HEYDƏR ƏLİYEV

 

Neft-qaz hasilatı idarələrindən demək olar ki, bütün mütəxəssisləri qovmuşdular. Savadsız «mübarizlər» elə hesab edirdilər ki, kabinetdə kresloya əyləşməklə, telefonla danışmaqla hər şey həll olunacaq, neft özü borularla axıb gələcək, onlar isə yalnız pul qazanacaqlar.

- Əgər respublika məhv olmaq istəmirsə, bu vəziyyəti yalnız neft sənayesinin köməyi ilə düzəltmək olar, - Heydər Əliyev mənə dedi.

Sonradan Azərbaycanın neft strategiyası adlandırılan planın ümumi cizgiləri yəqin ki, artıq onun fikrində hazır idi. İndi də həmsöhbətinin bu problemlər barədə nə düşündüyünü, xarici şirkətlərlə birgə müəssisələrin fəaliyyəti ilə bağlı nə fikirləşdiyini öyrənmək istəyirdi.

- Mən ona dedim ki, - həmin yaddaqalan günün söhbətini bütün detallarına qədər Natiq Əliyev xatirinə gətirir, - bizim neft strategiyası məncə, iki istiqamətdə getməlidir. Birincisi: daxili rezervlər hesabına hasilatın aşağı düşməsinin qarşısını almaq, nizam-intizamı bərpa etmək, kadr siyasətini düzgün aparmaq. İkincisi: məlumdur ki, Azərbaycan öz qüvvəsiylə bu problemlərin çoxunun öhdəsindən gəlməyəcək. Bu təkcə texniki yox, həm də siyasi, mənəvi-psixoloji bir məqamdır.

Həqiqətən də, Azərbaycanı SSRİ-nin neft akademiyası adlandırırdılar. Bakı mütəxəssisləri Volqaboyunda, Sibirdə, Tatarıstan və Başqırdıstanda neft yataqlarının istismarına yardım edir, Bakı zavodları bütün İttifaqın neft sənayesi üçün avadanlıq istehsal edirdi. Amma indi özümüz kimdənsə kömək umurduq. Dünya neft hasilatı sənayesi xeyli inkişaf edib irəli getmiş, yeni texnologiyalar kəşf edilmişdi. Görəsən, Azərbaycan mütəxəssisləri onlardan öyrənməyə hazırdılarmı?

- Bəlkə, kimsə bunun əleyhinə olacaq, - deyə Natiq Əliyev qeyd edir, - amma bu, qaçılmaz addımdır.

Elə də oldu. İlkin mərhələlərdə Azərbaycan neftçiləri gözəgörünməz sədlə iki cəbhəyə ayrılmışdı. Bir qrup mütəxəssis deyirdi ki, öz qüvvəmizlə keçinə bilərik, ABŞ-ın, İngiltərənin, Norveçin, yaxud Türkiyənin köməyinə ehtiyac yoxdur. İkinci qrup mütəxəssislərsə belə hesab edirdi ki, Qərbin köməyindən mütləq istifadə etmək lazımdır.

- Həmin ərəfədə respublika maliyyə cəhətdən böhran keçirirdi, - deyə o davam edir. - Xarici yardım olmadan biz yeni yataqların istismarına yalnız 15-20 il sonra başlaya bilərdik. Bu qədər vaxt ehtiyatı isə yox idi. Çıxış yolu qarşılıqlı, sərfəli şərtlərlə əməkdaşlıq idi. Əlbəttə ki, Bakıya can atan bütün şirkətlərlə yox, yalnız ən böyük, dünya şöhrətli şirkətlərlə danışıqlara başlamaq lazım idi.

Söhbət gözlənilməz şəkildə qurtardı.

- Artıq gecdir, - Heydər Əliyev qeyd etdi, - sən evə get, mənsə səni bizim işimizə necə cəlb etmək barədə düşünərəm. Qərarımı sənə bildirəcəklər.

