HEYDƏR ƏLİYEV

 

Həmin aylarda xəbərlər buraxılışı cəbhə məlumatlarıyla başlayırdı. Azərbaycanın ordu hissələri mətanətlə öz mövqelərini müdafiə edirdilər. Vəziyyətin son dərəcə kəskinləşdiyi Ermənistan-Azərbaycan münaqişəsi zonasına Surət Hüseynovun hissələri yollanmışdı, - deyə rəsmi məlumatların birində xəbər verilirdi.

Heydər Əliyev ABŞ Prezidenti Bill Klintona, vitse-prezident Albert Qora, Konqresin spikeri Tomas Foliyə açıq məktubla müraciət etdi:

"Hazırda məktubla sizlərə müraciət etdiyim məqamda erməni silahlı qüvvələri Azərbaycanın yeni, cəbrayıl və Qubadlı rayonlarını zəbt etmək üçün hücumlarını davam etdirir, yeni-yeni yaşayış məntəqələri işğal olunur, yandırılır və vəhşicəsinə qarətə məruz qalırlar.

Demokratiya və azadlıq ideyaları, insan hüquqlarına hörmət və insanın başlıca yaşamaq haqqı naminə sizdən qan tökülməsinin qarşısını almaq və özünün günahı olmadan barbarcasına təcavüz qarşısında aciz qalan Azərbaycan xalqının qorunması üçün əlinizdən gələni etməyinizi rica edirəm".

Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirən H. Əliyevin ilk fərmanı Moskvaya səfir təyin edilməsi haqqında oldu. O, Ramiz Rizayevin iti zəkasını, təşəbbüskarlığını, dialoqa hazırlığını diplomat üçün heç də faydasız olmayan qeyri-standart vəziyyətlərdə qətiyyətini dəyərləndirərək onu bu məsul vəzifəyə layiq gördü.

Gecə yarısı hələ də kabinetini tərk etməmiş Əliyev yeni səfirə uğurlar arzuladı:

- Bu işi indi səndən başqa heç kimə həvalə edə bilmərəm. Bu, çox mühüm bir sahədir. İki aylığa oraya getməyini xahiş edirəm. İnstitutu təhvil vermə. Əminəm ki, öhdəsindən gələcəksən.

Sentyabrın 5-də H. Əliyev Rusiya Federasiyasının rəhbərliyilə danışıqlar aparmaq üçün Moskvaya uçur. Dördgünlük səfər ərzində Prezident Yeltsinlə, Ali Sovetin sədri Ruslan Xasbulatovla, Baş nazir Viktor Çernomırdinlə, Moskvanın meri Yuri Lujkovla görüşür.

Danışıqlara yekun vuraraq, Heydər Əliyev bildirir:

- İndiki təmaslar respublikanın əvvəlki rəhbərliyinin yanlışlıqları və səhvləri ucbatından ikitərəfli münasibətləri əngəlləyən etimadsızlıq buzunu qırmağa imkan verdi. Azərbaycan - Rusiya əlaqələrində belə bir dönüş tarixi inkişafın məntiqilə diqtə olunur, çünki iki əsr ərzində bu iki dövləti bir-birinə sıx əməkdaşlıq əlaqələri bağlamışdır və onları qırmaq olmaz.

Yeri gəlmişkən, "Tapşırılan mövzuda etiraf" kitabını yenidən nəşr etdirərkən, Boris Yeltsin Əliyevə aid incikli və haqsız mülahizələrini mətndən çıxartmışdır.

Səfirin Rusiyaya iki aylıq ezamiyyəti on üç il davam etdi. R. Rizayev səfir kimi Azərbaycan Respublikasını Rusiyada uğurla təmsil etdi. 2005-ci ildə veteran diplomatın yerini səfir vəzifəsində görkəmli mədəniyyət xadimi, SSRİ xalq artisti Polad Bülbüloğlu tutdu.

