Ermənilərin
Zəngilan planı
Ermənilər
bununla «biz işğal olunmuş rayonlardan yalnız Ağdam,
Füzuli və Cəbrayılı qaytara bilərik» demək istəyirlər
Azərbaycanın
işğal altında olan
Zəngilan rayonuna Suriyadan,
Ermənistandan ailələr köçürülür.
Erməni hakimiyyəti onlara köç üçün
yardım da söz verib, amma hələlik köçkün ailələr belə
yardımı almadıqlarını deyirlər. Buna baxmayaraq, Zəngilana
köçənlər yardımsız da
hallarından razıdırlar. Bildirirlər ki,
əlverişli iqlimi və münbit torpaqlarına görə Zəngilana
köçdüklərinə peşiman
deyillər. Bu barədə Azadlıq Radiosu məlumat yayıb. Radionun
Ermənistan xidmətinin əməkdaşı Zəngilan
şəhərində məskunlaşan erməni ailələrdən
bir neçəsi ilə görüşüb,
xarabaya döndərilmiş şəhərdən
videogörüntülər çəkib.
Mövzu ilə bağlı fikirlərini
bizimlə bölüşən politoloq cümşüd Nuriyev bildirdi ki, Zəngilanın
strateji mövqeyi çox əlverişlidir. Onun
sözlərinə görə, Zəngilan coğrafi
mövqe nöqteyi-nəzərindən Ermənistanı
bir növ Azərbaycandan
qoruyan bir rayondur: «İkincisi, həm
Qubadlıya, həm də Şuşa və
Laçına gedən yol Zəngilandan keçir. Bu baxımdan, Zəngilanda
ermənilərin məskunlaşdırılması heç də təsadüfi deyil.
Ermənistan hakimiyyəti bu gün ora insanlar
köçürməklə, məskunlaşmanı təmin
etməklə, gələcək planlarını həyata
keçirmək istəyir. Bu plan da Dağlıq
Qarabağın Ermənistanla birləşdirilməsini
özündə ehtiva edir.
Bunu da ancaq
Zəngilanı götürməklə etmək mümkündür. Qubadlı və
cəbrayıl rayonlarının coğrafi
mövqeyi elədir ki,
adıçəkilən rayonları götürsələr
də, bu, həmin effekti
verməyəcək. Çünki vaxtilə
cəbrayıla ən yaxın olan erməni
kəndi bu rayonun 200
kilometrliyində yerləşirdi. Yəni ermənilər
bu rayonun 200
kilometrliyində yaşayırdılar. cəbrayılın ən
uzaq kəndi olan Dolanlara gedən yol da istər-istəməz Qubadlı tərəfdən
idi. Bütün hallarda Zəngilan ona
görə nəzərdə tutulub ki, həmin ərazi strateji
cəhətdən çox əlverişli
mövqedədir. Digər tərəfdən isə bu məskunlaşdırma 1929-cu ildə qanunsuz olaraq ermənilərə
verilən Nüvədi kəndi ilə bağlıdır. Bundan daha öncə
1920-ci il dekabrın 1-də Zəngəzur
qəzası ilə bağlı Azərbaycanın iddiaları
ortadadır». Müsahibimiz qeyd
etdi ki, məskunlaşdırma
ilə bağlı prosesi ermənilər
XVIII əsrin ortalarından həyata keçirməyə
başlayıblar. Onun sözlərinə
görə, vaxtilə Dərələyəz mahalının
102 kəndinin cəmi üçündə 3-4 erməni ailəsi
yerləşdirən ermənilər sonradan
tədricən həmin kəndlərin adlarını da dəyişdirdilər: «Bu, ermənilərin köhnə
taktikasıdır. İndi də Zəngilana
ona görə erməniləri yerləşdirirlər
ki, Ermənistan sərhədini nəzarətə
götürsünlər, eyni zamanda da, Dağlıq
Qarabağın Ermənistana birləşdirilməsi
strategiyasını həyata keçirsinlər. Fikir verin; Azərbaycanın
ən gec işğal
olunan rayonu da Zəngilandır. Strateji
üstünlüyü həmin müddətədək
ermənilərin Zəngilanı ələ keçirməsinə
imkan vermirdi. Baxmayaraq ki, ətraf iki rayon - Qubadlı və
cəbrayıl işğal olunmuşdu. Bu faktı da diqqətdən kənarda qoymaq
olmaz».
C. Nuriyev qeyd etdi ki,
Ermənistan parlamentinin Dağlıq Qarabağı
tanımaqdan imtina etməsi ermənilərin
daxilində də başqa
narazılıqlar yaradıb: «Çünki
parlament tanımadığı üçün orada yaşayan ermənilər başa
düşürlər ki, bu
rayonları qaytarmağa məcburdurlar.
Amma diqqəti yayındırmaq üçün bu
addımı atırlar və Zəngilanda da
ona görə yerləşdirirlər ki, bu rayon
indiyədək ermənilərin yaşamadığı bir rayon olub:
«Burada tarixən də ermənilər
yaşamayıb. Demək, bunların əsas məqsədi diqqəti
oraya yönəltməklə başqa istiqaməti, yəni Dağlıq
Qarabağın «arxa qapılarını»
möhkəmləndirmək məsələsini gündəmə
gətirirlər. Yəni təxminən «biz
işğal olunmuş
rayonlardan yalnız Ağdam,
Füzuli və cəbrayılı qaytara bilərik. Digərləri mümkün deyil». Bu fikiri
formalaşdırmaq istəyirlər. Dağlıq Qarabağ ətrafındakı 7 rayonun dördünü -
Kəlbəcər, Laçın, Qubadlı və Zəngilanı
qaytarmadan üçünü
gündəmə gətirirlər. Məqsəd budur». Politoloq əlavə
etdi ki, Ermənistandakı
həm siyasi, həm də iqtisadi
gərginliyin istiqamətini dəyişdirib bir
növ sakitlik görüntüsü yaratmaq
istəyirlər.
Xatırladaq
ki, Zəngilan Azərbaycanın işğal edilən ən sonuncu
rayonu olub. Ermənistan silahlı qüvvələri bu rayonu 1993-cü il oktyabrın 29-da işğal
ediblər. İşğal ərəfəsində
rayonun 35 mindən çox
əhalisi olub və bu
insanlar hazırda Bakıda yataqxanalarda
və ölkənin müxtəlif rayonlarında müvəqqəti
məskunlaşıblar. Rayonun 707 kvadrat kilometr
ərazisi tam işğal
olunub, 200 nəfərə yaxın yerli sakin qətlə yetirilib, 50-ə yaxın adam
itkin düşüb.
Əlverişli coğrafi mövqeyə malik Zəngilan Bakı-culfa-Naxçıvan dəmiryolunun
üzərində yerləşir və mühüm
strateji əhəmiyyətə malikdir. İşğaldan
sonra Bakı-Mincivan-Qafan dəmiryolu
xəttinin keçdiyi Mincivan
stansiyası tamamilə dağılıb. İşğal
zamanı rayona təxminən 1 milyard 390 milyon ABŞ
dolları məbləğində ziyan dəydiyi
bildirilir. BMT və bütün
dünya ölkələri Zəngilanı
Azərbaycanın tərkib hissəsi kimi
tanıyır.
Səxavət
HƏMİD
Mərkəz.- 2010.- 10 dekabr.- S. 5.