«AB ilə Azərbaycan arasında əlaqələr dinamik inkişaf edir»
«Avropa Birliyi ilə Azərbaycan arasında əlaqələr dinamik inkişaf edir. Məlumdur ki, Avropa Birliyi «Şərq tərəfdaşlığı» proqramı, eləcə də qonşuluq prinsipi əsasında Cənubi Qafqaz dövlətləri, o cümlədən Azərbaycanla ikitərəfli əməkdaşlıq edir. Prezident İlham Əliyev Azərbaycanın xarici siyasətində Avropa Birliyi ilə münasibətlərə xüsusi əhəmiyyət verir». Bu fikirləri yap.org.az saytına açıqlamasında YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı deyib.
Son vaxtlar Azərbaycan - AB əməkdaşlıq şurasının və «Şərq tərəfdaşlığı» proqramına üzv dövlətlərin görüşünün keçirilməsinə toxunan M. Qurbanlı belə tədbirlərin önəmli olduğunu vurğulayıb. O, bildirib ki, ölkəmizin həm geopolitik durumu, həm də iqtisadi vəziyyəti bölgədə mövqelərimizi daha da möhkəmləndirib. M. Qurbanlının sözlərinə görə, bu gün ABŞ ilə müqayisədə AB dünya iqtisadi sistemində həlledici yer tutur. Dünyanın əsas aparıcı şirkətləri AB-ya daxil olan ölkələrin nəzarətindədir.
«AB Şərqlə Qərb, Şimalla cənub arasında münasibətlərin intensivləşməsində Azərbaycanın əhəmiyyətini dərk edir. Azərbaycan Şərqlə Qərb arasında körpü rolunu oynayır. Ona görə də, bu coğrafi məkanlar arasında iqtisadi münasibətlərin intensivləşməsində Azərbaycanın əhəmiyyəti getdikcə artır», - deyən M. Qurbanlının sözlərinə görə, AB ilə Azərbaycan arasında ikitərəfli əlaqələr müxtəlif səviyyələrdə inkişaf etməkdədir. O, qeyd edib ki, hazırda AB ilə Azərbaycan arasında viza rejiminin sadələşdirilməsi məsələsi də gündəmə gəlib: «Bu məsələ ilə bağlı hüquqi baxımdan bəzi addımlar atılıb. Perspektivdə viza rejiminin tam aradan qaldırılması mümkündür. AB bir qayda olaraq, iqtisadi imkanları olan ölkələrlə viza rejimini aradan qaldırır. Azərbaycanın iqtisadi imkanlarının artması AB-nin ölkəmizlə münasibətdə viza rejiminin qaldırılması zərurətini ortaya qoyur. Çünki hər iki tərəf bundan divident əldə edəcək».
AB-nin genişləndiyini xatırladan YAP İcra katibinin müavini Azərbaycanın quruma üzv olmaq perspektivinə də toxunub. «Təşkilatın genişlənməsi zamanı siyasi amil iqtisadi amildən daha çox rol oynayır. İqtisadi potensialımız böyük olduğu üçün ölkəmizin AB-ya sürətli inteqrasiyasına imkan verir. Bu baxımdan, Azərbaycan AB-nin tərkibində tam şəkildə özünü doğrultmaq imkanına malik dövlətdir. Lakin dediyim kimi, AB-ya üzvlük məsələsində iqtisadi amillə bərabər, siyasi amillərə də diqqət yetirilir. Uzun müddətdir Türkiyənin təşkilata üzv olmasına qarşı yaradılan əngəllər buna sübutdur. Hesab edirəm ki, Azərbaycanın bu quruma üzvlüyü perspektivdə dayanan məsələdir», - deyə M. Qurbanlı vurğulayıb.
Müəllif: S.
MEHRƏLİYEV
Mərkəz.-2010.-15 dekabr.-S.5.