Separatçılar susduruldu

Respublikada vəziyyəti gərginləşdirən amillərdən biri də Gəncə hadisələri səngiməmiş, müəyyən mafioz qüvvələr tərəfindən cənub bölgəsində məqsədli şəkildə qızışdırılan separatçılıq meyilləri idi. Xalq cəbhəsinin hakimiyyəti dövründə Qarabağın müdafiəsi naminə yaradılmış Lənkəranın könüllü silahlı dəstələri 1993-cü ilin iyulunda cəbhə xəttindən çıxarılaraq Lənkəran bölgəsinə aparılmışdı. Silahlı dəstələrə və separatçı qüvvələrə rəhbərlik edən Ə. Hümbətov bütün bölgəni təzyiq altında saxlayırdı. Onun qanunsuz əmrləri ilə yaradılmış silahlı dəstələr bu regionun qanuni dövlət qurumlarının fəaliyyətini iflic etmişdi. Xalq cəbhəsi hakimiyyətindən, onun rəhbər kadrlarının bölgədə həyata keçirdikləri amansız polis basqınlarından məharətlə istifadə edən separatçılar Heydər Əliyev hakimiyyətə gələndən sonra sürətlə öz nüfuzlarını itirməyə başladılar.

1993-cü il avqustun 13-də Ali Sovetin sədri, prezident səlahiyyətlərini həyata keçirən Heydər Əliyev Biləsuvar, cəlilabad, Lerik, Lənkəran, Astara və Yardımlı rayonlarından olan millət vəkilləri və həmin rayonlardan olan rəhbər işçilər və ziyalılarla görüş keçirdi. Hələ 70-ci illərdə Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrlərdə onun diqqət və qayğısını görmüş, müxtəlif vəzifələrə irəli çəkilmiş və özünü bu nəhəng siyasətçinin yetirmələrindən sayan Milli Məclisin deputatı Hadı Rəcəbli o görüşü indi də unutmur:

- Siyasət ustası bu görüşü regiondakı real vəziyyəti və ümumi əhval-ruhiyyəni öyrənmək üçün çağırmışdı, - deyə H. Rəcəbli danışır. - Çox diqqətlə hər birimizi dinlədikdən sonra mövqeyini açıqladı: "Siz bilirsiniz ki, 14 ilə yaxın Azərbaycana rəhbərlik etmişəm. Azərbaycanda birinci katib işlədiyim dövrdə respublikanın ən hörmətli bölgəsi Lənkəran zonası idi… Mən zona deyəndə, bütün o rayonları deyirəm, - oranın folkloru, mədəniyyəti, oranın ayrı-ayrı mədəniyyət nümunələri dünyanın böyük-böyük ölkələrində nümayiş etdirilirdi. O zaman biz Lənkəran teatrını yaratdıq".

Bu yığıncaqdan əvvəl avqustun 3-də Heydər Əliyevin xalqa, xüsusilə bölgə əhalisinə müraciəti oldu: "Ə. Hümbətov və onun ətrafındakı mafioz dəstələr öz çirkin niyyətlərini həyata keçirmək üçün bir məsələni ortaya atmışlar: guya Talış Muğan Respublikasını yaratmaq istəyirlər.

Azərbaycan Respublikasının o rayonlarında tarixən çox ziyalı, mötəbər adamlar yaşayıb. Bu rayonlar, xüsusən Lənkəran və onun ətrafında olan rayonlar Azərbaycanda ağayana bölgələr sayılıblar. Orada həmişə qanun-qayda, nizam-intizam olubdur və həm orada, həm də Azərbaycanın başqa yerlərində, xüsusən respublikanın paytaxtı Bakıda bu rayonlardan çox mötəbər adamlar yaşayır, yüksək dövlət vəzifələri tutur, elmdə, təhsildə, mədəniyyətdə böyük rol oynayırlar…"

Onlardan birinə - Hadı Rəcəbliyə Heydər Əliyev çox məsul, həm də mürəkkəb bir işin icrasını tapşırdı. Hadı Rəcəbli 1993-cü ildə Ə. Hümbətovu icra hakimiyyəti binasından çıxarmaq, ona qarşı etiraz mitinqinə toplaşan lənkəranlıları qanlı silahlı toqquşmadan xilas etmək üçün Lənkərana yola düşdü.

O, H. Əliyevin tapşırığını necə yerinə yetirdiyini belə xatırlayır:

- Mənə bəlli idi ki, Lənkəranda baş verən proseslərdən Heydər Əliyev bərk narahatdır.

