HEYDƏR
ƏLİYEV
Heydər Əliyev
isə 2001-ci il avqustun 26-da ABŞ-ın dövlət katibinin
Avropa və Avrasiya ölkələri üzrə köməkçisi
Elizabet Consun rəhbərlik etdiyi nümayəndə heyətini
qəbul edərkən deyirdi: “Bu gün Xəzər dənizində
mövcud olan və istifadə edilən neft yataqları - həm
Azərbaycan sektorunda, həm də Türkmənistan,
Qazaxıstan, Rusiya sektorlarında, onların hamısı Azərbaycan
geoloqları tərəfindən kəşf edilmişdir. Bu geoloqlardan
biri Xoşbəxt Yusifzadədir. O, uzun illərdir bu işlə
məşğul olur. Təbii ki, o vaxt kəşf olunan
yataqların hamısında iş görmək mümkün
deyildi. Amma SSRİ dövləti tərəfindən bu işlər
Azərbaycanın üzərinə qoyulmuşdu”.
Başqa
bir rus publisisti O. Çıqanov isə yazır: «... Yeri gəlmişkən
indi gerçəkləşən layihələr üzrə
Xəzərin neft yataqları vaxtilə sovet mütəxəssisləri
tərəfindən kəşf olunmuşdu. Əliyev o mütəxəssislərlə
çox yaxından tanış idi. Bilmirəm, ancaq mənə
elə gəlir ki, hələ o zaman Heydər Əliyev
düşüncələrində nəinki Azərbaycanın
müstəqil inkişafını istisna edir, əksinə bir
çox hallarda bunu planlaşdırırdı».
Müəllifin
nə qədər haqlı olduğunu zaman göstərdi.
Zaman göstərdi ki, Heydər Əliyev siyasi fəlsəfəsinin
əsas qayəsi bütün dövrlərdə müstəqil
Azərbaycan quruculuğu olmuşdur. Bu qayə
onu bütün həyatı boyu
düşündürdüyündən, yaratdığı,
sovet dönəmində çalışıb qurduğu nə
varsa, bir qərinə sonra belə müstəqillikdən, ona
xidmətdən xəbər verirdi. İndi bu gerçəklik
Azərbaycanda, müstəqil ölkənin vətəndaşı
olan hər bir insanda qürur doğurur.
Yaxşı
yol, «Dədə Qorqud»!
1995-ci
il oktyabrın 9-da «Gülüstan» sarayındakı təntənəli
mərasimdən 1 il sonra Heydər Əliyev neft konsorsiumunun
Beynəlxalq Rəhbər Komitəsi üzvlərini qəbul
edir. Layihə iştirakçılarının yekdil rəyinə
görə, ötən il uğurlu olmuşdur.
İlkin
neftin 1996-cı ildə çıxarılması və
işlədilməsi reallığa çevrilməkdədir.
Azərbaycan
neftçiləri, sovet dövründə yaradılmış
güclü infrastruktura, qazanılmış təcrübəyə
əsaslanaraq, dənizin böyük dərinliklərində
yerləşən yataqlara doğru irəliləyirdilər.
Dəniz
neftçıxarması tarixinə 7 noyabr 1949-cu il
qızıl hərflərlə yazılmışdır. Həmin
gün indi məşhur olan Neft Daşlarında ilk neft quyusu
fontan vurmuşdur. Daha sonra üzən qazma qurğuları -
«Şelf-1», «Şelf-2», «Şelf-3», yaradılmış; Azərbaycan
KP MK-nın birinci katibi Heydər Əliyevin təşəbbüsü
ilə əvvəlcə Həştərxanda qurulması nəzərdə
tutulan Dərin özüllər zavodu Bakıda tikilmişdir;
bu inşaat ittifaq planlarında ayrıca maddə kimi yer
alırdı - axı, 500 milyon dollarlıq nəhəng iş
zarafat deyil!
