HEYDƏR ƏLİYEV

 

Heydər Əliyev Azərbaycanda ikinci dəfə hakimiyyətə gələndə onun Türkiyə və bütövlükdə türk dünyası ilə təmasları, türk birliyinin təşəkkülü və möhkəmlənməsi uğrunda sistemli fəaliyyəti genişlənməyə başladı. Heydər Əliyevin yaxın dostu, Türkiyənin 9-cu prezidenti, böyük dövlət xadimi Süleyman Dəmirəl məhz bu xidmətlərini nəzərə alıb demişdir: “Mənim tanıdığım Heydər Əliyev nə qədər Azərbaycan vətənpərvəridirsə, bir o qədər də türk vətənpərvəridir. Heydər Əliyev təkcə Azərbaycanın deyil, bütün türk dünyasının yetişdirmiş olduğu məşhur dövlət xadimlərindən biridir”.

Süleyman Dəmirəl sözün həqiqi mənasında Heydər Əliyev haqqında yetərincə söz deməyə haqqı çatan kişilərdəndir və Azərbaycan-Türkiyə münasibətlərinin “bir millət, iki dövlət” səviyyəsində qurulmasında ən azı Heydər Əliyev qədər xidmətləri var. Tarixə nəzər salaq, həm də ən yeni tarixə.

Sovet İttifaqı dağılandan və Azərbaycan müstəqillik əldə etdikdən sonra Türkiyə ilə münasibətlər qurmaq, əlaqələr yaratmaq üçün çox əlverişli fürsət yaranmışdı. Rusiya Cənubi Qafqazdakı mövqeylərini əldən verməmək üçün Azərbaycan üzərində təsirini qorumağa çalışırdı. Azərbaycanda isə dünya siyasətinin incəliklərindən bixəbər olan Əbülfəz Elçibəy hökuməti gənc, müstəqil dövlətin qarşılaşdığı problemləri nəzərə almadan, təkidlə Qərbi, Türkiyəni xarici siyasətin prioriteti hesab edir, İran, xüsusilə Rusiya kimi bölgədə güclü təsir vasitələrinə malik olan ölkələrlə münasibətlərdən açıq-aşkar imtina edirdi. Bu münasibətlər onsuz da cəbhədə vəziyyəti heç də yaxşı olmayan Azərbaycanı daha çətin vəziyyətə salır. Ermənistanın təcavüzü daha geniş xarakter alırdı. Açığını demək lazımdır ki, belə vəziyyətdə Türkiyə dost və qardaş ölkə kimi nə qədər narahat olsa belə, sərt və kəskin bəyanatlar verməkdən uzağa gedə bilmirdi və bilməzdi də. Əks halda, çox geniş qarşıdurma meydana çıxar və bunun nələrlə bitəcəyi bəlli olmazdı.

1993-cü ildə Heydər Əliyevin Azərbaycanda yenidən hakimiyyətə gəlməsi ilə istər Azərbaycan-Türkiyə, istərsə də Azərbaycanla türkdilli dövlətlər arasında münasibətlərin yeni və əsas mərhələsi başladı. Heydər Əliyevin balanslaşdırılmış siyasəti gənc, müstəqil ölkəyə çox vacib olan siyasi sabitlik, atəşkəs gətirdi. Ölkə tədricən informasiya blokadasını yarmağa, beynəlxalq aləmdə tanınmağa və müstəqil dövlət kimi qəbul olunmağa başladı.

Heydər Əliyev müstəqil Azərbaycanın prezidenti kimi Fransaya ilk rəsmi səfərindən dərhal sonra, 1994-cü ilin fevralında qardaş Türkiyə respublikasına səfər etdi. Türkiyə Prezidentinin iqamətgahı - Çankaya köşkündə Azərbaycan Prezidentinin yaylım atəşilə müşayiət olunan rəsmi qarşılanma mərasimindən start götürən görüşlər və danışıqlar dörd gün davam etdi. Görüşləri yaxından izləyən türk jurnalisti, “Sabah” qəzetinin əməkdaşı Məhəmmədəli Viron azərbaycanlı həmkarına verdiyi müsahibədə bildirir: “Heydər Əliyevin burada keçirdiyi görüşlərdən heyrətə gəldim. Türkiyə indiyə qədər kimsəyə bu qədər hörmət və iltifat göstərməmişdir. Bu, Əliyevə verilən dəstəyin ən parlaq nişanəsi idi. Məncə, Heydər Əliyev Ankaradakı görüşlərində istədiyi köməyi əldə etdi. Ankara da bu görüşlərdən son dərəcə məmnundur”.