1993-cü il avqustun 21-də A. cəlilov mənə zəng çaldı və dedi ki, Heydər Əliyev Lənkərandan olan, Bakıda vəzifədə çalışan bir neçə şəxsi qəbul etmək, onlara tapşırıq vermək istəyir. Mən tez bir zamanda bu qrupu təşkil etdim. Biz bir yerdə onun qəbuluna getdik. Bu görüşdə cənub bölgəsində baş verən hadisələr müzakirə olundu. Ortaya çıxan bu ağır bəlanın aradan qaldırılması üçün təcili və ciddi tədbirlərin görülməsi planlaşdırıldı. Rəhbər bizə rayona getməyi, bu işlərin həllinə yerində kömək etməyi tapşırdı. Biz elə həmin gün gecə saat 4-də Lənkərana yola düşdük…

Ə. Hümbətov mitinqin başlanması ərəfəsində Bakıdan gələn, əslən yerli hörmətli şəxsləri də qəbul etmək istəmirdi. Bütün cəhdlərimiz boşa çıxırdı. Nəhayət, o, məni qəbul edəcəyi barədə bizə xəbər göndərdi. Bir qədər sonra mən və Milli Məclisin deputatı Tapdıq Kamalov onun "qəbuluna" düşə bildik. O bizə bildirdi ki, lənkəranlılar arasında mənə qarşı əks-təbliğat aparılır. Lənkəran əhalisi binanın qarşısındakı meydanda mitinq keçirmək istəyir. Mən buna imkan verməyəcəyəm. Silahlı mühafizəçilərim onların öhdəsindən asanlıqla gələcəklər.

Mən dedim ki, bunu eləmək olmaz. Dinc əhaliyə ediləcək silahlı həmlələr çox ağır nəticələr verə bilər. Bu insanlar yaşadığın torpağın övladlarıdır, səni, ətrafdakıları tanıyan adamlardır. Hələ biz onun otağında olarkən izdihamın güclənməsi, silahlı əsgərlərin izdihamın önündə tab gətirə bilməmələri barədə ona tez-tez xəbərlər gəlirdi. O, əsəbi halda dedi: "Mən izdihamın qabağına tank çıxaracağam, nəyin bahasına olursa olsun onları geri oturdacağam".

Mən və Tapdıq Kamalov Ə. Hümbətovu binadan çıxarmağa, gələn ziyalılarla "Meşəçi" qonaq evində görüş keçirməyə çox böyük çətinliklə razı saldıq. Ə. Hümbətov 12 nəfər cangüdəni ilə birlikdə binadan çıxaraq həmin ünvana yönəldi. Elə bununla da məsələ həll olundu. Mitinq iştirakçıları icra hakimiyyətinin binasını silahlı dəstələrdən təmizləyib qanuni orqanın fəaliyyətini bərpa etdilər. Amma qansız ötüşmədi. Şəhidlər oldu.

Azərbaycan xalqının sarsılmaz birliyinə zərbə vura biləcək təhlükəli sindroma bu cür son qoyuldu. Heydər Əliyevin xalqa müraciəti və xalqın ona dəstəyi öz sözünü dedi. Sonradan Azərbaycanın bütövlüyü və müstəqilliyi naminə Lənkəran hadisələrində şəhid olanlara Prezident Heydər Əliyevin fərmanı ilə "Milli qəhrəman" adı verildi.

 

Oktyabrın 3-nə Azərbaycanda prezident seçkiləri elan edildi. Bu ərəfədə 1993-cü il sentyabrın 20-də Azərbaycan Respublikası Ali Sovetinin sədri Heydər Əliyev "Azərbaycan Respublikasının Müstəqil Dövlətlər Birliyinə qoşulması haqqında" qərarı imzaladı. Bu çox vacib siyasi sənədi - Heydər Əliyevin muncuq kimi düzülmüş öz xəttilə yazdığı lakonik ifadəli mətni xatırladaq:

