Dünya Heydər Əliyev haqqında

 

Heydər Əliyev Cənubi Qafqazda uzun müddət ərzində ən əsas şəxsiyyət olmuşdur. Bu günlərdə Amerika Birləşmiş Ştatları və Azərbaycanın bəhrələndiyi dostluq əlaqələrinin qurulmasında və Azərbaycanın müstəqilliyinin qorunmasında onun şəxsi səyləri həyati əhəmiyyət daşımışdır. Məhz onun rəhbərliyi altında Amerika Birləşmiş Ştatları və Azərbaycan Əfqanıstan və İraqdakı əməliyyatlar da daxil olmaqla, terrorizmə qarşı mübarizədə tərəfdaş olmuşlar. Dağlıq Qarabağ faciəsinin sülh danışıqları vasitəsilə ədalətli və uzunmüddətli həllinə nail olmaq sahəsində onun nümayiş etdirdiyi qətiyyət regionda sülh və sabitliyin saxlanmasında mühüm əhəmiyyət kəsb etmişdir. Eyni zamanda, onun mövqeyi və göstərdiyi səylər Azərbaycanın iqtisadi inkişafını möhkəmləndirən böyük həcmli xarici sərmayələrin cəlb olunmasında əsas rol oynamışdır. Bu nailiyyətlər milyonlarla azərbaycanlının həyatını yaxşılaşdırmış və Azərbaycanın iyirmi birinci əsrə müasir dövlət kimi daxil olmasına imkan yaratmışdır.

Corc BUŞ,

Amerika Birləşmiş Ştatlarının sabiq Prezidenti

 

Bütün dünyada layiqli hörmət və böyük nüfuz qazanmış görkəmli dövlət xadimi həyatdan getmişdir. Uzun illər ərzində Heydər Əlirza oğlu Əliyevin səmərəli fəaliyyəti xalqlarımızın ümumi tarixi ilə bilavasitə bağlı olmuşdur. O, Rusiya və Azərbaycanın strateji tərəfdaşlığının təməlini qoymuş, dostluğumuzun və qarşılıqlı anlaşmamızın möhkəmlənməsinə böyük şəxsi töhfə vermişdir.

Onun vəfatı Müstəqil Dövlətlər Birliyi, bütün beynəlxalq birlik üçün əvəzsiz itkidir.

Vladimir PUTİN,

Rusiya Federasiyasının Baş naziri

 

Bu qeyri-adi şəxsiyyət Azərbaycanı çiçəklənmə yoluna gətirib çıxarmışdır. Müxtəlif görüşlərimiz zamanı, xüsusilə, Dağlıq Qarabağ münaqişəsi ətrafında müzakirələr apararkən münaqişənin sülh yolu ilə həllində onun cəsarətini, müdrikliyini və qətiyyətini yüksək qiymətləndirdim.

Jak ŞİRAK,

Fransa Respublikasının sabiq Prezidenti

 

Heydər Əliyev Azərbaycanın böyük lideri idi. O, böhranlar dövründə öz ölkəsinə sabitlik gətirdi. Azərbaycan xalqı onun qoyduğu irs ilə fəxr edə bilər.

Onun Prezident kimi fəaliyyəti dövründə ölkələrimiz arasında münasibətlərdə tərəqqi yarandı və Azərbaycan Avropa ilə əlaqələrini daha da yaxınlaşdırdı. Onun 1998-ci ilin iyulunda Britaniyaya uğurlu səfəri, xüsusilə də, Dauninq küçəsi, 10 ünvanında yerləşən iqamətgahımda bizim görüşümüz yaxşı yadımdadır. O, Azərbaycanla Birləşmiş Krallıq arasında hazırda mövcud olan güclü əlaqələrin təməlini qoydu. Fəxr edirik ki, Britaniya şirkətləri tərəfindən qoyulan böyük sərmayələr vasitəsilə Birləşmiş Krallıq Azərbaycanın gələcək tərəqqisinə töhfələr verir.