1996-cı
il iyulun 4-də Azərbaycan xarici tərəfdaşlarla
«Şahdəniz» yatağının işlənilməsi
haqqında daha bir müqavilə bağladı - orada, yarım
kilometr su qatının altında geoloqlar təbii qaz xəzinəsi
kəşf etmişdilər. Bir trilyon kubmetrə qədər
qaz! «Şahdəniz» yatağının tədqiqatı nəticələrindən
söz açaraq, Heydər Əliyev qeyd etmişdir: «Indiyədək
bu işimizə maneçilik törətməyə cəhd
edənlər var. Lakin heç kim heç nəyə nail ola
bilməyəcək. Azərbaycan dövlətinin yeni neft
strategiyası müəyyənləşdirilmişdir. Biz indən
belə də bu strategiyanı qətiyyətlə gerçəkləşdirəcəyik».
Hazırda
Xəzər dənizində bütöv bir donanma
çalışır: bu sırada «Istiqlal» qurğusu, vaxtilə
«Xəzərdənizneft» adlanan «Dədə Qorqud» da var.
Bütöv
bir zavod timsalında olan bu üzən yarımdalma qurğusu
1981-ci ildən neft və qaz axtarışlarına
qoşulmuşdur. Onun hesabında onlarla qazılmış quyu
və yeni açılmış neft-qaz layları var. Bu
üzən zavodun rekonstruksiya vaxtı gəlib çatanda Azərbaycan
mütəxəssisləri və ustalarının
iştirakıyla həmin işi Amerikanın «Santa-Fe» şirkəti
apardı.
Nəhəng
qurğunun üst göyərtəsinə yüz pilləli
trapla qalxırlar. Hətta təcrübəli
neftçilər də pilləkəndə nəfəs dərməli
olurlar. 74 yaşlı Heydər Əliyev inamlı addımlarla
yuxarıya qalxır. 1986-cı ildə ona diaqnoz qoyan Kreml xəstəxanasının
«xüsusi» həkimləri öz pasientlərini indi görəydilər!
O, fəxri qonaqlar kitabında yadigar olaraq bu sözləri
yazır:
«Bu
gün Azərbaycan neft sənayesinin həyatında əlamətdar
hadisə baş verir». «Əsrin müqaviləsi»nin
reallaşdırılması nəticəsində ilk
yarımdalma qazma qurğusu işə salınır. Bu
qurğuya xalqımız üçün əziz və
müqəddəs olan «Dədə Qorqud» adı verilir.
Qurğuya uzun ömür, yaxşı yol arzulayıram. Bu
qurğunu yenidən quraşdıran və müasir səviyyəyə
çatdıran hər bir insana təşəkkürümü
bildirirəm. Böyük neft müqaviləsini həyata
keçirən Beynəlxalq konsorsiuma uğurlar diləyirəm.
Azərbaycan
Respublikasının Prezidenti Heydər Əliyev
Bakı
şəhəri, 24 avqust 1996-cı il.
Yeri
gəlmişkən, düz on yeddi il öncə, həmin
gün Azərbaycan KP MK-nın birinci katibinə Sosialist Əməyi
Qəhrəmanı adı verilmişdi. Neftçilər bu əlamətdar
hadisəni unutmamışdılar. Hiss olunurdu ki, Heydər
Əliyevin özü də o mükafatı, daha dəqiq desək,
ömrünü həsr etdiyi əməyinə verilən qiyməti
xatirində saxlayırdı.
İndi
isə keçmişlərə nəzər salaraq deyirdi:
- Respublikamızda neft sənayesinin
inkişafı, Xəzərin Azərbaycan sektorunda neft
yataqlarının rasional istifadə olunması
üçün biz 1970-ci illərdə burada, sizinlə
dayandığımız bu yerdə böyük dərin
özüllər zavodunun tikintisi haqqında qərar qəbul
etdik... İndi böyük iftixar hissilə bu nəhəng
zavodun
burada yaradılmış istehsalat sahələrini
görürük.
Bu gün, buraya gəlib bu böyük
zavodun korpuslarına və qüdrətli qurğulara, sahildə
və bu sahənin ətrafında boy atmış ağaclara
baxdıqca, mən bir daha iftixar hissi keçirirəm - hər
şey vaxtilə Xəzər sahilinin bomboş yerində
yaranmışdır. Mən bu gün çox
xoşbəxtəm, çox şadam. Xoşbəxtəm
və şadam ona görə ki, indi burada gördükləriniz
hər şeyin əsasını qoyanlardan biri, təşəbbüskarıyam.