Bu səfərin ən yaddaqalan görüşü Türkiyə Böyük Millət Məclisində oldu. Millət vəkilləri ilə görüşü zamanı çox geniş və məzmunlu nitqində Heydər Əliyev Türkiyə dövlətinin tarixi missiyasını onlara xatırladırmış kimi dedi: “Mən istərdim, sizə Mustafa Kamal Atatürkün bir kəlamını xatırladım, çünki bu kəlam Türkiyənin üzərinə düşən məsuliyyətin nə qədər böyük olduğunu və Mustafa Kamal Atatürkün nə qədər uzaqgörən olduğunu nümayiş etdirir. Türkiyə Respublikasının 10 illiyi münasibətilə söylədiyi çıxışında o deyir: “Sovet İttifaqı bu gün bizim dostumuz, qonşumuz, müttəfiqimizdir. Bu dostluq bizə zəruridir. Lakin bu gün heç kim görə bilməz ki, sabah nə baş verəcək. Ola bilər, sabah onlar osmanlılar kimi parçalansınlar, Avstriya-Macarıstan kimi bölünsünlər. İndi biri-birindən möhkəm yapışan millətlər, sabah hərəsi bir yana qaça bilər. Dünyanın balansı dəyişər. Türkiyə bilməlidir ki, belə olan halda o nə etməlidir. Bizimlə bir dildə danışan, bir dində birləşən, mahiyyətcə bizimlə bir olan qardaşlarımızı bizim dostumuz idarə edir. Biz onları öz himayəmizə götürməyə hazır olmalıyıq. Sakitcə oturub bu günü gözləməməli, buna hazır olmalıyıq. Millətlər buna necə hazırlaşır, mənəvi körpülər möhkəmləndirilirmi? Bizi körpülər kimi etiqad, tarix birləşdirir. Biz hadisələrin ayırdığı köklərimizə, öz tariximizə qayıtmalıyıq. Biz tarixi köklərimizə yaxınlaşmalıyıq”.

60 il əvvəl Mustafa Kamal Atatürk bu günü görüb, bu vəsiyyəti etmişdi. İndi bu vaxt yetişmişdir. Türkiyəyə dost və qardaş ölkələr, millətlər öz müstəqilliklərinə nail olmuşlar. Türkiyənin ən yaxın dostu və qardaşı olan Azərbaycan da müstəqil olmuşdur. Azərbaycan bundan sonra Türkiyə ilə dostluq və qardaşlıq münasibətlərinə daha böyük ehtiyac duyur”...

Heydər Əliyevin bu səfəri zamanı dövlət başçıları və hökumət nümayəndələrinin imzaladıqları 16 sənəd arasında yüksək siyasi əhəmiyyət daşıyan dostluq və əməkdaşlıq, siyasi məsləhətləşmələr haqqında müqavilələrlə yanaşı, iki dövlət arasında iqtisadi münasibətləri tənzimləyəcək bir sıra digər sənədlər də var idi. Bu sənədlər Azərbaycan-Türkiyə münasibətlərinin bütün sahələrində, xüsusilə Türkiyənin Azərbaycandakı enerji layihələrində yaxından iştirak etməsinə, “əsrin müqaviləsi”nə qoşulmasına yol açdı. Ancaq bu Heydər Əliyevin Türkiyəyə hələ ilk səfəri idi. Bundan sonra Türkiyəyə Heydər Əliyevin rəsmi və işgüzar səfərləri daha müntəzəm xarakter aldı. Lakin Azərbaycan-Türkiyə yaxınlaşmasının bu müstəvidə olması bir çox dövlətləri o qədər də qane etmirdi. Səbəblər müxtəlif idi. Ən əsası isə Azərbaycanın Türkiyə ilə münasibətlərinin strateji müttəfiqlik səviyyəsinə qalxması idi.