Növbəti zəng Natiq Əliyevi bacısının bağında haqladı. Ondan xahiş etdilər ki, 15 dəqiqədən sonra Prezidentin yanında olsun, o isə etiraz edib bildirdi ki, əvvəlcə gərək evə gedib paltarını dəyişsin.

- Azərbaycan Neft Şirkətinin prezidenti vəzifəsinə bir neçə namizəd var, - Heydər Əliyev ona demişdi. - Mən çox fikirləşəndən sonra sənin namizədliyinin üstündə dayandım. Sən gəncsən və əminəm ki, işin öhdəsindən gələcəksən. Sabah, avqustun 9-da mən parlamentə dəvət etdiyim xarici şirkətlərin nümayəndələri qarşısında çıxış etməlisən. Onlar başa düşməlidirlər ki, neft bizim mlli sərvətimizdir və biz əvvəlcə bağlanan müqavilələrin sərfəli olub-olmadığını yoxlamalıyıq.

Bu gecənin Natiq Əliyev üçün necə ağır keçdiyini təsəvvür etmək çətin deyil. Demək olar ki, səhərə qədər o öz çıxışının tezislərini yazır, qeydlər edir, yazdıqlarının üzünü köçürürdü.

Səhər saat 10-da parlamentin böyük zalında hörmətli qonaqlar toplanmışdı. Bunlar Azərbaycanda işləməyə başlayan neft şirkətlərinin nümayəndələri idi. Heydər Əliyev onları salamladı və danışıqlar prosesi başlandı. Bu, Azərbaycanın yeni neft strategiyasında atılmış ilk real addım idi.

Əlbəttə ki, biz Natiq Əliyevi təkcə bu neft strategiyası barədə yox, onu düşünən və dəyərləndirən insan barədə də sorğu-suala çəkdik.

- Siz Heydər Əliyevlə çox görüşmüsünüz. O sizin yaddaşınızda necə qalıb?

- İstəyirsiniz, Heydər Əliyevin mənə necə tərbiyə dərsi verdiyi barədə danışım.

- Bundan kim imtina edər ki…

- Bir-iki gün idi ki, işə başlamışdım, - Natiq Əliyev aramla söhbətinə başlayır. - Xatırladım ki, Bakıda o vaxt komendant saatı rejimi idi. Mənə isə hələ nə vəsiqə, nə də buraxılış vərəqi verilməmişdi. Gecə saat on ikidən sonra küçədə patrul hər kəsi saxlayırdı... Axşam saat səkkizdə Heydər Əliyevin katibliyindən mənə zəng vurub dedilər ki, o, bir azdan sizinlə danışacaq.

Mən heç nə demədim. Gözlədim. Saat doqquz oldu, on oldu, zəng edən olmadı. Saat onu keçəndən sonra özüm zəng vurdum. «O, hələ məşğuldur, gözləyin», - dedilər.

Saat on biri keçdi. Artıq on iki yaxınlaşırdı. Nəsə etmək lazımdır. Düzdür, mən yaxınlıqda yaşayırdım, evə piyada da gedə bilərdim, amma sürücüm şəhərin o biri başında yaşayırdı... . Qısası, sürücünü də buraxıb evə getdim.

Səhər saat 9.00-da işdə idim. 9.05-də isə Heydər Əliyevin katibliyindən zəng vurdular:

- Siz neyləmisiz?!

- Neyləmişəm ki?

- Heydər Əliyev səni axtarırdı, sənsə çıxıb evə getmisən.

Mən gedişimin səbəbini izah etdim.

Axşam yenə katiblikdən zəng vurub dedilər ki, Heydər Əliyev səninlə danışacaq. Gözləyirəm. On bir, on iki... saat üçə beş dəqiqə qalmış telefon zəng çaldı. Yenə katiblikdən idi: «Sən evə gedə bilərsən. O, səninlə başqa vaxt söhbət edəcək».