İllər boyu çalışmışam ki, bu işlər
yerinə yetirilsin, illər boyu zəhmət çəkmişəm
ki, bütün bunlar reallığa çevrilsin...
(Bəli, öz arzusunun çin
olduğunu görən, kamına yetən insan məsuddur. Başqa
insanları, gələcək nəsilləri düşünən,
nəcib arzularla yaşayan və onları uca əməllərə
çevirən insanlar ikiqat xoşbəxtdir. Baykal-Amur
magistralının sonuncu, «qızıl» relsini qaynaq edən
inşaatçıların sevincdən yaşaran gözlərini
yada salaq... Uzun axtarışlardan, çətin
sınaqlardan sonra qoca Xəzərin gizlətdiyi zəngin sərvətlərinə
yol açan, suların, yerin altından üzə
çıxan ilk neft şırnaqlarını görən,
yanaqlarına mübarək «qara qızıl» damlalarını
yaxan geoloqların, neftçilərin kövrək
şadlığını yada salaq... Heydər
Əliyev bu sevincin Xəzərin yeni fatehlərinə müyəssər
olacağına inanırdı).
-
Qurğu yenidən doğuldu. Buna görə də onun yeni
adı olmalıdır. Deyə bilərəm ki, Azərbaycan
xalqının tarixi, ənənələri və müxtəlif
tarixi yerlərilə bağlı ona qədər ad təklif
edilmişdir. Bütün təklif edilən adlar həqiqətən
dəyərli idi. Lakin mən bu qurğunu «Dədə Qorqud»
adlandırmaq qərarına gəldim. Hesab edirəm ki, hər
bir azərbaycanlı üçün əziz olan bu ad - bu
qurğuya yaraşan ən dəyərli, ən görkəmli
addır.
Mən
«Dədə Qorqud» qurğusuna böyük, uğurlu yol
arzulayıram!
Azərbaycan
xalqının «Kitabi-Dədə Qorqud» dastanının yaranma
tarixi VIII yüzilliyin əvvəllərinə gedib
çıxır. 2000-ci ildə YUNESKO-nun qərarıyla məşhur
eposun 1300 illiyi dünya miqyasında qeyd olundu. Təbii ki,
möhtəşəm bayram tədbirləri Azərbaycanda
keçirildi. Dastan XX əsrdə sovet
ideologiyasının qondarma və haqsız hökmlərinə
məruz qalsa da, bu ölməz abidə qeyrətli elm
adamlarının səyləri sayəsində yaşamış
və yeni nəsillərə çatdırılmış,
xalqın mənəvi irsində təkrarsız və layiqli
yerini tutmuşdur. Bu hünərpərvər alimlər
sırasında görkəmli rus şərqşünası
Vasili Vladimiroviç Bartoldun xidmətləri yubiley günlərində
xüsusi ehtiramla yad edilirdi.
«Kitabi
- Dədə Qorqud» orta əsrlər türk dastan ədəbiyyatının
yeganə yazılı əsəridir. Əlyazma Drezdendə
saxlanılır (onun Almaniyaya hansı yolla gedib
çıxması məlum deyil). Böyük
rus şərqşünası Vasili Bartold bu çox qiymətli
əlyazmanı ilk dəfə 1891-ci ildə, hələ iyirmi
yaşı olanda, Peterburq Universitetinin tələbəsi ikən
görmüşdü. Elə həmin vaxt da əlyazmanın
üzünü köçürməyə və hissə-hissə
tərcümə etməyə başlamışdı. On il ərzində
- 1893-cü ildən 1903-cü ilə qədər bu əlyazmanın
dörd cildi işıq üzü görmüşdür. Beləliklə,
Bartoldun da maraq dairəsi genişlənirdi: Şərq
xalqlarının tarixi, mədəniyyəti. Xəzəryanı
bölgələrin müsəlman dünyasında yeri. Məşhur
alim məhz bu mövzuda 1924-cü ilin dekabrında Azərbaycan
Dövlət Universitetinin şərqşünaslıq
fakültəsində silsilə mühazirələr
oxumuşdur. Amma onun üçün əsas maraqlı
mövzu XV əsrdə Azərbaycanda yazıya
alınmış bu epos olmuşdur.