1 noyabr 1999-cu il. Ankarada Heydər Əliyevə Beynəlxalq Atatürk sülh mükafatının təqdimetmə mərasimi keçirilir. Mərasimdə Heydər Əliyev həmişə olduğu kimi qeydsiz-filansız mükəmməl və geniş nitq söyləyir. Ən uzaq keçmişdən ən son tarixə səyahətlə yanaşı Atatürk irsinə dərin hörmət ifadə olunur. Bununla belə, Azərbaycan-Türkiyə münasibətlərinin qardaş ölkəyə dəyərli xidmətlərindən də bəhs olunur. Heydər Əliyev yenə öz manerasındadır: “1994-cü ildə imzalanan “Əsrin müqavilə”si adlanan ilk neft müqaviləsi artıq özünün böyük nəticələrini verir. Siz bilirsiniz ki, bu müqavilədə ilk dəfə olaraq Türkiyə də iştirak edir və Türkiyənin payı 1,75 faizdir. Ancaq müqavilə imzalanandan sonra mən xüsusi sərəncamımla Azərbaycana düşən hissədən ona 5 faiz də əlavə etdim. Bundan sonrakı müqavilələrdə Türkiyə daha 5 və 10 faiz aldı. İndi Türkiyə neft ölkəsi kimidir, yəni “Türk petrolları” şirkəti Xəzər dənizinin Azərbaycan sektorundakı neft-qaz yataqlarının birgə işlənməsində xarici ölkələrin şirkətləri ilə yanaşı çalışır”.

Amma görülən və görüləcək işlər bununla bitmirdi. Heydər Əliyev Azərbaycanın geostrateji imkanlarından Türkiyənin də bəhrələnəcəyini və nəzərdə tutulan layihələrdə onun mütləq iştirakını qətiyyətlə bəyan edir. Bu onun təkcə Azərbaycan üçün deyil, eyni istəklə Türkiyə üçün də çalışdığını ortaya qoyur.

- Mən qeyd etmək istəyirəm ki, - deyə o sözünə davam edir, - 1994-cü ildə “Əsrin müqaviləsi”ni imzalayarkən biz müqavilədə böyük neft kəmərinin çəkilməsini də əks etdirdik və nəzərdə tutduq ki, bu Bakı-ceyhan neft kəməri olacaq.

Bir sıra ölkələr bu məsələdə bizə təzyiq göstərməyə başladılar. Onlar bu müqavilənin həyata keçirilməsinin qarşısını almağa səy göstərdilər. Bəzi Xəzəryanı ölkələr “Xəzər dənizinin statusu müəyyənləşməyib” deyərək, bu müqavilənin reallaşmasına mane olmağa çalışdılar. Onların başlıca məqsədi ondan ibarət idi ki, bu böyük neft kəməri Bakı-ceyhan marşurutu üzrə keçməsin, yəni Türkiyə ərazisindən deyil, Rusiyadan keçsin. Ancaq biz bütün təzyiqləri arxada qoyduq, ildən-ilə Bakı-ceyhan boru kəmərinin yaradılması istiqamətində addım-addım irəlilədik. Bir il əvvəl Ankarada biz çox mühüm bir bəyanat imzaladıq.

Onu Türkiyənin, Azərbaycanın, Gürcüstanın, Qazaxıstanın, Özbəkistanın dövlət başçıları imzaladılar. Sənədi həmçinin, Amerika Birləşmiş Ştatlarının energetika naziri cənab Riçardson imzaladı...”

Lakin bu da son olmadı. Layihə həqiqətən ciddi maneələrlə qarşılaşır, müxtəlif sərsəm ideyalar və hesablamalar ortaya qoyulur, hər vasitəylə buna mane olmağa çalışırdılar. Yalnız Heydər Əliyevin prinsipial mövqeyi, partnyorları inandırmaq bacarığı hər şeyi yoluna qoydu...

Bu mənada, Azərbaycanla Türkiyəni daha da yaxınlaşdıran Bakı-Tbilisi-ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Şərq-Qərb nəqliyyat dəhlizi və bunlar reallaşandan sonra ortaya qoyulacaq Bakı-Axalkalaki-Qars dəmiryolu layihəsi məhz Heydər Əliyevin müstəsna xidmətləri kimi qeyd olunmalıdır.

