HEYDƏR
ƏLİYEV
XI
FƏSİL
GÜNƏŞ
DƏNİZDƏN ÇIXIR
14-15
iyul 2001-ci il, Bakı
Bir dəfə «qələm
ustaları» ilə növbəti görüşdə, 2001-ci
ilin iyulunda jurnalistlərdən biri Heydər Əliyevdən
xatirə yazıb-yazmadığını soruşdu:
-
Xeyr, - dedi - xatirə yazmıram. Ancaq belə görüşlər
zamanı həyatımdan bəzi epizodları
danışıram. Yazmağa gəlincə, çox istərdim,
sadəcə, buna vaxtım yoxdur.
Görüş,
Müslüm Maqomayevin təbirincə desək, Azərbaycan
dilində qeyri-adi səslənən Zuğulbadakı dövlət
iqamətgahında keçirilirdi. İqamətgah 30-cu illərdə
partiya nomenklaturasına görə inşa edilib. Yeni
dövrün rus və azərbaycanlıları
üçün bu yer bir elə də möhtəşəm
deyildi. Çünki standartlara cavab vermir. Ancaq qeyri-adi
dadlı quyu suyu insanı cəlb edir.
-
Bu ev qədim tikilidir, - Azərbaycan Prezidenti evi qonaqlarına -
Rusiyanın kütləvi informasiya rəhbərlərinə təqdim
edir. - O bu günün tələblərinə cavab vermir.
Bilirsiniz, mən xaraktercə çox sabit insanam. Öyrəşdiyim
şeylərdən asanlıqla ayrıla bilmirəm. Düzdür,
hazırda daha çox şəhərdə qalıram. Nadir
hallarda, yayda burada oluram. Mənim övladlarım da bu evdə
böyüyüblər. Bu yer bizim üçün xatirələr
məskənidir.
Jurnalistlər böyük həvəslə,
bir-birini ehmallıca
sıxışdıra-sıxışdıra qonaqpərvər
ev sahibinin ardınca addımlayır, onun bu gözlənilməz
etirafının bir sözünü belə qaçırmamaq
üçün diktafon kasetlərini tez-tez dəyişir,
şəkillər çəkirdilər.
Heydər
Əliyev dedi:
-
Siz məndən qeyri-rəsmi şəraitdə
görüşməyi xahiş etdiniz. Budur,
görüşdük. Baxın… Siz daha çox xiyabana bənzəyən
uzun bir yolla gəldiniz. Bu ağacları biz 70-ci illərdə
yolu çəkərkən əkmişik. Hər bir fidanı
sevə-sevə böyütmüşük. Bilirsiniz,
keçmişdə Bakıda yaşıllıq olmayıb.
Qorkinin bu mövzuda dediklərini yəqin ki,
xatırlayırsınız…
- Bir parça da yaşıllığı
olmayan şəhər… Çox böyük ustalıqla
qaranlıq cəhənnəmi tərənnüm edib, -
moskvalı reportyorlardan biri proletar ədəbiyyatının
başqa bir klassiki ilə tanışlığını
nümayiş etdirmək üçün belə bir replika
atdı.
-
…Burada olan Mayakovski də bunu qeyd edib, - Heydər Əliyev
replikaya reaksiya vermədən davam etdi. - Bizim yerlərdə
Rusiyadan fərqli olaraq, ağaclar gec böyüyür. Onlar
daimi qulluq tələb edir. Yaxşı ağac yetişdirmək
üçün 5-6 il onu sulamaq lazımdır. Sonra bitki
öz köklərini torpağa bərkidir.
Səsli-küylü
dəstə elə onu bilirdi ki, ətrafa boylansın: inana
bilmirdilər ki, bu cənnət guşəsi səhrada boy
atıb.
-
Təkrar edirəm ki, ağacları biz bu yerləri quranda əkmişik.
Bax, bu nar ağaclarını mən əkmişəm. Azərbaycanda
narı çox sevirlər…
Sonra
meyvə, Azərbaycan şirniyyatı və qeyri-adi ətri ilə
seçilən çay qonaqlığı verildi. Stol arxasında Xəzər dənizinin statusu,
respublikada mətbuatla münasibətlərin səviyyəsi,
Əliyevin böyük siyasətə qayıdışı və
əlbəttə, Dağlıq Qarabağ məsələsi
haqqında söhbət aparıldı. Ulu öndər qeyd
etdi ki, 1988-ci ildə bu məsələ gündəmə
gəldi. Ancaq Sovet İttifaqının rəhbərliyi nəinki
onun tənzimlənməsi üçün tədbirlər
gördü, əksinə, hətta buna daha da təkan verdi.
