Almaniyada iqtisadiyyatımız haqda tədris proqramı hazırlanıb

 

Berlində yerləşən Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin İdarə Heyətinin illik iclası keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsindən lent.az-a verilən məlumata görə, Azərbaycanın Almaniyadakı səfirliyinin dəstəyi iştirakı ilə keçirilən toplantıda bu ölkədəki diasporumuzun təşkilatlanması məsələləri müzakirə olunub.

İclasda Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov, səfirliyin I katibi Fikrət Axundov, Almaniya Bundestaqın keçmiş üzvü Hakki Kəskin, AAKM idarə heyətinin üzvləri - AAK-in prezidenti Başar Kömür, AAK-in fəxri prezidenti Bahəttin Kaya, qurumun icraçı direktoru xanım Samirə Patzer-İsmayılova, Frankfurt Azərbaycan cəmiyyətinin sədri Kəmalə İskəndərova, Azərbaycan Federasiyasının sədri Nüsrət Delbaste, Berlin-Bakı Qalereyasının rəhbəri İbrahim Ehrari iştirak ediblər.

Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov AAKM-in fəaliyyətini yüksək qiymətləndirib, qurumun qarşısına qoyulan vəzifələrin öhdəsindən layiqincə gəldiyini söyləyib. O, Almaniyada yaşayan azərbaycanlıların bu ölkənin ictimai həyatına dərindən inteqrasiya olmalarının zəruriliyini vurğulayıb və bütün iştirakçıları Koordinasiya Şurasının üzvü olmağa dəvət edib. Sonra AAKM-nin icraçı direktoru Samirə Patzer-İsmayılova AAKM-nin 2 illik fəaliyyət haqqında hesabatla çıxış edib. Hesabatı müzakirə edən idarə heyətinin üzvləri müxtəlif təkliflər irəli sürüb, sənədi müsbət qiymətləndirərək qəbul ediblər.

Sonra gündəlikdəki digər məsələ - AAKM-nin İdarə Heyətinin buraxılıb yenidən formalaşdırılması müzakirə olunub. İdarə Heyətinin təzə tərkibi səsvermə yolu ilə yenidən seçilib və İdarə Heyətində 3 yeni üzv - Almaniya Bundestaqının keçmiş üzvü Hakki Kəskin, Azərbaycan Kültür cəmiyyətinin üzvü, alman dili üzrə mütəxəssis Naiba Hantel, Alman-Azərbaycan Forumunun üzvü, hüquqşünas Pərviz Yazdani yer alıb.

Sonra cəmiyyət sədrləri və diaspor fəalları çıxış ediblər. Münhendən gələn Kamalə Kərimova yaşadığı şəhərdə fəaliyyət göstərən “Alman Azərbaycan mədəniyyət cəmiyyəti”nin yaranması və fəaliyyətindən danışıb. Eyni zamanda, qeyd edib ki, bu ilin noyabr ayında Münhen şəhərindəki Əcnəbilər Şurasına öz namizədliyini irəli sürərək seçkilərə qatılıb. Frankfurtdakı diasporumuzun təmsilçisi cümə Məmmədov da 2010-cu ilin noyabr ayında Frankfurt şəhəri üzrə keçirilən seçkilərdə iştirak edərək Əcnəbilər Şurasına üzv seçilməsindən danışıb. Kölndən gəlmiş professor Reza Talebi-Daryani Alman-Azərbaycan Forumunun üzvü olaraq Azərbaycanın dünyada tanıdılması istiqamətində görülən işlərdən bəhs edib. O, Kölndə çalışdığı ali məktəbdə Azərbaycanın iqtisadiyyatı haqda tədris proqramı hazırlayaraq çap etdiyini söyləyib və onun bir nüsxəsini AAKM-ə təqdim edib.

Diaspor nümayəndəsi İlter Tosun AAKM və səfirliyə üz tutaraq gənc nəslin işlə təmin olunmasına mümkün formada yardım göstərilməsini təklif etdi. Toplantıda Nüsrət Delbaste, Bahəttin Kaya da fikirlərini bölüşüblər. Sonra 2011-ci il üçün tədbirlər planı müzakirə edilib. Təkliflər dinlənildikdən sonra iclası aparan AAK-in prezidenti Başar Kömür cəmiyyət sədrlərindən qısa müddətdə tədbirlərin daha yüksək səviyyədə koordinasiya olunması məqsədilə 2011-ci ilə aid tədbirlər planının AAKM-nə təqdim olunmasını xahiş edib.

 

Mərkəz.- 2010.- 15 dekabr.- S. 4.