1930-cu
ildə vəfat edən akademik Bartold ömrünün sonuna qədər
«Kitabi - Dədə Qorqud»u öyrənmiş və tərcüməsi
üzərində işləmişdir:
«Oğuzların arasında o, birinci adam idi. O, hər şeyi bilirdi, nə desə
olurdu».
Dədə Qorqud deyirdi: «Çətin
yollarda Qaf dağında atıyla gedə bilməyən igid
ata minməsə yaxşıdır».
Yenə Dədə Qorqud deyirdi: «Heç
vaxt qonaq üzü görməyən qara evlər
dağılsalar yaxşıdır. Atın yemədiyi
acı otlar qurusalar yaxşıdır. Adamın
içmədiyi acı sular axmasalar yaxşıdır».
Akademik
Bartoldun tərcümə etdiyi «Kitabi - Dədə Qorqud»u onun
tələbələri «Ədəbi abidələr» adlı
akademik silsiləyə daxil edərək 1962-ci ildə nəşr
etdirdilər. Beləliklə,
ruslara «İqor polku haqqında dastan»ın əziz olduğu qədər,
fransızlara «Roland haqqında əfsanə»nin
əziz olduğu qədər azərbaycanlılara, ümumən
bütün türklərə əziz olan bu kitab yenidən
oxucuların ixtiyarına verildi.
Böyük neftə aparan yol
Böyük
neftə qedən yol hamar olmur, tək ona görə yox ki,
«qara qızıl»ın hasilatı ağır zəhmət
bahasına başa gəlir.
Bir məşhur bankir yığcam və
qısaca demişdir: «Neft puldur. Böyük neft böyük
puldur...» Bir başqası əlavə etmişdir: «... və
böyük siyasətdir». Azərbaycan nefti, yeni
yataqların mənimsənilməsi, nəql istiqamətləri
ətrafında ən fərqli maraqlar - şirkətlərin,
bankların, dövlətlərin maraqları toqquşurdu.
Təbii ki, əvvələr bölgənin
tamhüquqlu ağası olan Rusiya öz mövqelərinin
itirilməsilə barışmaq istəmirdi. RF Xarici
İşlər Nazirliyində çalışan bir
nüfuzlu diplomatın fikrincə, «Rusiyanı yalnız bir qərar
- Xəzərdə üstünlük qane edə bilər, onun
buna hüququ və imkanları var. Hər hansı bir alternativ
variant Moskvanın bölgədə siyasi təsirinin itirilməsinə
gətirib çıxaracaq...» Çox qorxulu
ritorikadır. I Pyotrun Konstantinopolda (İstanbulda) Rusiya təmsilçisi
Neplyuyevə verdiyi tapşırıq ruhundadır: «Kim olur
olsun, fərqi yoxdur, bizim maraqlarımız əsla yol vermir ki,
başqa bir dövlət, Xəzər dənizində bərqərar
olsun...»
Təkrarən
deyirik ki, ritorika hədəli, zəhmlidir, ancaq əfsus,
gecikmişdir. Bunu Moskvada
bir çox iş adamları
anlayırdılar. Məsələn, 1995-ci ilin may ayında
Rusiyanın yanacaq və energetika naziri Yuri Şafranik Bakıda
çıxış edərkən bildirmişdir ki, «Əsrin
müqaviləsi»nə müsbət yanaşır və Xəzərin
statusu haqqında söhbətləri «əsassız» sayır.
Nazirin bəyanatı cəsarət tələb
edirdi. O vaxt Rusiya XİN-də artıq qəribə bir
nota verməklə Böyük Britaniya səfiri B. Follu heyrətləndirdilər.
Diplomatik praktikada bu nadir, bəlkə də, ən nadir hadisə
1994-cü il aprelin 27-nə təsadüf
edirdi.
Notada, Böyük Britaniya və Azərbaycan
arasında imzalanmış «Energetika sahəsində əməkdaşlıq
haqqında» memorandumda «Xəzər dənizinin Azərbaycan
sektoru» anlayışının işlədilməsinə
qarşı etiraz bildirilir. Vurğulanırdı
ki, əvvəlcədən Xəzər hövzəsindəki
bütün ölkələrlə razılaşma olmadan, Xəzər
neft yataqlarının işlədilməsinə və neftin
Avropa ölkələrinə nəql edilməsinə aid hər
hansı layihə hüquqi qüvvəyə malik olmayacaq.