Azərbaycan
Prezidenti xalqları ayıran faciə barədə ilk dəfə
deyildi ki, danışırdı. Qarabağ - onun
ağrısı idi. O, ən müxtəlif
auditoriyalarda bu ağrı verən yaraya qayıdır, öz
mövqeyini izah edirdi. Əliyev əmin idi: «Əgər
Qorbaçov və onun ətrafı 1988-ci ildə
düzgün mövqe tutsaydılar, bu münaqişə belə
həddə gəlib çatmazdı və bu qədər itki
də baş verməzdi. Ermənistanla Azərbaycan da belə
düşmən münasibətdə olmazdılar» (2000-ci il
iyunun 22-də Moskvada həmvətənliləri
qarşısındakı çıxışından).
O,
Azərbaycana Rusiya ilə dostluğu vəsiyyət etdi
1992-ci
ildən Dağlıq Qarabağ münaqişəsinin həlli
ilə ATƏT-in Minsk Qrupu məşğul olurdu. 1997-ci ildən
etibarən qrupun 3 həmsədri - Rusiya, ABŞ və Fransa
oldu. Həmin ölkələrin diplomatları Azərbaycanın
razılaşdığı təklifləri işləyib
hazırlayırdılar.
Heydər Əliyev qonaqlarına məsələnin
nə yerdə olduğunu aydınlaşdırırdı.
Dağlıq Qarabağın Azərbaycanın tərkibində
yüksək özünüidarə statusu ilə
qalmasını… Yeri gəlmişkən, 1997-ci ilin sonunda Ermənistan
Prezidenti Ter-Petrosyan münaqişənin həllində bundan
optimal çıxış yolunun olmadığı
qərarına gəlmişdi. O, açıq
şəkildə Dağlıq Qarabağ ətrafında
işğal olunmuş 7 rayondan erməni
silahlılarının çıxarılması, sonra isə
Qarabağın statusunun müəyyənləşdirilməsi
təklifi ilə razı olduğunu bildirmişdi… Amma ona mane
oldular. 1998-ci ilin fevralında istefa verdi… Danışıqlarda
Azərbaycan nümayəndə heyətinin tərkibində
artıq bizim tanıdığımız, XİN-in idarə rəisinin
müavini, sonra isə rəisi Murad Heydərov da iştirak
edirdi. Murad Heydərov qürur hissi keçirir ki, bir dəfə
prezidentə məlumat verərkən ondan lakonik bir qiymət
alıb: «Afərin!»
Yevgeni
Primakovun nüfuzlu rəyinə görə, Heydər
Əliyev Ermənistan-Azərbaycan münaqişəsinin aradan
qaldırılması sahəsində danışıqlarda məsələnin
həllinə çox yaxın idi.
-
Mən əminliklə deyə bilərəm ki, ona ölüm
mane oldu.
Yevgeni
Maksimoviç Primakov təklif olunan layihə ilə bilavasitə
əlaqəli idi. Bu səbəbdən onun məsələyə
münasibətini öyrənmək maraqlı olardı:
- Ermənistan və Dağlıq
Qarabağ tərəfindən Azərbaycanın ərazi
bütövlüyünün tanınması, dövlət sərhədinin
toxunulmazlığının qəbul edilməsi Dağlıq
Qarabağın Azərbaycanın tərkibində yüksək
idarəetmə statusunu əldə etməsi demək idi. Hər iki tərəfin
maraqları və atacağı addımlar nəzərə
alınmışdı…
Bakıya
bu təklifi çatdırmaq, o dövrdə xarici işlər
nazirinin birinci müavini vəzifəsində
çalışan Boris Nikolayeviç Pastuxova həvalə
edilmişdi.
-
Xahiş etdim ki, Əliyev mənimlə təkbətək
görüşsün, - deyə Pastuxov xatırlayır. - O
vaxt ilk dəfə idi görürdüm ki, fantastik yaddaşa
malik Əliyev artıq köhnəlmiş həftəlik
kitabçasına dediklərimi qeyd edir. Bu, Rusiya Prezidentinin
şifahi göndərişi idi. «Maraqlıdır, - Əliyev
cavab verdi, - çox maraqlıdır».
