HEYDƏR
ƏLİYEV
«Rusiya-Azərbaycan münasibətləri:
təcrübə, imkanlar, perspektivlər» adlı elmi konfransda
da Vyaçeslav Mixayloviç bu fikirlərini
açıqlamışdı (bu tədbiri Dövlət Xidməti
Akademiyasının xarici əlaqələr kafedrası və
Rusiya Azərbaycanlıları Konqresi Azərbaycanla Rusiya
arasında diplomatik əlaqələrin qurulmasının on illiyi münasibətilə təşkil etmişdi).
Konfransda çıxış edən Azərbaycanın
Rusiyadakı o vaxtkı səfiri Ramiz Rizayev professor Mixaylovun
Prezident Yeltsinə yazdığı məktubu
xatırladı: «... O vaxtlar heç də bütün siyasi
xadimlərin hünəri deyildi ki, belə cəsarətli
addım ataraq Rusiya rəhbərliyini nədəsə təqsirləndirsin,
prezidentin siyasətində qüsurlar olduğunu açıq
bildirsin».
Sonradan
hər iki tərəf bu siyasətə müəyyən
düzəlişlər etdilər. Həmin konfransda Azərbaycanın
Rusiyadakı o vaxtkı fövqəladə və səlahiyyətli
səfiri Ramiz Rizayevin şəninə çoxsaylı təriflər
söyləndi. Məhz onun bilavasitə iştirakı ilə
Azərbaycanla Rusiya arasında yeganə düzgün
münasibətlər variantı - qarşılıqlı
hörmət əsasında qurulan münasibətlər
formalaşdırıldı.
Səfiri
isə oxucunun xatirindədirsə, özünün ilk Prezident
fərmanıyla məhz Heydər Əliyev təyin etmişdi.
Prezident
çekist olanda
Heydər Əliyev müstəqil dövlətin
əsas dayaqlarından olan güc strukturlarının,
xüsusilə bir vaxtlar özünün
çalışdığı Dövlət Təhlükəsizlik
Komitəsinin fəaliyyətinə böyük diqqət və
qayğı ilə yanaşırdı. Amma yenidən hakimiyyətə
qayıdandan sonra aydın oldu ki, digər dövlət
strukturları kimi, bu qurumun üstündən də qara yellər
əsib...
Keçmiş Sovetlər Birliyində
yüksək peşəkar çekist heyəti ilə və səmərəli
fəaliyyəti ilə həmişə öndə olan Azərbaycan
DTK-sının qara günləri Xalq cəbhəsi hakimiyyətə
gələndən sonra, bu 1992-ci ilin martından
başlamışdı. O ərəfədə DTK-nın adı
dəyişdirilib Milli Təhlükəsizlik Nazirliyi (MTN) oldu.
Amma yaxşı mənada dəyişən təkcə ad idi.
Digər dövlət qurumlarında olduğu
kimi, burada da bolşeviksayağı kadr dəyişiklikləri
başlandı. cəbhəçi rəhbərlərin qəzəbinə
ilk tuş gələnlər təcrübəli, səriştəli,
yüksək ixtisaslı köhnə kadrlar, xüsusilə də
rusdillilər oldu. Həmin günlərdə Rusiya FTX ilə
MTN arasında arzu edənlərin Azərbaycandan Rusiyaya xidmətə
keçirilməsi barədə razılaşma var idi. Altı
ayda DTK-nın dağıdılması demək olar ki, baş
tutdu.
1992-ci
ildə MTN-də bütün kadrlar məcburi olaraq Azərbaycan
dilindən imtahan verməli oldular. İmtahandan keçməyənləri
kadrlar idarəsinin sərəncamına göndərirdilər.
Bu hal bir ilə yaxın, Heydər Əliyev hakimiyyətə gələnə
qədər davam etdi. Bu bir ildə Xalq cəbhəsi yüksək
ixtisaslı kadrların yerinə öz tərəfdarlarını
təyin edir, işə qəbul heç bir xüsusi yoxlama
aparılmadan həyata keçirilirdi. MTN-ə Xalq cəbhəsində
yüksək vəzifə tutanların qohumları daha
çox işə götürülürdü.