Bu hökm Rusiya maraqlarının üzdəniraq
«müdafiəçisi», xarici işlər naziri Andrey
Kozırevdən gəlirdi. ABŞ dövlət
katibinin müavini Stroub Telbott Kozırevi «Rusiyanın ən Qərbpərəst
siyasi xadimlərindən biri» adlandırmışdır.
Həmin illərdə Rusiya Azərbaycana
qarşı nəqliyyat blokadasını tətbiq etmişdir.
Rəsmi dəlil, guya, «Çeçenistana silah
daşıyan kanalları kəsmək» olmuşdur. Blokada Dağıstana da, elə bütün Rusiyaya
da ziyan vurdu. Rusiyanın 1994-1995-ci illərdə çəkdiyi
zərər 6,1 milyard dollar məbləğində
dəyərləndirilirdi. Dövlət
Dumasında çıxış edən (sonralar faciəvi
şəkildə həlak olan) general Roxlin Rusiyanın Azərbaycana
qarşı siyasətini Rusiyanın milli maraqlarına
qarşı xəyanət kimi qiymətləndirmişdi.
Xəzərin statusu haqqında söhbətlər,
danışıqlar, çəkişmələr hələ
bir neçə il davam etdi. İlham
Əliyevin nüfuzlu mülahizəsinə görə, Rusiya tərəfindən
Azərbaycanın mövqeyinin tanınması, RF Prezidenti
Vladimir Putinin 2001-ci ilin yanvarında Bakıya rəsmi səfərindən
sonra qərarlaşdı.
Məsələnin
«müqəddiməsinə», Rusiya XİN-in
xatırlatdığımız notasına qayıtmağa, zənnimizcə,
dəyər. O
qalmaqallı günlərdə RF yanacaq və energetika naziri
Yuri Şafranik özünü necə hiss edirdi? Bəlkə, o da nota hazırlamaq fikrindəydi?
Yaxud «dəli şeytan deyir» kimi düşünənlərlə
sərhədçiləri dilə tutub Xəzərin Rusiya
sektorunun mühafizəsi üçün patrul yerləşdirməyə
çağırırdı?.. Bu sualları onun özünə veririk. Uçurulmağa məhkum olan «Minsk»
mehmanxanasının arxasında, qədim mülkdə yerləşən
«SoyuzNefteQaz» şirkətinin idarə heyəti sədrinin rahat
kabinetindəyik. Yuri Konstantinoviç stolüstü
lampanı özündən azca kənar edir:
- Siz sualları verincə, mən konfliktin
konseptual, sistemli mahiyyətini ifadə edə biləcək
sözləri axtarırdım. Və tapdım: bizim fikir
ixtilaflarımız dünyagörüşü müstəvisindəydi.
Bu sözdə, bu mövqedə israrlıyam.
Nümunə
kimi müsahibimiz öz təcrübəsindən bir hadisəni
danışır. Nazir olmamışdan, Tümen vilayətinə
başçılıq etdiyi dövrün əhvalatıdır.
O vaxtlar, Sovet İttifaqının yaşadığı son
aylarda, Latviya hakimiyyəti respublikadan Riqa «OMON»unu, xüsusi təyinatlı
milis dəstəsini çıxartdı.