Ertəsi gün vəziyyət təkrar olundu. Yalnız üçüncü gün Heydər Əliyev özü telefonu götürdü. Əlbəttə ki, məni danlamadı. Bircə onu dedi ki, mənim zəngimi gözləməyib evə getdiyin üçün xəcalət çəkmirsən? Vəziyyəti ona başa saldım. cavabı belə oldu: «Mən indi bu barədə sərəncam verərəm». Sonra mənə başa saldı ki, harada olmağından asılı olmayaraq, mən istənilən vaxt səninlə əlaqə saxlaya bilərəm. Mən işdən çıxıb getməyincə sən də işdə olmalısan. Siz gəncsiniz, əslində məndən də çox işləməlisiniz. «Başa düşdüm, cənab Prezident».

Bu, birinci dərs idi. Sonra isə ikinci dərs oldu. Mən Bakıdan kənarda yerləşən müəssisələrdən birinə getmişdim. Heydər Əliyevin zəngi məni orada haqladı: «Bundan sonra məndən icazəsiz Bakıdan kənara çıxma». «Baş üstə, cənab Prezident».

 

Neft əsrinin müqaviləsi

 

Heydər Əliyevin böyük siyasətdəki möcüzələrindən biri, artıq bütün dünyada əfsanəyə çevrilmiş neft strategiyasıdır. Həqiqət naminə qeyd olunmalıdır ki, məhz Heydər Əliyevin reallaşdırdığı bu strategiya sayəsində müstəqil Azərbaycan beynəlxalq enerji siyasətini müəyyənləşdirən qabaqcıl ölkələr sırasında öz yerini tutdu. Bu uğurun hansı mürəkkəb və çətin sədlərin, xarici və daxili təzyiqlərin dəf edilməsindən sonra əldə olunması indi müstəqil Azərbaycan tarixinin şərəfli səhifələrindən hesab olunur.

Dövrün gerçəkliyi ondan ibarət idi ki, dünyanın bütün qabaqcıl ölkələri, onların nəhəng neft şirkətləri Azərbaycan neftini ələ keçirməkdə maraqlı idilər. “Qara qızıl” uğrunda kəskin və ciddi mübarizə gedirdi. Azərbaycanda isə Heydər Əliyevin gəlişi ilə nisbi sabitlik yaransa da, silahlı çevrilişlər yolu ilə hakimiyyətə yiyələnmək arzusunda olanlar hələ çox idi. Heydər Əliyevi isə daha qlobal və ciddi məsələ düşündürürdü: Xəzər hövzəsində təsir gücünə yiyələnmək uğrunda gedən mübarizədə gənc, müstəqil dövlətin milli maraqlarını qorumaq və siyasəti elə qurmaq lazımdır ki, bu ancaq cari maraq üçün yox, həm də gələcəyin əsaslarını qoymuş olsun.

20 sentyabr 1994-cü il, Bakı

 

İndi isə təqvimdə 1994-cü ilin sentyabr ayını açaq. Məhz o zaman Azərbaycanda, başqa ölkələrin siyasi və işgüzar dairələrində Heydər Əliyevin irəli sürdüyü sərrast və yığcam «Əsrin müqaviləsi» ifadəsi işlədilməyə başlandı. Bu formulun məzmunu nə idi? Söhbət genişmiqyaslı beynəlxalq işbirliyindən, nəhəng neft layihəsindən gedirdi. Azərbaycan Dövlət Neft Şirkəti ilə beynəlxalq şirkətlər konsorsiumu arasında Xəzər dənizinin Azərbaycan sektorundakı neft yataqlarının müştərək işlədilməsi üzrə müqavilə bağlanırdı. Diqqət yetirək: «Əsrin müqaviləsi»nin təntənəli imzalanma mərasimi 1994-cü il sentyabrın 20-də keçirildi, Heydər Əliyevin hakimiyyətə qayıdışından bir il sonra. Kontraktın ilkin imzalanma tarixi 1993-cü il iyulun 21-nə nəzərdə tutulurdu və o zaman prezident vəzifəsində olan Elçibəy artıq İngiltərə səfərinə hazırlaşırdı. Xatırladığınız kimi, gözlənilmədən o, marşrutunu dəyişməli olmuşdur.