Toni BLER,

Böyük Britaniyanın sabiq Baş naziri

 

Heydər Əlirza oğlu Azərbaycan Respublikası üçün, MDB-nin inkişafı üçün, Qazaxıstan və Azərbaycan xalqlarının çoxəsrlik dostluğunun möhkəmlənməsi üçün çox işlər görmüşdür.

Nursultan NAZARBAYEV,

Qazaxıstan Respublikasının Prezidenti

 

Uzaqgörən və istedadlı idarəçiliyi sayəsində Azərbaycanın hər sahədə inkişaf etməsini və bugünkü nüfuzlu mövqeyə çatmasını təmin edən Heydər Əliyevi şəxsən tanıdığıma görə böyük şərəf və xoşbəxtlik hissləri keçirirəm.

Azərbaycanın əmin-amanlığı və çiçəklənməsi üçün göstərdiyi səylərlə yanaşı, Heydər Əliyev bütün Qafqaz bölgəsinin sülhün bərqərar olduğu bir məkana çevrilməsi istiqamətindəki fəaliyyəti ilə də daim xatırlanacaqdır.

Heydər Əliyevin dəyərli töhfələri ilə başlanmış müştərək layihələr dost və qardaş dövlətlərimizi bir-birinə daha da yaxınlaşdıraraq, ölkələrimiz arasındakı münasibətlərin sarsılmaz təməllər üzərində qurulduğunu bir daha sübut etmişdir.

Əhməd Necdət SEZƏR,

Türkiyə Respublikasının sabiq Prezidenti

 

Mərhum Heydər Əliyev Azərbaycanın xoşbəxtliyi və firavanlığı, bölgədə və dünyada sülh naminə göstərdiyi fövqəladə xidmətlərlə türk və dünya tarixində şərəfli yer tutmuşdur.

Rəcəb Tayyib ƏRDOĞAN,

Türkiyə Respublikasının Baş naziri

 

Heydər Əliyevin Azərbaycanın inkişafında və ölkələrimiz arasında əlaqələrin gücləndirilməsində əvəzsiz xidmətləri olmuşdur. 1998-ci ilin iyul ayında Birləşmiş Krallığa səfəri zamanı onunla olan görüşümüzü çox yaxşı xatırlayıram.

Kraliça II YELİZAVETA

 

Cənab Heydər Əliyevin regional sülh və dostluğa nail olunması, iki dost, qardaş ölkə olan İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında əlaqələrin dərinləşdirilməsi yolunda xidmətləri heç vaxt xatirələrdən silinməyəcəkdir. Onun İran İslam Respublikasına çox səmərəli səfəri ölkələrimizin əlaqələrində dönüş nöqtəsi olmuşdur.

Seyid Məhəmməd XATƏMİ,

İran İslam Respublikasının sabiq Prezidenti

 

Hörmətli siyasətçi və dövlət xadimi kimi Heydər Əliyevin adı və nüfuzu Azərbaycan Respublikasının beynəlxalq birlikdə qazandığı layiqli yerlə qırılmaz surətdə bağlı olacaqdır.

Biz müasir beynəlxalq gerçəklik şəraitində Bolqarıstan-Azərbaycan dostluq münasibətlərinin inkişafına və möhkəmlənməsinə Heydər Əliyevin böyük şəxsi töhfəsini yüksək qiymətləndiririk.

Georgi PIRVANOV,

Bolqarıstan Respublikasının Prezidenti

 

Azərbaycanın müstəqilliyinin təşəkkülündə və möhkəmlənməsində, beynəlxalq aləmdə nüfuzunun yüksəlməsində, ölkələrimiz və xalqlarımız arasında ikitərəfli münasibətlərin inkişafında və genişlənməsində Heydər Əliyevin tarixi rolu misilsizdir.