- Hamı onları qəbul etməkdən
imtina etsə də, mən qəbul etdim, yerləşdirdim. Yaşayır, işləyirdilər və birdən,
1991-ci ilin axırında, ezamiyyətdə olduğum zaman
Latviyadan Tümenə prokurorluq və DİN nümayəndələri
gəlib bizim vətəndaşı tutub aparırlar. Mən ezamiyyətdən qayıdıb hamını
ayağa qaldırdım. «Necə yəni, - dedim, - onlar
öz müstəqilliyini elan edib, hamı müstəqilliyə
səs verib - Rusiya, Ukrayna, Latviya... Məsələn,
tutaq ki, fransız polisi bizə uçub gəlib vətəndaşımızı
həbs edə bilərmi? Nə üzlə Latviyadan durub
gəliblər ki, Rusiya vətəndaşını tutsunlar?» Mən bu əhvalatı Xəzərə
və Bakıya sarı yönəldirəm. Madam ki, biz özümüz vahid bir ölkəni
parçalamışıq, - Əliyev ki parçalamayıb,
- onda hansı ağılnan hesab edirik ki, münasibətləri
təzyiq üzərində qurmalıyıq? Bu
dünyagörüş ziddiyyətlidir. Tamamilə! Mənim, yanacaq və energetika nazirinin arxasında və
Kozırevin - xarici işlər nazirinin arxasında müəyyən
mövqelər və baxışlar durur. Amma şəxsən
özüm-özümdən, Rusiya vətəndaşı
Şafranik olaraq soruşuram: biz Azərbaycanla münasibətləri
necə qurmalıyıq? Birinci variant: onların problemlərini,
öz problemlərimizi anlamalıyıq. Ümumi
məxrəc tapıb birləşərək irəliləməliyik.
İkinci variant: onların problemlərini anlamalıyıq və
bu problemləri həll etməkdə onlara mane
olmamalıyıq. Və üçüncü variant: Aha, siz
ayrıldınızmı, di buyurun, gedin!
Üç
variantdan ən pisi üçüncüsüdür. Nə tarixi, nə siyasi, nə
iqtisadi baxımdan məqbul deyil. Təsəvvur edin ki,
Dağıstanla Çeçenistanın
yaxınlığında, daha bir qeyri-sabit, qaynar ölkə...
Axı özünə gərək belə
sualları da verəsən. Ən
yaxşısı birinci yoldur. Amma bunun
üçün onların problemlərini yaxşı başa
düşməli və özününkülərindən də
baş açmalısan. Mən Bakı səfərinə
hazırlaşırdım, götür-qoy edirdim, təkid
edirdim. Və indi, zaman ötəndən
sonra, şadam ki, mənim konsepsiyam doğru oldu. Ölkələrimizin prezidentləri Xəzər
üzrə sənədləri imzaladılar. Lakin hətta danışıqlar hələ davam etsəydi
də, belə əlbir hərəkətlərə doğru
kurs yenə də düzgün çıxacaqdı.
Biz dərhal
«Azəri-Çıraq»dan faiz aldıq və «LUKoyl»a verdik -
bu, o zaman dövlət şirkəti idi. Mən onda sərəncam
verdim ki, Rusiya tərəfindən Xəzərə «Rosneft»
cavabdehdir; o, indi də dövlət şirkətidir. Nə
isə, bu başqa bir söhbətdir…
Yuri
Konstantinoviç Heydər Əliyevlə ətraflı və
uzun sürən söhbətlərini xatırlayır. Əliyev moskvalı qonağa deyirmiş:
«Yuri Konstantinoviç, Prezidenti bir təhər inandır, qoy
lap bircə saatlığa uçub gəlsin. Birgə
çıxaq, dolanaq. Meydana baş çəkək.
Bundan artıq heç nə lazım deyil».
O isə uçub gəlmədi...
- Başqa yanaşmalar üstün gəldi,
- deyə Şafranik sözünə davam edir, - deyirdim: mən
də Ermənistanı sevirəm. Ona qalsa mənim
erməni dostlarım azərbaycanlı dostlarımdan
çoxdur*. Amma Rusiyanın birbaşa
marağı - Xəzər və neftdir. Azərbaycan
və Bakı geosiyasi və strateji mərkəz olmuş və
olacaqdır. Odur ki, gəlin, burada işləyək
və bölgənin bütün ölkələrilə
münasibətləri inkişaf etdirək.
Yanacaq və
Energetika Nazirliyində diplomatların, başqa idarələrin
əməkdaşlarının köməyilə bu xətti
işləyib hazırladıqdan sonra mən Prezident Yeltsinə
məlumat verdim ki, «uçuram». O da razılıq verdi.
- Razılığını şəxsi
görüş zamanı verdi?
- Əlbəttə.