Bəli, danışıqları Əliyevin sələfləri səriştəsiz və təmənnalı başlamışdılar. Onlar xarici şirkətlərlə ölkə üçün çox ağır, özləri üçünsə görünür «sərfəli» şərtlərlə sövdələşməyə hazırlaşırdılar. Bərbəzəkli sözlərlə «naxışlanmış» həmin variantların məğzini «topdansatış» adlandırmaq olardı. Amma unutmaq olmaz ki, söhbət müştərisi olmayan, kiflənmiş ayın-oyundan, cır-cındırdan yox, torpağın sərvətindən gedirdi. Bir fəndgir əcnəbi «Çıraq» yatağının mənimsənilməsinə altı il ərzində 21 milyon dollar sərmayə qoymağı vəd edirdi. Bu şərtlə ki, çıxarılacaq neftdən əlavə, o, «səmt qazı»na da yiyə duracaq və həmin qazı Azərbaycana bazar qiymətləriylə satacaq.

«Çırağ»ın neft qaynaqları hazırlıq işləri başlandıqdan üç il sonra istismara verildi və hasil olunan «qara qızıl»ın həcmi milyon tonlarla hesablanır.

Ölkənin 1993-cü ildən sonrakı ağır sosial-iqtisadi və siyasi vəziyyətində müstəqilliyin qorunması üçün dövlət quruculuğu məsələləri ilə eyni vaxtda danışıqlar aparmaq diqqəti əsas məsələlərdən yayındırırdı. Neft müqavilələri sahəsində danışıqlar aparmaq üçün səlahiyyət almış şəxslər isə, qeyd edildiyi kimi, şəxsi mənafeyi dövlətçilikdən də, milli mənafedən də üstün tutur, xarici şirkət rəhbərlərindən rüşvət tələb edir, ölkənin nüfuzunu və “əsrin müqaviləsi”ni təhlükə altında qoyurdular. Xarici şirkətlərin nümayəndələrindən diplomatlar və siyasətçilər vasitəsilə Prezident Heydər Əliyevə şikayətlər daxil olmağa başlamışdı. Məhz belə bir vaxtda, ölkənin, dövlətin nüfuzu təhlükə altına alınanda Prezident Heydər Əliyev ən etibarlı silahdaşına, oğlu, ARDNŞ-in vitse-prezidenti İlham Əliyevə danışıqlar aparmaq vəzifəsini tapşırdı.

İlham Əliyev ölkənin iqtisadi, eyni zamanda siyasi taleyində mühüm rol oynayacaq neft müqavilələrinin hazırlanması üçün faktiki olaraq yenidən danışıqlara başladı, köhnə müqavilələrə tamamilə yenidən baxdı, demək olar ki, onları xilas etdi. Bu sahədəki danışıqları xatırlayaraq İ. Əliyev sonralar deyir: “Qısa müddətdə, dünyanın müxtəlif guşələrində aparıcı siyasətçilər, nazirlər, konqresmenlərlə görüşüb dünyada neft biznesinin müxtəlif aspektlərini, bizim regionun inkişaf perspektivlərini müzakirə edərkən, neft müqavilələrini imzalayarkən mən ilk növbədə geosiyasi məsələləri qaldırır, yalnız bu sahədə anlaşma əldə olunandan sonra, texniki-iqtisadi problemlərin təhlilinə keçir, hər bir məsələni konkretləşdirməyə başlayıram”.

O, xarici həmkarlarını sakitləşdirir və inandırır, şübhəli partnyorlarla xudahafizləşir və yenilərini tapır, sürətlə və məqsədyönlü şəkildə problemləri həll edirdi.