 

Kim kimə daha çox lazımdır?

 

ABŞ- Azərbaycan münasibətləri Heydər Əliyevin daim xüsusi diqqət yetirdiyi, xarici siyasətdə əsas prioritet hesab etdiyi sahələrdən idi. Ölkəsinin əsas təbii sərvətlərindən olan neftdən siyasi kapital kimi istifadə edib dünyanın hegemon dövləti ilə münasibətləri qaydaya salmaq və istər siyasi, istər iqtisadi sahədə Azərbaycanın əleyhinə işləyən bədnam 907-ci maddəni neytrallaşdırmaq mühüm vəzifələrdən biri kimi qarşıda dururdu.

1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi” imzalanandan sonra ABŞ-Azərbaycan münasibətlərində müəyyən yaxınlaşma yarandı və diplomatik vakkum tədricən aradan qalxmağa başladı. Amma Heydər Əliyevin istədiyi bu deyildi. Əslində Birləşmiş Ştatlar da bu ölkənin yeni dünyada hansı geosiyasi əhəmiyyət daşıdığını hələ tam dəyərləndirə bilməmişdi.

1997-ci ildə Heydər Əliyevin bu ölkəyə səfəri qarşısında ABŞ-ın siyasi dairələrində, Dövlət Departamentində, Konqresdə və Senatda Azərbaycanın liderə çevrilməkdə olduğu Xəzər hövzəsi qızğın müzakirələr mövzusuna çevrildi. ABŞ Müdafiə Nazirliyinin analitiklərindən biri Ceyms Mak Duqall yazırdı: “Çox yəqin ki, tarixçilər 1997-ci ili Birləşmiş Ştatların Xəzər hövzəsinin geosiyasi əhəmiyyətini dərk etdiyi və bu regionda müvafiq xarici siyasət kursunu həyata keçirməyə başladığı mərhələ kimi qeyd edəcəklər...

ABŞ-ın regiona geosiyasi maraqlarını daha əyani şəkildə nümayiş etdirən əsas faktlardan biri onun Azərbaycanla münasibətlərinin sürətlə yaxınlaşması idi. Bunun səbəbini həm coğrafiyada, həm də siyasətdə axtarmaq lazımdır. Hər şeydən əvvəl, Azərbaycanda kəşf olunmuş və ehtimal olunan neft ehtiyatları həqiqətən XXI əsrdə dünyanın neft bazarında mühüm rol oynayacaq. İkincisi, Azərbaycan tarixən dəniz və karvan yollarının kəsişdiyi məkanda qərarlaşıb. Bugünkü reallıqlardan çıxış etsək görərik ki, Azərbaycanın ərazisindən keçən və Asiya ilə Avropanı birləşdirən çoxsaylı nəqliyyat və kommunikasiya qovşaqları, Azərbaycanı regionun coğrafi cəhətdən çox mühüm ölkəsinə çevirir. Azərbaycan artıq Qərb-Şərq münasibətlərində çox mühüm amildir və Şimal-cənub münasibətlərində də mühüm rol oynaya bilər”.

Müdrik siyasətçi üçün mühüm amillərdən biri o idi ki, onun ölkəsi ABŞ üçün iqtisadi maraqlar çərçivəsini aşaraq “milli maraqlar” sahəsinə daxil oldu.

Heydər Əliyevin ABŞ-a səfərindən əvvəl, onun oğlu - “Əsrin müqaviləsi”nin reallaşmasında çox mühüm rol oynamış, ARDNŞ-in birinci vitse-prezidenti İlham Əliyevin 1997-ci ilin fevral ayında Hyustonda və Vaşinqtonda keçirdiyi görüşlər iki ölkə arasında münasibətlərin yaxınlaş-masında az rol oynamadı.

