Heydər
Əliyev və Azərbaycan mədəniyyəti
Dahilər
100 ildən bir doğulur.
Nə xoşbəxt bizlərə ki,
Tanrı bu lütfini xalq olaraq Azərbaycandan da əsirgəməyib. İsmi
tarixə əbədi həkk olunan bir dahini bizlər üçün xəlq etdi.
Və yenə də nə xoşbəxt bizlərə ki, böyük öndər,
əbədiyaşar şəxsiyyət, fenomen
insan, ümummilli lider Heydər Əliyev kimi
bir dühanın müasiri
olmaq şərəfi nəsibimiz oldu. Dahi şəxsiyyət
Heydər Əliyev həm xalqın, həm də musiqi, teatr, kino, ümumilikdə mədəniyyətimizin hamisi idi. Onun
vəfatının ildönümü ərəfəsində
böyük öndərin mədəniyyətimizdəki
xidmətlərini xatırlayacağıq…
«Onda fenomen musiqi
duyumu vardı»
Xalq artisti, ustad tarzən, professor Ramiz Quliyev müasir
Azərbaycan dövlətçiliyinin əhatəli
inkişafında, o cümlədən də
musiqimizdə Heydər Əliyevin danılmaz rolunu
qeyd etdi: «Heydər
Əliyev dühasının gücü bir də onda idi ki, o
fenomen şəxsiyyətin gördüyü işlər dünya
siyasətçiləri tərəfindən də yüksək
qiymətləndirilirdi. Mən fikir
vermişəm, Azərbacanda ona qədər
heç bir rəhbər
musiqimizə, mədəniyyətimizə onun
qədər diqqət yetirməyib. Bu
baxımdan mədəniyyətimiz ona borcludur». Böyük
öndərin Azərbaycan musiqiçilərinə göstərdiyi
qayğıdan ağızdolusu danışan xalq
artisti, Heydər Əliyevi mədəniyyətin
hamisi kimi yüksək
qiymətləndirdi: «Heç yadımdan
çıxmaz, 1970-ci illər idi, Respublika Sarayı yenicə istifadəyə verilmişdi. Onda mən sarayda bir «Orta
mahur» ifa etdim. Konsertdən sonra onun adəti vardı, gəlib bircə-bircə
musiqiçilərlə söhbətləşir, onları təbrik
edərdi. Gəldi və məni də təbrik etdi. Böyük öndər
orada «Orta mahur»u musiqi
diliylə elə təsvir etdi ki, mən çaş-baş
qaldım. Deyərdin, musiqiçi odur, mən yox. O belə bir şəxsiyyət idi
və onda fenomen musiqi duyumu vardı».
«İndiyə
qədər onun çörəyini yeyirəm»
«Hələ
indiyə qədər də onun
çörəyini yeyirəm», - deyən xalq
artisti, bəstəkar Oqtay
Zülfüqarov böyük
şəxsiyyət Heydər Əliyevin Azərbaycan musiqisi və musiqiçilərinin həyatında
əvəzolunmaz xidmətlərini sadaladı: «Heydər
Əliyev musiqiçilərimizə o qədər
dəstək olub ki, bu gün sadalamaqla
qurtarmaz. Fikrət Əmirov, Qara Qarayev, Tofiq
Quliyevin müalicəsi üçün
o insan nələr eləmədi.
Xaricdə müalicələrini təşkil etdi,
onlara maddi dəstək
oldu. Adlarını çəkdiyim o böyük bəstəkarlara
Heydər Əliyev tərəfindən xüsusi
təqaüdlər ayrılmışdı. Yaxud
da, digər mədəniyyət
adamlarına olunan köməkliyi unutmaq olmaz. O belə bir şəxsiyyət idi».
Oqtay Zülfüqarovun
dediyinə görə, Heydər Əliyev Azərbaycanda bütün əsərlərin premyerasında
iştirak edib. Hər
premyeradan sonra isə
kiçikliyindən-böyüklüyündən
asılı olmayaraq hər bir musiqiçini
bağrına basaraq təbrik edib: «Mənim yadımdadır ki,
o vaxtlar hər həftənin
5-ci günü filarmoniyada
simfonik konsertlər təşkil olunurdu, bu məhz Heydər
Əliyevin təşəbbüsü idi.
O özü də həmin konsertlərdə
iştirak edirdi və
bütün məmurları məcbur edirdi ki, o
konsertlərə gəlsinlər. Heydər Əliyev ensiklopedik bir şəxsiyyət
idi; o musiqidən
danışanda, elə bilirdin peşəkar
musiqiçidir, ədəbiyyatdan
danışanda, elə bilirdin ədəbiyyatçıdır».
Bəstəkar
onu da xatırlayır
ki, Heydər Əliyev onlarla
bərabər tez-tez təşviqat
qatarları ilə rayonlara səfər edib. Hər səfərdən
qayıdandan sonra isə bəstəkarlara
gözəl mahnılar yazmağı tövsiyə edib: «İsmayıllı rayonundan
təşviqat qatarı ilə qayıdandan sonra
Heydər Əliyev Tofiq Quliyevin
«Üzüyümün qaşı firuzədəndir»,
«Yalqızam, yalqız» mahnısını elə oxudu ki, müğənnilər
çaşıb qalmışdılar. Və bizə dedi ki, zəhmətkeşlərin
şərəfinə belə gözəl mahnılar
yazmalısınız». Bəstəkarın böyük
öndərlə bağlı xatirələri bitib-tükənməzdir.
Elə bu məhəbbətin
qarşılığı olaraq Heydər
Əliyev haqqında mahnılar da
yazıb.