Xəzər şelfində yataqların işlənməsi, neft və qaz kəmərlərinin çəkilməsi, Böyük İpək yolu kimi layihələr İlham Əliyevin Klinton, Mitteran, Şirak, Xasimoto, Kol, Meycor, Bleyer kimi dünya siyasətinin liderləri ilə şəxsi görüşləri zamanı müzakirə olunurdu. Dünyanın 14 ölkəsinin 19 şirkəti ilə danışıqlar aparır, Vaşinqtonda, Nyu-Yorkda, Londonda, dünyanın aparıcı universitetləri olan Harvardda, Stenfordda beynəlxalq iqtisadi forumlarda dünya biznesinin elitası qarşısında çıxışlar edirdi. Beləliklə, İlham Əliyev ölkəsinin iqtisadi nüfuzunu qorumaq uğrunda mübarizədə həm güclü bir iqtisadçı, həm də dünya səviyyəli bir siyasətçi kimi formalaşırdı.

Ölkənin rəhbərinə etibar edən, Heydər Əliyevi investisiyaların qarantı hesab edən sərmayəçilər və partnyorlar onun oğluna, yüksək dərəcəli iqtisadçı mütəxəssisə, çevik diplomata inanırdılar, etibar edirdilər. Bununla da qısa bir zamanda çox da böyük olmayan Azərbaycan sürətlə dünyanın iqtisadi siyasət mərkəzlərindən birinə çevrilirdi.

İlham Əliyev danışıqların gedişatını xatırlayır: «... Hər bir tərəf, təbii ki, öz maraqlarını yüksək dərəcədə qorumağa çalışırdı. Bəzən işlər çıxılmaz vəziyyətə düşürdü. Xüsusən, 1994-cü ilin yazında və yayında - İstanbul və Hyustonda danışıqların son mərhələləri çətin keçirdi. Danışıqların gedişatında gərgin məqamlar da olurdu və Azərbaycan tərəfi danışıqları dayandırmaq həddinə yaxın olurdu, çünki bəzi şərtləri milli mənafelər üçün qəbuledilməz sayaraq, onlarla razılaşa bilmirdik. Biz xarici şirkətlərə deyirdik: «Siz ayrı-ayrı şirkətlərin maraqlarını müdafiə edirsiniz, biz isə ölkənin və Azərbaycan xalqının maraqlarını müdafiə edirik. Siz səhvə yol verirsizsə, bu, şirkətinizin bir layihəsinə təsir göstərəcək. Biz isə səhv etsək, bu səhv bütün Azərbaycan xalqının maraqlarına ziyan vuracaq. Başqa sözlə, biz heç vəchlə heç bir səhvə yol verə bilmərik».

Opponentlər iddia edirdilər ki, bütün gəlirlər xarici sahibkarların ciblərinə axacaq. İlham Əliyev tutarlı cavab verirdi: «Əsrin müqaviləsi»ndən bütün gəlirin otuz il ərzində 80 faizini Azərbaycan, xarici şirkətlərin hamısı isə cəm halında yalnız 20 faizini alacaqlar».

«Əsrin müqaviləsi» Azərbaycanın XXI əsrə siyasi və iqtisadi sıçrayışı oldu. Şübhəsiz ki, bu, ilk növbədə Heydər Əliyevin xidməti, onun zəkasının, iradəsinin, enerjisinin nəticəsi, məhsuludur. Buna görə də bütün dünyada əks-səda doğurmuş həmin cahanşümul hadisədən daha ətraflı bəhs edəcəyik.