Pastuxovun
fikrincə, Əliyev Qarabağ problemini həll etmək
mövqeyindən çıxış edirdi. O hesab edirdi ki,
sonra bunu etmək çətin olacaq. - Baxmayaraq ki, daha
böyük güzəşti Azərbaycan edirdi. Ermənistan
geri çəkildi, - deyə Boris Nikolayeviç öz rəyini
bildirir.
Onların
saysız-hesabsız görüşləri olmuşdu. Pastuxov
həmin görüşlərdən ən əsas bunları
yaddaşına həkk etmişdi:
-
Heydər Əliyevin, ilk növbədə, sovet və postsovet
dövründə ən parlaq siyasətçilərdən
biri olması şübhəsizdir. O, öz ölkəsində
sülhün qorunmasına nail oldu. Gürcüstandan fərqli
olaraq, iqtisadi durğunluğun qarşısını ala bildi.
Rusiya ilə yaxın, mehriban qonşuluq münasibətlərini
quraraq çeçenlərlə konfliktdə bizi dəstəklədi.
O, Rusiyaya münasibətdə səmimi idi və üzərinə
götürdüyü bütün öhdəlikləri yerinə
yetirirdi. MDB ölkələrindən, Belarus istisna olmaqla, Azərbaycanda
olduğu kimi rus dilinin geniş işləndiyi ikinci bir
dövlət, məncə, yoxdur. Bilirsiniz, o həm də nəyə
görə dahidir? O, öz oğluna, öz ölkəsinə
Rusiya ilə dostluğu vəsiyyət etdi. Əlbəttə,
Azərbaycan da başqa dövlətlər kimi ən mənfəətli
və uğurlu olanı axtarır… Bu təbiidir. Mən onunla
çox söhbət etmişəm. Onunla bir çox problemləri,
o cümlədən Xəzər məsələsini
müzakirə etmişik. Çox çətin
danışıqlar idi. «Mən bu problemi bir anın içində
həll edərəm, amma siz mənə Dağlıq
Qarabağ problemlərində bu məsələləri həll
edəcəyiniz haqda zəmanət verməlisiniz…», - deyirdi.
Siyasi nöqteyi-nəzərdən bu normaldır.
-
Yaman yenilməz, möhkəm insan idi! - deyə Pastuxov qeyd
edir. - Müxtəlif dövlətlərin maraqlarını nəzərə
almaq lazımdır. Bəli, balans… Siyasət yalnız bu yolla
aparıla bilər. Heydər Əliyev yüksək səviyyəli
siyasətçi idi. Bundan əlavə, nadir iradəyə
malik insan idi. O, ürəyinin xəstə olduğunu bilirdi,
amma özünü qorumurdu. İradəsi gücünə
işini davam etdirirdi. Ləyaqətli ömürdür…
Keçmiş
dostunun, həmfikirinin, yoldaşının fikirlərini Yevgeni
Maksimoviç Primakov belə tamamlayır:
-
Heydər Əliyev, şübhəsiz, istedadlı insan idi.
Nadir şəxsiyyət idi. Sözsüz ki, o sovet sisteminin
yetirməsi kimi formalaşmışdı. Amma işlərin nə
yerdə olduğunu görəndə sistem adamı olmaqdan əl
çəkdi. Onun oğlu da atası kimi istedadlıdır.
Yeri gəlmişkən, Azərbaycan Prezidenti İlham Heydər
oğlu Əliyev atası kimi kağızsız
çıxış edir. Nitqləri həmişə məzmunlu
və ağıllı olur.
Heydər
Əliyev hər zaman kompromisə, dialoqlara hazır idi. Ancaq
müəyyən həddə qədər. Azərbaycanın
milli maraqlarına toxunacaq hər hansı bir məsələni
heç kəsə, nə Moskvaya, nə Vaşinqtona, nə də
ki, Tehrana güzəştə gedirdi. «Əlbəttə, kimsə
Azərbaycana münasibətdə sərt mövqe tuta bilər.
Ancaq biz müstəqil dövlətik və heç bir sərt
təsir bizi idarə edə bilməz» (1996-cı ilin 9
avqustunda Rusiya Federasiyasına səfəri zamanı mətbuat
konfransındakı cavabından).
