«60-ın xofunu yox, kefini çəkirəm»

 

Ölüm müdhiş deyildir, yaşamaq

çətin işdir.

Onun hər dəqiqəsi enişdir,

yüksəlişdir.

Gəlin əziz dostlarım

yaşamağı öyrənək…

Mərhum şairimiz Adil Babayevin çox sevdiyim bu sətirlərini nahaqdan xatırlamadım. Özü də oğlu - peşəkar televiziya mütəxəssisi Etibar Babayevin doğum günü, 60 illik yubileyi ərəfəsində… Bəli, Etibar müəllim kürəyini yerə vurduğu bu altmış yaşa elə-belə gəlib çatmayıb. Tanrının ona bəxş etdiyi bu şirin ömür payını yaşamağı, sözün əsl mənasında kişi kimi yaşamağı məhz atası Adil Babayevdən öyrənib. Elə buna görə də altmışın zirvəsindən istər ömürünün arxada qalan günlərinə, istərsə də qarşıdakı günlərə boylananda utanıb xəcalət çəkmir. Çünki ona verilən ömrü halal yaşayıb. Şükran insandır, özünün təbirincə desək, bütün çətinliklərə sinə gərərək mənəvi dəyərlərini, vicdanını, ləyaqətini, şərəfini, eləcə də səhhətini itirmədən bu yaşa gəlib çatdığına görə, Allahına şükür eləyib, bu gününə sevinir. Biz də sevincinə şərik çıxdıq…

- Hər doğum tarixi insan ömrünü bir il də qısaldır. Bəlkə elə buna görədir ki, ad günündə doluxsunur, sıxılır və həmin günün tez ötüb keçməsini istəyirik. Bəs siz, adətən, doğum günlərini hansı ovqatla qarşılayıb yola salırsınız?

- Hər dəfə fərqli olub. Uşaqlıqda ad günümə daha çox sevinərdim. Təkcə müxtəlif hədiyyələr aldığıma görə deyil, həm də hər il bir yaş böyüdüyüm üçün. Axı, məktəbə getməyə tələsirdim, institutda oxumağı arzulayırdım... Altmış-yetmişinci illərdə yaxın qohumlarımız, yaşadığım həyətdəki dostlarım yığışardı evimizə. Anamın süfrəsi həmişə bərəkətli olub. Heç bilmirəm o qədər adam 3 otaqlı mənzilimizə necə yerləşərdi. Görünür, o vaxtlar mənzillər darısqal olsa da, ürəklər geniş idi. O illərim ən xoş xatirələrlə bağlıdır. Sonra tələbəlik illəri, əsgərlik, ilk iş yerim, ailə həyatı... Ad gününə toplaşanların tərkibi də dəyişməyə başladı. Nə yazıq ki, yaş çoxaldıqca, yaxın çevrəmdəki uşaqlıq, gənclik dostlarımın bir qismi ötəri həyata “əlvida” deyib son mənzilə yollandı. Onlarla bağlı xatirələr qəlbimdə yuva saldıqca ürəyim get-gedə şişməyə başladı. Axı, hər biri özüylə mənim ömrümdən də bir kərpic apardı... Mən Şahini, Abbası, cəmili, Səhəri, Yusifi, Əkrəmi və adını çəkmədiyim neçə-neçə əziz dostumu necə unudum? 35 illik əmək fəaliyyətimdə çox yerdə işləmişəm, müxtəlif vəzifələr daşımışam. Bəzən elə olub ki, ad günüm xarici səfərlərimlə eyni vaxta düşüb. Romada, Londonda, Vyanada, Stokholmda o günü qeyd etmişəm. Geniş süfrə arxasında da yığışmışıq, qapımızı döyənlərin, telefonla təbrik edənlərin sayının azalan vaxtları da olub. Amma mənə qəlbən bağlı insanları hər zaman, hər şəraitdə yanımda görmüşəm. Həqiqi dostlarımın sayı çox olmasa da, stajı çox böyükdür. Bu səadət hər kəsə nəsib olmur.

