı şaxtaçı diviziyasının hərbi əməliyyatlar jurnalından: «... komendant rotasınadək bütün ehtiyat qüvvələr döyüşə atılıb». Avqustun 2-si. «Düşmənin müdafiəni yarmaq cəhdi baş tutmadı. 16. 00-da düşmən sağdan 691-ci atıcı alayı yanlayıb, iki batalyona qədər qüvvəylə üçüncü batalyonun müqavimətini qırmışdı. Adamlar ölüm-dirim savaşına girişmişdilər. Şəxsi heyətin əksəriyyəti qəhrəmancasına həlak oldu. Beş pulemyotçu dəstəsi tamamilə qırıldı. Pulemyotların arxasına keçən komanda heyətinin aqibəti də elə oldu. Batalyondan tək-tük adam qaldı».

Həmin cəbhə xəttində əsasən Azərbaycan döyüşçülərindən təşkil olunmuş 416-cı atıcı diviziya da vuruşurdu. Bir il sonra, müharibə Qərbə doğru istiqamətlənəndə, bu diviziya Taqanroqun azad olunması uğrunda gedən döyüşlərdə fərqlənəcək və Taqanroq atıcı diviziyası adlandırılacaq. Müharibədən çox-çox sonra bir zamanlar Böyük Pyotrun göstərişi ilə Azov dənizi sahilində salınmış bu şəhərdə H. Əliyevin təşəbbüsü ilə qəhrəman döyüşçülərin şərəfinə möhtəşəm bir abidə ucaldıldı. Və o həmin abidənin açılışında iştirak etdi.

1942-ci ilin yayında isə, əsli bakılı olan İttifaq Neft Sənayesi Xalq Komissarının müavini Nikolay Baybakov Kubanda neft buruqlarının partladılması ilə məşğul olurdu.

- Yoldaş Baybakov, - ona bu tapşırığı verən Stalin deyirdi, - Hitler Qafqaza can atır. O elan edib ki, Qafqaz neftini ələ keçirməsə müharibəni uduzacaq, almanların əlinə bir damla da neft keçməməsi üçün hər şey edilməlidir, - və daha sərt səslə vurğulayırdı, - nəzərə alın ki, almanlara bircə ton neft də qoyub getsəniz, biz sizi güllələyəcəyik.

Bir qədər susub əlavə etdi:

- Amma mədənləri vaxtından əvvəl ləğv etsəniz və onları almanlar ələ keçirməsə, biz yanacaqsız qalsaq, onda yenə də sizi güllələyəcəyik.

cavan narkom müavininin onda 30-dan azca artıq yaşı vardı. Özündə cürət tapıb yavaşdan:

- Axı siz mənə heç bir seçim qoymursunuz, yoldaş Stalin, - deyir.

Iosif Vissarionoviç var-gəl edərək, onun yanında dayanıb əlini qaldırır, barmağıyla gicgahını yüngülcə döyəcləyir…

Kuban ərazisindəki neft buruqları ən son saatlaradək işlədilirdi. Bakı həndəvərində isə elliklə müdafiə xətləri qurulurdu, ağır iş növbəsindən sonra neftçilər, tələbələr, məktəblilər, evdar qadınlar gəlirdilər və beldən, külüngdən yapışırdılar. Xoşbəxtlikdən, bu istehkam xətti döyüş meydanına çevrilmədi. Atəş açan yalnız mədənləri qoruyan zenit topları idi.

İllər ötdü. Haçansa məxfi əmrlər arxiv sənədlərinə çevrildilər. Faşist direktivləri qalaqlarında 45 saylı, 1942-ci il, 23 iyul tarixli bir sənəd də tapıldı:

«A» qrupu ordularının ən yaxın vəzifəsi Don çayının o tayına keçərək, Rostovdan cənub və cənub şərq tərəfdəki rayonda düşmən qüvvələrinin mühasirəyə alınması və məhv edilməsidir». «A» ordular qrupu «ən yaxın vəzifəsini» yerinə yetirə bilmədi. Bizim hissələr Şimali Qafqaza doğru çəkildilər.

Bir maraqlı detal, 1942-ci il sentyabrın 9-da «A» ordular qrupuna komandanlığı Adolf Hitler öz üzərinə götürdü. Əvvəlki komandanı, general-feldmarşal Listi kənarlaşdırıb «A» qrupunun Qafqaz əməliyyatlarının Stalino (indiki Donetsk) şəhərində yerləşən qərargahı vasitəsilə idarə etməyə başladı. Ertəsi günü Vinnitsa yaxınlığındakı «Vervolf» qərargahından Hitler Tuapse istiqamətində hücuma keçmək, Qara dəniz sahilini tutmaq haqqında əmr verir. Lakin artıq hadisələr dəyişirdi. Stalinqrad ətrafında da, Qafqazda da hadisələr başqa planda cərəyan edirdi. Berlində şirniyyatçılara tortun üzərində Xəzərin və Bakının cizgilərini həkk etməyi tapşırmış cənablar tələsmişdilər...