Agentura
və kəşfiyyat şəbəkəsi demək olar ki,
dağılmışdı. MTN-in çox mühüm bir
funksiyası - terrorizmlə mübarizə ondan alınıb
DİN-ə verildi. Nəticədə
1993-1994-cü illərdə Azərbaycan praktik olaraq xarici və
daxili düşmən qarşısında müdafiəsiz
qaldı. Bu özünü dərhal göstərdi, Azərbaycanda
bir-birinin ardınca terror və təxribat aktları törədilməyə
başlandı. Məsələn, 1994-cü il martın 19-da
“Sadval” ləzgi milli hərəkatının üzvlərindən
biri Bakı metropoliteninin “20 Yanvar” stansiyasında
partlayış törətdi. Nəticədə 14 nəfər
öldü, 52 nəfər yaralandı. İstintaq müəyyən
etdi ki, bu terror aktının törədilməsində
“Sadval” milli hərəkatının rəhbərliyinin də əli
var. Dövlət təhlükəsizlik
orqanlarının dirçəlişi yalnız 1993-cü ildə,
vaxtilə bu sahənin peşəkar əməkdaşı
olmuş, bu təsisatın milli dövlətçiliyin
müdafiəsindəki yerini və rolunu çox gözəl
başa düşən Heydər Əliyev hakimiyyətə gələndən
sonra başladı, xidmət tədricən öz fəaliyyətini
bərpa etməkdə idi və 1993-1996-cı illərdə
bir sıra böyük və səs-küylü cinayətlərin
üstünün açılması da məhz bunu göstərirdi.
Həmin cinayətlər sırasına terror aktları və
təxribatlar, “islam inqilabı” hazırlamaq cəhdləri və
s. daxil idi. Dövlətə deyil, bir sıra qurumların
liderlərinə tabe olan silahlı dəstələrin tərk-silah
edilməsi istiqamətində də əhəmiyyətli
işlər görüldü.
Dövlət
başçısının tapşırığı ilə
təhlükəsizlik orqanlarının sıralarını təsadüfi
adamlardan təmizləməklə yanaşı, nazirlikdə
bir sıra struktur islahatları da həyata keçirildi. Bir qədər
qabağa gedib qeyd edək ki, 2001-ci il avqustun 1-də Prezident
Heydər Əliyevin fərmanı ilə Hərbi Əks-Kəşfiyyat
Xidməti MTN-in tərkibinə verildi. Bununla eyni vaxtda Sərhəd
Qoşunları İdarəsi MTN-in tərkibindən
çıxarılaraq, onun bazasında Dövlət Sərhəd
Xidməti təsisatı yaradıldı.
XX əsrin sonunda təbii ki, Heydər
Əliyevin tövsiyə və tapşırıqları ilə
respublikanın xüsusi xidmət orqanları bir sıra xarici
ölkələrin, o cümlədən ABŞ-ın kəşfiyyat
xidməti ilə əməkdaşlıq əlaqələri
qurmağa başladılar. Məhz Azərbaycan-Amerika
xüsusi xidmət orqanlarının birgə səyi ilə
1999-cu ildə ABŞ səfirliyinin Bakıdakı
binasının partladılmasının qarşısı
alındı. Bu münasibətlə Birləşmiş
Ştatların Prezidenti Bill Klinton azərbaycanlı həmkarına
- Heydər Əliyevə minnətdarlıq məktubu göndərdi.
Elə o vaxtlardan rəsmi Bakı ABŞ-ın antiterror əməliyyatlarını
yaxından dəstəkləməyə başladı.
«Əsrin
müqaviləsi» haqqında
1996-cı
ilin oktyabrı. Heydər Əliyevin keçirdiyi
müşavirədə Azərbaycan Beynəlxalq Əməliyyat
Şirkətinin (ABƏŞ) iki illik fəaliyyətinin
yekunları müzakirə olunur. Stenoqramı birnəfəsə
maraqlı detektiv əsər kimi oxuyursan. Budur neft boru kəmərlərinin
tikintisi müzakirə olunur:
«Heydər
Əliyev: Siz dediniz ki, Qərb boru kəmərinin çəkilməsinə
gələn ilin martında başlayacaqsınız və
tikintini 1998-ci ilin sonunda başa çatdırmağa söz
verirsiniz. Sual doğur: bəs niyə belə gec? Axı sizin
yadınızdadır ki, bu ilin martında biz cənab
Şevardnadze ilə Qərb boru kəməri haqqında
müqavilə bağladıq. Hansı səbəblərə
görə işə başlamaq üçün bir il
lazım olub? Niyə işlərin başlanması gecikdirilir?