İslam KƏRİMOV,

Özbəkistan Respublikasının Prezidenti

 

Moldova Respublikasında Heydər Əliyevi həmişə böyük vətənpərvər kimi, ölkələrimiz arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi uğrunda, Avropada və bütün dünyada demokratiya idealları uğrunda, sabitliyin və təhlükəsizliyin qorunub saxlanması uğrunda mübariz kimi tanımış və qiymətləndirmişlər.

Vladimir VORONİN,

Moldova Respublikasının sabiq Prezidenti

 

Heydər Əliyevin simasında Azərbaycan Respublikası uzun illər ərzində ölkənin bütün həyatına dərindən nüfuz etmiş və Azərbaycanın tarixində əbədi yer tutmuş böyük dövlət xadimini itirmişdir. Onun adı ölkənin müstəqilliyinin bərqərar olmasında qazandığı tarixi nailiyyətlərlə daim bağlı olacaqdır.

Gerhard ŞRÖDER,

Almaniya Federativ Respublikasının sabiq federal Kansleri

 

Onun adı doğma torpaqla qırılmaz surətdə bağlıdır. Müstəqil və suveren Azərbaycanın çiçəklənməsi və tərəqqisi, ölkədə ictimai-siyasi vəziyyətin sabitləşməsi və regionda yorulmadan möhkəm sülh axtarışı Heydər Əlirza oğluna bütün dünyada yüksək nüfuz və səmimi hörmət qazandırmışdır. Onun işləri və xidmətləri qədirbilən Azərbaycan xalqının və bütün xoşməramlı insanların xatirəsində əbədi yaşayacaqdır.

Emoməli RƏHMON,

Tacikistan Respublikasının Prezidenti

 

Qırğızıstanda Heydər Əlirza oğlunu müstəqil Azərbaycanın təşəkkülünə və inkişafına misilsiz töhfə vermiş görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi kimi yaxşı tanıyırdılar.

Onun rəhbərliyi ilə Azərbaycan Respublikası müstəqil inkişaf yolunda böyük uğurlar qazanmış, dünya birliyinin tanınmış və hörmətli üzvü olmuşdur. Heydər Əlirza oğlu özünün bütün istedad və müdrikliyini, Vətənə məhəbbətini, əməksevərliyini və fədakarlığını Azərbaycanın tərəqqisi işinə həsr etmişdir.

Əsgər AKAYEV,

Qırğızıstan Respublikasının sabiq Prezidenti

 

Görkəmli dövlət xadimi Heydər Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan Respublikası son illər dünya birliyində layiqli yer tutmuşdur. Azərbaycanda hüquqi dövlət quruculuğu, iqtisadi islahatların uğurla həyata keçirilməsi sahəsində görülmüş işləri diqqətlə izləyir və onları dəstəkləyirəm.

II İohan Pavel

 

Mərhum Heydər Əliyevin müdrik və uzaqgörən idarəçiliyi sayəsində Azərbaycan bu gün xarici siyasətində etibar və sabitlik amili kimi çıxış edən, iqtisadi inkişaf və sosial rifah yolunda möhkəm addımlarla irəliləyən, beynəlxalq birliyin nüfuzlu bir üzvü kimi etibarlı mövqeyini gündən-günə təmin etməkdə olan ölkədir. Azərbaycanın bu gün yürütdüyü uğurlu və tarazlaşdırılmış xarici siyasətinin memarı olan Heydər Əliyevi itirməyimiz tarixi və mədəni tellərlə bir-birinə bağlanmış olan xalqlarımızı dərindən kədərləndirmişdir.

Abdullah GÜL,

Türkiyə Respublikasının Prezidenti

 

Rusiya üçün Heydər Əlirza oğlu Əliyev tarixə XXI əsrdə hərtərəfli Azərbaycan-Rusiya münasibətlərinin, iki dövlətin strateji tərəfdaşlığının möhkəmlənməsinin əqidəli və fəal tərəfdarı kimi daxil olmuşdur.