1998-ci
il aprelin 10-da Heydər Əliyev RF hökuməti sədrinin
müavini vəzifəsini icra edən İvan Rıbkini qəbul
etdi.
Görüş
zamanı Azərbaycan-Rusiya münasibətləri, MDB-nin fəaliyyəti
haqqında məsələlər müzakirə edildi.
Prezident martın 12-də Boris Nikolayeviç Yeltsinə
Rusiyadan Ermənistana silah göndərilməsi haqqında məlumatla
əlaqədar məktub göndərdiyini bildirdi.
- Artıq aprelin 10-dur, amma hələ də
cavab gəlməyib. Ümumiyyətlə, bu,
bizim Rusiya Federasiyasında cavabsız qalan ilk məktubumuz
deyil. Biz ki artıq müstəqil, bərabərhüquqlu
dövlətlərik. Bu, o dövrlər
deyil ki, ölkə Moskvaya, Sov. İKP
MK-ya, Nazirlər Sovetinə məktub göndərib cavab ala
bilməsin. Hazırda hər şey fərqlidir.
- O dövrdə cavabları vaxtında
alırdılar, - deyə Rıbkin qeyd etdi.
- Hərdən almırdıq. O vaxt
alırdıqsa, indi sözsüz almalıyıq. Bu məsələ bizim üçün prinsipial
söhbətdir.
1993-cü ildə
artıq Prezident Heydər Əliyevin verdiyi ilk göstərişlərdən
biri də vətəndaşların qəbulu məsələsi
idi. 80-ci illərin sonunadək qəbullar
KP MK-nın 4-cü girişində keçirilirdi. Sonra giriş xalq üçün qapalı oldu.
1993-cü ilin
oktyabrından əhalinin qəbulunu dövlət
müşavirləri, Prezidentin İcra Aparatının
şöbə müdirləri, onun köməkçiləri
həyata keçirməyə başladılar. Qəbul vaxtları mütəmadi
olaraq mətbuatda dərc olunurdu. Bu qayda
indi də qorunub saxlanılır.
Prezidentə
saysız-hesabsız məktublar ünvanlanırdı. Əliyevin göstərişi
ilə onlar şöbələrə, icraçı
işçilərə göndərilirdi. Hərdən
geniş, bəzən isə çox qısa şəkildə
üstü yazılırdı: «Baxın».
Əhalinin dənizkənarı bulvarın
vəziyyəti ilə bağlı şikayətinə əsasən,
Əliyev şəhər icra hakimiyyətinə ərazinin
abadlaşdırılması haqqında göstəriş verdi. O, bununla kifayətlənməyərək
qədim, neçə-neçə nəsillər
üçün əziz və möhtəşəm olan bu
bulvara - Milli Park statusu verilməsi haqqında sərəncam
imzaladı. Prezidentə ünvanlanmış məktubla
əlaqədar «Azərbalıq» Konserninin işində yoxlama
aparıldı. Göstərilən faktlar
təsdiqini tapdığına görə, konsernin rəhbəri
məsuliyyətə cəlb olundu.
Musiqi aləmində
bu gün Surxay Əsgərov məlahətli səsi ilə
hamıya yaxşı tanışdır. Hələ
yaradıcılığının lap
başlanğıcında - İncəsənət
Gimnaziyasının 9-cu sinfində təhsil alanda Azərbaycan
Prezidenti ona dəstək olmuşdu. Yeniyetmənin
atasının məktubunu nəzərdən keçirəndən
sonra Surxaya maddi yardım edilməsi haqda göstəriş
vermişdi.
Bu cür
faktlar saysızdır. Amma bir məsələni xüsusi qeyd etmək
lazımdır. 1995-ci ildə ölkə
yeni Konstitusiya layihəsini müzakirə edirdi. Noyabrın 12-də qəbul edilən qanunvericilik
aktının 57-ci maddəsində vətəndaşların
şəxsən, həmçinin yazılı fərdi və
kollektiv şəkildə dövlət orqanlarına müraciət
hüququ əks olunub. Şübhəsiz
ki, vətəndaşın təklif, irad və şikayətləri
dövlət orqanlarına müraciət hüququ insan
hüquqlarının həyata keçirilməsinin əsas
şərtlərindən biridir. Bundan əlavə,
hər bir vətəndaşın müraciətinin
yazılı şəkildə cavablandırılması da
vacibdir. Konstitusiya müddəaları, o
cümlədən 57-ci maddə ölkədə qəbul edilən
digər qanunvericilik aktlarında da öz əksini
tapmışdır. Yeri gəlmişkən,
əhalinin dövlət orqanlarına müraciət
hüququnun Konstitusiyaya daxil edilməsi haqqında təklifi
Heydər Əliyev irəli sürmüşdü.