ABƏŞ-in
vitse-prezidenti Veyn Volts: cənab Prezident, Qərb marşrutu
üzrə inşaat işlərinin smetasını tərtib
etmək, icra olunacaq işlərin xərcini müəyyənləşdirmək
üçün gərgin iş aparılır. Supsada terminal
tikilməsi üçün nəzərdə tutulmuş sahə,
belə iş üçün dənizdə ən pis yer kimi
səciyyələndirilir. Gürcüstan Beynəlxalq
Neft Korporasiyası və «Con Braun injinirinq» firması bu sahədə
ətraflı texniki, mühəndis, geotexniki
araşdırmalar aparırlar. İşləri
başlamağa yetərincə əmin olmaq üçün
lazımi dəqiq məlumatı və zəruri işlərin
dəqiq smetasını biz yalnız 1997-ci ilin martında alacağıq...
Tikintiyə hazırlıqla və onun
aparılması ilə bağlı 33 milyon dollar məbləğində
aralıq büdcə tərtib olunmalıdır ki, mövcud
olan boru kəmərlərinin təftişi, boru kəmər
yatağı sahələrinin, dəniz dibinin öyrənilməsi,
yerüstü terminal inşaatının alternativ variantı
kimi «orqanik terminaldan istifadə olunma imkanlarının
aşkarlanması» və sairə tədbirləri həyata
keçirə bilək. Layihəni idarə etmək
üçün mühəndis işlərinin
aparılması və bütövlükdə layihənin
hazırlanması ilə bağlı «Con Braun injinirinq»
firması ilə müqavilə imzalanmışdır.
Gələn
ay tikinti işlərinə tender elan etmək istəyirik. Hesab edirəm ki, bizim
hesablamalara və rəqəmlərə arxayın olub, gələn
ilin əvvəlində tikinti layihəsini təqdim edə və
1997-ci ilin martında tikintiyə başlaya bilərik.
Layihəni
1998-ci ilin sonuna başa çatdırmaq üçün biz
işlərin çox dəqiq, intensiv qrafikini tərtib edəcəyik. Heydər Əliyev: Sağ olun. Lakin istənilən
halda hesab edirəm ki, Qərb boru kəmərinin
inşasında böyük gecikmə var. Əgər Supsa
limanının belə səciyyələndirilməsi varsa, əgər
o, deyilənə görə, dünya təcrübəsində
bu məqsədlər baxımından ən pis yerdirsə,
hesab edirəm ki, orada, Gürcüstan ərazisində
başqa bir liman seçmək olardı. Lakin bu
Supsa limanı lap əvvəldən seçilmişdir. Görünür, bilirmişlər ki, əlverişli
limandır. Ümumiyyətlə, biz
artıq bir ildir ki, Qərb boru kəmərindən
danışırıq. İndi isə məlum
olur ki, Supsa limanı yaramır və hətta başqa
terminallar haqqında düşünürlər. Açığını deyim ki, bu məni
çox təəccübləndirir».
Prezidentin
yanında keçirilmiş digər müşavirələrin
stenoqramları da eynilə bu cür konkret və kəskindir. Ümumi səciyyəli,
«daha yaxşı işləmək lazımdır» kimi
çağırışlar, göstərişlər yox, vəziyyətin
sərrast təhlili var. İstər söhbət qazma
qurğularının istifadəsindən, istərsə də
yerli kadrların cəlb olunmasından getsin, fərqi yoxdur.
«Qarabağ» neft yatağının işlənilməsinə
həsr olunmuş (1997-ci il, 5 aprel tarixli)
müşavirədə Heydər Əliyevin
çıxışından:
- Hərdən eşidirəm ki, bu
kompaniyalar buraya, hətta fəhlə gətizdirmək istəyirlər.