1994-cü il fevralın 4-də Prezident Heydər Əliyev «Azərbaycanda dəniz neft və qaz yataqlarının işlənilməsinin sürətləndirilməsi haqqında» sərəncam imzaladı. Bu strateji sənəd ARDNŞ-in dünyanın ən iri şirkətlərinin konsorsiumu ilə danışıqlarının əsasını təşkil etdi. 1995-ci ilin oktyabrında İlham Əliyev bu danışıqlar barədə «Günay» qəzetinin əməkdaşına müsahibəsində ətraflı məlumat verdi. Bu müsahibədə neft layihələrindən bir az kənara çıxan maraqlı detallar da öz əksini tapmışdı: «1994-cü il may ayının ikisində, mənim bu vəzifəyə (Azərbayan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti - müəlliflər) təyinatımdan iki gün sonra bizim nümayəndə heyəti danışıqlar aparmaq üçün İstanbula yola düşdü, - deyə İlham Əliyev xatırlayır. - İstanbulda biz iki dəfə olmuşuq. Birinci dəfə iyirmi gün, ikinci dəfə isə bir ay qaldıq. Danışıqlardan sonra elə güman edirdik ki, bütün məsələlər artıq yoluna qoyulub. Həqiqətən də, 1994-cü ildə Hyustona, danışıqların son mərhələsini aparmağa gedəndə biz elə fikirləşirdik ki, burada bir həftə, ən uzağı on gün qalacağıq, müqavilədəki bəzi xırda detallara əl gəzdirəcək, bir neçə həll olunmamış məsələni yoluna qoyacaq və Bakıya qayıdacağıq. Amma mənim gözlədiyim kimi olmadı, danışıqlar vaxtı o qədər həll olunmamış məsələ ortaya çıxdı ki, biz Hyustonda düz qırx beş gün qaldıq. Bəzən mübahisələr elə gərgin həddə çatırdı ki, hər iki tərəf danışıqları yarıda kəsmək istəyirdi.

ARDNŞ-in vitse-prezidenti kimi mən başa düşürdüm ki, bu müqavilə mütləq bağlanmalıdır, amma eyni zamanda anlayırdım ki, müqavilə bizimçün sərfəli şərtlərlə imzalanmışdır. Çünki on il, on beş il sonra heç kim bizi Azərbaycanın maraqlarına zidd olan müqavilə imzalamaqda təqsirləndirməməliydi. Bu iki hiss həmin vaxt nümayəndə heyətinin hər bir üzvünün ürəyində vardı. Mən problemdən çıxış yolunu məsələnin yalnız siyasi həllində görürdüm.

Ağ evdə, Dövlət departamentində çıxışlarım zamanı mən bildirirdim ki, Azərbaycan bu müqaviləni bağlamağı çox arzulayır, amma bu şərtlər bizi qətiyyən qane etmir.

Amerikanın energetika naziri ilə görüşüb onunla da danışıq apardım. Əsas problem Xəzərin statusu məsələsi idi. O vaxt konsorsiuma daxil olan kompaniyalar müqavilədə belə qeyd edirdilər ki, işə Xəzərin statusu müəyyən ediləndən sonra başlanmalıdır. Yəni bir kontrakt bağlanır, qanuni qüvvəyə minir, amma Xəzərin statusu məsələsi açıq qalır. Siz, hər halda, bilirsiniz, bəzi ölkələr Xəzərin statusu məsələsinin açıq qalmasının tərəfdarıdırlar. Onda mən israr etdim: bu ifadə müqavilədən çıxarılmayınca onu imzalamayacam. Amerikanın energetika naziri mənə tərəfdar çıxdı və bu ifadə müqavilədən çıxarıldı. Müqavilənin bağlanmasında mənim əziyyətim çox olub, amma indi bunu şişirtmək fikrim yoxdur.

- Əgər sabah, Allah eləməsin, ARDNŞ-in vitse-prezidenti İlham Əliyev işində nəsə səhv buraxsa, Azərbaycan Prezidenti onu bağışlayacaqmı? - deyə müxbir maraqlanır.

- Məncə, bir oğul kimi bağışlayar, amma vitse-prezident kimi yox. Həm də məsələ onun bağışlayıb-bağışlamayacağında deyil. Mən bunu özüm- özümə bağışlamaram. Belə bir hadisə olarsa, könüllü şəkildə işdən gedərəm.

- ARDNŞ-in vitse-prezidenti ilə Azərbaycan Prezidentinin fikirləri həmişə üst -üstə düşürmü? Moskvada və sonrakı ağır günlərdə Siz həmişə atanızın mövqeyində dayanmısınız?