Böyük Vətən müharibəsi illərində Azərbaycan neftçiləri 75 milyon tona yaxın neft çıxarmış, 22 milyon ton benzin hasil etmişdilər. Azərbaycanın ümumittifaq hasilatında payı 71,4 faiz təşkil etmişdir, o cümlədən aviasiya benzini 80 faiz, avtonəqliyyat yağları 95 faiz nisbətində olmuşdur. Sovet tankları qələbəyə doğru Bakı yanacağı vasitəsilə cəbhə yollarını qət edirdilər.

 

21 aprel 1971-ci il, Bakı

 

Həmin gün paytaxtda, mübaliğəsiz demək olar ki, «Azərbaycanın tarixində, Sovet İttifaqının neft sənayesinin tarixində baş vermiş əlamətdar hadisəyə respublika mədənlərində neftin milyardıncı tonunun hasil olunmasına həsr edilmiş təntənəli yığıncaq keçirilirdi. Fotoşəkillərə baxırıq: salonda ön cərgələrdə - sinəsi qızıl ulduzlu, ordenli, medallı neftçilər; kürsüdə çıxış edən Heydər Əliyev; səhnə üzərini bəzəyən kompozisiya; neft buruğu; «qara qızıl» hasilatının mübarək həddini göstərən nəhəng rəqəm.

Aydındır ki, «milyard» bir qədər şərti rəqəm idi. Hasilatın dəqiq qeydiyyatına yüz il öncə, yataqların sənaye üsulu ilə işlədilməsinə keçəndən etibarən başlanmışdır. Lakin ondan əvvəllər, ötən əsrlər boyu nə qədər neft çıxarıldığını kim bilir; axı Xəzər sahillərində - Bakıda hələ eramızdan çox-çox əvvəl də «qara qızıl» çıxarılmışdır.

«Qara» deyəndə, bu əlamətə görə yeraltı sərvətin dəyəri kiçilmir. Tacirlər, səyyahlar çoxdan bəri «ağ neft»dən söz açır və onu yüksək dəyərləndirirdilər. Öz məşhur lüğətində Vladimir Dal qeyd edirdi: neft müxtəlif rənglərdə olur: rəngdə - ağ neft, çox duru olur; tünd qonur, qara rəngdə, qətran kimi qatı, nəhayət, bərk şist (lay-lay quruluşlu süxur - müəlliflər) halında. Neft qaynaqları (Dal necə dəqiq ifadə seçib - yenə müəlliflər) vulkanik süxurlar olan torpaqlarda, məsələn, Bakı ətrafında tapılır və orada «axıdılıb yığılması üçün neft quyuları qazılır».

1880-ci ildə Dmitri İvanoviç Mendeleyev Bakıdan yazırdı: «... İndiyədək burada olduğu qədər zəngin neft heç yerdə yoxdur. Mən Pensilvaniyada olmuşam və oradakı mədənləri görmüşəm. Tam əminliklə deyə bilərəm ki, burda şübhəsiz, neft qat-qat çoxdur və onu çıxarmaq xeyli asandır».

 

Əliyevin dərsləri

 

Heydər Əliyev də Azərbaycanın yeni neft strategiyasını düşünərkən işgüzar, təcrübəli adamlara ümid bəsləyirdi. Belələrinin arasında öncə Natiq Ağaəmi oğlu Əliyevin, Azərbaycanın indiki sənaye və energetika nazirinin adını çəkə bilərik. Əliyev Azərbaycanda çox yayılmış soyaddır. Natiq Əliyev Azərbaycanın Neft Şirkətinə 1993-cü ildən yaxın zamana kimi rəhbərlik edirdi.

O, həkim ailəsində böyüsə də, tibb onu çox da cəlb etmirdi. O illərdə bütün ölkədə Bakı, Tümen neftçilərinin adları dillərdə gəzirdi. Donbass şaxtaçıları, Sibir elektrik stansiyalarının inşaatçıları ölkənin ən hörmətli insanları idi. Azərbaycanda ən populyar peşə sahiblərinin - neftçilərin, buruq ustalarının adları qəzetlərin baş səhifələrindən düşmürdü. Onlara müxtəlif mükafatlar verilir, təltif edilirdilər. Natiq Əliyev deyir:

- Etiraf edim ki, məndə, məktəbli vaxtlarımda bir az şöhrətpərəstlik hissi olub. Ona görə də məktəbi bitirən kimi sənədlərimi Neft və Kimya İnstitutuna verdim. Bu ali məktəb o vaxt çox nüfuzlu hesab olunurdu.