Mən əvvəlcədən xəbərdarlıq
edirəm və Azərbaycan Respublikası Dövlət Neft
Şirkətinə sərəncam verirəm ki, buna nəzarət
etsinlər, biz bununla razı deyilik. Siz
bilirsiniz ki, Azərbaycan neftçiləri yüksək səriştəyə
malikdirlər. Azərbaycanın neft sahəsində
məşhur alimləri, mühəndisləri, yüksək
ixtisaslı fəhlələri var. Bütün bunlar
reallıqdır. Neft sazişləri
bağlanmış bütün yataqlar Azərbaycan mütəxəssisləri,
alimləri tərəfindən kəşf edilmişdir. Azərbaycan artıq 50 ildən çoxdur ki, nefti dərin
dəniz qatlarından hasil edir. Azərbaycan
neftçiləri neftçıxarma ilə yalnız vətənlərində
yox, vaxtı ilə Vyetnamda da məşğul olmuşlar.
Bildiyiniz kimi, Vyetnamın cənubunda, dənizdə
Vunqtau adlanan yer var. Orada neftin kəşfiyyatı və hasil
edilməsilə ilk dəfə məhz Azərbaycan
neftçiləri özlərini sınağa çəkmişlər.
Mən 1983-cü ildə Vyetnamda olduğum zaman
Azərbaycan neftçilərinin işlədikləri yerlərə
getdim və bütün bunları gördüm. İndi Vyetnam orada bol neft çıxarır.
Azərbaycan
neftçiləri Kubada, Rumıniyada, Hindistanda neft hasilatı
sahəsində çalışmışlar. Və buna görə də
Azərbaycan neftçiləri yüksək səriştəli
mütəxəssislər sayılırdılar. Hesab edirəm ki, istər Azərbaycan mühəndisləri,
istərsə də texnikləri, fəhlələri bu işlərə
geniş cəlb olunmalıdırlar.
Məsələn,
«Dədə Qorqud» qazma qurğusunda olarkən, mən orada
gördüm ki, Qərb ölkələrindən gələn
yüksək ixtsaslı mütəxəssislərlə
yanaşı Azərbaycan Respublikasının yüksək
hazırlıqlı mütəxəssisləri də
çalışır və öz yaxşı işləriylə
fərqlənirlər. Buna görə sizdən belə bir xahişim var ki,
mənim bu fikrimi gələcək fəaliyyətinizdə,
ştatların tərtib edilməsində nəzərə
alasınız. Mən Azərbaycan
Respublikası Dövlət Neft Şirkətinə və onun
prezidentinə tapşırıram ki, onlar bizim tərəfdən
bu məsələlərə nəzarəti təmin etsinlər.
Biz
bütün imzalanmış sazişlərin həyata
keçirilməsinə çalışırıq və
bundan sonra da çalışacağıq. Mən şadam ki, siz yaradılmış
iş şəraitindən razısınız. Biz bundan sonra
da xaricdən gələn şirkətlər, mütəxəssislər
üçün yaxşı iş şəraiti yaratmaq
istiqamətində lazımi tədbirlər görəcəyik.
Bizim
dünyanın məşhur neft şirkətlərilə əməkdaşlığımız
uzunmüddətli səciyyə daşıyır. İmzaladığımız
bütün sazişlərin müddəti 30 ildir. Lakin ümidvaram ki, nəticə əldə ediləndən
sonra 30 ilə hələ çox illər əlavə ediləcək.
3 iyul 1997-ci il, Moskva
Prezident Heydər
Əliyevin Rusiya Federasiyasına ilk rəsmi səfəri və
Kremldə Prezident Yeltsinlə danışıqlara
başladığı gün. 10 il əvvəl Heydər Əliyev
sənədlərini yığışdırıb Kremli tərk
etmişdi. Olsun ki, bir başqasının qəlbində indi
xudpəsəndlik hissi baş qaldırardı: Buyurun baxın.