"Azərbaycan xalqının ali mənafelərini rəhbər tutaraq, eləcə də Azərbaycan Respublikasının Müstəqil Dövlətlər Birliyi iştirakçıları dövlətlərilə tarixi əlaqələrini nəzərə alaraq, bu dövlətlərlə siyasi, iqtisadi, elmi-texniki, mədəni və digər əlaqələrin inkişafı məqsədilə Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

1. Azərbaycan Respublikası Müstəqil Dövlətlər Birliyinə qoşulsun.

2. Azərbaycan Respublikası Müstəqil Dövlətlər Birliyinin kollektiv təhlükəsizlik haqqında müqaviləsinə qoşulsun.

3. Azərbaycan Respublikası Prezidentinə tövsiyə edilsin ki, bu qərardan irəli gələn lazımi tədbirləri həyata keçirsin".

Sentyabrın 24-də Moskvada MDB dövlət və hökumət başçılarının görüşü planlaşdırılırdı. Amma nəhəng ölkənin paytaxtında hakimiyyət çəkişmələri səngimirdi. Prezident - parlament qarşıdurması kəskin həddə çatmışdı, necə deyərlər, bıçaq sümüyə dirənmişdi. Sentyabrın 21-də Yeltsin Rusiya Federasiyası Xalq Deputatları Qurultayının və Ali Sovetinin fəaliyyətinin dayandırılması haqqında fərman imzalayır.

Eyni zamanda, Yeltsin Konstitusiyanı dəyişmək səlahiyyətlərini öz üzərinə götürür. Hökumət evində işıq, rabitə kəsdirilir, su, kanalizasiya xətləri bağlanır. Müasir tarixdə bir ölkənin öz parlamentinin misli görünməmiş blokadası başlanır; Moskva çayı sahilində ucalan nəhəng binaya qarşı hücum hazırlanır.

Təbii ki, belə bir şəraitdə Boris Yeltsin MDB təmsilçilərinin Moskvaya gəlməyəcəyini, sammitin pozulacağını və bunun "prezidentin nüfuzuna bərk zərbə vuracağını" düşünərək təşviş keçirirdi.

Lakin hamı uçub gəldi. Sentyabrın 24-də Heydər Əliyev Kremldə Azərbaycanın MDB-yə daxil olması haqqında sənədləri imzaladı. Yeltsin onu təbrik etdi, dostcasına gülümsündü: "Heydər Əliyeviç, siz elə bil Kremldən heç getməmisiniz". Amma duyulurdu ki, Boris Nikolayeviçin fikri-zikri qonaqlarda deyil, daha çox ayrı qayğılarla yüklənib. "Gəliblər - xoş gəliblər, sağ olsunlar". Belarus Ali Sovetinin sədri Stanislav Şuşkeviç həmkarlarının adından ev yiyəsinə bəyan edir ki, "MDB dövlət və hökumət başçıları Prezident Yeltsin tərəfindən keçirilən konstitusion islahatları dəstəkləmiş və ona islahatların keçirilməsində uğurlar arzulamışlar".

RSFSR Ali Soveti son saatlarını yaşayırdı. Bu dəqiqələrdə Kremldə artıq heç kim Konstitusiya haqqında düşünmürdü. Tutçev demişkən, bu iqtidar öz haqqından savayı haqq tanımırdı... Onu belə şəklə salan "öz keçmişi, ölkə və onun tarixi keçmişilə tam üzülüşməsi" olmuşdu.

Azərbaycan Heydəri seçir

1993-cü il oktyabrın 3-də Azərbaycan xalqı Heydər Əlirza oğlu Əliyevi Prezident seçdi.

Oktyabrın 4-də Moskvada isə bambaşqa "seçkilər" keçirildi - Rusiya ordusunun tankları Rusiya Ali Sovetinin binasına atəş açdı... Amerika televiziyası paytaxtın mərkəzində baş verən qırğından bütün dünyaya reportaj yayımladı...

Yeltsin Əliyevdən fərqli olaraq, dövlət böhranından dinc, konstitusiyaya uyğun çıxış yolu tapa bilmədi.