1997-ci il fevralın 10-12-də energetika tədqiqatçılarının Kembric Assosiasiyasının sponsorluğu ilə Texas ştatının Hyuston şəhərində keçirilən konfransda dünyanın müxtəlif ölkələrinin hökumət və sənaye qruplarının 1500 nümayəndəsi iştirak edirdi. Amerika mətbuatının çox geniş işıqlandırdığı konfransda İlham Əliyev iki ölkənin iqtisadi münasibətlərinin inkişaf perspektivlərindən parlaq nitq söylədi. Məhz bu konfransdan sonra fevralın 18-də “Azərbaycan: kommunizmdən demokratiyaya və neftə doğru” mövzusunda daha bir konfrans keçirildi. Amerika - Azərbaycan Ticarət Palatasının maliyyə dəstəyilə keçirilən və Amerikanın 400-dən çox nəhəng şirkətinin nümayəndələrinin iştirak etdiyi konfransda “dünyanın ən nəhəng dövləti ABŞ Azərbaycana çox böyük maraq göstərir” sözləri səsləndi. İlham Əliyevin çıxış etdiyi bu konfransda ABŞ-ın keçmiş müdafiə naziri, ticarət palatasının fəxri müşaviri Riçard Çeyni “Azadlığı müdafiə” mükafatını aldı. Onun konfransda iştirakı çox şeydən xəbər verirdi və bu işdə iştirak edən ABŞ-ın digər keçmiş yüksək çinli məmurlarını, xüsusilə konqresin mövqeyinin və ictimai rəyin formalaşmasında əsas rol oynayan xarici siyasət elitasını bir qədər də ruhlandırdı.

Heydər Əliyevin məhz bu günə hesablanmış xarici siyasət kursu öz nəticələrini verməkdə idi. Konfranslarda səslənən bəyanatların ardınca ABŞ Dövlət Departamentinin rəsmiləri bu qəbildən olan bəyanatlar verməyə başladılar. Məsələn, 1997-ci il martın 27-də Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzində ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Sandi Berger bəyan etdi ki, “Bill Klintonun ikinci prezidentlik müddətində Xəzər hövzəsi ABŞ-ın xarici siyasətində prioritet yer tutacaq”. O, həmçinin bəyan etdi ki, “Çin, Türkiyə və Qafqaz xüsusi maraq göstərdiyimiz regionlardır və Birləşmiş Ştatlar Mərkəzi Asiyada və Qafqazda öz mövqelərini genişləndirmək niyyətindədir”.

Açıq-aydın hiss olunur ki, Xəzər hövzəsi regionuna yüksək diqqət yetirən ABŞ-ın xarici siyasət rəsmiləri nəhəng neft şirkətləri rəhbərlərinin bu regionun vacibliyi fikrinə şərikdirlər. Dövlət administrasiyasının və neft şirkətlərinin regionun vacibliyi haqqında bəyanat verməsinin müxtəlif səbəbləri olsa da (birincilər üçün bu siyasət və biznes məsələsidir, ikincilər üçün neft satışından gələn gəlirdir), onların əməkdaşlığı göz qabağındadır. Hər iki tərəfin siyasəti bir-birini tamamlayır.

Heydər Əliyev “Əsrin müqaviləsi”nin imzalanmasını sürətləndirərkən böyük siyasi intuisiya ilə məhz bunu yüzə yüz hesablamışdı. Prezidentin hesablamaları, məntiqi heç vaxt onu çətin vəziyyətdə qoymurdu. Budur, elə ki, ABŞ administrasiyası öz siyasi nəzər-diqqətini Qafqazdakı siyasətə yönəltdi, milli mətbuat da bu istiqamətdə siyasi və iqtisadi məsələlərin işıqlandırılmasını prioritet elan etdi. Bu bəyanatlardan az müddət sonra “Uoll Strit cornel” Azərbaycanda neft bumunun hansı nəticələr verəcəyinin mənfi və müsbət tərəflərini xırdalıqları ilə təhlil etməyə başladı. Bundan sonra “Nyu-York Tayms” qəzeti keçmiş müdafiə naziri Kaspar Uaynbergerin “Rusiyanın neft ağuşu” məqaləsini çap etdi. Uaynberger Xəzər neftinin istismarı və nəqlini Rusiyanın öz nəzarəti altına almaq cəhdlərindən bəhs edirdi. Müəllif Rusiyanın Ermənistana genişmiqyaslı hərbi dəstəyini (1 milyard dollarlıq Rusiya silahının təmənnasız Ermənistana ötürülməsi- red.) xüsusi qeyd edərək, Klinton administrasiyasını “Azərbaycanla daha yaxın münasibətlər qurmağı stimullaşdırmaq və Konqresi bu ölkəyə yardım göstərməyə münasibətdə öz prioritetini dəyişməyə inandırmağa” çağırmışdır.