Görürsünüz, gəldim. Mənə
qarşı haqsız olanlara göstərdim ki… Təbii ki,
Əliyevə də adi insani yaşantılar yad deyildi; Rusiya
Prezidentinin onu qəbul etdiyi Kreml palatalarının yeni
interyerlərinə maraqla göz gəzdirdi, «ev yiyəsi»nin özünün, ömür
yoldaşının, qızlarının, nəvələrinin
hal-əhvalıyla maraqlandı... Yeltsin ürəyində
aparılmış cərahiyyə əməliyyatından
sonra özünə gəlmişdi; Kremlin xidmətlərini,
hökuməti o ki var qınayırdı; Nijni Novqoroddan yenicə
cavan adaşı Boris Nemtsovu irəli çəkib hökumətin
II pilləsinə qaldırmışdı.
Görüşdən
rəsmi məlumatlar yayan reportyorlar qeyd edirdilər ki,
görüş «səmimiyyət və
qarşılıqlı hörmət şəraitində»
keçmişdir. Ayrı
cür də ola bilməzdi axı; vaxtilə
Siyasi Büro iclaslarında birgə iştirak etdiyi azərbaycanlı
həmkarını Rusiya prezidenti 4 il idi ki, dəvət etmək
niyyətində idi. Daha əvvəl, görünür,
heç bir imkan tapa bilməmişdi...
İndi onlar dostluq, əməkdaşlıq
və qarşılıqlı təhlükəsizlik
haqqında müqavilə və 5 saziş imzalamalı, o
cümlədən Xəzər dənizində Azərbaycanın
perspektivli «D-222» blokunun kəşfiyyatı, işə
salınması və hasilatın paylaşdırılması
haqqında razılaşmalı idilər.
İlkin
gözəlliyinə uyğun olaraq bərpa edilmiş Kremlin
Vladimir zalında Rusiya və Azərbaycan himnləri səslənir. Boris Yeltsin öz nitqini kağızdan
oxuyur:
-
Rusiya və Azərbaycanı çoxəsrlik tarix, ən zəngin
ənənələr və müxtəlif əlaqələr
birləşdirib. Biz onları qıra bilmərik. Biz
onların inkişaf etməsi üçün əlimizdən
gələni etməliyik...
Heydər
Əliyev yazılı mətnə (vardısa da) əl
atmadı:
- Mən Sizi, Boris Nikolayeviç, bütün
burada iştirak edənləri bu əlamətdar hadisə -
Rusiya Federasiyası və Azərbaycan arasında dostluq, əməkdaşlıq
və qarşılıqlı təhlükəsizlik
haqqında sənədin imzalanması münasibətilə
ürəkdən təbrik edirəm... Mən bu
gün böyük iqtisadi sənədlər paketinin imzalanmasından
son dərəcə məmnunam. Onlar bizim əməkdaşlığımızın
bütün sahələrdə gələcək
inkişafı və dərinləşdirilməsi
üçün yaxşı hüquqi anlaşmanın əsasını
yaradırlar...
Az
sonra jurnalistlərin suallarına cavab verən Heydər
Əliyev bildirmişdi ki, Xəzər nefti məsələsi
də müzakirə olunmuş və biz Boris Nikolayeviçlə
geniş fikir mübadiləsi aparmışıq...
Rusiyanın «LUKoyl» şirkəti indiyədək Azərbaycan
neft şirkətinin transmilli şirkətlərlə
imzaladığı müqavilələrin üçündə
iştirak etmiş və bu gün «LUKoyl» şirkəti və
Azərbaycan neft şirkəti arasında dördüncü
müqavilə imzalanmışdır».
İyulun 4-də Rusiyanın maliyyə və
işgüzar dairələrinin təmsilçilərilə
keçirilən görüşdə də Heydər
Əliyev bu mövzuya qayıdır. 1994-cü ildə imzalanan
ilk müqaviləni xatırladaraq qeyd edir ki, həmin
müqavilə Rusiyanın bəzi dairələrində,
«LUKoyl»un iştirak etməsinə baxmayaraq, nədənsə
bədxahlıqla qarşılanmışdı.
-
İndi «LUKoyl» dörd müqavilədə iştirak edir. Bunu ona görə deyirəm ki, bəzən burada,
Rusiyada, müxtəlif dairələrdə, təəssüf
ki, dövlət dairələrində də söz-söhbət
gedir ki, Azərbaycan Rusiyadan uzaqlaşır, daha çox Qərb
şirkətlərilə ünsiyyətdə olur və sairə.