- Əlbəttə, mən həmişə onun mövqeyini müdafiə etmişəm. Çünki bilirdim ki, o, həmişə haqlıdır. İndi də onun mövqeyindəyəm. Bir tərəfdən bu, bir oğul kimi mənim borcumdur, ikinci tərəfdən onun mövqeyi indiki vəziyyətdə düzgündür və Azərbaycanın müstəqilliyinə xidmət edir.

- Onda sualı başqa cür qoyum. Aranızda hətta xırda məsələlərdə də fikir ayrılığı olmur?

- Siyasi məsələlərdə yox. Azərbaycanda geosiyasi vəziyyət elədir ki, bizim bir neçə əsas prinsipimiz olmalıdır. Ən əsas isə müstəqilliyimizin qorunmasıdır. Prezidentin bu sahədə apardığı iş alqışa layiqdir. Mən bu addımların həmişə tərəfdarı olmuşam. Düzdür, bəzi məsələlərdə mənim öz şəxsi fikrim var, amma indi vəziyyət gərgindir, diskussiyalar aparmağa lüzum yoxdur. İndi bütün xalq, bütün rəhbərlik eyni nöqtəyə vurmalıdır.

- Azərbaycan Prezidenti ilə tez-tezmi görüşürsünüz?

- Bəli.

- Neft işlərindən əlavə, o öz oğlunun ailə məsələləri ilə, nəvələriylə məşğul olurmu?

- Hə, çox maraqlanır. Nəvələri üçün çox darıxır. Bizim ailəmiz bir neçə il ayrılıqda yaşayıb. Mən 1977-ci ildə Moskvaya köçmüşəm. Sonra bacım da oraya gəldi. 1983-cü ildə bizim hamımız Moskvada toplaşdıq. Sonra atam Naxçıvana getdi. Biz yenə də ayrı düşdük. İndi bacım xaricdədir. Əlbəttə, atam uşaqlar üçün darıxır, onlarla birlikdə daha çox vaxt keçirmək istəyir. Onları özü böyütmək, tərbiyə vermək arzusundadır.

- İlham müəllim, ata məsləhətinə ehtiyac duyursunuzmu?

- Əlbəttə, amma məncə, əgər insan özünü yetkin hesab edirsə, qərarları da özü qəbul etməlidir, məsuliyyəti də özü daşımalıdır. Şübhəsiz ki, mən atama məsləhət üçün müraciət edirəm. Amma öz problemlərimi özüm həll etməyə çalışıram. Mən sərbəst həyata çoxdan alışmışam. Prezidentin onsuz da işi başından aşır, hansısa xırda problemlərlə onun vaxtını almaq istəmirəm».

Danışıqların yekunlarını dərindən öyrəndikdən sonra Prezidentin sentyabrın 4-də imzaladığı fərmanda layihənin iqtisadi, siyasi, sosial əhəmiyyəti dəyərləndirilir. ARDNŞ prezidenti Natiq Əliyevə «Azəri», «Çıraq» və «Günəşli» yatağının dərin sularda yerləşən hissəsinin müştərək işlənilməsi, ARDNŞ və doqquz xarici şirkət arasında neft məhsulunun paylaşdırılması haqqında müqavilənin imzalanması həvalə edilirdi. Həmin xarici şirkətlərə əvvəllər Azərbaycanın «qəribliyə saldığı» Rusiyanın «LUKoyl» şirkəti, həmçinin İran və Fransa şirkətləri qoşulmuşdular.

Müqavilənin təntənəli imzalanma mərasimi 1994-cü il, sentyabrın 20-də «Gülüstan» sarayında keçirildi. Bakıya Birləşmiş Ştatlardan, Rusiyadan, Böyük Britaniyadan, Türkiyədən, Norveçdən nazirlər, parlament təmsilçiləri, sahibkarlar təşrif buyurdular.

Heydər Əliyev möhtərəm qonaqlara üz tutaraq:

- Neft - Azərbaycan Respublikasının və Azərbaycan xalqının ən böyük milli sərvətidir, - dedi. - Buna görə də Azərbaycanı «Odlar Yurdu» adlandırırlar.