Təntənəli andiçmə mərasimi. Prezident Heydər Əliyev həmvətənlilərinə təşəkkürünü bildirir, xalqın qarşısında öz böyük məsuliyyətindən danışır:

- Azərbaycan Respublikası müstəqilliyini olduqca mürəkkəb bir şəraitdə əldə etmişdir. Bizim üçün ən ağırı - Azərbaycanın beş ildən artıq yaşadığı müharibə şəraiti, erməni silahlı qüvvələrinin bizim ərazilərimizə qarşı təcavüzü, bu təcavüzün nəticəsində Azərbaycan xalqının üzərinə düşən bəlalardır. Buna görə qarşımızda duran əsas məsələ respublikanı muharibə vəziyyətindən çıxarmaq və vətəndaşların həyatı üçün dinc şərait yaratmaqdır.

... Azərbaycanın dövlət rəhbərləri tərəfindən yol verilmiş kobud səhvlər nəticəsində iyun ayında respublika vətəndaş müharibəsi həddinə gəlib çatmış və bəzi bölgələrin ayrılmasının real təhlükəsi yaranmışdır. Allaha şükür ki, bütün bu hadisələrin qarşısı alınmış, bir sıra cinayətkar dəstələr ləğv edilmiş və respublika daxilində ictimai-siyasi sabitliyin təmin edilməsi üçün şərait yaranmışdır.

Heydər Əliyev addım-addım Azərbaycanın yeni kursunu müəyyənləşdirirdi. Qarabağda sülh yolunun axtarışları... Neft sazişləri - gələn fəsildə bəhs edəcəyimiz "Əsrin müqaviləsi", xarici səfərlər - Türkiyə, İngiltərə, Çin, Türkmənistan...

Xarici tərəfdaşları qarşılarında xilasedici kredit dalınca gəlmiş minnətçi yox, bərabərhüquqlu müsahib görürdülər. Heydər Əliyev Türkiyə parlamentində parlaq nitq söyləyir. Prezident Azərbaycanın ötən yetmiş il ərzində elm, təhsil, mədəniyyət sahələrində əldə etdiyi danılmaz nailiyyətlərdən söz açır, "Biz öz simasını, öz dilini, öz milli ənənələrini qoruyub saxlamış bir ölkəyik", - deyə vurğulayırdı. Türkiyənin Azərbaycan Respublikasının əsas iqtisadi tərəfdaşlarından olduğunu bildirən Heydər Əliyev bununla yanaşı, Azərbaycanı Rusiya və sabiq SSRİ-nin digər respublikaları ilə bağlayan çoxəsrlik siyasi və iqtisadi əlaqələrin qırılmasının yolverilməzliyini də nəzərə çatdırırdı. Onun fikrincə, söhbət eyni prioritetlərin o birilərlə əvəz edilməsindən deyil, onların tarazlı uzlaşmasından gedə bilər.

Az qala 10 ilə bərabər olan, aramsız toqquşmalarla, çarpışmalarla müşayiət olunan bu bir il Türkmənistana - MDB ölkələri başçılarının Aşqabadda keçirilən iclasına səfərlə başa çatdı. Dekabrın 24-də şuranın qapalı iclasında Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev bəyanatla çıxış etdi:

- Ermənistan Respublikasının Azərbaycana qarşı az qala altı il davam edən təcavüzü Azərbaycan xalqına saysız-hesabsız əzablar gətirmişdir...

Prezident Dağlıq Qarabağ ərazisini tam nəzarət altına alan erməni silahlı birləşmələrinin ardıcıl olaraq əməliyyatlarını genişləndirərək muxtar vilayətin hüdudlarından kənarda Azərbaycanın bir sıra başqa rayonlarını da işğal etdiyini nəzərə çatdırır. Milyona qədər azərbaycanlı öz doğma ocaqlarından didərgin salınmışdır. İşğal olunmuş ərazilərdən Ermənistana yüz milyonlarla dollar həcmində ölçülən dövlət və özəl əmlak daşınır.

- Böyük təəssüflə qeyd etmək lazım gəlir ki, Azərbaycan Respublikası 1993-cü ilin sentyabrında Müstəqil Dövlətlər Birliyinin tamhüquqlu üzvü olandan və Kollektiv Təhlükəsizlik müqaviləsinə qoşulandan sonra Ermənistan Respublikası nəinki öz təcavüzünü dayandırmamış, əksinə, hərbi əməliyyatların eskalasiyası daha geniş miqyas almışdır.

