Uşaq ədəbiyyatı ¹ 25
Cabir Novruz
Cabir Novruz
1933-cü il mart
ayının 12-də Xızı rayonunun Upa kəndində anadan olmuşdur. O, orta məktəbi
bitirdikdən sonra Mirzə Ələkbər
Sabir adına Pedaqoji Texnikumda təhsil almış və 1952-ci ildə
Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil
olmuşdur. Bir il sonra Azərbaycan
Yazıçılar İttifaqının tövsiyəsi ilə
təhsilini davam etdirmək üçün Moskvaya, Maksim Qorki adına Ədəbiyyat
İnstitutuna göndərilmiş və
1957-ci ildə oranı bitirmişdir.
1958-ci ildə «Bakı» axşam
qəzetinin ədəbiyyat şöbəsində ədəbi
işçi kimi əmək
fəaliyyətinə başlayan Cabir Novruz 1967-1970-ci illərdə
«Azərbaycan» ədəbi-bədii jurnalının,
1991-1993-cü illərdə isə «Ədəbiyyat və incəsənət»
qəzetinin baş redaktoru
vəzifələrində çalışmışdır. O, 1970-1997-ci
illərdə Azərbaycan Yazıçılar İttifaqı
İdarə Heyətinin katibi olmuşdur.
Cabir Novruzun
poeziyası XX əsr Azərbaycan ədəbiyyatının
parlaq səhifələrindən birini təşkil edir. Onun
əsərlərində milli irsimizin zəngin ənənələri müasir ədəbi cərəyanların tələbləri
ilə üzvi şəkildə birləşir.
Ədəbiyyat aləminə gəldiyi ilk
illərdən şair yüksək bəşəri-mənəvi
dəyərləri tərənnüm edən şeirləri
ilə
oxucuların dərin məhəbbətini
qazanmışdır. Onun qələmindən çıxan lirik
poeziya nümunələri və epik lövhəli əsərlər bədii səviyyəsi,
mövzu rəngarəngliyi ilə seçilir. Şairin
yüksək mənəviyyata səsləyən
yaradıcılığı və vətəndaş ruhunun hakim olduğu
poeziyası öz dilinin
bədii gözəlliyi və rəvanlığı ilə
səciyyələnir. Onun sözlərinə
bəstələnmiş çoxsaylı mahnılar musiqisevərlər
tərəfindən həmişə böyük
rəğbət və sevinclə
qarşılanmışdır.
Şairin əsərləri
dünyanın müxtəlif xalqlarının dillərinə
tərcümə edilərək nəşr olunmuşdur.
Onun bədii tərcümələri sayəsində
isə Azərbaycan oxucusu dünya
poeziyasının bir sıra qiymətli
nümunələri ilə tanış olmaq
imkanı qazanmışdır.
Cabir Novruzun ictimai fəaliyyəti də zəngin olmuşdur. O, həyatının
bütün mərhələlərində
ölkəmizdə gedən
ictimai-siyasi proseslərin
həmişə fəal
iştirakçısı olmuş,
xalqımızın həyatında
baş verən taleyüklü hadisələrə
düzgün qiymət
verməsində əsl
vətəndaşlıq mövqeyi
nümayiş etdirmişdir.
Şairin ədəbi və
ictimai fəaliyyəti
yüksək qiymətləndirilmişdir. O, «Əməkdar İncəsənət Xadimi»,
«Xalq şairi» fəxri adlarına, dövlət mükafatına,
orden və medallara layiq görülmüşdür. Cabir Novruz
1995-ci ildə Azərbaycan
Milli Məclisinin deputatı seçilmişdir.
Azərbaycan ədəbiyyatının
görkəmli nümayəndəsi,
Əməkdar İncəsənət
Xadimi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü,
xalq şairi Cabir Mirzəbəy oğlu Novruzov (Cabir Novruz) 2002-ci il dekabrın
12-də ömrünün 70-ci ilində vəfat etmişdir.
Cabir Novruz uşaqlar
üçün də
maraqlı əsərlər
yaratmışdır. Həmin şeirlərin bir
neçəsini sevgili
oxuculara təqdim edirik.
Bizim uşaqlar
Bizim həyətdə
Çoxdur uşaqlar.
Hərənin bir cür
Xasiyyəti var.
ceyhun atlıdır
Atı kürəndir.
Balaca Tofiq
Maşın sürəndir.
Gözəl don tikən,
Sevincimiz var.
Bizim Sevinc tək
Bir incimiz var.
Futbol zamanı
Həyət qaynayır.
Hücumçu Fazil
Yaman oynayır.
Bir gəlin görün
Onun oynunu.
Hamı Məmmədov
Çağırır onu.
Deyimmi sizə
Vüqar nəçidir?
O, yel qanadlı
Təyyarəçidir.
Söz yox Mirzənin
Hafizəsinə.