1997-ci il iyun
ayının 10-da «Vətəndaşların müraciətlərinə
baxılması qaydaları haqqında» Azərbaycan
Respublikasının Qanunu qəbul edildi. Bu və
Prezident tərəfindən qəbul edilən digər bir
neçə qərar və göstərişlər ölkədə
hüquqi-normativ bazanın yaranmasına gətirib
çıxardı. Prezident şəxsən
məktubların baxılma müddətini, qanun pozuntusuna yol
verən səlahiyyətli şəxslərin məsuliyyətini,
hər bir vətəndaşın qəbul qaydalarını
müəyyən edirdi. Qanunvericiliyə uyğun olaraq, hərbçilərin
və Qarabağ müharibəsi
iştirakçılarının, onların ailələrinin
ərizələrinə ən az vaxtda - 15
günə qədər baxılmalı idi.
21 sentyabr 1999-cu il,
Bakı
Azərbaycanın paytaxtında «Əsrin
müqaviləsi»nin imzalanmasının 5
illiyi qeyd edilir. Təntənəli mərasimdə
iştirak etmək üçün bir çox xarici ölkələrdən
qonaqlar gəlib. Tədbirdə yanacaq və
energetika naziri Viktor Kalyujninin rəhbərliyi ilə Rusiya
nümayəndə heyəti də iştirak edir. Nazir
Heydər Əliyevlə görüşəndə
böyük məmnuniyyətlə Bakı ilə onu
bağlayan xatirələrdən söhbət açır:
«Burada babam, nənəm dəfn edilib, valideynlərim burada
yaşayıb, bacım 1938-ci ildə bu torpaqda dünyaya
göz açıb. Biz Neftçalada Stepan Razin
qəsəbəsində yaşayırdıq. Müharibə
başlayandan sonra «İkinci Bakı» kəşf olundu, atam ora
köçdü. Mən Uralda anadan
olmuşam. Tarixi köklər insanı həmişə
çəkir. Bu torpaqda olmaq mənə
çox xoşdur».
Təbii ki,
bütün bunlar lirik notlar üzərində keçən
danışıqlar idi. Sonra isə Xəzərin, Şimali Qafqazın
problemləri, neft marşrutlarının müəyyən
edilməsi kimi ciddi məsələlər müzakirə edildi.
Heydər Əliyev dedi:
- «Bizim
üçün Şimali Qafqazda sakit şəraitin bərqərar
olması Rusiya ilə əlverişli əlaqələrin
qurulması deməkdir.
Hazırda Rusiya ilə etibarlı əlaqə dedikdə nəqliyyat,
digər kommunikasiya sahələrini, ticarət, əmtəə
mübadiləsinin aparılmasını nəzərdə
tuturam ki, bu da əhalinin maddi rifahının yüksəlməsinə
yardımçı ola bilər.
Dağıstan
bizimlə yaxın qonşudur. Biz həmişə burada sabit şəraitin
bərqərar olmasının tərəfdarı olmuşuq.
Hələ 1997-ci ildə Moskvada rəsmi səfərdə
olarkən Prezident Boris Nikolayeviç Yeltsinlə
görüşdüm və nümayəndə heyətimizin
iştirakı ilə keçirilən görüşdə
Dağıstandakı şəraitin çox ağır
olduğunu, gündən-günə pisləşdiyini və
buna diqqət yetirməyin vacibliyini bildirdim. Bu gün həmin faktları mətbuat
qarşısında açıqlamaq məcburiyyətindəyəm
ki, sonra bizim mövqeyimiz təhrif olunmasın».
Yeltsin buna nə cavab verdi!?
«Hə, bilirik, məşğuluq».