Respublikamızın bədxahları süni olaraq
qeyri-sağlam iqlim yaratmaq istəyir, mətbuatda şayiələr
yayır, cürbəcür məqalələr yazırlar və
sairə. Açığını deyim ki, bu bizlərdə
çox böyük narazılıq doğurur, çünki
biz birgə işləyirik...
Azərbaycanın dövlət
başçısı bu gileyləri Rusiyanın dostu kimi
bildirirdi. İnanırdı ki, «Moskvada dünənki,
srağagünkü, bugünkü görüşlərdən
sonra arada olan və bəlkə, sabah da olacaq qeyri-sağlam
söhbətlərin qarşısını siz
alacaqsınız...»
Xatırladırdı
ki, uzun illər məhz Azərbaycan Sibirə, Tatarıstana,
Başqırdıstana lazım olan neft-mədən
avadanlığının 70%-ni təmin edirdi. «Lakin bu əlaqəmizi
qapatdılar, bizim maşınqayırma zavodlarımız
ağır vəziyyətdə qaldı. Amma iş yalnız
bunda deyil, biz onları bu vəziyyətdən
çıxaracağıq. Əgər rahlanmış,
yaxşı avadanlıq buraxan istehsalat varsa, niyə də
ondan istifadə olunmasın?»
İradə
mümkün olmayanı da gerçəkləşdirir
Nəticə
işin tacıdır. Müxtəlif xalqların bu cür və
ya buna oxşar deyimləri var. Geoloq əməyinin tacı
yerin alt qatlarında gizlənən sərvətlərin kəşfidir.
Kəşfiyyat buruğundan göyə fışqıran neft
fəvvarəsidir. Ardınca neftçi baba bu təsərrüfatda
öz işini ağıllı və səmərəli
qurmalıdır. «Əsrin müqaviləsi»nin üç
yaşı tamam olandan sonra ilkin neftin
çıxarılması əlamətdar hadisə kimi qeyd
olunur.
Bakı
bayram edir. Yeni yataqdan çıxan «qara qızıl» ağ
günlərdən xəbər verir. Ənənəyə
görə bu təbii sərvətdən azca üzə
yaxmaqla bayramlaşırlar. Heydər Əliyev də, o zaman
ARDNŞ-in vitse-prezidenti İlham Əliyev də, fəxri
qonaqlar da bu neftçi adətinə əməl edirlər...
Yeni neft
strategiyasının parlaq göstəricisi yüz milyonlarla
dollar vəsaitin toplandığı Neft Fondudur. Bu vəsait sosial problemlərin
həllinə, bütün respublika vətəndaşlarının
yaşayışının yaxşılaşdırılmasına
sərf ediləcək.
Azərbaycana
gələn sərmayələrin məbləği bir
çox MDB ölkələrinin göstəricilərini
qabaqlayır. Bu yalnız iqtisadi sərfəliliklə deyil, həm
də respublikadakı sabit iqlimlə, demokratik və hüquqi əsasların
bərqərar olunmasıyla şərtlənir. Xarici mütəxəssislər,
tərəfdaşlar bu cəhəti xüsusi
vurğulayırlar. ABƏŞ şirkətinin
prezidenti Devid Vudvord qeyd etmişdir: «İqtisadi və ictimai
sabitlik, xarici neft şirkətlərinin ARDNŞ və Azərbaycan
hökumətilə beynəlxalq neft sənayesinin
standartlarına uyğun tərəfdaşlıq əsaslarında
əməkdaşlığı ölkəyə sərmayə
cəlb etməkdə davam edəcək».
«Azəri-Çıraq-Günəşli»
yataqlarının işlədilməsinin yalnız birinci mərhələsi
respublikaya əlavə olaraq 3 min iş yeri yaratmağa imkan
vermişdir.
Iki
yeni neft kəməri işə salınmış, Səngəçalda
böyük terminal tikilmişdir.
Böyük
idarəçilik təcrübəsinə və
reallığa söykənən iradə, - Heydər
Əliyevin məhz bu məziyyətləri neft
strategiyasının uğurla gerçəkləşdirilməsini
şərtləndirmişdir.