Bir saat şeir
Söyləsin sənə.
Oğlumun məktəbidir
Məktəblərin gözəli,
Oğlumun məktəbidir.
Dilimizin əzbəri,
Oğlumun məktəbidir.
Adını da gəl
deyim,
Bağımdan gül dərdiyim,
Hər gün gedib gəldiyim,
Oğlumun məktəbidir.
Bala deyin oğluma,
Müəllimləri doğma.
Tez - tez girən
yuxuma,
Oğlumun məktəbidir.
Sevimli yer, əziz
yer,
Məhəbbəti dəniz yer,
Anama ən əziz
yer -
Oğlumun məktəbidir.
Birinci dəfə qar görür Hənifə
Birinci dəfə,
Qar görür Hənifə.
Baxıb aynadan,
Hey gülür Hənifə.
Dağda ağarmış,
Bağda ağarmış.
Ağarmış tamam,
Talvarın başı.
Ağa bürünmüş
Çinarın başı.
Həyətdə nə var
-
Ağ geyinibdir.
Hətta çöldəki
Qara qarğalar
Ağ geyinibdir.
Ay dəcəl oğlum
Ay dəcəl oğlum,
Bir dincəl, oğlum.
Özünü yorma,
Çox şuluq olma.
Sakit ol, dayan,
Yorulmuş nənən,
Yorulmuş anan.
Bilirsən dünən
Neyləmisən sən?
Mən gedən kimi,
Görməyib nənən,
Görməyib anan,
Təzə şerimi
cırıb atmısan.
Bu ay içində
“O Göyərçin”
də
Bax çıxacaqdı.
Onu uşaqlar
Oxuyacaqdı.
Nə söz deyim mən,
Heyif körpəsən.
Hələ bir böyü,
Onda çox şeyi,
Sən qanacaqsan.
Onda sənə mən
Dəcəlliyindən
Danışan zaman,
Utancaqsan.
Böyüməyə tələsmə
(Balaca Fatimə
üçün)
Saf dağ çeşmələri tək,
Gözləri duru qızım.
Yanaqları gül - çiçək,
Ürəyi nurlu qızım.
Dünyada ola
bilməz,
Sənin tək saf, müqəddəs.
Sən başdan-ayağacan,
Təpədən - dırnağacan,
İlkinliyin rəmzisən,
Təmizlər təmizisən.
Əllərin totuq - totuq,
Tellərin vəsmə - vəsmə.
Sənə qurban olduğum,
Böyüməyə tələsmə.
Dünya işləklərinə
Uyma çox da, ay qızım.
Onda bircə gilə də,
Vəfa yoxdur, ay qızım.
Sənin qadan alaram,
Qaşı, kirpiyi əsmər.
Bir daha yalvarıram,
Böyüməyə tələsmə.
Təbriz təzə diş çıxarır
İlkin nəvəm, ömrüm, günüm,
Təbriz təzə diş çıxarır.
Ana üçün, ata üçün
Evdə yaman iş
çoxalır.
İkisi də haçaqdandır,
Qulaqdadır, gözdədilər.
Çəngəlləri, bıçaqları
Xəfə yerdə gizlədiblər.
Qorxurlar ki, Təbriz
bala
Duran yerdə iş çıxarar.
Şirin bala, əziz
bala,
Neyləsinlər, diş çıxarır.
Yaxşı oldu, yaman
oldu,
Hər şeyi salır
ağzına.
İynə oldu, dərman
oldu
Baxmayıb alır ağzına.
O günləri alovlanan
Qaza uzatdı əlini.
Anası qışqırdı
- aman,
Geriyə dartdı əlini.
Soğanı, turşunu, qəndi,
cəftəni soxur ağzına.
Qələmi, pozanı, rəngi,
Dəftəri basır ağzına.
Evdə yaman iş
çoxalıb,
Bu iş Təbrizin işidir,
Nəvə təzə diş çıxarır.
Nənəsi hədik bişirir.
Qum yeyən Piri
Çox adam
bilir,
Qum yeyir Piri.
Anası onu
Aparır çimə,
Dəniz yerinə.
Qumluğa cumur.,
Uşaqdır, uşaq,
Sərçə gücündə.
Sürünür yumşaq
Qumlar içində.
Hərdən də qumdan
Qoyur ağzına.
Anası tutub
Yuyur ağzını,
Yuyur dilini,
Yuyur əlini,
Möhkəm danlayır.
Piri qanmayır.
Yaş yarımdadır.
Səbəb bundadır.
Təzəcə hələ
İməkləyir o.
Təzəcə hələ,
Ana deyir o.
Çoxları bilir,
Hələ əməlli
Adını bilmir.
Neyləsin Piri?
Hələ ağzının
Dadını bilmir.
Qəşəm
Nəcəfzadə
Mərkəz.- 2010.- 10 dekabr.- S.15.