Azərbaycan Prezidenti bütün MDB məkanında siyasi vəziyyətin sabitləşdirilməsinə yönəldilmiş ikitərəfli və çoxtərəfli razılaşmalar sistemi yaratmağı təklif etmişdir.

O, dövlət başçılarına üz tutaraq təkidlə Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzünə siyasi qiymət verməyə; təcavüzkar Ermənistanı Azərbaycana qarşı hərbi əməliyyatlara son qoymağa; Ermənistanın silahlı qüvvələrinin bütün bölmələrini Azərbaycan Respublikası ərazisindən dərhal çıxarılmasını qətiyyətlə tələb etməyə çağırır...

30 sentyabr 1994-cü il, Nyu-York

Azərbaycan Prezidenti BMT Baş Məclisində çıxış etməlidir. Birləşmiş Millətlər Təşkilatının baş katibi Butros Qali Heydər Əliyevi bütün dünyanın tanıdığı göydələn binanın giriş salonunda qarşılayır; protokol qaydalarına müvafiq olaraq BMT və Azərbaycan bayraqları önündə fotoşəkillər çəkdirilir; Baş katib qonağı iclas salonuna ötürür. Müstəqil Azərbaycanın tarixində onun başçısı ilk dəfə olaraq belə yüksək kürsüdən çıxış edir...

Onun vətəndə baş verən qanlı hadisədən hələ xəbəri yoxdur. Bakıda respublika Ali Məclisinin sədr müavini Afiyəddin cəlil oğlu cəlilov və AR Prezidenti yanında Xüsusi Mühafizə İdarəsinin rəisi, təhlükəsizlik xidmətinin veteranı, polkovnik Şəmsi Nuru oğlu Rəhimov muzdlu qatillərin hədəfinə çevrilərək vəhşicəsinə qətlə yetirilmişlər.

Oktyabrın birində onları son mənzilə yola salırlar... Fəxri qarovul, dövlət və hökumət təmsilçiləri, insan axını. Kədərli baxışlar, ağır itkinin acısı içində, təmkinin üstələdiyi bir qəzəb işartısı da közərir - Azərbaycanı günlərə çıxarmaq istəyən insanlara qənim kəsilən qara qüvvələrə qarşı qəzəb...

Heydər Əliyev uzaq Nyu-Yorkdan zəng vurub həlak olanların qohumlarına, yaxınlarına, bütün Azərbaycan xalqına başsağlığını çatdırmağı xahiş edir, matəm mərasimində iştirak edə bilmədiyinə görə çox təəssüfləndiyini bildirir. Dövlət başçısı Amerika səfərində olduğu zaman daha bir qanqaraldan, düşünülmüş təxribata dəlalət edən hadisə də baş verir - MTN təcridxanasından dustaqlar qaçırlar (ya qaçırdılırlar)... Bütün bunlar onu göstərir ki, Azərbaycana yönəlmiş düşmən qüvvələr hələ mövcuddur və onlara qarşı ciddi mübarizə aparmaq lazımdır.

"Mən xalqa arxalanıram"

Bəli, bu iki qətl də, dustaqların qaçması da Azərbaycanı qarşıda gözləyən "silsilə" bəlaların başlanğıcı idi. Bu hadisəyə seyrçi qalmaq olmaz, ciddi və düşünülmüş tədbirlər görülməli, təxribatların qarşısını almaq üçün müvafiq və təxirəsalınmaz əməliyyatlar həyata keçirməlidir.

Oktyabrın 3-də vətənə qayıdan Prezident Bakıda fövqəladə vəziyyət elan edilməsi haqqında fərman imzaladı. O da bəlli oldu ki, Heydər Əliyevin özünə qarşı da sui-qəsd hazırlanırmış. Azadlıq meydanına mitinqə yığışan yüzminlərlə bakılı, başqa şəhər və qəsəbələrdən gələn sakinlər Prezidentin dilindən bu acı həqiqəti də eşitdilər. Onun həmişəki kimi qətiyyətli, sərrast, təmkinli nitqində daxili təlatümdən, ürək yanğısından irəli gələn kövrək, məhrəmanə çalarlar da vardı.