Müxtəlif
zamanlarda filosoflar, yazıçılar, siyasətçilər
insan iradəsinin təbiəti haqqında
düşünmüşlər. cek London iradəni sehrkar
vasitə adlandırmışdır. Hansı daşlardan
hörülmüş olsa da, «dünyada elə bir möhkəm
divar tapılmaz ki, insan iradəsi və düşüncəsinin
yolunu kəsə bilsin», - bu Braziliya yazıçısı
Jorji Amadunun kəlamıdır.
Azərbaycan
Prezidentinin iş masası üstündə bir çox
görkəmli mütəfəkkir və sənətkarların
əsərlərini də görmək olardı - Dostoyevski,
Karleyl, Nizami, Sartr... Kim bilir, onları mütaliə edən
insanın qəlbində məhz hansı fikir, mülahizə əks-səda
doğurmuşdur. Heydər Əliyev kitablara elə
sevgiylə, qədirbilənliklə yanaşırdı ki, demək
olar, səhifələrin kənarında da qeyd, işarə
cizgiləməyə qıymırdı. Çox vaxt
oğluna, ya qızına bu və ya digər əsəri
oxumağı məsləhət görər, ayrı-ayrı
nəşrlərə öz köməkçilərinin
diqqətini yönəldərdi. Məsələn,
qarşınızdakı kitabın müəlliflərindən
biri, Hüseynbala Mirələmovun «Xəcalət» adlı
Qarabağ faciəsindən bəhs edən toplusuna belə bir
təqdir müyəssər olmuşdur...
Heydər
Əliyev Emersonun bir kəlamını çox güman ki, təsdiq
edərdi: «Mümkün olmayanı yalnız insan mümkün
etməyə qadirdir... Xarakter - mükəmməl
tərbiyə edilmiş iradədir...» İradə sərkərdənin
də, dövlət xadiminin də, alimin də amalını əmələ
çevirən qüvvədir, qüdrətdir. İradə -
Suvorov və Jukov, de Qoll və Ruzvelt, Korolyov və Mendeleyev
kimi şəxsiyyətlərin, xarakterlərin özəyi,
özülüdür. Ağıllı, zəkalı
iradə! Ardınca Nekrasovun misraları yada düşür:
İnsan
iradəsi, insan zəhməti
Böyük
möcüzələr yarada bilər.
Azərbaycan
üçün belə «möcüzələr»
sırasında «Əsrin müqaviləsi» durur. Həm də
bu, sonuncu deyil...
“Biz bir millət, iki dövlətik”
Azərbaycan-Türkiyə münasibətlərinin
bütün dövrləri üçün
aktuallığını heç zaman itirməyəcək bu
deyim də Heydər Əliyevə məxsusdur. İki
qardaş ölkə arasında münasibətlərin məğzini
bu qədər müfəssəl və bitkin bəyan edən
ikinci bir ifadə tapmaq çətin ki, kimsəyə
müyəssər olsun. Heç şübhəsiz,
Heydər Əliyevin bu qənaəti, onun Türkiyə-Azərbaycan
əlaqələrini, qərinələrdən keçən
tarixi münasibətlərini, bu ölkənin Azərbaycan
dövlətinin, xalqının yaşamında nə kimi rol
oynadığını və oynayacağını çox dərindən
və mükəmməl bildiyindən irəli gəlir.
Heydər
Əliyevin Türkiyəyə, bu ölkədə gedən
ictimai-siyasi proseslərə diqqəti heç də Azərbaycanın
müstəqilliyə qovuşduğu, Sovetlər Birliyinin
dağıldığı dövrdən başlamır. O
özü bunu Azərbaycan Respublikasının Prezidenti kimi
Türkiyəyə ilk səfəri zamanı, Türkiyə
Böyük Millət Məclisindəki
çıxışında belə ifadə etmişdir: “Hələ gənclik illərində mən
kitablarda, qəzetlərdə Türkiyə haqqında,
türk xalqı haqqında oxuyanda daim Türkiyənin həsrətini
çəkmiş, onun ictimai-siyasi həyatına böyük
diqqət yetirmiş, Böyük Millət Məclisinin
işi, onun qəbul etdiyi qərarlar haqqında xəbərləri
diqqətlə izləmişəm”.