Sonra bütün gənc mütəxəssislər kimi, o da zəngin təcrübəyə malik böyük yol keçdi: qazmaçı köməkçisi, qazmaçı, texnik-geoloq, mühəndis-geoloq, aspirantura, elm, sonra yenə istehsalat... Natiq Azərbaycanın ən gənc elmlər namizədi oldu, onu Komsomolun Mərkəzi Komitəsində gənc alimlər şurasına dəvət etdilər. «Çalışırdım ki, həm istehsalatla məşğul olum, həm də ictimai işlərdə fəal olum». Bu sözləri də Natiq Əliyev o illəri xatırlayarkən deyir.

Onun karyerası uğurla inkişaf edirdi: istehsalat birliyinə yeni təyinat, partkom katibi seçilməyi... Bunun ardınca onu Azərbaycan KP MK-nın neft və kimya sənayesi şöbəsinə təlimatçı vəzifəsinə təyin etdilər.

Bu hadisə 1984-cü ildə baş verdi. Heydər Əliyev onda məlum olduğu kimi, Moskvada, SSRİ Nazirlər Sovetində işləyirdi. Gənc mütəxəssis-təlimatçı onunla şəxsən tanış deyildi: «Yollarımız, heç vaxt kəsişməmişdi. Amma məlum oldu ki, bu heç də belə deyil». MK-nın sosial-iqtisad şöbəsinin təlimatçısı və sonradan bölmə müdiri oldu. Heydər Əliyevin MK-da apardığı və məşhur neftçilərin, alimlərin - Qurban Abbasovun, Bəhmən Hacıyevin, Əli Əmirovun, akademik Əlizadənin iştirak etdiyi müşavirələrin stenoqramları cəsarətli fikirlərin, elmi yanaşmanın və böyük təcrübənin mənbəyi kimi ona çox kömək edirdi.

- Mən bu iclasların, müşavirələrin stenoqramlarını təkrar-təkrar oxuyur və birinci katibin verdiyi suallardan onun bu sahəni nə qədər dərindən bildiyini görürdüm, - deyə Natiq Əliyev xatırlayır. - Bu materiallar mənə yeni tapşırıqların öhdəsindən gəlməkdə yardımçı olurdu. Ümumiyyətlə, MK-dakı işim mənə böyük təcrübə toplamağa, böyük şəxsiyyətlərlə tanış olmağa imkan verdi.

1991-ci ilin avqustunda Bakıdakı ingilis neft şirkətlərindən biri Natiq Əliyevi işə dəvət etdi. Beləliklə, sovet neftçisinin, aliminin və partiya xadiminin iş təcrübəsinə menecerlik də əlavə olundu. Həmin ərəfədə Azərbaycanda yenə də hakimiyyət dəyişdi. Və bir gün Natiq Əliyevin ofisində telefon zəng çaldı: «Sizinlə Heydər Əliyev danışmaq istəyir».

- Heydər Əliyevlə ilk görüşümü çox yaxşı xatırlayıram, - deyə Natiq Əliyev bildirir. - Belə hadisələr uzun müddət insanın yaddaşından silinmir. Təyin olunan vaxtda parlamentə gəldim və məni onun kabinetinə apardılar. Kabinet uzun idi - gərək ki, elə indiyəcən əvvəlki kimi qalıb. Uzun stolun arxasında Heydər Əliyev oturmuşdu. Mənə dedi ki, sənin şəxsi işini diqqətlə gözdən keçirmişəm, indi də şəxsən tanış olmaq istəyirəm. Valideynlərim, dostlarım və işlədiyim yerlər barədə məni sorğu-suala çəkdi. O, öz suallarını elə verirdi ki, aramızda çox səmimi söhbət alınırdı. Amma sonra anladım ki, bu, həmsöhbətimin dərin analizi imiş. O, mənim şəxsiyyət olaraq, kim olduğumu öyrənmək istəyirdi. Ən çox onu maraqlandıran respublikamızın böhran vəziyyətində olan neft sənayesi barədə fikirlərim idi.

Əlbəttə, respublika iqtisadiyyatında son illərdə yaranmış vəziyyəti Heydər Əliyev özü də çox gözəl bilirdi. Sovet hakimiyyətinin son illərində idarəçiliyin itirilməsi, Xalq cəbhəsinin hakimiyyətə gəlməsindən sonra artan dağınıqlıq ölkənin sənayesinin nəfəsini kəsməkdəydi. Yeni sahiblər peşəkar kadrları çölə tullamaqla məşğul idilər və açıqca: «Sən hakimiyyətdə olmusan, indi isə başqalarına imkan ver», - deyirdilər. «AzNİPİneft» elmi-tədqiqat institunun direktoru, bütün İttifaq qazmaçıları üçün nüfuz sahibi olan Seyidrzanı işdən çıxardılar və s.

 

Mərkəz.-2010.- 4 dekabr.- S. 10-11.