Nə ilə? Dünya mətbuatından artıq layiqli
sərt cavabını alan bir insan nə ilə
məşğul ola bilərdi. 1999-cu ilin avqustunda alman qəzeti
«Reynişer merkurs» yazırdı: «Yeltsinə hörmətimizə
baxmayaraq, onu canlı meyitlə müqayisə etməmək
qeyri-mümkündür. Yeltsin sistemini qoruyub
saxlamaq üçün vaxtaşırı onu bərpa edirlər.
Amma Lenini əbədi saxlamaq mümkün
olmadığı kimi, əyani təşviqat vasitəsi
olaraq Yeltsin də Rusiyada bütün saatları dayandırsa
belə, vaxtı aldatmağa nail olmayacaq».
«…Bu gün orada kimin xoşuna gəlməsə
də belə, qeyd etməliyəm ki, Rusiya hökuməti
Dağıstanın təhlükəsizliyini qorumaq istiqamətində
heç bir addım atmır. Mənim oradakı
şəraitdən xəbərim olduğuna görə bu
mövzuda danışmağa kifayət qədər əsasım
var.
Mən
mütəmadi olaraq Dağıstan nümayəndəliyi ilə
görüşürəm. Onların dediklərinə görə,
kimsə ayrıca gəlir, bir-iki adamla görüşür.
Sonra da gedib hər şeyin qaydasında
olduğunu söyləyir. Hələ
Dağıstanda hadisələr inkişaf etməzdən
öncə Rusiyanın yüksək vəzifəli şəxslərindən
biri burada olub. O, vəhabilərin çox inkişaf
etmiş insanlar olduğunu, onlarla qarşılıqlı əməkdaşlığın
vacibliyini tövsiyə edib. Bu bəyanat
Dağıstanda artıq məlumdur, bu xəbər bizə də
gəlib çatıb. Bilirsiniz,
Dağıstandakı Rusiya Federasiyasının müxtəlif
xidmətlərinin bu cür məntiqsiz mövqe tutmaları
Dağıstanın hazırda düşdüyü şəraitin
əsasını təşkil edir. Əlbəttə,
bütün bunlar Rusiya hökumətinə çox gözəl
məlum idi. Niyə heç bir
ölçü götürülmədi, bu cür şəraitin
qalmasına yol verildi? Biz bundan çox əziyyət
çəkirik. Həm qonşu, həm də
tərəf-müqabil kimi bu haqda açıq
danışmağa əsasım var».
H. Əliyev nəzakət
xatirinə o «yüksək vəzifəlinin» adını
çəkmədi. Bu FTX-nin sədri, 1999-cu ilin mayından avqust
ayınadək baş nazir (Rusiya hökuməti tarixində ən
qısa müddətdə - cəmi 82 gün) vəzifəsində
çalışan Sergey Stepaşin idi. 1999-cu
ilin avqustunda Yeltsinin əmri ilə Dağıstana gəlmişdi.
Həmin vaxtda Şamil Basayevin
başçılıq etdiyi hərbi hissə
Çeçenistandakı ərazilərə soxulmuşdu.
İI Çeçen müharibəsi də o
dövrdə başlanmışdı.
Avqustun 9-da
Yeltsin Stepaşini istefaya göndərdi və bir ildə
artıq 3-cü baş naziri - Putini təyin etdi.
«…Rusiya özünün çoxəsrlik
tarixində ən çətin mərhələlərdən
birini yaşayır. Bəlkə də, son
200-300 ildə o ilk dəfədir ki, dünyanın ikinci, hətta
üçüncü dövləti olmaq təhlükəsi
ilə üzləşib. Bunun baş verməməsi
üçün bütün millətin intellektual, fiziki və
əxlaqi gücünün gərilməsi, oyanması
vacibdir», - Vladimir Putinin «Rusiya yüzillik ərəfəsində»
başlıqlı məqaləsi bu sözlərlə bitirdi. Məqalə Yeltsinin istefasından bir neçə
gün əvvəl Nazirlər Kabinetinin saytında dərc
olunmuşdu. Sonra isə qəzetlərdə
çap edildi. Dekabrın 31-də Boris
Yeltsin Patriarx İI Aleksinin iştirakı ilə prezident səlahiyyətlərinin
simvolu və «Parker» qələmini Putinə təqdim etdi (qeyd edək
ki, Patriarx onu Kremlə nədən ötrü
çağırdıqlarını bilmirdi). O,
bütün qərarları, öz istefasını belə, bu
qələmlə yazmışdı.