O, çıxışında fərəhlə respublikada neft hasilatı tarixini xatırladır, Azərbaycan neftçilərinin İkinci Dünya müharibəsi illərində faşızm üzərində qələbə yolunda verdiyi töhfəni qeyd edir.

- Bizim neftçilərimiz Sovet İttifaqının hər hansı nöqtəsində yeni neft yataqlarının inkişaf etdirilməsi və işlədilməsində fəal iştirak etmişlər. Təsadüfi deyil ki, onların səyləri və zəhməti sayəsində kəşf edilmiş və işə salınmış yeni neft yataqları «İkinci Bakı», «Üçüncü Bakı», «Dördüncü Bakı» adlandırılırdı. Azərbaycan neftçilərinin Rusiyada ən böyük Sibir, Tümen yataqlarının inkişaf və istismar edilməsində, orada qüdrətli neft və qaz komplekslərinin yaradılmasında xidmətləri çox böyükdür.

Mən bunları qonaqlarımızın nəzərinə çatdırmağı, Azərbaycan xalqının da yadına salmağı lazım bilirəm. Çünki bütün bunlar Azərbaycan xalqının iftixarı və qürurudur, xalqımızın, neftçilərimizin dünya iqtisadiyyatında böyük xidmətlərindən xəbər verir.

Prezident məclis iştirakçılarına üz tutub danışır və onun sözləri gözəl, çilçıraqlı «Gülüstan» sarayının hüdudlarını aşıb bütün Azərbaycana yayılır, hər bir ocaqda fərəh doğururdu. Çünki söhbət xalq sərvətinin taleyindən gedirdi.

- Açığını demək istəyirəm ki, Azərbaycan tərəfinin heç də bütün istəkləri müqavilədə öz əksini tapmamışdır. Lakin biz başa düşürük ki, hər hansı müqavilədə hər iki tərəfin maraqları nəzərə alınmalıdır. Qərbin neft şirkətləri konsorsiumu öz maraqlarını təmin etməyə çalışır, Azərbaycan Dövlət Neft Şirkəti isə Azərbaycan Respublikasının milli maraqlarını təmin etməyə səy göstərir. Deyə bilərəm ki, böyük və gərgin zəhmət nəticəsində, tərəflərin işə yüksək dərəcədə məsuliyyətlə yanaşması sonucunda hər iki tərəfin maraqlarına cavab verən müqavilə hazırlanmışdır.

1994-cü il dekabrın 2-də razılaşma qanun qüvvəsinə mindi. Dəniz neft buruqlarında və laboratoriyalarda, idarə kabinetlərində və Rusiyadan, Gürcüstandan keçən neft boru kəmərləri boyu işlər başlayır, daha doğrusu, davam edirdi...

“Əsrin müqaviləsi” imzalanıb həyata vəsiqə alandan sonra xüsusilə Rusiya mətbuatında Heydər Əliyevin neft strategiyası ilə bağlı müxtəlif yazılar dərc olunmağa başlandı. Yazıların böyük bir qismində müəlliflər Azərbaycanda, yerli mütəxəssislərin göstərdiyi qədər neft və qaz ehtiyatla-rının olmadığını israrla sübut etməyə çalışsalar da, qatar artıq getmişdi. Bir qism jurnalistlər isə neft yataqları ilə bağlı Heydər Əliyevdə hələ sovet dövründən dəqiq məlumat olduğu, ancaq bunu Moskvadan gizlətməsi barədə versiyalar irəli sürürdülər. Məsələn, rus jurnalisti A. Qruşin yazırdı: “Xəzər dənizində neft yataqları Heydər Əliyevin Azərbaycana ilk rəhbərliyi dövründə kəşf olunmuşdu. O, bu yataqlardakı ”qara qızıl” ehtiyatlarının miqdarını Moskvadan gizlətmişdi. Moskvada da həmişə belə hesab edirdilər ki, Xəzərdəki yataqlar perspektivli deyil. Zaman göstərdi ki, onlar yanılıblar”.

 

 

Mərkəz.- 2010.- 7 dekabr.- S. 10-11.