- 60-ın xofunu hiss edirsiniz?

- 60-ın xofunu yox, kefini çəkirəm. Nə yazıq ki, hər adama bunca yaşamaq da nəsib olmur. Repressiya illərinin qurbanı olan babam Qafar Babayev cəmi 27 il yaşayıb. Atam, şair Adil Babayev uzun sürən ağır xəstəlikdən sonra 52 yaşında dünyasını dəyişib. Bu mürəkkəb və qarışıq dünyada sağ-salamat 60-ı haqlamışamsa, məni niyə xof bürüsün? Əksinə, bütün çətinliklərə sinə gərərək, mənəvi dəyərlərimi, vicdanımı, ləyaqətimi, şərəfimi, eləcə də səhhətimi itirmədən bu yaşa gəlib çatmışamsa, Allahıma şükür eləyib bu günümə sevinməliyəm.

- Ümumiyyətlə, 60-ı ömrünüzün hansı mərhələsi sayardınız?

- Alın yazısına yazılan illərin sayından xəbərsiz olan Allah bəndəsi nə bilsin ki, ömrünün altıncı onilliyi həyatının hansı mərhələsidir? Hər halda, ümid edirəm ki, növbətidir. Mən bu mərhələni daha məsuliyyətli hesab edir, daha məhsuldar görmək istəyirəm.

- Allahın sizə bəxş etdiyi bu ömür payının çoxunu sözün əsl mənasında yaşamısınız, yoxsa yola vermisiniz?

- Ömür - Tanrının insana verdiyi fürsətdir. Onu necə “yola vermək” olar? Yaşamaq, fəaliyyət göstərmək, əməllərlə həyatda iz buraxmaq lazımdır. Vacib deyil ki, hər kəs Fərhad olub dağlar yarsın, Məcnun olub dərələr aşsın, yaxud xariqələr yaratsın. Hərə öz gücünə, səviyyəsinə görə iş görməlidir. Yetər ki, onun əməyinin cəmiyyətə faydası dəysin. Mən harada çalışmışamsa, öz səlahiyyət və imkanlarım çərçivəsində millətim, dövlətim, iş yoldaşlarım, ailəm üçün az iş görməmişəm. Yenə deyirəm, öz imkanım səviyyəsində.

- Hansı yaşınızın xiffətini çəkirsiniz və niyə?

- Xiffət çəkiləsi yaşım yoxdur. Mənim üçün hər yaşın öz gözəlliyi, özəlliyi, məsuliyyəti, əhəmiyyəti var. Hər yaş illər boyu bir-birinə möhkəm sarılaraq məni altmışıma gətirib çıxarıb. Odur ki, nə xiffət var, nə nifrət. Sadəcə, hər yaşa aid yaddaşımda dərin kök salan acılı-şirinli xatirələr var.

- Etibar Babayevi həyatda daha çox nə qorxudub; öz gözündən düşmək, yoxsa başqalarının gözündən düşmək?

- Məni ən çox qorxudan xəyanətlə, böhtanla, satqınlıqla, haqsızlıqla qarşılaşmaqdır. Bu döyüşün mənəvi ağırlığına abırlı adamlar nə qədər güclü olsalar belə, çətin tab gətirirlər. Gözdən düşmək məsələsinə gəlincə, mən özümə həmişə kənardan baxmağı xoşladığım üçün özgələrin yox, doğmaların, ləyaqətli insanların gözündən düşmək istəməzdim.

- Bu həyatda sizi nə ağladıb?

- Çox şey. Səbəb o qədər çoxdur ki, hamısını sadalaya bilmərəm. Mən bəzən bədii film seyr edəndə də gözlərim yaşarır. Əziz adamlarımı itirəndə də sıxılıram. Ətrafımda elə hadisələr baş verib ki, bəzən köməksizə əl uzada bilməmişəm, haqsızlığın qarşısını almağa gücüm yetməyib. Gözlərimin acısı ürəyimin yanğısını söndürə bilməyib.