Ayrılarmı könül candan…
Siyasi
xronikalar Heydər Əliyevin Viktor Kalyujni ilə söhbəti
zamanı verdiyi sərt bəyanat kimi bəyanatları qoryub
saxlayır. Vəziyyətdən optimal çıxış
yolunu tapmaq, tərəflərin hər birini razı salan qərar
qəbul etmək, lazım gələrsə, güzəştə
belə getmək bacarığı da ona məxsus cəhətlərdən
idi.
Yevgeni Maksimoviç Primakov buna bənzər
epizodlardan birini xatırlayır:
- Rusiyanın xarici işlər naziri vəzifəsində
çalışan zaman Beynəlxalq Qırmızı
Xaç cəmiyyəti məndən azərbaycanlı və
erməni əsirlərinin dəyişdirilməsi işini
xahiş etdi. Mübadilə tam aparılmalı
idi - hamını hamıya. Qırmızı
Xaçın siyahısına görə, Azərbaycanda 100-dən
çox əsir qeydə alınmışdı.
Əvvəlcə
Bakıya gəldik. «Heydər
Əliyeviç, istəyirəm siyahıya əsasən hərbi
əsirləri aparam», - dedim. «Yaxşı,
üçündən başqa digərlərini buraxaram.
Onlar ölüm hökmü alıblar.
Adam öldürməkdə günahlandırılırlar», -
dedi. «Əgər siz onları buraxmasanız, mən
mübadiləni apara bilmərəm. Digər
tərəf razı olmaz». Susduq. Bir
neçə müddətdən sonra dedi: «Yaxşı, apara
bilərsiniz».
Primakov və
xarici işlər nazirinin birinci müavini Pastuxov aeroporta gələndə
onlara əsirlərdən birinin buraxılmadığı
haqqında məlumat verirlər. Heydər Əliyev moskvalıları yola
salmağa gəlir. Əsirlərin
hamısı Primakovun təyyarəsinə - İL-62-yə
yerləşdirilir, Prezidentin göstərişinə
baxmayaraq, yalnız bir əsir təhvil verilmir. Nazirin təyyarəsi uçmur. Əliyev
öz qərarında qaldığını deyir. Qonaqlar aeroportda dördüncü stəkan
çayı boşaltdıqdan sonra nəhayət ki, sonuncu əsiri
təhvil almaq mümkün olur.
Əliyev ədliyyə nazirinin müavini
Çingiz Əmirova tapşırır ki, əsirləri
Yerevana qədər müşayiət edib, siyahıya əsasən
təhvil versin. Stepanakertdən qayıdana kimi,
o, Primakovu Yerevanda gözləməli idi. Yevgeni
Maksimoviç Əmirovun həyatının təhlükəsizliyini
təmin etmək məqsədilə rusiyalı diplomatlardan onu
səfirlikdə yerləşdirməyi xahiş edir.
Yevgeni Maksimoviç sözünə davam
edərək deyir:
- Artıq
Bakıya dönəndə nazir müavini yüksək əhvali-ruhiyyədə
idi. Düzdür, əvvəllər
içmədiyini iddia etsə də, yolda onunla araq da vurduq.
Bir neçə ay sonra bu cür yaxşı və
xoşxasiyyət insanın dünyasını dəyişdiyini
eşidərkən düzü çox pis oldum.
Xeyriyyə aksiyasının digər
iştirakçısı Boris Nikolayeviç Pastuxov əlavə
olaraq bunları da qeyd edir:
- Stepanakertdə də Qırmızı
Xaçın siyahısında adı olan üç əsirin
verilməsindən imtina edildi. Bəhanə
«onların hava hücumundan müdafiə vasitələrinin
yeri haqqında məlumatlı» olmaları idi. Onları inandırdıq ki, əgər bu zenitlərdən
bir dəfə də olsa atəş açılıbsa,
artıq onları müəyyən ediblər.
Nə isə,
Bakıda baş verənlər burada da təkrar olundu. Biz hamısını
almayınca getməyəcəyimizi dedik. Nəhayət
ki, hər birini təhvil aldıq. 200-dən
artıq insan həmin gün öz ailəsinə
döndü.