- Hörmətli həmvətənlilər, əziz bacılar və qardaşlar! Sevimli Azərbaycan xalqı!

Son günlər Azərbaycanın həyatında mürəkkəb hadisələr baş vermiş, cəmiyyətimiz çox gərgin vəziyyətə düşmüşdür. Bununla əlaqədar olaraq mən Azərbaycan xalqına dəfələrlə müraciət etmişəm. Müstəqil Azərbaycan dövlətinin qorunması üçün Azərbaycan xalqından ayağa qalxmağı rica etmişəm. Mən xalqa həmişə ümid bəsləmişəm, həmişə də xalqa güvənmişəm. Odur ki, bu günlərdə Azərbaycan xalqı öz sıx birliyini, həmrəyliyini bir daha nümayiş etdirib, bir daha bildirib ki, milli azadlığa nail olan Azərbaycan xalqı yenilməzdir, mətindir, cəsarətlidir...

Üç gün bundan qabaq Azərbaycan polisinin Xüsusi Təyinatlı Dəstəsinin bəzi qrupları tərəfindən qanunsuz hərəkətlər nəticəsində törədilmiş silahlı qarşıdurma sülh yolu ilə dayandırıldı. Halbuki vəziyyət son dərəcə gərgin idi. Mən başa düşürdüm ki, bu cavanları çaşdıran, yanlış yola sürükləyən qüvvələr var, onları öz əllərində alətə çevirib idarə edərək, bədxah və düşmən məqsədlərini güdən qüvvələr var. Biz hər şeyi qaydaya salmaq üçün xeyli səylər göstərdik, çox vaxt sərf etdik. Və qaydaya qoyduq!

... Sizə məlumdur ki, ötən ilin payızında Bakıda mənim həyatıma sui-qəsd hazırlayan terrorçu qruplaşma yaxalanmışdır. Bu qruplaşmanın üzvləri cinayət törətdikləri məqamda yaxalanmışlar. Xalq cəbhəsindən bəzi adamlar, Türkiyə vətəndaşı Həsən Tokunu aldadaraq, buraya gətirmişdilər ki, mənim həyatıma sui-qəsd etsin. Lakin müəyyən qüvvələr bu terrorçuların mühakimə edilməsindən nəticə çıxarmamış və buna görə də yenə terrora əl atmaq istəyirlər. Şübhə etmirəm ki, xalqımız buna yol verməyəcək. Lakin qoy xalq onu da bilsin: mən var qüvvəmlə Azərbaycanın müstəqilliyi, vətənimizin suverenliyi, torpaqlarımızın bütövlüyü naminə çalışmışam və məni terrorla qorxutmaq və geriyə çəkilməyə məcbur etmək olmaz.

Bu gün böyük təəssüf hissilə demək istəyirəm ki, həyatıma qəsd edən terrorçulardan bəziləri Kələki kəndində gizlənirlər. Onlar sabiq prezident Əbülfəz Elçibəyin ətrafına toplaşıblar. Mən Əbülfəz Elçibəyin Azərbaycanın milli azadlığı uğrunda mübarizəsində xidmətlərini yüksək qiymətləndirirəm. Lakin təkrar edirəm, heç kim silaha, terrora əl atmamalıdır. Bütün silahlı dəstələr tərk-silah olunmalıdır. Buna görə mən bu gün siyasi terror yolunu seçmiş insanlara nifrətimi bildirirəm və bütün xalqı onları ifşa etməyə çağırıram.

Bu həyəcanlı dövrdə Prezident iki dəfə Gəncə haqqında danışmalı oldu. Birinci dəfə səhərə yaxın Prezident Sarayı qarşısında toplaşan on minlərlə həmvətənlilərinə üz tutanda. Ona həyan duran xalqa minnətdarlığını bildirdi:

- Bir müdrik atalar sözü var: güc birlikdədir. Heç kim, heç bir qüvvə xalqın gücünə qarşı dura bilməz. Və mən xalqa, sizə arxalanıram, əziz Azərbaycan vətəndaşları! Sağ olun!..