Vyaçeslav TRUBNİKOV,

Rusiya Federasiyası xarici işlər nazirinin sabiq birinci müavini

 

Dağıstanlılar Heydər Əlirza oğlunu yaxşı tanıyırdılar və onun Dağıstana xoş münasibətini həmişə xatırlayacaqlar, çünki onun bu münasibəti sayəsində xalqlarımız arasında dostluq və mehriban qonşuluq ənənələri yaranmışdır və uzun illərdən bəri mövcuddur. Onun adı xatirimizdə həmişəlik qalacaqdır.

Məhəmmədəli MƏHƏMMƏDOV,

Dağıstan Respublikası Dövlət Şurasının sabiq sədri

 

Müstəqil Dövlətlər Birliyi ölkələrinin siyasi həyatında Heydər Əlirza oğlunun oynadığı rolu lazımınca qiymətləndirmək çətindir. Müdrik siyasətçi olaraq o, ən mürəkkəb vəziyyətlərdə konstruktiv qərarlar tapmağı bacarırdı. Təkcə Azərbaycan deyil, həm də postsovet məkanının bütün ölkələri nüfuzlu dövlət liderini itirdilər.

Mintimer ŞAYMİYEV,

Tatarıstan Respublikasının sabiq Prezidenti

 

Heydər Əlirza oğlu böyük siyasətçi, dahi dövlət rəhbəri və vətənpərvər, gözəl, istedadlı insan kimi məşhur idi. Sovet dövlətinin, sonralar MDB-nin və Azərbaycan Respublikasının tarixinin bir çox parlaq və əhəmiyyətli səhifələri onun adı ilə bağlıdır.

Murtaza RƏHİMOV,

Başqırdıstan Respublikasının sabiq Prezidenti

 

Bütün postsovet məkanında müasir siyasətçilərin bütöv bir nəslinin yetişdirilməsində Heydər Əlirza oğlunun xidməti misilsizdir. Dünya səviyyəli görkəmli dövlət xadimi kimi Heydər Əlirza oğlu ilə şəxsi görüşlərimlə bağlı xatirələri qəlbimdə həmişəlik saxlayacağam.

Kirsan İLYUMJİNOV,

Kalmıkiya Respublikasının sabiq Prezidenti, FİDE-nin prezidenti

 

Azərbaycan ilə Türkiyə arasında dərin kökləri olan tarixi və mədəni bağlar vardır. Hörmətli Əliyev tarixdən gələn bu bağların yenidən canlandırılması və Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərin inkişafı üçün fövqəladə səylər göstərmişdir.

Bülənd EcEVİT,

Türkiyən Respublikasının sabiq Baş naziri

 

Heydər Əliyev XX əsrin görkəmli liderlərindən biri kimi müasir demokratik Avrasiyanın yeni tarixinin bugünkü qurucularındandır.

Çingiz Aytmatov,

Qırğızıstan xalq yazıçısı

 

Heydər Əliyev böyük şəxsiyyətdir. O, mənim dostum, qardaşımdır. Onun yeri həmişə ürəyimin başındadır.

Butros-Butros Qali,

BMT-nin sabiq Baş katibi

 

Heydər Əliyevin müdrik rəhbərliyi sayəsində Azərbaycan keçmiş Sovetlər Birliyinin lider dövlətləri ilə müqayisədə həddindən çox nailiyyətlər əldə edib. O, həqiqətən yeni Azərbaycan dövlətinin qurucusudur.

Timm Eqqar,

Böyük Britaniyanın sabiq energetika naziri

 

Mən Azərbaycanı, Azərbaycan xalqını Heydər Əliyev qədər sevən ikinci adam tanımıram.

Nikolay Baybakov,

keçmiş SSRİ Dövlət Plan Komitəsinin sədri

 

Mərkəz.- 2010.- 14 dekabr.- S. 4.