- Bu insanların çoxunun üzünə
baxmaq olmurdu. Ac, üstü cırıq,
döyülmüş, bədbin əhvalda idilər, - deyə
Yevgeni Maksimoviç Primakov xatırlayır. -
Özümü saxlaya bilmədim, kövrəldim, gözlərim
yaşla doldu. Bu mənzərəni görməmək
üçün təyyarənin digər tərəfinə
keçəndə «Çox sağ ol, Rusiya!»
qışqırıqlarını eşitdim. Hərbi
əsirlərin içərisində ruslar da var idi. Dərhal onlar Bakı və Yerevandakı səfirliyimizə
göndərildi. Uşaqlara bilet
alınmasını və Rusiyaya evlərinə
çatdırılmasını tapşırdıq.
Primakovla
Pastuxova Əliyevin son ad günlərindən birində
iştirak etmək də nəsib olmuşdu. Böyük ailə bir yerə
toplaşmışdı.
- Bax onda mən Əliyevin necə ata, baba
olduğunu gördüm, - deyə Pastuxov bir qədər
kövrək tərzdə xatırlayır. O, eyni zamanda, həm
tanıdığım adam idi, həm də
yox. O, başdan- ayağa işıq saçırdı. Əliyevin ailəsi ilə keçirdiyim bu bir
neçə saat yaddaşımda ən parlaq günlərdən
biri kimi qalıb.
Pastuxov
uşaqlıqdan poeziya vurğunu idi və həvəslə
sevdiyi şeirləri əzbərdən söyləyirdi. Bu, Əliyevlə onu
yaxın edən xarakterlərindən biri idi. Bir dəfə o, Azərbaycan Prezidentinin qəbul
otağındakı kitab rəfinə göz gəzdirir.
- Baxıram, Səməd Vurğunun sizdə
müxtəlif nəşrləri var. Ruscası da var, -
kitablardan birini götürdüm və Heydər Əliyevdən
xahiş etdim ki, qol çəksin.
Qol çəkdi və sonra soruşdu:
- Nəyə görə sizi Səməd
Vurğun maraqlandırdı?
- Konstantin
Simonovun onu necə qiymətləndirdiyini bildiyimə görə. Çox gözəl lirikası var… «Hərdən
olur, bolşevik də Londona ayaq basır…» Sonra o təklif edir:
Səməd, onlara bir-iki söz de, yediklərini
burunlarından gətir!»
Əliyev
ürəkdən güldü.
- Mən elə bilirdim ki, Vurğun
yalnız əsl partiya şairi olub, - deyə Pastuxov etiraf etdi.
- İnqilabdan, Oktyabrdan, 1 Maydan yazıb.
- Yəqin yalnız belə şeirləri,
özü də çox pis tərcümə edib sizə
tanıdıblar, - deyə Əliyev cavab verir. - Vurğun
üçün Pasternak tapılmadı. Onun
çox gözəl lirikası var. Bir qulaq asın… - Sonra o,
bir-birinin ardınca, Azərbaycan dilində S. Vurğunun bir
neçə şeirini oxudu. Musiqini hiss edirsiniz? Bəs Azərbaycan
haqqındakı misraları necə?
El bilir ki, sən mənimsən,
Yurdum, yuvam, məskənimsən.
Anam, doğma vətənimsən,
Ayrılarmı könül candan,
Azərbaycan! Azərbaycan!
- Mən bu sətirlərin 1998-ci il oktyabrın 18-də necə gözəl səsləndiyini
də xatırlayıram, - deyə Pastuxov onun fikrini sanki təsdiq
etdi.
Həmin
gün iki hadisə - Dövlət Müstəqilliyinin elan
edildiyi və Prezidentin inauqurasiya mərasimi günü
üst-üstə düşmüşdü. Heydər Əliyev and
içdi, sonra həmişəki kimi, kağızsız nitq
söylədi. Onun nitqi hamını, qəlbinin
ən dərin guşəsinədək təsirləndirdi.
Azərbaycanın daxili problemlərini,
Qafqazın ümumi məsələlərini, Rusiya-Azərbaycan
münasibətlərini öz polad məntiqi ilə təhlil
etdi və qulaq asanları daxilən silkələdi. Zal
yarım saata yaxın bir müddətdə artıq 75
yaşlı, lakin xarici görünüşündə bunu qətiyyən
büruzə verməyən bir insanın nitqini dinləyirdi…
Mərkəz.- 2010.- 14 dekabr.- S. 10-11.