O başqa məsələdir ki, bu, hökumətlə
razılaşdırılıb hazırlanmış direktiv
deyildi. Əgər
biz bununla məşğul olsaydıq, çək-çevirlərdə
ilişib qalacaqdıq. Ona görə də müəyyən
risk var idi. Mən riski öz üzərimə
götürdüm. Daha sonra Prezidentə məruzələr
edərkən, onu Rusiya və Azərbaycanın dövlətlərarası
münasibətləri ilə daha çox ciddi məşğul
olmağa inandıra bildim.
Mən
güzəştlər siyasətinin qəti əleyhinəyəm. Hesab edirəm ki, biz onsuz da
çox güzəştə getmişik. Güzəştlərə
yox, birləşməyə, qarşılıqlı
faydalı qərarların axtarışına getmək
lazımdır. Odur ki, konflikti bəsitləşdirməyək.
Mən onu dünyagörüşlərin ziddiyyəti
kimi dəyərləndirirəm. Rusiya məgər
ləyaqətli və möhkəm olmalı deyilmi? Bax, Xəzərdə biz - Yanacaq və Energetika
Nazirliyi olaraq - bunları müdafiə edirdik. Mən bizim milli maraqlarımızdan
danışıram. Eləcə də,
ardıcıl olaraq Heydər Əliyev Azərbaycanın milli
maraqlarını müdafiə edirdi. - Sizi isə Rusiyanın
milli maraqlarını müdafiə etdiyinizə görə
işdən kənarlaşdırmaq istəyirdilər...
- Bu, yeganə hal deyil. Ən
azı üç dəfə elə olub ki, baş nazirin
müavinləri Prezidentə yazmışlar ki, Şafranik
işdən azad edilməlidir.
- Bu, nə ilə bağlı idi?
- Yanacaq-energetika və iqtisadi problemlərlə,
belə deyək... Mən şüurlu hərəkət
edirdim. Güman etmirdim ki, iş notaya
çatacaq... Şüurlu şəkildə Azərbaycanla əməkdaşlığın
düşüncəmə uyğun realizə edilməsinə
gedirdim... Və söhbətimizi Heydər
Əliyev haqqında bu sözlərlə bitirirəm. Mən Heydər Əliyevi böyük insan, çox
görkəmli dövlət xadimi hesab edirəm. Azərbaycan xalqının bəxti onda gətirdi ki,
məhz o zaman Heydər Əliyeviç sükan arxasında
oldu. O sınmamış, o qalxmağa özündə
qüvvə tapmışdı... O kəs ki qalxmamış,
qalxmağın nə demək olduğu barədə heç
mülahizə söyləyə bilməz...
Siz istefadan
sonra qalxa bilən adamları çoxmu
görmüsünüz? O isə
qalxmağı, respublikasına, xalqına fayda verməyi
bacardı... Mən bir çox görüşlərin,
söhbətlərin, hətta gecələr saatlarla davam edən
danışıqların, diskussiyaların
iştirakçısı olmuşam. Bu,
bir növ Əliyev məktəbi idi. Mən
görürdüm ki, bu insan müşavirəni, konfransı,
görüşü necə düşünür,
düzüb-qoşur. Özü diqqət yetirirdi ki,
masalar necə qoyulub, kim harda əyləşəcək;
başa düşürdü ki, siyasətçi
üçün xırda sayılan şey yoxdur. Nazir vəzifəsində olmayanda mən Azərbaycana
Əliyevin dəvətilə onun prezidentlərlə
görüşlərinə gedirdim. İlahi,
o görüşləri o, necə aparırdı, rəhbərlik
etmirdi, yox, aparırdı, çünki
yığışanlar hamısı eyni səviyyəli idilər,
o isə sanki dirijorluq edirdi, sizə deyim ki, bu, çox
böyük məharətdir. Həm də
böyük bir siyasətçinin dərsləridir.
Sizə, yəqin
ki, çoxları onun fantastik yaddaşından
danışıb. Mən belə insanlara daha rast gəlməmişəm.
O, birbaşa, hansısa məlumatı əzbərdən misal
gətirir. Güman edilə bilər ki,
müzakirəyə hazırlaşıb. Amma mövzu dəyişir
və o, yenə də nəhəng faktiki material haqqında
eyni bələdçiliklə danışır - bu heyrətamiz
bir haldır!