Heydər
Əliyevin Sovet dövrü fəaliyyəti də göstərir
ki, o təkcə Azərbaycan üçün yox, eləcə
də Türkiyə və bütövlükdə
türk-müsəlman dünyası üçün önəmli
bir siyasi xadim olmuşdur. Kommunist
ideologiyasının şüurlara hakim kəsildiyi nəhəng
Sovet imperiyasında hakimiyyəti təmsil edən əsas
simalardan biri olduğu dövrlərdə Heydər Əliyev
çox böyük cəsarətlə imperiya tərəfindən
daim ədalətsizliklərə məruz qalan, ikili
standartlardan əziyyət çəkən, dövlət rəhbərlərinin
biganəlikləri ilə üzləşən türkdilli
müsəlman respublikaların xalqlarının
hüquqlarını müdafiə etmiş və bir çox
mühüm məsələlərdə öz mövqeyini
ortaya qoymaqdan çəkinməmişdir. Heydər Əliyevin
Bolqarıstanda yaşayan etnik türklərə qarşı
yeridilən ayrı-seçkilik məsələsində
Kremlin münasibətinə kəskin etirazı bu mövqeyi
göstərən faktlardandır.
O
zaman Bolqarıstandakı vəziyyətdən narahat olan
Türkiyə hökuməti Sov. İKP MK Siyasi Bürosuna məktub
yazıb, hadisələrin qarşısını almaq
üçün rəsmi Moskvanın öz imkanlarından
istifadə etməsini xahiş etmişdi. Baş katib Mixail
Qorbaçov məsələnin müzakirəsindən boyun
qaçırır və bunun Bolqarıstanın daxili işi
olduğunu, rəsmi Moskvanın buna qarışmağa
hüququ olmadığını bəhanə gətirir. Heydər
Əliyev Baş katibin fikrilə razılaşmayıb, kəskin
etirazını bildirir: “Macarıstan və Çexoslovakiyada
baş verən hadisələri biz onların daxili işi hesab
etmədik. Bolqarıstan türklərinə qarşı
zorakılıqdan söhbət gedəndə isə biz bunu
onların daxili işi hesab edirik. Bu gün ikili standartlar bizə
yaraşmaz”. O vaxt Siyasi Büro Heydər Əliyevin bu qəzəbli
etirazını ölü bir sükutla qarşıladı.
Amma unutmadı...
Həmin illərdə məhz belə xəbərlər
ölkəyə, sonra isə xaricə sızır və elə
buna görə də ərəb ölkələrinin mətbuat
səhifələrində Heydər Əliyevi “Sovetlərin dəmir
xarakterli rəhbəri”, türkdilli mətbuatda isə “Kremldəki
böyük türk” kimi qələmə verirdilər.
Heydər
Əliyev nə qədər beynəlmiləlçi olur-olsun,
sovet rəhbərliyinin türkdilli xalqların taleyinə biganəliyi
ilə onların kadr məsələlərinə yanaşma tərziylə
razılaşa bilmirdi. Beynəlmiləlçiliyi
şüar edib millətçilik nümayiş etdirən
dövlət başçısının qəbul etdiyi qərarlarla
heç cür barışa bilmir və bunu çəkinmədən
bildirirdi. Əvvəldə qeyd etdiyimiz kimi, Qazaxıstan
Respublikası Partiya Komitəsinin MK-sına birinci katib təyinatında
da belə olmuşdu. Heydər Əliyev hadisələrin
gələcək inkişafını görürmüş
kimi, qəti şəkildə M. Qorbaçova demişdi: “Kunayev yaşlı olsa da, işin öhdəsindən
gəlir, yox əgər onu dəyişimək
lazımdırsa, yerinə Kolbini (milliyyətcə rus - müəl.)
yox, qazax, məsələn, Nazirlər Sovetinin sədri, cavan və
enerjili Nursultan Nazarbayevi təyin etmək gərəkdir.
Əks halda, bu təyinat Qazaxıstanda milli zəmində
böyük narazılıq doğuracaq”. Zaman H. Əliyevin
haqlı olduğunu təsdiqlədi.
Mərkəz.- 2010.-9 dekabr.- S. 10-11.