Mətbuatda ABŞ-ın Azərbaycana və Xəzər neftinə marağına həsr edilmiş məqalələrindən daha çox seçiləni “Vaşinqton Post” qəzetində çap olunmuş “Keçmiş Amerika elitası Xəzər quyularını ələ keçirməyə çalışır” məqaləsi idi. ABŞ-ın xarici siyasət elitasının fəaliyyətindən bəhs edən məqalədə qeyd edilir ki, “bu insanlar ABŞ administrasiyasını və müxtəlif siyasi partiyaları təmsil edirlər. Ancaq hamısı çalışır ki, ümumi səylə regiondakı siyasi xətti dəyişsin. Onların dediyinə görə, bu Amerika şirkətlərini digər xarici şirkətlərlə bərabər vəziyyətdə qoymaq üçün çox zəruridir”. Məqalədə xüsusilə, iki keçmiş milli təhlükəsizlik məsələləri üzrə köməkçilər - Brent Skoukrofot və Zbiqnev Bjezinski, Ağ Ev administrasi-yasının keçmiş rəhbəri Con Sunun, keçmiş müdafiə naziri Riçard ceyni, keçmiş dövlət katibi III Ceyms Beyker və keçmiş maliyyə naziri Loyd Bentsenin bu istiqamətdəki fəaliyyətlərinə toxunulur. Bu xadimlərin Amerikanın Azərbaycandakı xarici siyasətinə lobbiçilik etmələri və açıq-açığına intensiv dəstəkləmələrini, bu regiondakı siyasətçilərin rəyinin formalaşmasına əhəmiyyətli dərəcədə təsir göstərdiyini açıqlayırlar.

Həqiqət belə idi. Məhz bu ərəfədə ABŞ-ın alimləri və “beyin mərkəzləri” (analitikləri və politoloqları - red.) Xəzər hövzəsini, Qafqazı və xüsusilə Bakını öz fəaliyyətlərinin prioritet istiqamətlərinə çevirdilər. Bunlardan konservativ “beyin mərkəzi” ABŞ Konqresinə xarici siyasət rəyləri hazırlayan Heritec Fondunu xatırlatmaq istərdik. Xəzər regionu üzrə siyasi təhlillərin nəticələrini müntəzəm dərc etməklə yanaşı, Fond ARDNŞ-in vitse-prezidenti İlham Əliyevin 1997-ci ilin fevralında Vaşinqtona səfəri zamanı onun şərəfinə banket də təşkil etmişdi.

1997-ci il iyulun 21-də ABŞ-ın dövlət katibinin müavini Stroub Telebottun Mərkəzi Asiya Universitetində Qafqazın və Mərkəzi Asiyanın problemləri üzrə geniş məruzəsi hökumət məmurları ilə elmi cəmiyyətlərin nümayəndələri arasında ABŞ-ın xarici siyasətinə münasibətdə müəyyən konsensusun işlənib hazırlandığını göstərdi. Telbott çıxışında artıq Sandi Bergerin mart ayında söylədiyi, ABŞ-ın Mərkəzi Asiyada və Qafqazda öz siyasətini gücləndirmək fikrini yenidən gündəmə gətirdi. Heydər Əliyevin Vaşinqtona səfərindən bir həftə əvvəl səslənən bu çıxış, ABŞ-ın region ölkələri ilə, xüsusilə Azərbaycanla münasibətlərinin yeni mərhələyə qədəm qoyması faktının təsdiqi idi.

Heydər Əliyevin iyulun 31-i və avqustun 1-də Vaşinqtona səfəri iki ölkə arasında formalaşan münasibətlərin yeni mərhələsinin zirvəsi oldu. Ağ Evin press relizində yazılırdı: “Prezident Əliyevin səfəri iki ölkənin əməkdaşlıq əlaqələrində təməl daşıdır və əməkdaşlığın genişləndirilməsində mühüm rol oynayacağını vəd edir”.