Yeltsin Bakıya gəlib
çıxmadı
Həmin ərəfədə
şəxsi təşəbbüsləri ilə bir çox
şəxslər - məşhur siyasətçilər,
dövlət xadimləri, alimlər Boris Nikolayeviç
Yeltsinin diqqətini Azərbaycanla Rusiya arasındakı əlaqələrin
arzuolunan səviyyədə olmamasına yönəldirdi. Onların sırasında
Ramazan Abdullatipov və Vyaçeslav Mixaylov da vardı. Fəlsəfə
elmləri doktoru, hazırda Rusiyanın Tacikistandakı səfiri
vəzifəsində çalışan Ramazan Abdullatipov
xatırlayır:
«Mən həmişə
Boris Nikolayeviçi inandırmağa
çalışırdım ki, Bakıya gedib Heydər
Əliyeviçlə şəxsən görüşmək
prinsipial olaraq vacibdir. Amma hər dəfə araya xoşagəlməz hadisələr
girirdi. Gah İran, gah Türkiyə, gah Ermənistan, gah
radiolakasiya stansiyası, gah başqa problemlər...»
Tarix elmləri
doktoru Vyaçeslav Aleksandroviç Mixaylov Rusiyanın Milli Məsələlər
Nazirliyinə (bu nazirlik sonralar prezident tərəfindən
ixtisara salınmışdı) başçılıq edərkən
Rusiya prezidentinə ölkənin xarici siyasi preoritetlərilə
bağlı məktub yazmışdı.
«Bu, elə
bir dövr idi ki, Rusiya öz xarici əlaqələrinin əsas
məqamlarını hələ təzə müəyyən
etməyə başlayırdı, - deyə professor Mixaylov
xatırlayır. - Ölkə
sanki onilliklər, yüzilliklər ərzində
formalaşmış tarixi təcrübəni nəzərə
almaq istəmirdi. Əsas problem - etno-milli amillərin
anlaşılmamasıyla, başa düşülməməsiylə
bağlı bəzi köhnəlmiş stereotiplərdən
qurtulmaq idi.
Bəzi siyasətçilər
Prezidentin qulağını doldururdular ki, pravoslavlar
pravoslavlarla, müsəlmanlarsa müsəlmanlarla bir yerdə
olmalıdır. Və ölkənin xarici siyasi əlaqələri də
məhz bu prinsiplər əsasında qurulmalıdır,
müttəfiqlər də bu cür seçilməlidir.
Mən bu söhbətləri heç də o
vaxtın siyasətçilərinin səviyyəsiz
olduğunu sübut etmək üçün demirəm. Bu, sadəcə «yeni siyasət», «yeni ictimai təfəkkür»
formalaşdırdıqlarını düşünən bəzi
gənc siyasətçilərin xəyalları idi. Əfsuslar olsun ki, bu zaman əsas məsləhətçi
olan tarixi təcrübə bir fundamental prinsip kimi nəzərə
alınmırdı.
Tarixi
təcrübə elə bir müdriklik mənbəyidir ki,
onsuz heç bir diplomatiya mövcud ola bilməz. Bu cəhətdən,
həm də geosiyasi, strateji, iqtisadi və bir çox
başqa amilləri nəzərə alaraq anlamaq olar ki, Azərbaycan
Rusiyanın ən yaxın müttəfiqlərindən biridir.
Buna görə də nəticə çıxarmaq olar ki, Azərbaycan
bir müstəqil respublika olaraq bizim əsas partnyorumuz
olmalıdır. Xarici siyasətin prioritetində
milli maraqlara əsaslanmaq kimi fundamental prinsipə söykənən
Rusiya siyasəti hələ Birinci Pyotrun vaxtından xarici siyasətdə
uğurlar qazanmışdı, amma bu prinsiplərdən geri
çəkilən kimi iflasa uğrayırdı. Mən xarici
səyasətimizin Azərbaycan istiqamətinə xüsusi diqqət
verməsinin tərəfdarıyam: məsəl
üçün, Dağıstanın taleyi burada həll
olunur, burada bizim Türkiyə, İranla olan əlaqələrimiz
kəsişir».
Mərkəz.- 2010.- 8 dekabr.- S.
10-11.