- Doğrudurmu ki, bu həyatda həmişə səmimi olaraq qalmaq yalnız dəlilərə xas xüsusiyyətdir. Çünki cəmiyyətin qanunlarına yalnız onlar tabe olmur… Həmişəmi səmimi olmusunuz?

- Səmimiyyət insanın daxili vəziyyəti, ruhi tarazlığı, mənəvi dünyasının genişliyi, təmizliyi ilə bağlı halıdır. Vəziyyətdən, şəraitdən asılı olaraq səmimi adam da bəzən qeyri-səmimi davrana bilər. İnsan bütün ömrü boyu eyni vəziyyətdə qala bilməz ki… İnsanın beyni də eyni tezlikdə, eyni sürətlə çalışmır. Qulaqlarımızla qəbul elədiyimiz sözlər də, musiqi də eyni tezlikdə səslənmir. Mənim nə dərəcədə səmimi olmağıma kənardan hərə bir cür cavab verər. Özüm o fikirdəyəm ki, səmimi adamlara qarşı hər zaman səmimiyəm.

- Sizcə, bu həyatda kiməsə əyilmədən ucalmaq mümkündür?

- Xeyir, əyilmədən ucalmaq mümkün deyil! Amma kimlərəsə yox, əməyə, zəhmətə əyilməlisən. Sənə yaşamağı, dünyanı dərk etməyi öyrədən müəllimlərə, yol göstərən şəxsiyyətlərə baş əyməksə, əyilmək deyil, minnətdarlıqdır.

- Etibar Babayevi həyatda nə sındıra bilər?

- Bəzən hər hansı xırda bir şey, bəzən də heç nə və heç kim.

- Belə deyirlər ki, kişilərin ən zəif nöqtəsi avtomobil və puldur. Pul sizin üçün məqsəd olub, yoxsa vasitə?

- Pul mənim üçün məqsəd olsaydı, indi həyatım başqa cür olardı. Mən hər zaman var-dövlətə, vəzifəyə vasitə kimi baxmışam. Pul da, vəzifə də insan üçün, bir növ, məhəkdaşıdır. Hər şeydən öncə insanın iç üzünü sərgiləyir. Yaxşını daha yaxşı, pisi daha pis tanıdır. Ətrafına nəzər salsa, bunu hamı hər addımda aydın görə bilər.

- 60-dan arxaya boylananda daha çox ürəyiniz açılır, yoxsa sıxılır?

- Dünyada can sıxan bu qədər hadisə baş verən bir vaxtda insan öz ürəyini niyə sıxsın ki? Mən ürəyimi otuzumda, qırxımda, əllimdə sıxdım ki, altmışımda da sıxam? Ürəyi sıxmazlar, əksinə, genişləndirərlər ki, orada əzizlərə yer olsun. Onda çətinlikləri aradan qaldırmaq da asanlaşar. Həyat yalnız ağ-qara təsvirlərdən ibarət olmaz. Rəngləri görmək, təbiətin gözəlliyindən feyz almağı bacarmaq səadətdir.

- Əlinizdə olsaydı, özünüzə nə qədər ömür yazardınız?

- Mən elə bilirəm ki, ömür - Tanrı nemətidir. İlahi necə yazıbsa, o qədər yaşamaq istəyirəm. Nə az, nə çox.

- 60 yaşda Tanrıdan özünüzə nə arzulayardınız?

- Səbir, sağlamlıq, namərd hədəfinə tuş gəlməmək. Kimsədən asılı olmadan azad yaşamaq. Məni sevənlərə gərək, sevdiklərimə dayaq olmaq.

 

Müəllif: Cəvahir SƏLİMQIZI

Mərkəz.- 2010.- 15 dekabr.- S.9.