Beləliklə, tam yəqinliklə demək olardı ki, Birləşmiş Ştatlar xüsusilə Azərbaycanın simasında region ölkələri ilə əlaqələrə, həqiqətən, böyük əhəmiyyət verirdi. Diqqətçəkən məqam ondan ibarətdir ki, Azərbaycan da, ABŞ da münasibətlərin, məhz Prezident Heydər Əliyevin istədiyi kimi, yeni mərhələyə daxil olması fikrində yekdil idilər.

 

1 avqust 1997-ci il, Vaşinqton

 

Heydər Əliyevin ABŞ-a rəsmi səfəri gedişatında Ağ Evdə ARDNŞ və Amerikanın dörd şirkəti - «Şevron», «Eksson», «Mobil», «Amoko» - arasında müqavilələr imzalanmışdır. Hər iki ölkənin dövlət başçısı bu sənədləri belə dəyərləndirmişdi:

«Bill Klinton: Xəzər hövzəsi yeni neft və qaz layihələrinin həyata keçirilməsi üçün həyati önəmə malik olan bölgədir. Bu günlərdə enerji ehtiyatlarının istismarı üzrə qəbul edilmiş razılaşmalar gələcək nəsillərə fayda verəcəkdir.

Azərbaycanla birgə Xəzər sərvətlərinin istismarı üzrə əməkdaşlıq edərək, biz bununla nəinki Azərbaycanın çiçəklənməsinə yardım göstərir, həmçinin müxtəlif yollarla öz ölkəmizi enerji məhsulları ilə təmin edir və dövlətimizin təhlükəsizliyini möhkəmləndiririk».

«Heydər Əliyev: İndiyədək Xəzərin Azərbaycan sektorunda enerji ehtiyatlarının istifadəsi sahəsində Amerika və Azərbaycan arasında əməkdaşlıqda yaxşı nailiyyətlər əldə edilmişdir. Biz bu əməkdaşlığı davam etdirir və etdirəcəyik.

Bu gün burada, bu salonda imzalanmış dörd müqavilə buna əyani sübutdur. Qarşımızda bir sıra, o cümlədən Orta Asiya və Mərkəzi Asiyadan enerji ehtiyatlarının Xəzərdən keçmək şərti ilə dünya bazarına daşınması, Qərbə neft ixracı üçün boru kəmərlərinin çəkilmə məsələsi durur. Biz sizinlə bu sahədə daima əməkdaşlıq edəcəyik».

Sənədlər Ağ Evdə, Franklin Ruzveltin adını daşıyan otaqda imzalanırdı.

ABŞ-ın vitse-prezidenti Albert Qor bu mərasimi «Xəzər sərvətlərinin istifadəsinə bəslədiyimiz ümumi ümidlərimizə ciddiyyətlə yanaşmağımızı» əks etdirən Amerika və Azərbaycan arasında «enerji dialoqu»nun başlanğıcı kimi dəyərləndirmişdir.

«Heydər Əliyev: Qürur hissi ilə qeyd etmək istəyirəm ki, Azərbaycan neftçiləri hələ 50 il bundan əvvəl ilk dəfə dənizdə neft yataqları aşkar etmiş və onun istismarına başlamışlar. XX əsrin sonunda Azərbaycan bütün dünyaya Xəzər dənizindəki neft yataqlarını təqdim etdi.

Bu gün burada Vaşinqtonda, Ağ Evdə «böyük məmnuniyyətlə qeyd edirəm ki, bu işlərdə Amerika Birləşmiş Ştatlarının azman şirkətləri fəal iştirak edirlər. Biz dərk edirik ki, xarici sərmayələrin Azərbaycana axını, iqtisadiyyatımızın dünya iqtisadiyyatına inteqrasiyası, o cümlədən Amerika Birləşmiş Ştatları ilə möhkəm iqtisadi əlaqələrin yaradılması Azərbaycan xalqının gözəl gələcəyinə xidmət edir».

Yeri gəlmişkən, bu əlaqələr uzaq zamanlardan başlayır. Hələ 1923-cü ilin may ayında «Azneft» Amerika korporasiyalarının biri ilə neftqazma və neftçıxarma üzrə müqavilə bağlamışdı. Həmin ilin iyul ayında Bakıya neft sənayesinin müxtəlif sahələri üzrə ekspert olan 11 amerikalı mütəxəssis gəlmişdir.

 

Mərkəz.- 2010.- 10 dekabr.- S. 10-11.