Və sonra Gəncədə silahlı dəstələr tərəfindən şəhər və rayon icra hakimiyyətinin binalarının, hava limanının, dəmiryol vağzalının, MTN idarəsinin zəbt edildiyini söyləyib, qeyd etdi:

- Lakin onlar xalqın və dövlətin qarşısında böyük səhv etmişlər. Onların himayədarı da günah işlətmişdir. O anlamalıydı ki, Azərbaycanın belə ağır günlərində bunu etmək olmazdı. O, indiyədək ona göstərilən hörməti başa düşmədi. Lakin sizə məlumat verə bilərəm ki, Gəncədə sağlam qüvvələr ayağa qalxıblar. Onlar Azərbaycan dövlətçiliyinə qəsd edən hər bir kəsi cilovlayır, yaxalayırlar. Yəqin, indi Gəncə əhalisi məni televiziya ilə dinləyir. Mən onları Bakıdan salamlayıram, gəncəlilərə öz hörmət və ehtiramımı ifadə edirəm. Onların düşmən qüvvələrini dəf edəcəyinə inamımı bildirmək istəyirəm.

Qiyamçıların havadarlarının kimliyini Prezident hələ ki açıqlamamışdı.

Onun xalqa daha bir müraciətindən:

- Gəncə ilə əlaqə yaratmaq çox çətin idi, çünki bütün xətlər zədələnmişdi. Mən baş nazir Surət Hüseynova zəng vurdum. Bildiyiniz kimi, o, əslən gəncəlidir, orada onun tərəfdarları, ona tabe olan silahlı qüvvələr var (təəssüf ki, bu qeyri-qanuni silahlı qüvvələrdir). Gəncədə baş verənləri dedim. Surət cavab verdi ki, ona bu barədə heç nə məlum deyil, araşdıracağına söz verdi. Bir müddət sonra mən yenə ondan bu məsələ ilə məşğul olmağı xahiş etdim. O cavab verdi ki, Gəncədə baş verən pozğunluqlar Xüsusi Təyinatlı Polis Dəstəsi tərəfindən törədilib.

Daha sonra mən məlumat aldım ki, bu, XTPD deyil, qeyri-qanuni silahlı dəstələrdi və onlara Surət Hüseynova yaxın ayrı-ayrı şəxslər rəhbərlik edir. Həmçinin məlumat gəldi ki, Nazirlər Kabinetində Surət Hüseynovun yanında işləyən adamlar, Gəncəyə yollanıb, baş verən hadisələrə rəhbərlik edirlər. Bunu öyrənib mən Surət Hüseynovu çağırdım ki, birlikdə hər şeyi aydınlaşdıraq. Lakin əfsus ki, o gəlmədi.

Sonra onunla telefonla əlaqə saxlaya bilmədim. O, mənə artıq televiziyada çıxışımdan sonra zəng vurdu. Mən ona bildirdim ki, belə hərəkətlər yolverilməzdir. Axı, bir yerdə, bir dövlətdə işləyirik. Dövlətdə rəhbər vəzifə tutan şəxs dövlət çevrilişində iştirak edə bilməz. Buna görə də onu yenə yanıma dəvət etdim. Amma o, bu dəfə də gəlmədi. İndi o mənim yanımdadır. Mən hər şeyi açıq deyirəm. Heç nəyi gizlətmirəm, belə hərəkətləri pisləyirəm. Belə şey aramızda olmamalıdır.

Gəncədə baş verən hadisələrin davamının qarşısını almaq üçün dünən axşam əməliyyata başlayan ordunun qüvvəsindən istifadə etməli olduq. Nəticədə, cinayətkarlar tutulmuşlar...

Məhkəmə oldu, Surət Hüseynova ömürlük həbs cəzası verildi. Hadisələri qabaqlayaraq məlumat verək: 2004-cü il martın 17-də Prezident İlham Əliyev onu əfv etdi. Azadlığa çıxan Surət Hüseynov Heydər Əliyevin məzarını ziyarət edərək onun ruhu qarşısında üç dəfə baş əydi. Həyatda belə tövbələr də olur…

 

Mərkəz.- 2010.- 3 dekabr.- S. 10-11.