O, həm də musiqi bilicisi idi
Xalq artisti, musiqişünas Ramiz Zöhrabov ümummilli lider Heydər Əliyevin Azərbaycan musiqisinə göstərdiyi
xidmətlərin saysız-hesabsız
olduğunu söylədi:
«Mədəniyyətimiz, incəsənətimizin
adı Heydər Əliyevin adı ilə bağlıdır.
Bu gün Azərbaycan
musiqisinin təkcə
ölkəmizdə deyil,
dünya səviyyəsində
tanınması, təbliği
böyük öndərin
xidmətlərinə bağlıdır.
O təkcə musiqinin
hamisi deyildi, həm də musiqi bilicisi idi. Musiqişünaslar belə, onun
qədər musiqimizin
dərinliklərinə, incəliklərinə
bələd deyildi».
R. Zöhrabov Azərbaycan
opera sənətində dahi
əsərlərin yazılmasında,
bir-birindən əzəmətli
simfonik musiqilərin ərsəyə gəlməsində
məhz Heydər Əliyevə borclu olduğumuzu deyir: «Nə gözəl ki, Heydər Əliyevin layiqli davamçısı İlham
Əliyev və onun xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva bu gün mədəniyyətimizə
hamiliyi davam etdirir, həm də böyük öndərin ideyalarının
təbliğatçısıdır. Ona görə də mən hesab edirəm ki, Heydər Əliyev kimi dühanın xatirəsi bu gün də Azərbaycan xalqının
ürəyində əbədi
yaşayır».
Onun kimi sözə
qiymət verən ikinci rəhbər tanımıram…
Ulu öndər Heydər
Əliyevin Azərbaycan
ədəbiyyatının formalaşmasında
və təşəkkül
tapmasında da əməyi danılmazdır. Elə xalq şairi Zəlimxan Yaqub da Heydər Əliyev qədər Azərbaycan ədəbiyyatının
inkişafına dəstək
olan ikinci bir dövlət xadimi tanımadığını
dedi: «Heydər Əliyev sözə o qədər böyük qiymət verirdi ki, sözün fövqündə dayanmağı
da bacarırdı. Onun sözə münasibəti
bəndənin Allaha olan münasibəti səviyyəsində idi.
Dahi şəxsiyyət ədəbiyyata
verdiyi qiymətlə bərabər, həm də ədəbiyyat adamlarını yüksəltməyi
bacarırdı. Elə
bunun nəticəsi idi ki, keçmiş
SSRİ məkanında fəxri
ad alan şair
və yazıçıların
az qala yarısı
Azərbaycanın payına
düşürdü. Böyük şəxsiyyət
bunu ona görə edirdi ki, ədəbiyyat adamları Azərbaycanı
bütün dünyada
tanıda bilsinlər».
Zəlimxan Yaqub bir də ona
görə fəxr edir ki, böyük
öndər Dədə
Qorquddan, Nizami Gəncəvidən ta üzü bu yana qədər
bir nəfər də olsun yazıçıya,
şairə diqqətsiz
olmadı. Onların hər birinin
ayrı-ayrılıqda yubiley
gecələrini təşkil
etdi, adlarını əbədiləşdirdi. Elə buna görə də özünə əbədiyyət qazandı.
Xalq şairi ulu öndərin ədəbiyyat adamlarına
göstərdiyi sonsuz
qayğıdan danışanda
kövrəldi: «Dahi şəxsiyyət Heydər
Əliyev elə mərd kişilərdən
idi ki, çətin
vaxtlarımızda bir
göz qırpımında
başımızın üstünü
aldırmağı bacarırdı.
Yadımızdan çıxarmı
heç, onun Məmməd Arazın, Xəlil Rzanın, Bəxtiyar Vahabzadənin, Yusif Səmədoğlunun
balışının başında
durmağı, onun mən Zəlimxan Yaqubu xaricdə müalicə etdirməyi…
Hansı
dövlət başçısı
bunu edərdi?
Adi sosial problemlərimizin
həllində də onun rolu əvəzsiz
olub. Bunu itirmək olarmı? Ulu öndər Heydər Əliyevin bir əbədiyaşarlığı da onda idi
ki, o böyük öndər özündən
sonra İlham Əliyev kimi bir siyasətçini Azərbaycan xalqının
başında qoyub gedə bildi».
Kinomuz Heydər Əliyevə borcludur…
«Azərbaycan
kinosu Azərbaycan tarixinin
salnaməsidir», - Heydər Əliyev milli kinomuzu belə qiymətləndirirdi. Onu da xatırladım ki, Azərbaycan
milli kinosunun şah əsərlərindən «Bir cənub şəhərində» (rejissor Eldar Quliyev), «İstintaq» (Rasim Ocaqov), «Qaçaq Nəbi» (rejissor
Əbdül Mahmudbəyli) və digər filmlərimizin ekrana vəsiqə qazanması birbaşa
böyük öndər Heydər
Əliyevin xidmətiylə bağlıdır. Mərhum rejissorumuz Rasim Ocaqov qəzetimizə müsahibə verərkən
qeyd etmişdi ki, «İstintaq» ekran həyatına görə əbədiyaşar
şəxsiyyət Heydər Əliyevə borcludur.
Rejissorun dediyinə görə, sovet milisi mövzusunda
lentə alınan həmin film yuxarıda
-Moskvada əyləşənlərin xoşuna gəlməmişdi və işə
Heydər Əliyev qarışandan sonra məsələ
həll olunmuşdu. Eləcə də digər
filmlərimizin taleyini məhz sənətin,
sözün böyük
mənasında, bilicisi olan
böyük öndər Heydər
Əliyev həll etmişdi. Elə buna görə də milli
kinomuz o fenomen şəxsiyyətə borcludur.
Cəvahir
SƏLİMQIZI
Mərkəz.-
2010.- 11 dekabr.-
S. 9.